Milli Qəhrəman Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş yazı
müsabiqəsinin nəticələri
açıqlanmışdır
Fevralın 10-da Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin keçirdiyi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinin nəticələri açıqlanmış və qaliblər mükafatlandırılmışlar.
"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirmişdir ki, müsabiqənin məqsədi Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək, vətənpərvərlik mövzusunu geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla kütləviləşdirməkdir.
"Kaspi" qəzetinin təsisçisi, filologiya elmləri namizədi, şair Sona Vəliyeva tədbirdə çıxış edərək başa çatmış müsabiqənin böyük əhəmiyyət daşıdığını söyləmişdir. Bildirmişdir ki, milli vətənpərvərlik mövzusunda yazılar bu günümüz üçün olduqca vacibdir. Mübariz İbrahimovun mənalı həyat yolu və böyük qəhrəmanlığı hər zaman təbliğ olunmalı və gənc nəsillərə çatdırılmalıdır. O, azərbaycanlı qürurunu, Vətən adını hər şeydən üstün tutaraq mənfur qonşularımıza gec-tez işğal altında inləyən torpaqları azad edəcəyimizi bir daha xatırlatmışdır. Biz fəxr edirik ki, belə vətənpərvər oğullarımız vardır.
Bildirilmişdir ki, müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunmuş, 3 qalib müəyyənləşdirilmişdir.
Xüsusi olaraq qeyd edilmişdir ki, müsabiqəyə təqdim olunmuş bütün yazılar yaxın vaxtlarda kitab şəklində nəşr olunacaqdır.
Təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları "Kaspi" qəzetinin keçirdiyi bu müsabiqəni yüksək dəyərləndirmiş, belə tədbirlərin davamlı olmasını arzulamışlar.
Sonra qaliblər
mükafatlandırılmışlar. Müsabiqənin 9 nəfərdən
ibarət münsiflər heyətinin qərarına əsasən,
Hafiz Mirzənin "Qeyrət" hekayəsi birinci, Zəkurə
Quliyevanın "Ermənilərə tarixi dərs" məqaləsi
ikinci, Valeh Məhərrəmlinin "Hünər"
poeması isə üçüncü yerə layiq
görülmüşdür. Müsabiqədə birinci, ikinci
və üçüncü yerlərin sahiblərinə
müvafiq olaraq 1000 manat, 500 manat və 300 manat məbləğində
pul mükafatı və fəxri fərman verilmişdir. Bundan əlavə,
5 həvəsləndirici və 5 xüsusi mükafata layiq
görülənlərin hər birinə 200 manat pul və fəxri
fərman təqdim edilmişdir. Müsabiqəyə yazı təqdim
etmiş bir məktəbli isə fəxri fərmana layiq
görülmüşdür.
Azərbaycan.- 2011.-11 fevral.- S. 7.