İqtisadi Əməkdaşlıq
Təşkilatının Ticarət və İnvestisiya Şəbəkəsinin
veb portalının təqdimatı keçirilmişdir
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İnvestisiya Şəbəkəsinin veb portalı (httr://www.tradeeco.org/) təqdim edilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf, Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Vergilər, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Ticarət və Sənaye Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri iştirak etmişlər.
AzPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanları barədə məlumat vermiş, İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət və investisiya mühitinin inkişafı sahəsində xüsusi rolunu qeyd etmişdir. Bildirmişdir ki, İƏT-in Ticarət və İnvestisiya Şəbəkəsinin daim yenilənən veb portalı vasitəsilə təşkilata üzv dövlətlərin iqtisadiyyatı, ticarət və investisiya imkanları barədə məlumat əldə etmək mümkündür.
İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin ticarət və investisiya direktoru Vaqar Əhməd Şah veb portalın Bakıda təqdimatının keçirilməsindən məmnunluğunu vurğulamış, portalın sahibkarlar üçün regionda ticarət və investisiya üzrə məlumat mübadiləsi aparmaq imkanlarını artıracağını qeyd etmişdir.
Sonda veb portalla bağlı tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-11 fevral.- S. 7.