ARDNŞ-in Ekologiya İdarəsində ATƏT-in Bakı ofisinin nümayəndələri ilə görüş keçirilmişdir

 

ARDNŞ-in Ekologiya İdarəsi ətraf mühitin mühafizəsi, mədən ərazilərində və digər obyektlərdə ekoloji tarazlığın qorunması sahəsində apardığı genişmiqyaslı fəaliyyəti çərçivəsində beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir.

Bu günlər idarədə ATƏT-in Bakı ofisinin iqtisadiyyat və ətraf mühit üzrə rəhbəri Yan Olssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Qonaqlara ARDNŞ-in həyata keçirdiyi ekoloji layihələr haqqında ətraflı məlumat verilmiş, aparılan ekoloji monitorinq, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, tullantıların idarəolunması və digər layihələr barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdə, həmçinin Bakının Xəzər rayonu ərazisində yaradılan Ekoloji Park haqqında videoçarx nümayiş etdirilmişdir. Burada alternativ enerji mənbələrindən istifadə və ətraf mühit haqqında biliklərin artırılması sahəsində nəzərdə tutulan tədbirlər qonaqlarda xüsusi maraq doğurmuşdur. Parkda tikintisi davam etdirilən Ekoloji Mərkəzin "Fəaliyyət planı"nın hazırlanması istiqamətində müzakirələr aparılmışdır. Yan Olsson "Ekoloji Park" layihəsinin həyata keçirilməsi istiqamətində ARDNŞ-in Ekologiya İdarəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. O, Azərbaycanda ekologiya sahəsində aparılan tədbirləri yüksək qiymətləndirmişdir.

Görüşün sonunda Ekologiya İdarəsi və ATƏT-in Bakı ofisi arasında mümkün əməkdaşlıq perspektivləri və birgə fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-11 fevral.- S. 7.