İlk uşaq baletinin müəllifi
Anadan olmasının 90 illiyi böyük ehtiramla yad edilən görkəmli bəstəkar, xalq artisti, professor Əşrəf Abbasov Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus cəfakeşlik və xidmət göstərmiş sənətkar idi. O, Şuşa şəhərində doğulmuşdu. Elə ilk musiqi təhsilini də burada almışdı. Doğrudur, o, tar ixtisasına yiyələnmişdi, amma elə uşaqlıqdan özü müəyyənləşdirmişdi ki, bəstəkar olacaq. Musiqiyə olan marağı onu gənc yaşlarında tar üçün kiçikhəcmli, birsəsli texniki pyeslər yazmağa həvəsləndirib. Tez-tez Şuşaya gələn Üzeyir Hacıbəyli gənc musiqiçinin yaradıcılığı ilə tanış olduqda onu konservatoriyada oxumağa dəvət etmişdi. Beləliklə, Şuşadan qanadlanan arzular Bakıda reallığa çevrildi.
1948-ci ildə konservatoriyanı, sonra Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirən Əşrəf Abbasov həyatı boyu Şuşada mənimsədiyi ənənəyə və Üzeyir bəydən öyrəndiklərinə sadiq oldu. O, xalq musiqisinə yaradıcılıqla yanaşmağı və bunu öz əsərlərində professional şəkildə həyata keçirməyi bacardı. Azərbaycan musiqi mədəniyyətində Əşrəf Abbasovun yeri həqiqətən ayrıdır. O, milli musiqimizin zənginləşməsinə, ona yeni əlavələr edilməsinə, daha da təravətli olmasına çalışdı. Həmişə axtarışda olan bəstəkarın yaratdığı əsərlər janr rəngarəngliyi ilə seçilir, orijinallığına görə dövrün bütün məşhur musiqi nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilirdi. Bəstəkar Əfrasiyab Bədəlbəyli yazırdı: "Həqiqi bəstəkar olmaq üçün üç əsas amilə yiyələnmək zəruridir: istedad, zəhmətsevərlik, bəstəkarlıq texnikasını yüksək səviyyədə mənimsəmək. Lakin bəstəkarın yaradıcılığını daha yüksək səviyyəyə qaldıran, onu dinləyiciyə sevdirən bir vacib cəhət də var: ideya saflığı, məfkurə təmizliyi, xəlqilik prinsiplərinə riayət". Sanki bu müdrik sözləri o, məhz Əşrəf Abbasovu nəzərdə tutaraq demişdi.
Çoxcəhətli yaradıcılığa malik olan Əşrəf Abbasov gözəl romanslar müəllifi idi. Füzulinin, Vaqifin, Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi musiqilər öz həzinliyi, yüksək emosionallığı, poetik mətnlə vəhdəti ilə diqqət çəkirdi. Bir sıra mahnıların da müəllifi olan Əşrəf Abbasovun "Heyran olmuşam", "Oxu, bülbül", "Qurban olduğum", "Ceyranım, gəl" və başqa romansları, mahnıları uzun illərdir məhəbbətlə ifa edilir. Onun yaradıcılığında simfonik əsərlərin də xüsusi yeri var. Əşrəf Abbasov ən çox simfonik poemaya üstünlük verib. "Şuşa", "Gələcək gün", "Dramatik poema" bəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. O, simfonik orkestr üçün bir sıra süitalar da yazmışdı. Yaradıcılığının zirvəsi isə "Qaraca qız" baletidir. Bu balet həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş "Qaraca qız" yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdı. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab Bədəlbəyli idi. Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdu.
Bu balet haqqında mətbuatda yazılanlardan bəlli olur ki, "Qaraca qız" həqiqətən də klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Xüsusilə də baletmeyster Qəmər Almaszadə bir xoreoqraf kimi əsərə yüksək bədii zövq əks etdirən quruluş verməyə nail ola bilmişdi. Bu yaradıcılığın vəhdətindən doğan "Qaraca qız" isə Azərbaycan musiqi tarixinə uğurlu balet kimi düşərək Əşrəf Abbasovun adını ilkinlər sırasına yazdı. Bu baletə təkcə uşaqlar deyil, böyüklər də maraqla tamaşa edərdilər.
Musiqili Komediya Teatrında tamaşaya qoyulan əsərlərə Əşrəf Abbasov musiqi tərtibatı verərdi. "Səndən mənə yar olmaz", "Dağlar qoynunda", "Həyətim mənim, həyatım mənim" komediyalarına yazdığı musiqi ifadəliyi, coşqunluğu, lirizmi ilə seçilirdi. O, bir bəstəkar kimi tamaşa müəlliflərinin ideyalarının musiqidə də əks olunmasına çalışırdı və demək olar ki, buna nail olurdu. O dövrdə bu əsərlərdə həm də bu gün yerləri bilinən çox görkəmli, korifey sənətkarların iştirak etməsi də tamaşaların uğurlu alınmasına səbəb olurdu. Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Mobil Əhmədov, Məmməd Sadıq Nuriyev kimi görkəmli aktyorlarla tamaşa müəlliflərinin - istər bəstəkar, rəssam, dramaturq olsun, istərsə də rejissor, - fərq etməzdi. Birlikdə səmərəli şəkildə çalışmaq səhnə əsərlərinə rövnəq və ömür gətirirdi. Bəlkə də elə bu səbəbdəndir ki, bu gün ötən əsrin 70-ci illərindəki teatr aləminə bir nostalgiya var.
Əşrəf Abbasovun fəaliyyətində bəstəkarlıqla yanaşı, elmi araşdırmalar pedaqoqluq işi eyni dərəcədə davam edirdi. O, 1952-ci ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu" operası" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdü. Burada bir məsələni də xatırlatmaq yerinə düşür ki, Əşrəf Abbasov respublika bəstəkarları arasında həm də ilk sənətşünaslıq namizədi idi. Onun elmi işlərinə, müxtəlif jurnal və məcmuələrdə çap olunan məqalələrinə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində maraq göstərirdilər. O, Azərbaycan musiqişünaslarının bu sahədə hazırladıqları bir çox elmi kitabların da redaktoru olmuşdur. Əşrəf Abbasov həm də görkəmli pedaqoq idi. O, əvvəlcə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru olmuşdur. Uzun illər isə Azərbaycan Dövlət Konservatoriyasında çalışmışdı. O, bu ali məktəbin rektoru, Bəstəkarlıq kafedrasının müdiri vəzifələrini də ləyaqətlə yerinə yetirmişdir.
Adı musiqi tariximizə əbədi həkk olan bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Abbasovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti idi. Əşrəf Abbasov bir vaxt adi müəllim kimi işə başlayıb tələbələr yetişdirdiyi konservatoriyanın ən nüfuzlu professoru kimi də hörmət və izzət qazanmışdı.
...O, əlinə ilk dəfə tar almışdı. Elə musiqi sahəsində də fəaliyyətə tarla başlamışdı. Amma bu dünyanı tərk edəndə o, Azərbaycanın məşhur bəstəkarı idi! Şirmayı dillərdə onun min həvəs və arzu ilə bəstələdiyi müxtəlif janrlı musiqilər ifa olunurdu. Üzeyir Hacıbəylinin xeyir-duası ilə bu sənətə gələn Əşrəf Abbasov unudulmaz müəlliminin çox ləyaqətli davamçısı olduğunu özünün yaradıcılığı ilə təsdiq etdi. Elə əsərlərə imza atdı ki, bu gün unudulmazlar sırasında əzəmətlə dayananlardan biri də məhz bəstəkar Əşrəf Abbasovdur!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-11 fevral.- S. 8.