Prezident İlham Əliyev Goranboyda
məcburi köçkünlər üçün
salınmış yaşayış məhəlləsinin
açılışında iştirak etmişdir
Prezident İlham Əliyev fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Sədaqət Ağayarovanın evində oldu. Mənzildə yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı çay süfrəsi arxasında ailənin üzvləri ilə söhbət etdi.
Prezident İlham ƏLİYEV: Bu evə köçməyiniz münasibətilə təbrik edirəm. Burada bütün şərait yaradılıb, hər şey var, bütün imkanlar var, gözəl binalardır. Burada rahat yaşamaq mümkündür. Siz buna layiqsiniz, uzun illərdir erməni təcavüzkarların işğalçı siyasətindən əziyyət çəkirsiniz, uzun illər yararsız binalarda yaşamısınız. İndi isə bizim soydaşlarımız bu gözəl binalarda, gözəl mənzillərdə yaşayacaqlar.
Bilirsiniz ki, Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük işlər görür. Hər il binalar, fərdi evlər tikilir. Bu siyasət davam etdiriləcəkdir. Elə etməliyik ki, hazırda hələ də çətin vəziyyətdə yaşayan soydaşlarımız da yaxşı evlərə köçürülsünlər. Əlbəttə, bu, böyük vəsait, böyük peşəkarlıq tələb edir. Bilirsiniz ki, dövlət proqramı icra olunur. Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, sizin vəziyyətinizi yaxşılaşdırsın. Çünki bir daha demək istəyirəm ki, siz buna layiqsiniz, siz yaxınlarınızı itirmisiniz.
Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir. Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ki ədalət qarşısında cavab verməyiblər, amma o gün gələcəkdir. Mən şübhə etmirəm və əminəm ki, siz də Xocalıya qayıdacaqsınız. Bu, müvəqqəti məskunlaşma yeridir, amma buna baxmayaraq, biz istəyirik ki, müvəqqəti də olsa, şərait yaxşı olsun.
Sədaqət AĞAYAROVA: Cənab Prezident, biz şəhid ailəsiyik, mən, üç balam, bir də bacım, onun üç balası. Şəxsən mən beş gecə meşədə qarın içində qalmışam. Üzr istəyirəm, övladlarım burada dünyaya gəliblər. Biz, bütün qaçqın-köçkünlər Sizə arxalanırıq, Sizə güvənirik. Biz Sizinlə, xanımınızla fəxr edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, övladınız Xocalı faciəsi barədə həqiqəti hər yerə yayırlar.
Prezident
İlham ƏLİYEV: Elə də
olmalıdır, çünki bilirsiniz ki, ermənilər
xaricdəki imkanlarından istifadə edərək dünya
birliyinə Xocalı faciəsi haqqında təhrif edilmiş
məlumatlar çatdırmağa cəhd etmişlər. Əfsuslar
olsun ki, uzun illər ərzində buna müvəffəq
olmuşlar. Dünya birliyi Xocalı haqqında məlumatsız
idi. Ermənilər Azərbaycandan olan bəzi adamların
çox çirkin bəyanatlarından istifadə edib
Xocalı faciəsi haqqında müəyyən dərəcədə
tam yalan təsəvvür yarada bilmişdilər. Ona görə bizim siyasətimiz, xüsusilə
xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri
dünya birliyinə çatdırmağımız bu vəziyyəti,
demək olar ki, tamamilə dəyişdirdi. İndi Xocalı
haqqında dünyada bilirlər, Xocalı faciəsi
haqqında kifayət qədər məlumatlar var. Biz
bütün ölkələrdə kampaniyalar keçiririk, həm
səfirliklər, həm də Heydər Əliyev Fondu vasitəsilə.
Bildiyiniz kimi, fond bu məsələ ilə çox fəal məşğul
olur. Bizim təşəbbüsümüzlə
yaradılmış İslam Konfransı Təşkilatının
Gənclər Forumu da bu məsələ ilə bağlı
çox fəal işləyir. Bununla
bağlı nəinki islam ölkələrində kitablar nəşr
edir, müxtəlif tədbirlər keçirir, həm də
Avropa ölkələrində, bütün qitələrdə
başqa təşkilatlarla birlikdə Xocalı haqqında həqiqətləri
dünya birliyinə çatdırır. Xocalı
soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir.
Amma yenə də deyirəm, hələ ki, dünyada ikili
standartlar siyasəti mövcuddur, erməni lobbisi, dünya erməniliyi
və onların havadarları çalışırlar ki, erməniləri
bu vəziyyətdən çıxarsınlar. Biz isə bundan
sonra da çalışacağıq ki, bütün dünya
Xocalı haqqında bilsin. Bizim indi imkanlarımız da
artır, o cümlədən təbliğat imkanlarımız
genişlənir. Biz istənilən ölkədə diaspor təşkilatlarımızın
xətti ilə, dövlət xətti ilə istənilən tədbiri,
konfransı keçirə bilərik. Bunu edirik və bu həqiqətləri
bütün dünyaya çatdırırıq. Mən əminəm
ki, gün gələcək Xocalı faciəsini törədən,
dinc əhaliyə qarşı qəddarlıq göstərən,
dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə
qarşısında cavab verəcəklər. O gün gələcəkdir.
* * *
Sonra dövlət
başçısı yeni məhəllədə inşa
olunmuş Xocalı şəhər 1 saylı orta məktəbin
həyətində pəhləvan Məzahir Qəhrəmanovun
nümunəvi çıxışına baxdı və
aşıq musiqisini, gənc ifaçıları dinlədi.
Sonra dövlət başçısı qəsəbə sakinləri ilə görüşdü.
Prezident İlham ƏLİYEV qəsəbədə yeni mənzil almış məcburi köçkünləri təbrik edərək dedi:
- Əziz dostlar, əziz bacılar və qardaşlar. Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu evlərin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Burada çox gözəl şərait yaradılıbdır. Beşmərtəbəli 3 bina tikilib, hələ 9 bina da tikiləcəkdir. Böyük bir qəsəbə salınacaq ki, bizim soydaşlarımız, işğaldan əziyyət çəkən, uzun illər yararsız binalarda məskunlaşan soydaşlarımız yaxşı şəraitdə yaşasınlar. Bilirsiniz ki, bu bizim siyasətimizdir və uzun illərdir aparılır. Bildiyiniz kimi, Dövlət Neft Fondundan ilk vəsaitlər ulu öndər Heydər Əliyevin tapşırığı ilə məhz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxtdan bugünə qədər on minlərlə soydaşımız yeni mənzillərə, fərdi evlərə köçürülmüşdür. Son 7 il ərzində qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli üçün 1 milyard 800 milyon manat vəsait xərclənmişdir. 90 min nəfər yeni evlərə köçürülmüşdür. Bütün çadır şəhərcikləri ləğv edilmişdir və yeni yaradılmış şərait bax, bu səviyyədədir. Siz buna layiqsiniz və Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, erməni işğalından əziyyət çəkən insanlara yaxşı şərait yaradılsın. Amma mən həmişə demişəm ki, bunlar müvəqqəti məskunlaşma yerləridir. Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Uzun illər biz işğaldan əziyyət çəkirik. Erməni işğalçı qüvvələri torpaqlarımızı zəbt edib və bu işğala son qoymaq istəmirlər. Baxmayaraq ki, danışıqlar gedir, amma hələ ki, danışıqların nəticəsi yoxdur. Biz isə öz tərəfimizdən çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Ancaq bununla bərabər, bütün başqa variantları da istisna etmirik. Azərbaycan güclənib, son illər ərzində həm iqtisadi inkişaf, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçmişdir. İndi bizim güclü ordumuz var, o, istənilən anda hərbi yolla doğma torpaqlarımızı işğalçılardan azad edə bilər. Bu amil danışıqlar prosesində də öz müsbət rolunu oynayır. Ancaq Ermənistanın qeyri-konstruktiv siyasəti, qeyri-konstruktiv mövqeyi və müxtəlif yollarla danışıqları uzatmaq taktikası hələlik imkan vermir ki, məsələ öz həllini tapsın. Lakin Azərbaycanın ərazi bütövlüyünün bərpası mütləq baş verəcək, bütün beynəlxalq təşkilatlarda bizim mövqeyimiz üstünlük təşkil edir, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Biz bundan sonra da bütün imkanlardan istifadə edərək ərazi bütövlüyümüzün tezliklə bərpası üçün səylərimizi davam etdirəcəyik.
Xocalı soyqırımı XX əsrin ən dəhşətli, ən böyük cinayətlərindən biri idi, erməni faşizminin vəhşi və eybəcər sifətini göstərmişdir. Əfsuslar olsun ki, uzun illər ərzində dünya erməniliyi, onun xaricdəki havadarları və erməni lobbisi Xocalı haqqında həqiqətləri gizlədirdilər.
Dünya birliyinə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilmirdi. Bizim də imkanlarımız məhdud idi, xüsusilə müstəqilliyimizin ilk illərində imkanımız yox idi ki, bu həqiqətləri dünya birliyinə çatdıraq. Ancaq indi vəziyyət tam başqadır, Azərbaycanın imkanları var, geniş diaspor şəbəkəsi var. Azərbaycanın ictimai təşkilatları, dövlət qurumları Xocalı soyqırımı ilə bağlı kifayət qədər materiallar dərc edirlər, kitablar nəşr olunur, bütün dünyada konfranslar, digər tədbirlər keçirilir. Yəni Xocalı soyqırımı haqqında dünya birliyi artıq tam məlumatlıdır. Ancaq o da həqiqətdir ki, dünyada ikili standartların mövcud olması bizim işimizi çətinləşdirir. İkili standartlar özünü demək olar ki, hər bir sahədə göstərir. Bəzi hallarda biz Azərbaycana qarşı ədalətsiz münasibət, beynəlxalq təşkilatlarda Ermənistanda baş verən hadisələrə fikir verməmək hallarını görürük. Eyni zamanda, Azərbaycandakı kiçik bir hadisəni şişirdib onu dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. İkili standartlar bax, bu məsələlərdə özünü büruzə verir. Biz bilirik ki, indi beynəlxalq hərbi tribunallarda başqa ölkələrin rəhbərləri törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb olunublar. Nə üçün Ermənistanın indiki rəhbərlərinə qarşı, - hansılar ki, bilavasitə Xocalı soyqırımında iştirak etmişlər, əlləri Azərbaycan xalqının qanına batmışdır, - beynəlxalq tribunal təşkil olunmur, nə üçün onlar qınaq obyektinə çevrilmirlər? Yəni bütün bunların təməlində ikili standartlar dayanır. Dünya erməniliyinin fəaliyyəti, onların havadarlarının, xarici dairələrin ədalətsiz mövqeyi dayanır. Ancaq ədalət bizim tərəfimizdədir. 600-dən çox dinc əhali ermənilər tərəfindən qətlə yetirildi, onların 100-dən çoxu uşaqlar idi. Bir daha demək istəyirəm ki, bu, XX əsrin ən qəddar cinayətlərindən idi. Xocalı soyqırımı, Xocalı genosidi - bunun adı belədir. Bu gün artıq Azərbaycanın artan imkanları bizə şərait yaradır ki, bu həqiqətləri dünya birliyinə çatdıraq. Biz bunu etməliyik və edəcəyik. Baxmayaraq ki, artıq beynəlxalq təşkilatlarda, bəzi ölkələrin qanunvericilik orqanlarında, hökumətlərində bu məsələ müzakirə olunur, Xocalı soyqırımı artıq dünya birliyi tərəfindən tanınır, ancaq biz yenə də bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
O ki qaldı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə, Azərbaycan dövləti bundan sonra da bu istiqamətdə öz səylərini göstərəcəkdir. Biz bu il investisiya proqramı və Dövlət Neft Fondunun proqramı çərçivəsində daha da böyük işlər görəcəyik. Eyni zamanda, Prezidentin Ehtiyat Fondundan vaxtaşırı vəsait ayrılır. Bax, bu binalar məhz Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına tikilmişdir. Bizim soydaşlarımız narahat olmasınlar, köçkünlər üçün tikilmiş bütün binalar - istər mənzillər, istərsə də fərdi evlər bu səviyyədə olacaqdır. Çünki bəzi hallarda belə məlumat gəlir ki, biz köçkünləri yararsız sanatoriyalardan, pansionatlardan köçürmək istəyəndə, onlarda müəyyən fikirlər olur, müəyyən şübhələr olur.
Bax, bu binalar tikiləndə də belə şübhələr olmuşdur. Ancaq indi hamı görür ki, burada şərait ən yüksək səviyyədədir. Yəni biz bütün bu işləri ən yüksək səviyyədə görməliyik. Vaxtilə imkanımız yox idi, çadır şəhərcikləri qurulmuşdu. Amma artıq 4 ildir ki, çadır şəhərcikləri Azərbaycanın xəritəsindən silinibdir. Onların əvəzinə belə gözəl binalar, fərdi evlər tikilib, özü də Goranboy rayonunun mərkəzində.
Biz bu siyasəti davam etdirəcəyik, köçkünlərin sosial problemlərinin maksimum dərəcədə həlli üçün çalışacağıq. Köçkünlərin məşğulluq məsələləri ilə ciddi məşğuluq ki, bu sahədə də vəziyyət yüksək səviyyədə olsun.
Əziz
dostlar, bu gün mən sizi bir daha ürəkdən
salamlayıram və ümid edirəm ki, bu binalarda rahat
yaşayacaqsınız.
* * *
Məcburi
köçkün Tamilla BİLALOVA onlara yaradılan şəraitə
və göstərilən qayğıya görə dövlət
başçısına minnətdarlıq edərək dedi: Cənab
Prezident, icazə verin, göstərdiyiniz qayğı və
diqqətə, bizim üçün yaratmış olduğunuz
bu gözəl şəraitə görə Xocalı rayonundan
olan məcburi köçkünlər adından minnətdarlığımızı
bildirək və sizə "Xoş gəlmisiniz!" deyək.
Son illərdə respublikamızda qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması, məşğulluğunun
artırılması istiqamətində böyük işlər
görülmüşdür. Müasir tələblərə
cavab verən 67 qəsəbə istifadəyə
verilmişdir. 100 mindən çox qaçqın və məcburi
köçkün hər bir şəraiti olan fərdi
yaşayış evləri və mənzillərlə təmin
edilmişdir. Bütün qaçqın və məcburi
köçkünlər kimi, xocalılılar da Sizin
qayğı və diqqətinizi daim hiss edirlər. Xocalı
köçkünləri üçün Goranboy rayonunun
Aşağı Ağcakənd ərazisində 4 yeni qəsəbə
salınmışdır. Həmin qəsəbələrə
yeni qaz xətləri çəkilir və yaxın vaxtlarda təbii
qaz veriləcəkdir.
Bu gün isə Naftalan
şəhəri ərazisindəki sanatoriya binalarında
müvəqqəti məskunlaşmış
xocalılıların bir hissəsi bu gözəl məhəlləyə
köçürülür. Belə gözəl şəraitə
görə yeni mənzillərin sakinləri adından Sizə
öz minnətdarlığımızı bildiririk.
Cənab Prezident,
ümummilli liderimiz, dünya miqyaslı siyasətçi Heydər
Əliyevin bu xalqın gələcəyini Sizə etibar edərkən
yanılmadığı bir daha sübut olundu.
Siz onun istədiyi,
uğrunda həyatını, sağlamlığını fəda
etdiyi Yeni Azərbaycanı yaratdınız. Siz Azərbaycanı
iqtisadi, siyasi, mədəni cəhətdən inkişaf etdirərək
dünya miqyasında nüfuzlu, tanınmış bir dövlətə
çevirdiniz.
Cənab Prezident, Siz
xalqa söz vermişdiniz ki, mən bütün rayonları
inkişaf etdirərək mərkəzin səviyyəsinə
çatdıracağam. Həqiqətən də bu gün
gördüyünüz işlər verdiyiniz vədlərin
söz olaraq qalmadığını sübut edir. Ona görə
də xalqımız Sizinlə fəxr edir, Sizə
arxalanır və Sizinlə qürur duyur.
Cənab Prezident!
Bütün sahələrdə uğurlu islahatlar aparmaqla
yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi
istiqamətində də prinsipial, qətiyyətli mövqe
nümayiş etdirirsiniz. Sizin
tapşırığınızla Xocalı faciəsinin
ildönümü dünya ölkələrində də qeyd
edilir. Siz Xocalı faciəsini, Xocalı
soyqırımını dünya dövlətlərinə
tanıtmaq və qəbul etdirmək baxımından
böyük işlər görmüsünüz. Xocalı həqiqətlərini
dünyaya yaymaqda Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla
xanım Əliyevanın da xüsusi xidmətləri
vardır. Fond müasir tələblərə cavab verən
videomateriallar vasitəsilə Xocalı həqiqətlərini,
Xocalı soyqırımını, ermənilərin törətdikləri
vəhşilikləri bütün dünyaya yayımlayır. Dəhşətli
Xocalı faciəsini yaşamış bir insan,
torpaqlarımız uğrunda həlak olmuş şəhidin həyat
yoldaşı, habelə şəhid bacısı kimi mən
haqqa, ədalətə olan inamımı heç vaxt itirmirəm.
Göz açdığı torpaqda ata nəvazişi ilə
böyümək qismət olmayan övladlarımı da, təlim-tərbiyəsi
ilə məşğul olduğum şagirdlərimi də vətənpərvər
ruhda tərbiyə etməyə çalışıram. Bizə
düşmənlərimiz olan ermənilərlə qonşu
yaşamaq qismət olmuşdur. Ermənilər başa düşmürlər
ki, buna biz Allah-taala tərəfindən məhkum olmuşuq. Lakin
inanırıq ki, Sizin apardığınız siyasət nəticəsində
biz qalib gələcəyik. Biz buna inanırıq və o
günlərin ümidi ilə yaşayırıq. Cənab
Prezident, inanırıq ki, Siz yaxın zamanda
torpaqlarımızı, Xocalımızı bizə
qaytaracaqsınız. Belə gözəl binaları, məktəbləri
Xocalıda inşa etdirəcəksiniz. Arzu edirəm ki,
Xocalıda tikiləcək məktəbin
açılışında Sizin qarşınızda bir daha
çıxış edim.
Cənab Prezident! Yeni
inşa edilmiş qəsəbəni və qoyulmuş abidəni
Xocalı faciəsinin ildönümü ərəfəsində
ziyarət etdiyiniz üçün bütün
xocalılılar adından Sizə öz minnətdarlığımızı
bildiririk. Bizə göstərdiyiniz qayğı və diqqətə
görə bir daha minnətdarlıq edirik. Sizə çətin
işlərinizdə uğurlar, cansağlığı
arzulayırıq. Diqqətinizə görə minnətdarıq!
Prezident İlham ƏLİYEV:
Sağ olun, çox sağ olun! Siz tamamilə
haqlısınız ki, həyat bizi ermənilərlə
yanbayan yaşamağa məcbur etmişdir.
Tarixdən də
yaxşı bilirik ki, ermənilər bizim torpaqlarımıza,
Qarabağ ərazisinə 19-cu əsrdə
köçürülmüşlər, qonaq kimi gəlmişlər.
Amma ondan sonra bizə qarşı torpaq iddiası ilə
çıxış etmişlər. Biz də
çalışırıq ki, dünya birliyinə bu həqiqətləri
çatdıraq. Son illər ərzində kifayət qədər
kitablar yazılmış, məqalələr dərc
edilmişdir. Digər vasitələrlə də bu həqiqətləri
dünya birliyinə çatdırırıq ki, bu, bizim
torpağımızdır. Erməni dilində Qarabağ
sözü yoxdur, onun mənası yoxdur. Qarabağın
baş şəhəri Xankəndidir, Stepanakert deyil. Stepanakert
bolşevik-erməni quldur dəstəsinin rəhbəri Stepan
Şaumyanın adını daşıyır. Yəni əgər
o şəhərin tarixi adı olsaydı, şübhəsiz
ki, ermənilər onu bərpa edərdilər.
Bütün başqa toponimlər də Azərbaycan xalqının tarixini əks etdirir. Bu, heç kimə sirr deyil, sadəcə olaraq, dünya birliyi bundan xəbərsiz idi. Belə bir təəssürat yaranmışdı ki, guya Qarabağ tarixi erməni torpağıdır, kiminsə göstərişi ilə 1920-ci illərdə Azərbaycanın tərkibinə verilmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, bu, belə deyildir. Ermənilər çar Rusiyasının o vaxtkı rəhbərləri tərəfindən Türkiyənin, İranın müəyyən bölgələrindən oraya köçürülmüşdür. Bu, tarixi həqiqətdir.
Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün o adlar Azərbaycan toponimləridir. Hətta indi ermənilər özləri də etiraf edirlər ki, 20-ci əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bunu təsdiq edən sənədlər var, şəkillər var, rəsm əsərləri var. Artıq bir dəfə Azərbaycan torpağında erməni dövləti yaradıldı, özü də Azərbaycanın o vaxtkı rəhbərliyinin icazəsi ilə. Bilirsiniz ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi İrəvanı Ermənistanın paytaxtı kimi ermənilərə bəxş etdi.
Halbuki mən hesab edirəm ki, bu, çox yanlış və dözülməz bir addım idi və bugünkü tarix onu göstərir. Əgər o vaxt bu addım atılmasaydı, indi heç Qarabağ məsələsi də olmazdı. Amma o vaxt oldu və bunu da tarixi sənədlər sübut edir. Yaxşı, əsrin əvvəlində belə bir hadisə oldu. Ermənilər əsrin sonunda, Azərbaycan torpaqlarında indi ikinci erməni dövləti yaratmaq istəyirlər? Biz heç vaxt buna imkan verə bilmərik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu deyəndə mən nəinki Dağlıq Qarabağın keçmiş inzibati hüdudlarından kənarda yerləşən rayonları nəzərdə tuturam. Yox! Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan suverenliyi orada tətbiq olunmalıdır.
Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanmalıdır. Bizim məqsədimiz budur. Məhz buna görə danışıqlar bu qədər vaxt aparır. Biz hansısa yarımçıq, yaxud da bizi tam qane etməyən varianta razı ola bilmərik ki, bizə bir neçə rayon qaytarılsın, qalan rayonların müqəddəratı qeyri-müəyyən olsun. Biz buna heç vaxt gedə bilmərik. Necə ola bilər? Burada alverdən söhbət gedə bilməz! Bu, bizim torpağımızdır, tarixi torpağımızdır, əzəli torpağımızdır. Bir daha deyirəm ki, bunu tarixi sənədlər sübut edir. Beynəlxalq hüquq baxımından bu, bizim torpağımızdır.
Azərbaycan 1991-cı ildə müstəqilliyə qovuşanda onun ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən tanındı. Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındı. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına Dağlıq Qarabağ daxil olmaqla üzv oldu və bu sərhədlər bütün ölkələr tərəfindən tanınır. Hətta bu gün ermənilərə, Ermənistana siyasi, hərbi, iqtisadi dəstək verən ölkələr də bunu tanıyır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir. Bizim məqsədimiz o bölgələrdə tam şəkildə öz suverenliyimizi bərpa etməkdən ibarətdir və o gün gələcəkdir.
Bu gün artıq Ermənistan Azərbaycanla ayaqlaşa bilmir. Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Bu fərq özünü hər bir yerdə göstərir. Xüsusilə keçən il və 2009-cu ildə böhran zamanı Ermənistanın iqtisadiyyatı 15 faiz tənəzzülə uğramışdı. Azərbaycanın iqtisadiyyatı isə iki il ərzində 15 faiz artmışdır. İndi baxın, Azərbaycanın sənaye imkanları, iqtisadi imkanları, hərbi potensialı müqayisəedilməz dərəcədədir. Biz ancaq hərbi xərclərə Ermənistanın bütün ölkəyə sərf etdiyi qədər, ondan da 50 faiz, 30 faiz çox sərf edirik və gələcəkdə bu fərq artacaqdır. Yəni vaxt bizə işləyir. Mən buna tam əminəm. Bəzi xarici müşahidəçilər, xarici dairələr isə çalışırlar bizi inandırsınlar ki, vaxt bizə işləmir, tezliklə bu məsələ həll olunsun. Bu məsələnin tezliklə həll olunmasını ən çox siz istəyirsiniz və mən istəyirəm. Bizdən çox bunu istəyən ola bilməz. Heç bir xarici məsləhətçi bunu istəyə bilməz. Amma nəyin bahasına biz bunu əldə etməliyik? Məsələ bundadır.
Mən əminəm
ki, vaxt gələcək, biz öz suverenliyimizi tam bərpa edəcəyik.
Dağlıq Qarabağda Azərbaycan bayrağı
dalğalanacaqdır. Xocalıya biz qayıdacağıq və
orada siz dediyiniz kimi, bundan da gözəl binaları tikəcəyik.
Biz bu vaxtı hər an öz səylərimizlə
yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq.
* * *
Görüşdən
sonra xatirə şəkli çəkdirildi.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı barədə məlumat verdi. Bildirildi ki, 20 hektar sahədə salınan məhəllə bütün müvafiq sosial-texniki infrastrukturu olan 12 beşmərtəbəli binadan, 360 şagird yerlik məktəbdən, 150 yerlik uşaq bağçasından, musiqi məktəbindən və inzibati binadan ibarət olacaqdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında salınan məhəlləyə Naftalan şəhərindəki sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsi köçürüləcəkdir.
Birinci mərhələdə
3 yaşayış binası inşa edilmişdir. Onların
ümumi sahəsi 11 min 235 kvadratmetrdir. Məhəllədə
park və yaşıllıqlar salınmış, Xocalı
soyqırımı qurbanlarına xatirə abidəsi də
ucaldılmışdır. Buraya elektrik,
qaz və içməli su xətləri çəkilmişdir.
Daha sonra Prezident İlham Əliyev
Xocalı şəhər
1 saylı orta məktəbdə
yaradılmış şəraitlə
Məktəbin
ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev
və Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun
ölkəmizdə təhsilin inkişafına diqqət və
qayğısını əks etdirən, habelə Xocalı
faciəsinə dair fotoguşələr
yaradılmışdır.
Məktəb
binasının qızdırılması üçün
ayrıca qazanxana da inşa olunmuşdur.
Məktəblə
tanışlıqdan sonra Prezident İlham Əliyev yeni
yaşayış məhəlləsindəki Xocalı
soyqırımı qurbanlarının xatirə abidəsini
ziyarət edərək gül dəstəsi qoydu.
Prezident İlham Əliyev
yeni salınmış məhəllədə görüləcək
işlərin vaxtında və keyfiyyətlə başa
çatdırılması ilə bağlı
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2011.-12 fevral.- S. 1, 2.