Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətlə bağlı hesabat verildi
Fevralın 11-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər. Onlar ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülən işləri də təqdir etdilər. Çıxışlarda Milli Məclisin də korrupsiya ilə mübarizə işində fəallığının artırılması barədə təkliflər səsləndirildi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə (2010-cu il üzrə) dinlənildi. Məruzəni Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov diqqətə çatdırdı.
Məruzədə göstərildi ki, bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, iqtisadi resurslardan istifadənin səmərəsinin yüksəldilməsi və yerli əhəmiyyətli məsələlərin həllində yerli özünüidarənin rolunun artırılması məqsədilə "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 29 may 2009-cu il tarixli Qanunla 1567 bələdiyyənin birləşməsi nəticəsində 574 yeni bələdiyyənin yaradılması nəzərdə tutulmuşdur. Qısa müddətdə görülmüş tədbirlər nəticəsində birləşmiş 1552 bələdiyyənin əmlakı, maliyyə vəsaitləri, debitor və kreditor borcları müəyyən edilərək aktlaşdırılmış, hər birləşmə faktı üzrə yekun təhvil-təslim aktı tərtib edilmiş və zəruri sənədlər yeni yaradılmış 569 bələdiyyəyə təhvil verilmişdir. Bələdiyyə seçkiləri baş tutmamış 15 yerli özünüidarə orqanları üzrə təhvil-təslim aparılmamışdır.
Bununla yanaşı, məruzədə qeyd olunur ki, birləşmə komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, 11 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraaatı qaydasında araşdırılmış və ciddi qanun pozuntuları müəyyən edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Bələdiyyələrin birləşməsi ilə bağlı təhvil-təslim işlərinin aparılması zamanı kargüzarlıq, mühasibatlıq işinin qanunvericiliyə uyğun təşkil olunmaması, yerli vergilərin və ödənişlərin düzgün hesablanmaması, tam və vaxtında ödənilməməsi ilə əlaqədar debitor borcların yaranması və bunun nəticəsində kreditor borcların ödənilməməsi, bələdiyyələrin bir qisminə mülkiyyətlərindəki torpaqların Dövlət aktının, o cümlədən xəritələrin verilməməsi kimi bir sıra qanun pozuntuları və nöqsanlar aşkar edilmiş, onların aradan qaldırılması üçün bütün bələdiyyələrə tövsiyə məktubları göndərilmişdir. "Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı haqqında Əsasnamə"yə uyğun olaraq 501 yeni bələdiyyənin nizamnaməsi Ədliyyə Nazirliyində öyrənilərək, hüquqi ekspertizadan keçirilərək dövlət qeydiyyatına alınmış, birləşmiş 1332 bələdiyyənin nizamnaməsi qüvvədən düşdüyünə görə dövlət reyestrindən çıxarılmışdır.
2010-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı Ədliyyə Nazirliyində 26635 bələdiyyə aktına baxılmışdır. Araşdırılmış bələdiyyə aktlarından 25363-ü qanunvericiliyə uyğun hesab olunmuşdur, 545-nə isə hazırda baxılır. 727 aktla bağlı verilmiş təkliflər əsasında onları qəbul etmiş, bələdiyyələr tərəfindən 400-ü ləğv edilmiş, 41-i dəyişdirilmiş, bəziləri baxılma mərhələsindədir. 3 akt üzrə isə cinayət xarakterli hüquq pozuntuları aşkar edilərək toplanmış materiallar Baş Prokurorluğa göndərilmiş və cinayət işi başlanmışdır.
Görülmüş tədbirlər nəticəsində 2010-cu ildə bələdiyyələr tərəfindən qanunsuz olaraq 79,07 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 3210,54 ha torpaq sahəsinin icarəyə, 27,85 ha torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri əsasında bələdiyyələrin özləri və ya iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə il ərzində 3317,46 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.
Hesabat ilində bələdiyyələrin fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərdən 1468 şikayət xarakterli müraciət daxil olmuşdur. Onlardan 1002-nə baxılaraq qanunauyğun tədbirlər görülmüşdür. Müraciətlərin 45-i inzibati icraat qaydasında araşdırılmışdır. 24 müraciət üzrə materiallar Baş Prokurorluğa göndərilmişdir. Ümumilikdə inzibati araşdırmalar zamanı və fəaliyyətində cinayət xarakterli qanun pozuntuları aşkar edilmiş 27 bələdiyyə ilə əlaqədar toplanmış materiallar Baş Prokurorluğa təqdim olunmuşdur ki, onlardan 21-i üzrə cinayət işi başlanmışdır. Bu pozuntular əsasən torpaqların qanunsuz satışı və pul vəsaitlərinin düzgün xərclənməməsi ilə bağlı olmuşdur.
2010-cu ildə yerli özünüidarəetmə orqanlarının fəaliyyətində korrupsiya hüquqpozmalarına yol verilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinə 39 müraciət daxil olmuşdur. Onlardan 27-i inzibati nəzarət icraatı qaydasında araşdırılmış, 12-si prokurorluq orqanlarına göndərilmiş və ikisi üzrə cinayət işi başlanılmışdır.
Bütün bunlarla yanaşı, ölkə üzrə bələdiyyə fəaliyyəti ilə bağlı maarifçilik tədbirləri daha da genişləndirilmişdir. Bu məqsədlə bələdiyyələrin maarifləndirilməsinə yönəlmiş bir çox ixtisasartırma kursları, seminarlar təşkil olunmuş, kütləvi informasiya vasitələrində çıxışlar edilmişdir. Maarifləndirici tədbirlər aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində keçirilmişdir.
Məruzədə o da qeyd olunur ki, yerli özünüidarəni tənzimləyən bəzi qanunvericilik aktlarının daha da təkmilləşdirilməsinə zərurət yaranmışdır. Bu məqsədlə bir sıra təkliflər irəli sürülmüşdür.
Müzakirələr zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, məruzədən də göründüyü kimi, 2010-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı xeyli iş görülüb. Bununla belə, Arif Rəhimzadə qeyd etdi ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan təkcə inzibati nəzarətlə kifayətlənməməli, digər aspektlərdə də fəaliyyət göstərməlidir.
Deputat Əli Məsimlinin sözlərinə görə, indiki məruzə əvvəlkilərdən nisbətən yığcam və daha məzmunludur. Deputatların əvvəlki illərdə qaldırdıqları bir sıra məsələlər də bu məruzədə öz əksini tapıb. Sosioloji sorğulara əsasən, bələdiyyələrin fəaliyyətində bəzi neqativ halların olduğunu deyən Əli Məsimli bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, icra və bələdiyyə orqanları arasında səlahiyyət bölgüsünə dair təkliflərini də diqqətə çatdırdı.
Deputat Vahid Əhmədov bildirdi ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilsə də, müəyyən işlər görülsə də, bələdiyyələrin fəaliyyətində nöqsanlar hələ qalır. Bu nöqsanların əsasən torpağın qanunsuz satışı və maliyyə vəsaitlərinin düzgün istifadə edilməməsi ilə bağlı olduğunu deyən Vahid Əhmədov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin bu istiqamətdəki fəaliyyətinin daha da gücləndirilməsini vacib saydı.
Məruzədə yerli özünüidarə orqanlarının işlərinin yüksək səviyyədə təhlil olunduğunu deyən deputat Yevda Abramov da bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırdı.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətini təqdir edən deputat Tahir Süleymanov xüsusən bu sahədə həyata keçirilən maarifləndirmə işlərini, torpaqlara dair metodiki vəsaitlərin hazırlanmasını yüksək qiymətləndirdi, dövlət investisiya proqramında bələdiyyələrə də yer ayrılmasını təklif etdi.
Deputat Tahir Rzayev bələdiyyələrin inkişafından söz açaraq, bunun təbii proses olduğunu qeyd etdi. Ədliyyə Nazirliyinin və Bələdiyyələrlə İş Mərkəzinin bu fəaliyyətini məqbul saydı. Tahir Rzayev bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə, həmçinin nöqsanların aradan qaldırılmasına dair təkliflərini də diqqətə çatdırdı.
Məruzənin kifayət qədər sanballı hazırlandığını deyən deputat Azay Quliyev isə diqqəti bəzi yeniliklərə yönəltdi. Onun sözlərinə görə, bələdiyyələrdə baş vermiş qanun pozuntularının aradan qaldırılması üçün ciddi iradənin ortaya qoyulduğu məruzədən aydın görünür. Azay Quliyev məruzəni yüksək qiymətləndirməklə yanaşı, görmək istədiyi bəzi məqamlardan da söz açdı.
Qısa fasilədən sonra deputatlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ətrafında müzakirələri davam etdirdilər.
Deputat Qənirə Paşayeva təklif etdi ki, bələdiyyələr il ərzində gördüyü işlərlə bağlı seçicilərinə də hesabat verməlidirlər. O, bütövlükdə, yerli özünü idarəetməyə inzibati nəzarəti həyata keçirən qurumun illik məruzəsini yüksək qiymətləndirdi.
Milli Məclisin Sədr müavini Bahar Muradova son on il ərzində yerli özünüidarəetmə orqanlarının böyük inkişaf yolunu keçdiyini və xeyli təcrübə qazandıqlarını bildirdi. Onun sözlərinə görə dünya təcrübəsi göstərir ki, bələdiyyələr ayrı-ayrı layihələr həyata keçirərək qrantlar alırlar və bununla da böyük işlər görürlər. Bu təcrübədən ölkəmizdə də istifadə edərək müsbət nəticələr əldə etmək olar.
Deputatlar bələdiyyələrin səlahiyyətlərinin artırılması, hakimiyyət orqanları ilə bələdiyyələrin əlaqələrinin intensivləşdirilməsi, bu sahədə maarifləndirilmə işlərinin aparılması məsələlərinə toxundular.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatlar tərəfindən səslənən təklif və iradlara münasibət bildirdi. Bundan sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alındı.
İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Prezidentinin və Özbəkistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında", "18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında "Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəliş haqqında" saziş"ə dəyişikliklər və əlavələr edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə qanun layihələrini təqdim etdi. Komitə sədri bildirdi ki, imzalanmış sənədlər ölkəmizin maraqlarına tam cavab verir. Deputatlar qanun layihələrini ayrı-ayrı səsə qoydular və qəbul etdilər.
Bundan sonra parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2011-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, sənəd 2010-cu il oktyabrın 28-də Kiyev şəhərində imzalanmışdır və iki ölkə arasında münasibətlərin genişləndirilməsinə xidmət edir. Bu sənəd də səs çoxluğu ilə qəbul edildi.
"Bələdiyyələrin əraziləri və torpaqlar haqqında" Azərbaycan Respublikası Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrinin siyahı"sında dəyişikliklər edilməsi barədə qanun layihəsini Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə təqdim etdi. Komitə sədri bildirdi ki, Azərbaycan Respublikasında bələdiyyələrin siyahısına Binəcik kənd bələdiyyəsi də əlavə edilir. Deputatlar bu qanun layihəsinə də səs verdilər.
Komitə sədri Ziyad Səmədzadənin təqdim etdiyi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə sənəd də təsdiqləndi.
Komitə sədri Ziyad Səmədzadə "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişiklikləri diqqətə çatdırdı. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilvasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan iki min beş yüz manatadək cərimə edilir.
Deputat Azay Quliyev qeyri-hökumət təşkilatlarının məcburi auditə cəlb olunmasının əleyhinə çıxdı. QHT-lərin belə bir resurslarının olmadığını bildirdi. Deputatlardan Əli Məsimli, Gülər Əhmədova da qeyri-kommersiya təşkilatlarının məcburi auditə cəlb edilməsini düzgün saymadılar.
Arif Rəhimzadə də bələdiyyə qurumlarının məcburi auditə cəlb edilməsini düzgün hesab etmədi. Deputat Qüdrət Həsənquliyev yalnız xaricdən qrant alan QHT-lərin məcburi auditinin aparılmasını məqsədəuyğun saydı.
Komitə sədri Əli Hüseynli bildirdi ki, müzakirə edilən qanun layihəsində söhbət təsərrüfat subyektlərindən gedir. Məcburi auditin aparılması dövlət büdcəsindən maliyyələşən QHT-lərə şamil olunur.
Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər və əlavələr barədə məlumat verdi. Bildirdi ki, nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti bitdikdə sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: "nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəfəqiyyətlə verdiyi gün, nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız həmin müddət bitdiyi gün".
Deputatlar
İnzibati Xətalar Məcəlləsinə edilən əlavə
və dəyişikliklərə müsbət münasibət
bildirdilər.
Azərbaycan.- 2011.-12 fevral.- S. 4, 5.