Avropa Parlamentində "Azərbaycanda
məcburi köçkünlər: Dağlıq Qarabağdan
- Xocalıdan Bakıya" adlı tədbir
keçirilmişdir
Sərhədsiz İnsan Hüquqları Təşkilatı (SİHT) Avropa Parlamenti sədrinin müavini Laslo Tokeşin himayəsi ilə "Azərbaycanda məcburi köçkünlər: Dağlıq Qarabağdan - Xocalıdan Bakıya" adlı tədbir keçirilmişdir. Tədbiri L.Tokeş açmış və SİHT-in nümayəndə heyətinin yanvarın 27-dən 31-dək Azərbaycanda səfərdə olduğunu, Bakıda və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların vəziyyətinə dair hesabat hazırladığını xatırlatmışdır.
Sonra çıxış edən SİHT-in sədri Villi Fotre özü də daxil olmaqla üç nəfərlik nümayəndə heyətinin Azərbaycana səfər etdiyini, Xocalıdan olan məcburi köçkünlərlə görüşdüyünü və şahid məlumatları topladıqlarını bildirmişdir. O demişdir ki, bu tədbir siyasi xarakter daşımır, əsas məqsəd 613 nəfər günahsız insanın qətlə yetirildiyi Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə insanın üzləşdiyi humanitar problemlər barədə məlumat verməkdir. V.Fotre Xocalıdan olan məcburi köçkünlərin başına gələnləri onların öz dillərindən eşitdiyini söyləmişdir. Salonda qoyulmuş ekran vasitəsilə məcburi köçkünlərin həm əvvəlki, həm də indiki vəziyyətini, yaşayış şəraitini əks etdirən şəkillər nümayiş etdirilmişdir. Münaqişə nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin düşmüş insanların ölkənin digər bölgələrində məskunlaşdığını xəritədə əyani olaraq göstərən V.Fotre demişdir ki, bu insanlar beynəlxalq birlikdən öz evlərinə qaytarılmalarında, regionda sülhün və sabitliyin bərpa olunmasında kömək istəyirlər. SİHT-in sədri çıxışının sonunda "Azərbaycanda məcburi köçkünlər: Dağlıq Qarabağdan - Xocalıdan Bakıya" adlı geniş hesabatın qarşıdakı günlərdə yayılacağını bildirmişdir.
Sonra qaçqın və məcburi köçkünlərin hüquqları üzrə mütəxəssis Skot Grosbi münaqişələr zamanı mülki insanların qorunması və məcburi köçkünlərin öz yerlərinə qayıtması ilə bağlı beynəlxalq hüququn müddəaları barədə məlumat vermişdir.
Xatırladaq ki, ermənilər həmişə olduğu kimi, əsassız hay-küy qaldıraraq, Avropa Parlamentini və SİHT-i belə bir tədbir keçirməklə, azərbaycanpərəst mövqe tutmaqda ittiham etmiş və tədbirin ləğvinə çalışmışlar. Lakin təşkilatçılar tədbiri davam etdirmişlər. Bundan sonra tədbirə qatılmış erməni diasporunun və Ermənistan səfirliyinin nümayəndələri təxribata cəhd edərək Azərbaycan əleyhinə iftira və yalan dolu məlumatlar, Dağlıq Qarabağla bağlı saxtalaşdırılmış sənədlər yaymaq istəmişlər. Onların bu cəhdinin qarşısı da alınmış, saxta məlumatların yayılmasına imkan verilməmişdir.
Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi
müxbiri
Brüssel
Azərbaycan.- 2011.-12 fevral.- S. 5.