XXI əsrdə ictimai elm və cəmiyyət: milli və qlobal məkanın çağırışları və yeni vəzifələr

 

Cəmiyyətin idarə edilməsi paradiqmalarının mahiyyət dəyişikliklərinə uğraması, XXI əsrin inkişaf templərinin və fəaliyyət tiplərinin dinamik surətdə yeniləşməsi ilə bağlılıqda bu sahədə mövcud olan baxışlara yenidən nəzər salınmasını zəruri edir. Bütövlükdə idarəetmə fenomeninin cəmiyyətdə statusu, əhəmiyyəti və roluna dair baxışlar yenilənməni tələb edir. İdarəetmə problemini ilk olaraq təhlil edənlərdən biri dövlət haqqında əsəri ilə Platon olmuşdur. XX əsrdə idarəetmə problemləri ilə bağlı ayrıca elm sahəsi - kibernetika yaranmış və ayrıca elm sahəsinə çevrilmişdir. XXI əsrdə idarəetmənin elmlərarası mürəkkəb bir sahə və proses kimi, hər bir ölkədə, yaşanılan tarixin hər bir mərhələsində özünəməxsus spesifikaya məxsus olduğu etiraf edilmişdir.

Bu da cəmiyyətin idarə edilməsinə dair təsəvvürlərin ümumiləşdirilmiş konsepsiyasını formalaşdırmağa imkan verən elmlərarası inteqrativ yanaşmaya əsaslandıqda daha uğurlu ola bilər.

Tədqiqatçıların fikrincə, bu günə qədər hələlik hər hansı bitkin idarəetmə konsepsiyası mövcud deyildir. İnformasiya və postmodern cəmiyyətdə idarəetmənin sosial-mədəni, intellektual, kollektiv fenomen kimi dəyərləndirilməsini şərtləndirən məqamlar geniş tədqiq edilməmişdir. Hazırda menecment anlayışı, qeyri-məqbul olaraq, idarəetmə ilə eyni mənada işlədilir. Ötən əsrin sonlarından formalaşan minlərlə menecment institutları, ali məktəblərdə müvafiq fakültələrin açılması bunu sübut edir və şərtləndirir. Eyni zamanda, unutmaq olmaz ki, menecment- "idarəetmə" anlayışının yalnız bir qismini ifadə edir. Üstəlik də, idarəetmənin obyektini cəmiyyət təşkil etdikdə bu, xüsusilə nəzərə alınmalıdır. Cəmiyyətin və dövlətin idarə edilməsi proseslərində menecmentin xüsusi bir çarə və çıxış yolu kimi vurğulanması bir tərəfdən "menecer" təfəkkür üsulunun dəb düşməsi ilə izah olunursa, digər tərəfdən Qərbdə olan menecment təcrübəsinin xüsusi təhlil edilmədən mexaniki olaraq milli reallığa tətbiq edilməsi cəhdləri ilə izah oluna bilər. Burada müasir dövrdə idarəetmə proseslərində milli dövlətin rolu, yeri və əhəmiyyəti, demək olar ki, yeni reallıq kontekstində hələ dərk edilməmişdir. Dünyanı bürüyən qlobal iqtisadi-maliyyə böhranının müxtəlif ölkələrə təsiri nə üçün eyni olmadı? Liberal bazar iqtisadiyyatı konsepsiyasında idarəetmə proseslərində yeri və rolu demək olar ki, nəzərə alınmayan dövlət fenomeninin alternativi olmayan dəyəri bu böhran gedişində tam aydınlığı ilə üzə çıxdı.

Son onilliklər ərzində məhz liberalizmin ifrat başa düşülən formalarının geniş təbliği, onun hakim ideologiyaya çevrilməsi dünya miqyasında dövlətə etibarsızlıq ideologiyasının formalaşmasını şərtləndirmişdir. Qlobal iqtisadi böhran güclü dövlət institutunun əvəzsiz statusunu bir daha sübut etdi. Bu gün birmənalı şəkildə sübut edilmişdir ki, qlobal və regional inkişafın və sabitliyin təmin edilməsində heç bir institut və ya qurum iqtisadi gücünə və ya siyasi təsir imkanlarına görə dövlətlə müqayisə oluna bilməz. İnkişafı müşayiət edən böhranlar baş verdikdə dövlətdən başqa heç bir qurum məsuliyyəti üzərinə almağa qadir deyil.

Dünya maliyyə böhranı ictimaiyyətşünasların qənaətinə görə dövlətə qayıdış, dövlət institutuna etibarın bəraətini göstərir. Bu hələ çox tədqiqatların mövzusu olacaqdır. Təbii ki, dünya indiyə qədər çox böhranları, iki dünya müharibəsini, Böyük Depressiyanı arxada qoymuşdur. Lakin hazırkı böhran daha qlobal əhatəyə və uzunmüddətli xarakterə malik olması ilə seçilir və müsbət təcrübənin dərindən öyrənilməsini zəruri edir.

Cəmiyyətdə idarəetmənin subyekti və obyekti faktiki olaraq bir-birinə dərin nüfuz etdiyi üçün burada müasir reallıqlar prizmasında dövlətin alternativi olmayan rolunu nəzərə almaqla, baxımda hazırda mövcud olan çoxsaylı idarəetmə nəzəriyyələrinin sintezi və təhlili əsasında, nəzəriyyə ilə praktikanın kəsişdiyi ümumi idarəetmə konsepsiyasının formalaşmasına zərurət göz önündədir.

Sürəkli dəyişikliklərin insan-dünya və insan-cəmiyyət münasibətlərində yaratdığı problemlərin həlli məsələsi daim gündəlikdə qalmalıdır. Texnologiyaların ənənəvi yaradılması sistemi belə idi ki, əvvəllər bir texnologiya kəşf edilir, sonra isə onun tətbiqi həyata keçirilir, təklif üçün bazarlar tapılırdı. Tələbatlar nəzəriyyəsi bunu ətraflı əsaslandırmağa çalışırdı.

Müasir elm daha çox yalnız yeni texnologiyaların deyil, həm də daha çox onların yaranmasını şərtləndirən yeni ideyaların generasiyasına yönəlmişdir. İndi isə demək olar ki, tamamilə əks istiqamətli proses gedir. Yəni, yenilik artıq daimi ehtiyaca çevrilmişdir. Hər hansı yeniliyə sosial ehtiyac və ya sifariş yaranmasını gözləmədən də onun ideya əsasları hazırlanır, cəmiyyətə təqdim edilir. Yeni texnologiyaların fundamental fərqi ondadır ki, onlar mahiyyətcə texnoloji yaradıcılığın xüsusi növü olan humanitar texnologiyalarla çox sıx bağlılıq təşkil edir.

XXI əsrdə ictimai humanitar elmlərin əhəmiyyəti və dünyanı təhdid edən problemlərə münasibətinə dair mövqelər müxtəlifdir. Kimlərsə bu mövqeyi məqbul hesab edir, kimlərsə kifayət hesab etmir, üçüncülər isə ümumiyyətlə, vəziyyəti dözülməz sayır. Sonuncular hesab edir ki, "Fəlsəfə müasir dünyada öz nüfuzunu, fəallığını itirib və bəşəriyyətin qlobal böhrandan çıxış yolunu müəyyən etmək üçün heç nə etmir. Bunun səbəblərindən biri də müasir fəlsəfənin çoxsaylı məktəb, cərəyan və istiqamətlərə parçalanmasıdır. Bu da bəşəriyyət üçün ümumi universal dəyərlərin və normaların müəyyən edilməsini, onların həlli üçün ümumi platformanın hazırlanmasını müşkül məsələyə çevirir. Ümumi dil, mövqe, vahid səylər yoxdur. Beynəlxalq hüquq, siyasi fəlsəfə nə ilə məşğuldur? XX əsrin münaqişələri XXI əsrdə davam edirsə, deməli, bu sahələrdə təkamül nəzərə çarpmır. Bunlar olmadan konkret nəticələrin əldə edilməsi mümkün deyildir. İctimaiyyətşünasların keçirdiyi beynəlxalq tədbirlər sadəcə, öz-özünü aldatmağa bənzəyir. Vəziyyətdən, qapalı dairədən çıxış yolu nədədir? Təbii ki, YUNESKO bütün filosofları çağırıb onlara əmr verə bilməz. Dünya filosofları arasında belə dialoq ənənəsi formalaşa bilmir. 2010-cu ilin 4-8 oktyabr tarixlərində Afinada keçirilmiş Beynəlxalq Fəlsəfə Forumu "Bəşəriyyətin böhran vəziyyətində olması və bu vəziyyətdən çıxış yollarının axtarılması"na həsr olunmuşdu. Problemlər sırasında ekoloji, resurs, demoqrafik, informasiya təhlükəsi, nüvə müharibəsi, terror və s. sadalanırdı. Bu bir daha onu sübut edir ki, hələ də nəzər-diqqəti cəlb edən ideya və proqnozlar cəmiyyətə təqdim olunmamışdır.

 

Milli məkanda ictimai elmin inkişaf xüsusiyyətləri

 

Azərbaycan Avropanın və Şərqin fəlsəfi ənənələrinin milli çalarlarda təzahür edən, bəzən bir-birini inkar edən, bəzən də bir-birini tamamlayan formaların qarşılaşdığı məkandır. Milli fəlsəfi məktəb haradasa bu qütblər arasında özünəməxsus inkişaf dinamikasına malik olmuşdur. Azərbaycanda fəlsəfi düşüncə Avropadan və Qərb ənənəsindən həm öyrənib, həm də öyrədib, lazım bildikdə Avropa ilə mübahisə edib, yaxud da məqbul hesab etmədiyi ideyalardan imtina da edib.

Azərbaycanın özünəməxsusluğu ilk əvvəl ədəbi-bədii təməllərdən qaynaqlanması ilə səciyyələnir. Azərbaycanda fəlsəfi düşüncə özünün ifadəsi və təzahürünün akademik çərçivədən kənar, onun fövqündə göstərməsi, sakral qaynaqlar kosmosunda mövcudluğu, ənənələrin mühüm əhəmiyyətə malik olması özünəməxsus milli fəlsəfi ənənəni formalaşdırmışdır. Nəzəri məntiqi dildən çox, bədii obrazlarla ifadə etmək, konseptuallıqla bədiilik xüsusiyyətini sintezdə daşımaq ona xas olmuşdur.

Əksər hallarda milli məkanda filosof deyəndə, hökmən hansısa ümumbəşəri, hətta ümumdünya səviyyəli ideyaları irəli sürən, aktual sosial-fəlsəfi problemlərin həlli reseptlərini təqdim edən insan göz önünə gəlir. Azərbaycanda fəlsəfi düşüncənin sosial-siyasi oriyentasiyalı olması təsəvvürü də buradan qaynaqlanır. Bu halda bir məsələ unudulur ki, filosof məhz fəlsəfə ilə məşğul olmalıdır. Onun hansı mövqeyi dəstəkləməsi isə peşəkarı olduğu sahənin inkişafı ilə yanaşı, mühüm bildiyi sonranın işidir.

Xalqımızın ictimai-fəlsəfi düşüncə irsi çox zəngindir. Yalnız özünün fəlsəfi fikir ənənəsi fəlsəfə tarixi, sözün geniş mənasında, fəlsəfəsi olan bir ölkə beynəlxalq arenada lider mövqelərdə dura bilər.

Azərbaycan fəlsəfəsinin və filosoflarının yaradıcılığı və elmi irsinin geniş tədqiqi və təbliğ olunması da çox vacib məsələdir. İqtisadi inkişaf sahəsində lider olan ölkənin öz fəlsəfi məktəbləri barədə dünyada təsəvvürlər olmalıdır. Bu baxımdan XX əsrin ikinci yarısının fəlsəfi düşüncə tarixi xüsusi maraq kəsb edir. Əksər hallarda XX əsri yalnız sovet dövrü adlandırmaqla bu mərhələdə baş verən son dərəcə mürəkkəb və çoxşaxəli problemlərin, şəxsiyyətlərin ideya və konsepsiyaların üstündən xətt çəkilməsi deməkdir. Bu baxımdan alimlərimizin birgə səyləri ilə XX əsrin II yarısının, XX əsrin sonlarının və XXI əsrin əvvəllərinin fəlsəfəsi və filosofları haqqında əhatəli nəşrlərin hazırlanaraq təqdim edilməsi hesab edirik ki, son dərəcə vacib məsələdir. Azərbaycanın fəlsəfi düşüncə tarixi və ənənəsinin belə şəkildə təqdimi və yayılması, yalnız milli məkan üçün yox, həm də ilk növbədə, beynəlxalq miqyasda ölkəmizin nüfuzu üçün mühüm töhfə ola bilər.

Bu gün Qərbdə, dünyada, Avropada Azərbaycan fəlsəfəsi necə öyrənilir, tədqiq olunur?

Əlbəttə, ilk növbədə, Qərb müəlliflərinin tədqiqatları və eyni zamanda, sovet dövrünün rəsmi fəlsəfi nəşrlərinin təqdim etdiyi şəkildə onunla tanış olurlar. Gəlin etiraf edək ki, bizim özümüzdə də əksər hallarda belə hesab edirlər ki, sovet dövründə tarixi materializm və dialektik materializmdən başqa heç nə olmayıb. Bu baxımdan bəhs olunan mərhələnin milli fəlsəfi fikrinin ideya və düşüncələrini müasir zamanın mədəni ideyalar dövriyyəsinə daxil etmək, onun müasir fəlsəfi meyillər kontekstində təhlil etmək çox aktual məsələdir. Yalnız bu halda görə bilərik ki, Azərbaycan xalqını təmsil edən mütəfəkkirlərin dövlətçilik, milli varlıq, sivilizasiyalararası dialoq və s. sahəsində irəli sürdükləri nəzəri irsi, heç də həmin dövrdə Qərbdə, yaxud da Şərqdə mövcud olan ideya və konsepsiyalardan zəif olmamışdır. Üstəlik də, onların bu gün də nə qədər aktual olması xüsusi vurğulanmalıdır.

 

İctimai və humanitar elmimiz yeni hədəflərə doğru gedən yolda

 

YUNESKO hər il İctimai Elmlər üzrə Beynəlxalq Şura (İEBŞ) ilə birlikdə 2010-cu il üçün dünyada ictimai elmlərin vəziyyəti barədə hazırladığı hesabatda diqqətimizi cəlb edən məsələ iqtisadiyyatı inkişaf edən ölkələrdə ictimai elmlərin daha da inkişaf etməsi, bunun əsas səbəbləri kimi həmin ölkələrdə bu elmlərə tələbatın yüksək olması tezisinin yer almasıdır. Azərbaycan da son illərdə iqtisadi inkişaf sahəsində ardıcıl olaraq lider mövqelərdə durur. Bu fakt qlobal reytinq agentliklərinin göstəricilərində öz əksini tapır.

Son iki il Azərbaycan elminin, o cümlədən ictimai və humanitar elmlərin vəziyyəti, inkişafı və perspektivlərinə dair ən gərgin və səmərəli diskussiyalara həsr olunması ilə tarixdə və yaddaşlarda qalacaqdır. Bu müddət, qeyd edilən məsələlər baxımından, dövlətçiliyin bütün sahələrində olduğu kimi, elmimizin də uğur və qələbələr tarixinin başlanğıc nöqtəsi, dönüş nöqtəsi olması üçün akademik Ramiz Mehdiyevin konseptual xarakterli əsərlərində qoyulan problemlərin ətrafında fikir mübadiləsinə hər bir narahat elm adamının qoşulması, sözün əsil mənasında, ümumxalq müzakirələrinin keçirilməsi zamanı oldu. XXI əsrin Azərbaycan ictimai elminin, fəlsəfəsinin strateji siması bu müzakirələrin gedişində olduqca aydın cizgilər kəsb etdi. Müstəqillikdən üzü bəri ictimai elmimizin hansı yolu qət etməsi, bundan sonra haraya istiqamətlənməsi kimi fundamental sualları cavablandıran akademik Ramiz Mehdiyevin əsəri ictimaiyyətşünaslıqda həqiqətən də, bir canlanma yaratdı, düşüncələri hərəkətə gətirdi. Dövlətçiliyin inkişaf templəri ilə ictimai və humanitar elmin ayaqlaşa bilmədiyi etiraf olundu və bu obyektiv-tənqid fikir mübadiləsindən hərə öz nəsibini götürdü.

Bu əsərlərdə elmimizin statusu, durumu və perspektivləri kimi bir sıra fundamental suallar da cavabını tapdı. Qarşıya qoyulan əsas məsələ isə belə idi: "İndi Azərbaycanın elmi elitası qarşısında ilk növbədə, qeyd olunan məsələlərin həlli dayanır. Əsas məqsədimiz isə ondan ibarətdir ki, yaxın illərdə ümumilikdə intellektual sahələrdə ciddi dönüş yaradılmalı, elmə və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesləri intensivləşməlidir." (R.Mehdiyev. İctimai və humanitar elmlər. Bakı, 2010. s.7)

Bu o deməkdir ki, artıq Azərbaycan elminin inkişaf perspektivlərinə dair fikirlər, təsəvvürlər və oriyentirlər olduqca aydındır və burada qeyri-müəyyən mənzərə mövcud deyildir.

Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlət idarəçiliyində gələcəyin qüdrətli Azərbaycan dövlətinin qurulması kimi strateji xarakterli vəzifənin həyata keçirilməsinə başlanmışdır. Hər bir dövlət bu və ya başqa şəkildə qarşısına müəyyən cari məqsədlər qoyur və onları həll edir. Bundan fərqli olaraq, strateji xarakterli idarəetmə, dövlətçiliyin köklü surətdə yenidən qurulmasına, keyfiyyətə əsaslanan inkişaf adlanan möhkəm əsaslar üzərinə keçirilməsinə yönəlmiş siyasəti nəzərdə tutur. Yəni, hazırda müstəqil Azərbaycan öz inkişafında bu 20 ildə qazandığı uğur və nəticələrə dayaqlanaraq, XXI əsrin daha möhtəşəm tarixini yazmağı, miqyaslı və nəhəng vəzifələrin həllini hədəfə götürür.

Keyfiyyətə əsaslanan inkişafı təmin etmək üçün əsas verən uğurlarımız hansılardır? Birlikdə diqqət yetirək:

Ərazi bütövlüyümüzün təmin olunmasında prinsipial mövqeyin qətiyyət və ardıcıllıqla davam etdirilməsinə əsas verən dövlətçiliyin qüdrətinin artırılması, qəbul edilən bütün qərarların bu ümummilli məqsədə nail olmağa yönəldilməsi;

Davamlı sabitlik: dövlət idarəçiliyində bütün dünyanı təhdid edən gözlənilməz böhran şəraitində belə ən müxtəlif mənbələrdən gözlənilən təsirlərin destruktiv nəticələrini aradan qaldırmağa, inkişafın templərini saxlamağa qadir olması;

Çevik uyğunlaşma: idarəetmə sisteminin dinamik dəyişən daxili və xarici təhdidlərə çeviklik və həssaslıq nümayiş etdirməklə şəraitə uyğunlaşması;

Bütün cəmiyyət tərəfindən geniş rəğbət və dəstək qazanan legitim siyasi lider faktoru;

Azərbaycan elminin, yeni elita nəslinin formalaşması məsələsinin prioritet elan edilməsi və onun həyata keçirilməsi, dövlətin elmi-intellektual və mədəni inkişafa himayəçilik etməsi.

Bu gün Azərbaycan dövləti strateji rəqabətdə strateji resurslarını səfərbər edir, hərəkətə gətirir. Belə resursların ən önəmlisi elm və bilik, insan kapitalıdır. Ötən il dövlət başçısı İlham Əliyevin 2009-cu ildə elmin inkişafına dair fundamental əhəmiyyətli sərəncam və dövlət proqramlarını: (4 may 2009-cu il tarixli) "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya", "Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı", "Ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", "Elmin İnkişafı Fondunun yaradılması haqqında" sərəncamları imzaladı. 21 noyabr 2009-cu il tarixində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dövlət başçısının bilavasitə tapşırığı əsasında keçirdiyi Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş tarixi toplantı məhz bu sərəncamlarda irəli sürülən məsələlərə həsr edildi.

Problemlər ölkəmizin bu günü və gələcəyi, onun reallıqları bir tərəfdən, digər tərəfdən isə dünyanın qarşılaşdığı ziddiyyətlər və inkişaf meyilləri kontekstində dərk, izah və təhlil edilməlidir.

İctimai elmimizin dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı sərəncamdan irəli gələn vəzifələr və mühüm hesab etdiyimiz bəzi prioritet mövzular bunlardır:

l Qət etdiyimiz böyük yolun tarix fəlsəfəsi yaradılmayıb, 20 illik zəfər tariximizin fəlsəfəsi tədqiq edilməlidir. Hesab edirik ki, tarixdə ilk dəfə baş verən, indiyə qədər heç vaxt reallaşmayan prosesin - xalqın taleyini və tarixi prosesin zəngin məzmununu, suveren Azərbaycan dövlətçiliyinin tarixi fəlsəfi paradiqmasının yaradılması çox vacib məsələdir. İctimai elmimiz həm artıq qət etdiyimiz tarixi yolun ideya rəhbərini, uğurlarımızı təmin edən təməl qüvvənin nə olduğunu təhlil edərək sistemli nəzəriyyəsini təqdim etməli, həm də qarşıdakı gələcəyimizin bu irsə əsaslanaraq yollarını müəyyən etməlidir. Azərbaycan bu illərdə suveren dövlət quruculuğu kimi çox çətin və şərəfli tarixi təcrübəsi ilə bərabər, həm də yeni vəzifələrin həllini görməyə imkan verən güclü intellektuallar, alim şəxsiyyətləri də dünyaya tanıdıb.

l İctimai elmin hansı sahəsi olur-olsun Dağlıq Qarabağ problemi hər birimizin istisna olmadan öz sözünü deməli olduğu mövzudur, ümummilli problemimizdir. Hər kəs bu sahədə öz töhfəsini verə bilər. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva öz yorulmaz fəaliyyəti ilə sübut etdi ki, muğamlarımız, xalqımızın tolerantlıq və humanizm irsi ilə də Qarabağın qələbəsi uğrunda mübarizə aparmaq olar. Hər kəs bu sahədə öz töhfəsini verə bilər. Bunların hamısından qələbəni yaxınlaşdırmaq, dünya ictimai rəyini dəyişmək üçün ən mühüm silah kimi istifadə etmək olar.

l Qarşımızda fundamental milli ideologiya və dünyagörüşü məsələsi, azərbaycançılıq ideologiyasının tədqiqi və təbliği vəzifəsi durur. İtaliyanın birləşməsi haqqında məşhur tarixi əsərin müəllifi olan Massimo Dadzelio öz xalqı haqqında yazırdı: "İtaliyanı yarada bildik. İndi isə bu dövləti qoruyan və sevən italyanları yaratmalıyıq". Bu gün öz ölkəsinin həqiqi tarixini bilən, keçmişindən qürur duyan, gələcəyindən əmin olan yeni nəsil, ilk azərbaycanlılar böyüyür. Bu müqəddəs bir peşədir ki, ictimai elm onu daim diqqət mərkəzində saxlamalıdır. Hesab edirəm ki, ictimai və humanitar elmimiz ən azı, bu məsələni həll edəcəksə, öz şərəf borcunu xeyli dərəcədə yerinə yetirmiş olacaq. Bu həmin sahədir ki, biz burada bilavasitə cavabdehik. XXI əsrin tarixində Azərbaycan və azərbaycanlıların yeri necə görünür.

l Bu gün Azərbaycanı yeni tarixi üfüqlərə çıxara biləcək modernləşmə xətti həyata keçirilir. Bu xətt dövlətimizi inkişaf etmiş ölkələr səviyyəsinə çıxaracaq. Bu xəttin fəlsəfəsi artıq mövcud olan sanballı əsərlər əsasında dünyaya çatdırılmalıdır. Dövlətimizin əsas oriyentirlərindən biri olan yeniləşmənin, müasirləşmənin fəlsəfəsi lazımdır.

l Qlobal informasiya məkanında saysız-hesabsız, mənası və mahiyyəti bilinməyən ideologiyalar dolaşır. Lakin biz burada Azərbaycan xalqına məxsus olan elm, mənəviyyat və mədəniyyət məkanını başqa yad təsirlərin, zərərli ideologiyaların, manipulyasiyaların, bəd məramlı qüvvələrin ixtiyarına verə bilmərik. İqtisadi, maddi və sosial itkilər adətən, göz önündə ola, hesablana bilirsə, mənəvi-əxlaqi itkilər sezilməz olur. Azərbaycanda ilk müstəqil dövlət vətəndaşlarının nəsli böyüyür. Bu məkanda əlimizdən gələni etmək üçün hər imkanımız var. Yeni mövzular, ənənəvi problemlərə yeni yanaşmalar lazımdır. İctimai şüurda dövlətçilik dəyərlərinin ön yerlərdə durmasını təmin etmək lazımdır. Yeni simalar lazımdır.

l Çox mürəkkəb tarixi dönəmlərdən keçən xalqımızın öz milli köklərini, mənəvi-hüquqi simasını saxlaya bilməsini təmin edən amillər diqqət mərkəzində olmalıdır.

l Xalqlar arasında nifaq salan millətçiliyi, faşizm və separatizmi, antihumanizmi ifşa edən siyasətin fəlsəfəsi aktual məsələdir.

l Azərbaycan cəmiyyətinin, siyasətin, iqtisadiyyatın, sosial münasibətlərin dünyada etiraf olunan yeni mərhələyə qədəm qoyması ictimai elmimizin həm elm, həm peşəkar fəaliyyət sahəsi, həm də tədris edilən əsas fənn kimi adekvat yeniliklərə açıq olmasını zəruri edir.

l Sirr deyil ki, hazırda "fəlsəfə" dedikdə, ölkəmizdə məişət problemindən başqa istənilən mövzunun müzakirəsini nəzərdə tutanlar çoxdur. Fəlsəfə nə publisistika və ədəbiyyat, nə də siyasət deyil! Əgər filosof tədqiqatçı öz mövqeyini anlaşıqlı dildə, fəlsəfi terminologiya əsasında formalaşdıra, ifadə və təqdim edə bilmirsə, burada hər hansı fəlsəfədən danışmaq düzgün və mümkün deyil!

l Fəlsəfi tədrisin nüfuzu artırılmalıdır. Zorən, məcburi bir kurs kimi olmamalıdır. Bu gün iki ifrat halla üz-üzəyik. Bir tərəfdən bəzi müəllimlər geniş yayılmış bir tendensiyanı davam etdirirlər: fəlsəfəni deyil, fəlsəfəyə dair öz fikir və rəylərini tədris edirlər. Beləliklə də, fəlsəfə kimi fundamental bir predmetin tədrisini müəllifin xüsusi kursu səviyyəsinə endirirlər. Nəticədə dərs ilinin sonunda tələbələr müəllimin maraq dairəsini təşkil edən məhdud müəllifləri tanıyır, lakin Aristotel, İbn Ərabi, Rumi və qeyrilərinin kim olduğunun mahiyyətinə varmırlar. Müqayisə üçün dünya təcrübəsinə müraciət edək. Fəlsəfi-nəzəri kurslar dünya praktikasında necə tədris olunur, təbii ki, milli və dünya fəlsəfi fikrinin şedevri sayıla biləcək müəlliflərin müstəqil sinifdənkənar oxusu, təhlili və ona münasibət bildirilməsi ilə. Bu təcrübə artıq bizdə də tətbiq edilməlidir. Digər ifratçılıq isə xüsusilə də, fəlsəfə fakültələrində çox rast gəlinən bir haldır. Müəllim tələbənin fəlsəfə barəsində, hazırlıq səviyyəsinin fərqinə varmadan ona kifayət qədər xüsusi hesab oluna bilən mövzuları tədris edir və nəticədə tələbədə başa düşmədiyi elmə münasibətdə nəinki predmetə həvəs yaranır, əksinə, kurs usandırıcı, darıxdırıcı görünür. Ya əzbərləmə, ya da biganəlik baş verir. Fəlsəfənin müasir problemləri kursunun tədrisi lazımdır! Bütün dünyada bu təcrübə var və belə kursun oriyentasiyası müasir dünya fəlsəfəsinin aktual problemləri ilə tanışlıqla yanaşı, onların həllinə dair özünün yaradıcı mövqeyini formalaşdırmağa xidmət edir.

l Humanitar və ictimai elmlər portalı yaratmaq, onu elm və ya QHT-yə dəstək fondundan maliyyələşdirmək olar. Burada ən aktual tədqiqat mövzuların, Azərbaycanda fəlsəfənin tədrisində nailiyyətlərin və problemlərin müzakirəsini, elmi məqalələri, fəlsəfi ictimaiyyəti keçirdiyi tədbirlərə dair məlumatların işıqlandırılması, yeni dərc olunan əsərlərə rəyləri, dünya müəlliflərinin yeni fikirlərinin tərcümələrini vermək, çap etmək, mümkündür. Humanitar alimlərin belə intensiv, fəal və ardıcıl aparılan fəaliyyətinin təşkil edilməsi onların ümumilikdə Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsinə, ölkəmizin mənəvi və intellektual potensialının cəmlənməsi yönündə mövcud olan problemlərin həlli istiqamətində səfərbər edilməsini, dolğun və səmərəli elmi fəaliyyətinin həyata keçirilməsini təmin etmək olar. Dövlətimizin, ictimaiyyətin, KİV-nin Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafı ənənəsinin yüksələn xətlə davam etdirilməsinə, nüfuzunun artmasına əməli töhfələr vermək lazımdır .

"Elmi bürokratiyaya" meyillilik özünü göstərir. Ağlagəlməz dərəcədə kağız bürokratiyasının olması, onsuz da qıt olan yaradıcılıq resurslarının tükənməsinə səbəb olur. Bir anlığa təsəvvür edək ki, ideyanın "dəmirə çevrilməsi" prosesinin artıq 3 saata mümkün olduğu innovasiyalı cəmiyyət quruculuğunda elmi bürokratiya, doğrudan da, inkişaf yolunda hiss olunacaq əngəl rolunu oynaya bilər. Elmi yaradıcılığın mahiyyətinin başa düşülməsi, intellektual fəaliyyətin xüsusiyyətlərinin anlaşılması əvəzinə, elmi bürokratiyanın işi əngəllərə səbəb olur. Bəzən bir alim beş-on komissiyanın üzvü olur, belə vəziyyətdə elmlə məşğul olmağa nə qədər vaxt qaldığını hesablamaq çətin iş deyil. Bu baxımdan elmi təşkilatçılıq məsələlərinin təkmilləşdirilməsi gündəmdə olan vəzifələrdəndir. Çünki nəticədə tədqiqatların optimal təşkilinin real səviyyəsi aşağı düşür. Elmi bürokratiyanın fəaliyyətinə, mövcud şəraitə uyğun olaraq çevikləşməsinə nail olmaq lazımdır. Yaradıcı insanlara fərdi yanaşmada həssaslıq olmalı, etibar edilməli və nəticə tələb olunmalıdır.

 

Dövlətin elm siyasətinin modelləri

 

Etiraf edilməlidir ki, ictimai-humanitar elmlərin inkişafını dəstəkləyən ən önəmli institut həmişə dövlət olmuşdur və olaraq qalır. İctimai elmin inkişaf etdirilməsinə, onun dövlət tərəfindən dəstəklənməsinə alternativ yoxdur. Alternativ yalnız onun daim inkişaf etdirilməsi cəmiyyətin elmə marağının daha da artırılması ola bilər. Azərbaycanda ictimai elmin inkişafı həmişə, xüsusilə də, müstəqillik yaranandan etibarən dövlətçilik məsələsi olmuşdur. Bu tarixi-mədəni ənənə bü gün də davamlı olaraq yaşayır. Dövlətimiz cəmiyyətin ictimai elmə həm tələbi və təklifini, həm marağını ifadə edən, həm də onu himayə edən ən mühüm sosial institut olaraq qalır. Dövlətçilik dirçəlmədən, müstəqil olmadan bu elmlərin güclü inkişafı mümkün deyildi. Eyni zamanda, özünün inkişafı üçün daha etibarlı və obyektiv əsaslar əldə etmək üçün ictimaiyyətşünaslıq cəmiyyətlə geniş şaxələnmiş qarşılıqlı faydalı əlaqələr və münasibətlər şəbəkəsini qurmalı, həm dövlət üçün, həm də cəmiyyət üçün gərəkli olmalıdır. Bu baxımdan elmə dövlət dəstəyinin nəticələrinin çox aşağı olması, dövlətin problemlərin həllində müxtəlif yollar axtarışında elmə dayaqlanmasına ümidin son dərəcə aşağı düşməsi narahatlıq doğurmaya bilməz.

Cəmiyyətin və dövlətin tələbləri yalnız elmi istiqamət və fənlərin deyil, həm də elmi təşkilatlanma formalarının da yaradılmasını tələb edir. Azərbaycanda Prezident yanında elmin inkişafı fondunun yaradılması dövlətin bu sahəyə diqqət və həssaslığının nəticəsidir.

l elmə dövlət dəstəyinin formalarının dəyişməsi;

l prioritet mövzuların yeniləşdirilməsi;

l tədqiqatların təşkilinin yeni formalarının yaradılması(özünü maliyyələşdirən təşkilatlar, qurumlar, fondlar və s.);

l müstəqil ekspertiza institutunun və müsabiqə formalarının geniş inkişafı;

l alimlərin yeni birlik formalarının yaradılması (elmi cəmiyyətlər, yeni təsisatlar);

l yeni elmi nəşriyyat şəbəkələrinin inkişaf etdirilməsi;

l geniş beynəlxalq əlaqələr və münasibətlər;

İctimai və humanitar elmlərin inkişaf perspektivləri dünyada, qeyd olunduğu kimi, humanitar profilli mütəxəssislərə getdikcə artan tələbatın yüksəlməsi ilə bağlıdır.

Qərb ölkələrində cəmiyyətin humanitariyaya çox böyük ehtiyacı onun təşkilatlanmasını da asanlaşdırır. Hüquqşünas, psixoloq, yaxud iqtisadçının fəaliyyəti olmadan demək olar ki, burada müəssisə və ya təşkilatlar öz işlərini tamamlanmış hesab edə bilməzlər. Beləliklə də, ictimaiyyətşünasların yeni nəslinin daim yetişməsi üçün də müvafiq təhsil və tədris infrastrukturu gərək olur. Universitetlər, kafedralar, professorlar, dərsliklər, jurnallar, monoqrafiyalar, tələbələr lazımdırsa, deməli, ictimai elm də lazımdır.

Bu gün yaşadığımız cəmiyyətin də, dövlətimizin də mahiyyəti köklü surətdə dəyişmişdir. Bu baxımdan elmə dövlət dəstəyinin əvvəlki formalarının bərpasına ümid etməkdən daha çox yeni formaların inkişaf etdirilməsini dəstəkləmək daha real mövqedir. Elmin inkişaf fondları sisteminin yaradılması bu sırada bütün dünyada sınanmış formalardan biridir.

Azərbaycan qlobal təhlükəsizliyin təmin edilməsinin, iqtisadi-enerji layihələrinin mərkəzi olduğu kimi, elmi diskussiyaların ortaq məkanına, dünyanı və insanları düşündürən müasir problemlərin açıq tribunasına çevrilməlidir. Azərbaycanda ictimai elmin inkişaf perspektivlərinin son dərəcə nikbin və əlverişli ab-havada olduğunu əminliklə demək olar. Bu əminlik üçün dövlətimizin tarixin sınağından çıxa bilən çox az ölkələrə nəsib olan, birmənalı etiraf olunan fəaliyyəti, real nəticə və uğurları, onların qətiyyətlə davam etdirmək əzmi əsas yaradır. Bütün bunlar prinsipial olaraq Azərbaycan ictimai elminin yeni imicinin yaradılması yönündə işlərə heç nə ilə müqayisə oluna bilməyən stimul verir, ən vacibi isə dövlətin əldə etdiyi real uğurlara alimlərimizin real nailiyyətləri ilə cavab verməyi gündəmə gətirir.

Dövlətimizin elmin inkişafı üçün göstərdiyi əzmkarlıq göz qabağındadır. Regionda və dünyada lider olan bir dövlət kimi Azərbaycan ictimaiyyətşünaslığı artıq nə etməli olduğunu bilir, daha ciddi və daha cəsarətli addımlar atmağa başlayır. Bu baxımdan da aparılan hər bir müzakirə və dialoq, tədbirlər nə etdiyimizin nəticələrinin təqdimi, gördüyümüz işlərin hesabatı formatında keçirilməlidir.

İctimai-humanitar elmlərin fəaliyyətinin son nəticəsi, göstəricisi-intellektual-mənəvi cəhətdən tərəqqi edən sivilizasiya, millət, dövlət, xalq, cəmiyyətdir. Bu elmlərə diqqət yetirilməməsi o deməkdir ki, bəşəriyyət də, dövlət də, millət və insan da bunlardan məhrum olacaq və "dünyanın sonu" deyilən məqam əslində, onda çatacaqdır! Bu gün vəziyyət o qədər də ürəkaçan deyilsə, deməli, bu elmlərin həm tədqiqi, həm də tədrisi sahəsində problemlər mövcuddur və onların həlli üçün dünya ictimaiyyətşünaslarının birgə səylərini ortaya qoyması vacibdir.

 

 

Rəbiyyət ASLANOVA,

Bakı Dövlət Universitetinin

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq

kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor

 

Azərbaycan.- 2011.-12 fevral.- S. 6.