Ağsuda "Arxeoloji turizmin inkişaf perspektivləri" mövzusunda seminar keçirilib

 

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra şəhərin "Qəhrəmanlar parkı"nda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş ağsuluların abidəsini ziyarət etmişlər. Heydər Əliyev Seyrangahı da qonaqlar üçün maraqlı olmuşdur.

Tədbir iştirakçıları "Orta əsr Ağsu şəhəri" arxeoloji qazıntı yerinə baş çəkmişlər. Qeyd etmək lazımdır ki, Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlara AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tarixi Muzeyinin birgə təşkil etdiyi Ağsu arxeoloji ekspedisiyası tərəfindən 2010-cu ilin mart ayından başlanılıb. Tədqiqat işlərinə "Miras" İctimai Birliyi maliyyə dəstəyi göstərir. Ağsu arxeoloji ekspedisiyasının rəis müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli qonaqlara arxeoloji qazıntı barədə ətraflı məlumat vermişdir. "Orta əsr Ağsu şəhəri: sənətkarlıq məhəlləsi" sərgi kompleksinin açılışından sonra "Ağsu şəhəri orta əsrlərdə" kitab-albomunun 3-cü buraxılışının təqdimatı keçirilmişdir.

Ağsu mədəniyyət sarayında "Arxeoloji turizmin inkişaf perspektivləri" mövzusunda seminarı giriş sözü ilə Ağsu RİH başçısı Ənvər Seyidəliyev açmışdır. Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov, Dövlət Sosial Müdafiə Fondunun sədri, iqtisad elmləri doktoru Səlim Müslümov çıxış edərək arxeoloji turizmin inkişafına diqqətin artırılmasının vacibliyindən danışmışlar.

Konfransın sonunda "Ağsu şəhəri orta əsrlərdə" sənədli filminin təqdimatı da olmuşdur.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.-12 fevral.- S. 8.