Milli Məclisdə qəbul

 

Fevralın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossrukun başçılığı ilə qurumun seçki sonrası missiyasının üzvlərini qəbul etdi.

Parlamentin Sədri qonaqları səmimi salamlayaraq müstəqil Azərbaycanın ATƏT və onun qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söylədi. Spiker Volfqanq Qrossrukla Azərbaycandakı parlament seçkilərindən öncə görüşünü xatırlayaraq ölkənin qanunvericilik orqanının fəaliyyətə başladığını və ATƏT PA-da Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyətinin formalaşdığını diqqətə çatdırdı.

Sədr seçki prosesi ilə əlaqədar qonağa obyektiv mövqeyinə görə minnətdarlığını bildirdi. Qeyd edildi ki, onun hazırladığı hesabatda müsbət məqamlarla yanaşı, bir sıra qüsurlar da öz əksini tapmışdır. Demokratiya yolunda addımlayan Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğunluğu və seçki texnologiyalarından səmərəli istifadə qeyd edilmişdir. Biz gələcəkdə hesabatda göstərilən iradları aradan qaldırmağa çalışacağıq.

Söhbətdə Sədr təəssüflə qeyd etdi ki, ATƏT-in bəzi qurumları seçki prosesinə qeyri-obyektiv və qərəzli mövqedən yanaşırlar. Belə bir fikir vurğulandı ki, müşahidə missiyası seçki prosesini müşahidə etmək üçün yaradılmışdır. Ancaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə əvəzinə təftiş aparmaqla məşğul olur. Hətta bu zaman hesabatındakı qərəzlilik və birtərəfli mövqe özünü aydın şəkildə büruzə verir.

Spiker qeyd etdi ki, qurumun təmsilçisi ilə keçirilən görüşdə də bildirilmişdir ki, əgər onlar həmişəki kimi məsələyə birtərəfli yanaşacaqlarsa, bu, ancaq təəssüf doğuracaq. Hadisələrin sonrakı gedişi göstərdi ki, Büronun təmsilçiləri seçki prosesi zamanı ancaq müxalifət nümayəndələri ilə görüşmüş, hesabatı hazırlayarkən onların əsassız fikirlərinə istinad etmişlər.

Maraqlıdır ki, Ermənistanda insan tələfatı və həbslərlə müşayiət olunan seçkiləri irəliyə doğru addım adlandıran DTİH Bürosu Azərbaycandakı irəliləyişi görmək istəməmişdir. Bu isə bizdə bu qurumun obyektivliyinə böyük şübhələr yaratmışdır. İnanırıq ki, ATƏT-in növbəti sessiyasında Azərbaycandakı parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunarkən prosesə obyektiv münasibətin şahidi olacağıq.

Sədr Avropaya inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu bir daha qonağın diqqətinə çatdırdı. Qeyd edildi ki, bəzi qüvvələr bu inteqrasiyaya, ölkəmizin Avropa dəyərlərini mənimsəməsinə maneçilik törətməyə çalışırlar. Çox təəssüf ki, ATƏT kimi nüfuzlu bir təşkilatda yüksək vəzifədə təmsil olunan bəzi şəxslər özlərinin qeyri-obyektiv, qərəzli mövqeləri ilə bu kimi hallara rəvac verirlər. Bu səbəblərdən də bu qurumların hazırladıqları rəylər birtərəfli, çox vaxt isə həqiqətdən uzaq olur.

Spiker ATƏT-in daxilindəki bu kimi halların müzakirə olunmasının və anlaşılmazlıqların aradan qaldırılmasının vaxtı çatmış məsələ olduğunu söylədi. Bildirildi ki, Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yer tutan, Avratlantik məkana inteqrasiya yolu seçmiş Azərbaycanın obyektiv, qərəzsiz münasibətə haqqı vardır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə etdi. Volfqanq Qrossruk yeni seçilmiş Azərbaycan parlamentinin fəaliyyətə başlaması münasibəti ilə öz xoş arzularını çatdırdı. Qeyd edildi ki, ATƏT seçkiləri müşahidə edərkən əsas məqsəd həmin ölkədə demokratiyanın hərtərəfli inkişafına yardımçı olmaqdır. Proses barədə vahid rəyin formalaşması üçün missiyaya daxil olan nümayəndə heyətlərinin hamısı ilə fikir mübadiləsi aparmaq çox əhəmiyyətlidir. Çünki bu, seçki kimi mühüm bir siyasi prosesə vahid qiymət vermək nöqteyi-nəzərindən çox önəmlidir. ATƏT PA-nın vitse-spikeri qurumun DTİH Bürosu ilə bu məsələ ilə əlaqədar gərgin müzakirələr keçirildiyini söylədi.

Qonaq xüsusi vurğuladı ki, Azərbaycanda apardığı müşahidələr onda belə bir fikir formalaşdırmışdır ki, seçki prosesi irəliyə doğru addım olub, proses zamanı həm müsbət, həm də qüsurlu hallar qeydə alınmışdır. Bildirildi ki, ATƏT öz tövsiyələrini hazırlayarkən hansısa ölkəyə hazır demokratiya resepti verməkdən uzaqdır. Bu, sadəcə olaraq, həmin ölkədə demokratik təsisatların inkişaf etməsinə yardım xarakteri daşıyır.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə vitse-spiker Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ATƏT PA-nın Vyanadakı xüsusi nümayəndəsi Andreas Notelle və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 1.