Ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı ictimai nəzarət daha güclü olmalı və ciddi mübarizə aparılmalıdır

 

Bu fikirləri Prezident İlham Əliyev Qazax və Tovuz rayonlarına səfəri zamanı səsləndirmişdir

 

Ötən son 8 ildə Azərbaycanda özəl sektorun inkişafı daha da sürətlənmiş, respublikamızda sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, iş adamının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə yersiz müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur.

Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər)" təsdiqlənməsi, ədliyyə sistemində aparılan islahatlar, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması kimi tədbirlər də bunun əyani təcəssümüdür. Dövlət başçısı İlham Əliyev həyata keçirdiyi əməli tədbirlərlə, imzaladığı müvafiq fərman və sərəncamlarla sahibkarların himayədarı olduğunu təsdiqləmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, bu sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəmişdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlıq fəaliyyətinin dinamik yüksəlişinə də xüsusi diqqət ayrılır. Proqrama əsasən, qarşıdakı illərdə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Dövlət Proqramında, həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayir. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır.

Prezident İlham Əliyev bu günlərdə Qazax və Tovuz rayonlarına səfəri zamanı bildirmişdi: "Bəzi hallarda, xüsusuilə, sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır".

Sahibkarlığın inkişafına dövlət tərəfindən diqqət və qayğının artırılması bu kateqoriyadan olan vətəndaşların daha geniş fəaliyyət göstərmələrinə imkan yaradır. Bütün bölgələrdə ixrac qabiliyyətli yeni emal müəssisələrinin tikilib istiadəyə verilməsi azad sahibkarlığın inkişafına yaradılan şəraitin bariz nümunəsidir.

2010-cu ildə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin həcminin artırılması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılmasının, infrastrukturun yeniləşdirilməsinin, regionların tarazlı və davamlı inkişafının və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev ötən il də özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir. Bu müddətdə idxal, ixrac prosedurları sadələşdirilmiş, vergi yükü azaldılmış, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hamısı regionlarda olmaqla, 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilmişdir. Aqrar sektorun inkişafında müasir texnologiyaların tətbiqi daha da genişləndirilmiş, 25 müasir soyuducu, 14 taxıl anbarı kompleksi yaradılmışdır. 2010-cu il ərzində 170-dən çox yeni müəssisənin açılışı və təməlqoyma mərasimi keçirilmiş, regionların tarazlı inkişafının təmin edilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmişdir, 200-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur.

2010-cu il yanvarın 1-dən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılması da qlobal maliyyə böhranı şəraitində yerli sahibkarlığa ciddi dəstək olmuşdur.

Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi, yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır. Prezident İlham Əliyev Qazax və Tovuz rayonlarına səfəri zamanı bu məqamla bağlı bir daha bildirmişdir: "Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versinlər ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq".

Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlülüyündən xəbər verir. Qlobal böhranın hələ də aradan qalxmadığı bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 1, 2.