Heydər Əliyev Fondunun dəstəyi
ilə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində
yeni məktəb binası tikilir
Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı Qaracalar kəndində yeni məktəb binası inşa olunur. Müasir standartlara uyğun tikilən bina yeni dərs ilinədək istifadəyə veriləcəkdir.
Qardabani Rayon Məclisi (Sakrebulo) sədrinin müavini Xanəhməd Qəribov bildirmişdir ki, Qaracalar məktəbinin binası Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunur. Gürcüstandakı soydaşlarımızın sosial-iqtisadi durumunun yaxşılaşdırılmasını, təhsilin səviyyəsinin yüksəldilməsini daim diqqətdə saxlayan fondun xətti ilə son illər Gürcüstan azərbaycanlılarının məskunlaşdığı bölgələrdə bir çox məktəb binaları təmir olunmuş, yeni binalar tikilmiş, təhsil ocaqları lazımi kitablar, avadanlıqla təmin edilmişdir. Bütün qayğı və diqqətə görə gürcüstanlı soydaşlarımız fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdardırlar.
Qaracalar kəndində
tikilən üçmərtəbəli məktəb
binası müasir tipli fənn kabinetləri ilə təmin
ediləcək və ayrıca idman meydançası da
olacaqdır. Bölgənin qubernatoru David Kirkitadze tikintinin
gedişi ilə tanış olmuş və məktəb
binasının vaxtında istifadəyə veriləcəyini
bildirmiş, təhsil ocaqlarının müasir tələblər
səviyyəsində bərpa olunması, avadanlıqla təchizat
məsələlərində göstərdiyi qayğıya
görə Heydər Əliyev Fonduna təşəkkür
etmişdir.
İslam Əliyev,
AzərTAc-ın xüsusi
müxbiri
Tbilisi
Azərbaycan.- 2011.-13 fevral.- S. 2.