Vətənin mərd
oğulları
Biz onları kifayət qədər
tanıyır və tanıdırıqmı
Bir neçə məktəbdə, mədəniyyət ocağında, eləcə də hərəkətin gur olduğu yerlərdə müxtəlif yaşlı insanlara belə bir sualla müraciət etdik:
- Gəncənin neçə Milli Qəhrəmanı var?
Biri "üç" dedi,
biri "beş"...
- Kimləri
tanıyırsız?
Əksəri
iki-üç nəfərdən artıq Milli Qəhrəmanın
adını yada sala bilmədi.
Gəncənin
səkkiz Milli Qəhrəmanı var. Onlardan biri - Elbrus
Allahverdiyev 18 nömrəli məktəbin yetirməsidir. Elə zənn
etdik ki, doğma kollektiv onu yaxşı tanıyır, onunla fəxr
edir, ondan nümunə götürür. Məktəbə
getdik. Baxırıq, səliqə-sahman
yox, nizam-intizam zəif, davamiyyəti də çox
aşağı.
Milli Qəhrəmanlardan
söz saldıq. Doqquzuncu və on birinci siniflərdə
cavab verən olmadı. Müəllimlər
də ətraflı bir söz deyə bilmədilər. Məktəbin direktoru Mətanət Rzayeva
çiyinlərini çəkdi. Mən bu məktəbdə
təzəyəm, - dedi. - Cəmi beş
ildir işləyirəm. Bir neçə şəhidimiz
var. Nizami Aydına abidə də qoyulub. Elbrus
Allahverdiyevin adını isə ilk dəfədir eşidirəm.
Bəzi işlərə başımız
qarışıb. Fürsət düşən
kimi məşğul olarıq - görək dediyiniz bu Elbrus
Allahverdiyev kimdir, nə kimi xidmətləri olub.
Elbrus
Allahverdiyev Rusiyanın Orenburq vilayətində hərbi məktəb
bitirib. Vladiqafqazda yaşayırdı. Vətənin
üstünü qara buludlar alanda könüllü olaraq cəbhəyə
gedib. Milli ordumuzda ilk topçulardan biri
olub. 1992-ci ilin iyun ayında onun təşkil
etdiyi batareyanın əsasında ilk artilleriya divizionu
yaradılıb. Həmin divizion təkcə
həmin ilin sentyabr ayında Avdur kəndində düşmənin
bir topunu və iri çaplı pulemyotunu, Ağdərədə
isə bir reaktiv qurğusunu, xeyli maşın və
texnikasını məhv edib.
Sonralar
Çıldıran uğrundakı döyüşlərdə
leytenant Elbrus Allahverdiyev kiçik bir dəstə ilə
düşmən arxasına keçərək onun çoxlu
texnikasını sıradan çıxarıb. İgid topçu 1993-cü
il iyun ayının 16-da qeyri-bərabər
döyüşlərin birində şəhid olub.
Digər Milli Qəhrəmanların
da oxuduqları məktəblərə,
çalışdıqları kollektivlərə baş
çəkdik. Onların xatirələrinin əbədiləşdirilməsi
üçün görülən tədbirlərlə
maraqlandıq. Nə məktəblərdə, nə
muzeylərdə, nə mədəniyyət ocaqlarında, nə
də digər yerlərdə qəhrəmanlara layiq yaddaqalan,
səviyyəli, sanballı bir işi görə bildik!
Gəncəyə
şöhrət gətirən bu igid insanlar kimlərdir?
Ənvər
Arazov xalq hərəkatının öncüllərindən
biri idi. Etiraz mitinqlərində, özünümüdafiə
dəstələrinin yaradılmasında həmişə
öndə olub. 20 Yanvar faciəsi
zamanı Gəncəyə rus qoşun hissələrinin gəlməsinin
qarşısının alınmasında fəal iştirak
edib. Sonra silaha sarılaraq
könüllü surətdə döyüşə gedib.
Şahlar
Hüseynov alüminium zavodunda çilingər işləyirdi. Xocalı
soyqırımından sonra sarsılıb, elə həmin
gün könüllü olaraq Gəncə batalyonuna
yazılıb. Vzvod komandiri
Ş.Hüseynov erməni dilini mükəmməl bildiyi
üçün tez-tez kəşfiyyata gedir, mühüm məlumatlar
yığır, sonra hücum vaxtı oraları yerlə-yeksan
edirdi. Döyüş dostları deyirlər
ki, Ş.Hüseynov xüsusən Tərtər rayonunun
Marquşevan kəndində daha böyük hünər
göstərib, düşmənin xeyli texnikasını və
canlı qüvvəsini məhv edib. 1992-ci il aprel ayının 10-da şəhidlik zirvəsinə
ucalıb.
1992-ci il
iyunun 5-də erməni quldurları Naxçivanikə
hücuma keçəndə baş serjant İqor Makeyev və
onun döyüş dostları kənd qəbiristanlığının
yanında, mühüm bir postu qoruyurdular. Vuruşmada
neçə-neçə döyüş dostu, o cümlədən
bölük komandiri Çingiz Həsənov ağır
yaralandı. Dolu kimi yağan düşmən
gülləsinə baxmayaraq İqor yaralıları atəş
nöqtəsindən çıxararaq Ağdamdakı səhra
hospitalına yola saldı. Özü isə
əlavə qüvvə gələnə kimi postu saxlayıb.
Ağdərə
uğrunda döyüşdə də o, əsl qəhrəmanlıq
göstərib. 1992-ci il avqust ayının 2-də
"Nikulin" ləqəbli dostu ilə birlikdə 28 əsgərin
həyatını xilas edib. Çox təəssüf
ki, bu onun son döyüşü olub.
İlham Əliyev
Daxili İşlər Nazirliyinin xüsusi məktəbini
bitirib. Gəncə şəhərində əvvəl sahə
inspektoru, sonra isə cinayət axtarışı bölməsində
əməliyyat müvəkkili işləyib, "Milis əlaçısı"
idi. Polis leytenantı İ.Əliyev 1990-cı il avqust ayının 17-19-da Qazax rayonunun
Aşağı Əskipara kəndini erməni
işğalçılarından qoruyarkən şücaət
göstərib. Kənd məktəbində yerləşən
qərargahımızı xilas edib, on bir nəfər
döyüşçümüzü mühasirədən
sağ-salamat çıxarıb. Özü
isə hamıdan axırda getdiyi üçün düşmən
gülləsinə tuş gəlib.
Rəfail Əsədov
Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib. Uzaq Şərqdə,
Macarıstanda, Vyetnamda, Əfqanıstanda xidmət edib,
polkovnik rütbəsini alıb.
1991-ci il
iyulun 10-da, Azərbaycanın ağır günlərində Vətənə
gəlib. Ağdam, Goranboy, Tovuz, Gədəbəy və
başqa bölgələrdə erməni yağılarına
qarşı çoxsaylı döyüşlər
keçirib, düşmənin külli miqdarda canlı
qüvvəsini və texnikasını məhv edib.
Birinci ordu
korpusunun komandir müavini Hamlet Hüseynov deyir ki, polkovnik Rəfail
Əsədov peşəkar hərbçi idi. Ordumuzda hərbi texnika və
strategiyanı onun kimi bilən az idi. Uğurlu Başkənd əməliyyatını
hazırlayan və həyata keçirən zabitlərdən
biri, daha düzü, birincisi Rəfail Əsədov idi.
1992-ci il
sentyabrın 25-də faciəli surətdə
dünyasını dəyişib.
Pərviz Səmədov
1988-ci ilin fevral ayından erməni xəyanətinə
qarşı Gəncə camaatının etiraz
dalğasının önündə gedib, sapı
özümüzdən olan nadanların əli ilə
ağır işgəncələrə məruz qalıb, hətta
"ekstremist" kimi bir müddət həbs edilib.
Buraxılandan
sonra xalça-mahud kombinatında işləyib. 1991-ci ilin mart
ayında könüllü surətdə yeni yaranan milli
ordumuza qatılıb. Şelli,
Naxçivanik, Pircamal, Abdal-Gülablı, Aranzəmin, Novruzlu
və Qaralar kəndləri uğrunda gedən
döyüşlərdə neçə-neçə qəhrəmanlıq
səhifəsi yazıb.
Gülablı
kəndi yanında ermənilər səhiyyə vertolyotumuzu
vuranda Pərviz aramsız atəşlə düşməni pərən-pərən
salaraq vertolyotun heyətini xilas edib. Özü isə may ayının
15-də namərd gülləsinə tuş gəlib.
Aqil Məmmədov
qeyrətli oğulları başına yığaraq
"Qaranquş" adlı könüllü kəşfiyyat
dəstəsini yaratmışdı. "Qaranquş" qəfil
zərbələrlə düşmənə qan uddururdu.
Onun uğurlarına sevinən də çox
idi, gözü götürməyənlər də yox deyildi.
Günlərin birində susuz dağ yüksəkliyində
erməni postunu məhv etməyə gedirdilər. Əməliyyat uğurlu başa çatsaydı,
Laçın düşmən işğalından azad
olmalıydı. Hər cür müqavimətə
baxmayaraq kəşfiyyatçılar öz borclarını
şərəflə yerinə yetirdilər.
Xəyanət,
satqınlıq üzündən "Qaranquş"
mühasirəyə düşdü. Aqil Məmmədov
ağır yaralandı. Lakin
özünü itirmədi. Dan
söküləndə dəstəsini xilas edə bildi. Bu, 1992-ci ilin avqust ayının 6-da olub. Avqustun 7-də isə Muradxanlı kəndində Vətən
torpağı Aqil Məmmədovu öz ağuşuna aldı.
Budur Gəncənin Milli Qəhrəmanları!
Onların hər birinin taleyi, döyüş
yolu, Vətənə, doğma yurda olan sədaqəti gənc
nəslə nümunədir, örnəkdir.
Bütövlükdə
qərb bölgəsi torpaqlarımız uğrunda
döyüşlərdə otuz bir nəfər Milli Qəhrəman
yetirib. Qazax və
Ağstafa rayonlarının hər birində beş
nəfər, Göygöldə üç, Tovuzda, Gədəbəydə
və Şəmkirdə iki, Samuxda isə bir nəfər. Vətənin bu mərd oğulları hər
ehtirama, hər hörmətə layiqdirlər. Onların xatirəsinin əbədiləşdirilməsi,
insani keyfiyyətlərinin təbliği üçün
müntəzəm surətdə sistemli işlərin
görülməsi çox vacibdir. Doğrudur,
doxsanıncı illərin əvvəllərində - ilk dəfə
Milli Qəhrəman adları veriləndə
bütövlükdə ölkə miqyasında xeyli işlər
görülüb. Neçə yerdə
küçələr, məktəblər Milli Qəhrəmanların
adlarını daşıyır. Büstlər
ucaldılıb. Xatirə lövhələri
vurulub, yadigar bulaqlar yaradılıb. Vərəqələr
buraxılıb, az da olsa kitablar,
kitabçalar yazılıb. Bunlar hamısı,
şübhəsiz, çox gözəldir. Lakin
açıq etiraf etməliyik ki, bu, çox azdır! Vətənin milli sərvətinə qayğı və
ehtiram, ən əsası isə onların hünərlərinin
təbliği heç də lazımi səviyyədə
deyildir. Sanki bir ilıq meh, qayğı
dalğası ötüb keçdi. Amma
indi çox yerdə qəhrəmanlar yaxşı
tanınmırsa, onların döyüş yolları
haqqında nə demək olar?
Qərb
bölgəsinin rayonlarında maraqlandıq. Son bir neçə il ərzində bircə yerdə belə hər
hansı bir qəhrəmanın rəşadətinin təbliği
ilə əlaqədar kütləvi tədbir keçirilməyib.
Yerli televiziyalarda, lap elə mərkəzi kanalların
özündə də ayrı-ayrı Milli Qəhrəmanların
döyüş şücaətini əks etdirən
verilişlər çox az təşkil
olunur. Məktəblərdə, mədəniyyət
ocaqlarında, digər yerlərdə vətənpərvərlik
mövzusunda tədbirlər keçiriləndə Milli Qəhrəmanlar
elə bil tamam yaddan çıxır. Ordu
hissələrinə gənclər yola salınarkən hərbi
komissarlıqlarda Milli Qəhrəmanların adları səslənmir,
onlar nümunə göstərilmir. Hərdən
baxırsan, orta səviyyəli bir idmançının,
ifaçının şərəfinə dalbadal
yarışlar, turnirlər, tədbirlər keçirilir.
Qəhrəmanları isə yada salan olmur! Ona görə də
aylar, illər ötdükcə Milli Qəhrəmanlar bir
növ unudulur, yaddan çıxır! Böyük ədalət
naminə həmişə, xüsusən indi müharibə
şəraitində yaşadığımız bir dövrdə
bu, bağışlanmaz haldır!
İkinci
Dünya müharibəsi zamanı ölkə üzrə
gözəl bir ənənə var idi. Hər
hansı döyüş bölgəsində uğurlar, yaxud
uğursuzluqlar olanda elə o dəqiqə yüksək
hökumət xətti ilə bir qrup tarixçi,
yazıçı, jurnalist, fotoqraf, televiziya işçisi
hadisə yerlərinə gedərdi. Bütün
olaylar isti-isti qələmə alınar, lentə
köçürülər, olduğu kimi tarixə
düşərdi. Beləcə,
yavaş-yavaş ölkənin real döyüş salnaməsi
yaranardı.
İsrafil Məmmədovun
keçdiyi döyüş yolunu araşdırarkən
çox maraqlı faktlarla rastlaşmışam. Bəlli
olduğu kimi, 1941-ci ilin dekabrın 3-də kiçik leytenant
İ.Məmmədov Novqorod yaxınlığındakı
Pustınka kəndində mühüm bir mövqenin müdafiəsi
zamanı düşmənin yetmiş üç nəfər əsgər
və zabitini məhv edərək qərargahı qorumuşdu.
Eloğlumuza Sovet İttifaqı Qəhrəmanı
adı verildi. Elə həmin günlərdə
Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant
P.Kuroçkin böyük bir qrupla Novqoroda gəldi. Bilavasitə nəmli səngərdə İsrafil Məmmədova
Sovet İttifaqı Qəhrəmanının Qızıl
ulduzunu təqdim etdi və ona öz avtomatını
bağışladı.
Komandanla gələn
tarixçilər, yazıçılar, jurnalistlər, kino
işçiləri unudulmaz anları qələmə
aldılar, lentə köçürdülər. Mən onların
topladıqları sənədlərlə keçmiş
Ümumittifaq komsomolunun mərkəzi arxivində
İsrafil Məmmədovun
qəhrəmanlığı bütün SSRİ məkanında
hadisəyə çevrilmişdi. "Pravda" və
"Krasnaya zvezda" qəzetlərinin xüsusi nömrələri,
"Qəhrəmanlar və hünərlər" adlı təbliğat
vərəqələri əldən-ələ gəzirdi.
Ön cəbhədə İsrafildən ibrət
almağa çağıran xüsusi vərəqələr
yayılırdı, arxa cəbhədə isə "Məmmədovçular"
hərəkatı geniş vüsət almışdı.
Hamı döyüşən orduya İsrafil Məmmədov
kimi kömək etməyə çalışırdı.
Yetmiş ilə yaxındır ki, İsrafil Məmmədovun
adı dillərdə gəzir, insanları hünərlərə,
qələbələrə səsləyir.
Bütün
bunları xatırladıqca deyirəm, bəs nə
üçün bilavasitə Azərbaycan torpağı
uğrunda mübarizə aparmış, müstəqil dövlətimizin
iftixarı sayılan mərd oğulların, Milli Qəhrəmanların
hünərlərindən bir belə xəbərsizik, bu qədər
laqeydik.
Təəssüf
ki, qəhrəmanların çoxu əbədiyyətə
qovuşub. Qərb bölgəsində yalnız iki nəfər
salamat qalır. Onlardan biri Maşallah
Abdullayevdir. O, özünümüdafiə dəstələrinin
və postların yaradılmasının təməlini
qoyanlardan biri olmuşdur.
Sonra bu dəstələr
birləşərək batalyon yaradılmış, mayor
M.Abdullayev bir müddət həmin batalyonun komandiri olmuş,
sonralar isə Müdafiə Nazirliyinin nəzdində briqada
komandirinin müavini vəzifəsinə təyin edilmişdi. Goranboy əməliyyatının
hazırlanıb həyata keçirilməsində
Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Manas,
Qaraçinar, Meşəli və digər yaşayış məntəqələrinin
ermənilərdən təmizlənməsində, habelə
Ağdərə istiqamətində keçirilən əməliyyatlarda
Maşallah Abdullayevin xüsusi xidmətləri olmuşdur.
M.Abdullayev
Goranboydakı 1 nömrəli orta məktəbdə oxuyub,
sonra orada dərs də deyib. Məktəbin
yuxarı siniflərindən xəbər aldıq. Neçə şəhidiniz var? Bilmədilər.
Milli Qəhrəman neçə? Cavab verən olmadı. Gördüm
elə müəllimlərin çoxu, o cümlədən
direktor Səidə Məmmədovanın özü də xəbərsizdir.
M.Abdullayev deyir ki, bizimlə heç kim
maraqlanmır. Nə görüşə
çağırırlar, nə bir guşə təşkil
olunur. Mingəçevirdə iri portretlər
hazırlanıb. Götürüb-gətirmişəm.
Heç maraqlanan, onların vurulması
üçün yer göstərən yoxdur. Başqa yer
bir yana qalsın, mənim oxuyub işlədiyim
bu məktəbdə qızımın bir neçə saat dərsi
var idi. Onu da bizə çox gördülər...
Axı Milli Qəhrəman
millətin baş ucalığı, mənəvi sərvətidir. Gərək
bu sərvətin qədrini bilək, onu qədərincə
qoruyaq, ölməz adlarını qeyrət və cəsarət
bayrağı kimi göylərə qaldıraq, milli məfkurəmizin
gur çıraqlarına çevirək. Ulu
öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən
Prezident İlham Əliyev Milli Qəhrəmanların, şəhidlərin,
döyüşçülərin ailələrinə
xüsusi qayğı və diqqət göstərir. Hər bir məmur, hər bir vəzifə sahibi, hər
bir ziyalı məhz cənab Prezidentin münasibətindən
ibrət götürməlidir.
Dövlət başçısı İlham Əliyevin müdrik siyasəti, qayğısı və qətiyyəti sayəsində gizir Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun nəşləri düşmən caynağından alınaraq doğma yurda gətirildi, əsgəri ehtiramla son mənzilə yola salındı. Bu hər bir döyüşçüyə, şəhidə göstərilən qayğı və diqqətin bariz nümunəsidir. Milli Qəhrəman Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun adları torpağı, Vətəni sevən hər kəsin ürəyində dərin yuva salıb. İndi bütün Azərbaycan miqyasında günəş kimi parlayan bu adlar hər kəsə yol göstərir: qurtuluş yolunu, qələbə yolunu, mərdlik-mətanət yolunu, torpaqların düşməndən təmizlənməsi yolunu!
Hər evdə, hər ailədə, hər bir kollektivdə bu igid insanların rəşadətindən söhbət gedir. Hamı onlara əhsən deyir. Hamı onlardan nümunə götürməyə çalışır. Hər bir Milli Qəhrəmanın təbliği, tanınması məhz elə bu səviyyədə, bu ucalıqda olmalıdır!
Əhməd İSAYEV
Azərbaycan.- 2011.-13 fevral.- S. 4.