Həqiqəti boğmağa hesablanan yalanlar, uydurmalar, şayiələr...

 

Sumqayıt hadisələrindən 23 il keçir

 

Hadisələr Sumqayıtın dördüncü məhəlləsində başladı, günün günorta çağı, hamının gözü qabağında. Amma əsl təxribatçıları heç kəs üzdən tanıya bilmirdi. Hay-küy yaradanlar, mitinqlərdə çıxış edənlər yerlilərdən çox gəlmələr idi...

Düz 23 il əvvəl baş verən Sumqayıt hadisələrini Əvəz Mahmud Lələdağ belə xatırlayır:

- Nə mitinqdə odlu-alovlu çıxış edənləri tanıyırdıq, nə də təxribatçı kimi evlərə, dalanlara hücum edənləri. Sumqayıtda indiki Ermənistanın 22 rayonundan yaşayanlar vardı. Heç onlar da şübhəli adamları tanıya bilmirdilər. Təkcə onu bilirdik ki, bu adamlar xüsusi xidmət orqanları tərəfindən öyrədilib. O vaxt bu təxribatçı komandaya erməni Eduard Qriqoryan rəhbərlik edirdi...

Hadisələrin şahidləri çox həqiqətləri aşkarladılar. Sən demə, plan belə qurulub: erməniləri birləşdirən "Krunk" cəmiyyətinin Sumqayıtdakı üzvləri bəladan qorunmalı, o cəmiyyətə qoşulmayanlar öldürülməli idi. Özü də vəhşicəsinə! Elə Daşnaksütun partiyasının nizamnaməsinin də ana xətti belə idi: "Erməni mənafeyini güdməyən ermənilər erməni xalqının ümumi işi naminə qurban gedə bilərlər".

Bəs, hadisələr niyə başqa şəhərdə yox, məhz Sumqayıtda törədildi? O hadisələrin tədqiqatçıları bu məsələyə də dəqiq aydınlıq gətiriblər. Birincisi ona görə ki, Sumqayıta bütün bölgələrdən valideyn himayəsindən uzaq gənclər toplaşmışdı. Digər tərəfdən Sumqayıt ərazisində 20 min nəfər şərti iş alan adamlar cəmləşmişdi. Təbii ki, onların arasında iğtişaş törətmək daha asan idi. Elə ona görə də xüsusi xidmət orqanları iğtişaş mərkəzi kimi Sumqayıtı seçmişdilər. Bununla da Qarabağın işğalının təməli qoyuldu...

Sonralar bu hadisələrin tədqiqatçılarından biri kimi tanınan Əvəz Mahmud Lələdağ deyir ki, hadisələr zamanı 3 nömrəli mənzil istismar sahəsində pasport qeydiyyatçısı işləyən Laura Lalayan "Krunk" cəmiyyətinə üzv olmaqdan imtina edən ermənilərin siyahısını hazırlamışdı. Elə əsas təxribatlar da həmin siyahıya uyğun törədilirdi. Əgər beşmərtəbəli evin birinci və ikinci mərtəbəsindəki erməni ailələrinə toxunulmayıb, birbaşa beşinci mərtəbəyə, yəni "Krunk"a üzv olmayanlara hücum olunurdusa, deməli, hər şey ölçülüb-biçilmişdi, əməliyyat planlı aparılırdı. Paşa ləqəbli erməni Eduard Qriqoryan isə açıq və gizli tapşırıqların icraçısı idi.

Faktlar sübut edir ki, Sumqayıt hadisələrində öldürülən ermənilər Qarabağ komitəsi ilə əməkdaşlıqdan imtina edənlər idi. Həmin təşkilatla gizli-gizli əməkdaşlıq edənlər isə hər an himayə olunurdular. Onlar hadisələrdən iki ay əvvəl əmanət kassalarında olan pullarını da asanlıqla çıxara bilmişdilər. Təkcə 1988-ci ildə 1000-dən çox erməni əmanət kassalarından 343 min 691 rubl çıxarıb Sumqayıtı tərk etmişdilər. Maraqlıdır, ən qısa zamanda onlar nəinki canlarını, hətta əmanətlərini də sığortalamağa və xilas etməyə macal tapmışdılar. Bütün bunlar bir daha sübut edir ki, Sumqayıt hadisələri qabaqcadan düşünülmüş, hazırlanmış, konturları bəlli olan plan əsasında törədilmişdir.

1988-ci il fevral ayının 28-dən 29-na keçən gecə erməni terrorçuları xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qan tökdülər. Elə bununla bağlı mətbuat səhifələrində yayılan böhtanlar, erməni millətçilərinin çirkin niyyətli kampaniyaları həqiqəti üstələməyə başladı. Yerevanda nəşr olunan "Sumqayıt, genosid, aşkarlıq" kitabı başdan-başa böhtan və iftira toplusuna çevrilmişdi. Hətta təkzibolunmaz faktlar bilərəkdən və qəsdən təhrif olunmuş, rəqəmləri şişirtməklə dünya ictimaiyyətini çaşbaş salmaq istəmişdilər. Hələ 1988-ci il 30 mart tarixli nömrəsində "İzvestiya" qəzeti belə bir sərlövhə ilə yazı dərc etmişdir: "Sumqayıt: istintaqa şayiələr mane olur". Həqiqətən, ermənilər mərkəzi - SSRİ Baş Prokurorluğunun istintaq qrupunu da çaşdırmaq üçün hər cür yalan və hiylələrə əl atırdılar. Sumqayıt hadisələrində həlak olanların sayını bəzən ağlagəlməz dərəcədə artırırdılar. "Pravda" qəzeti 4 aprel 1988-ci il tarixli sayında yazırdı ki, Ermənistanın Moskvadakı nümayəndəliyinin yaydığı məlumata görə, guya Sumqayıtda 1000 nəfərə qədər adam öldürülüb. Ermənilərin saxta mənafeyi qorunmayanda, köhnə vərdişlərindən əl çəkmir, həqiqəti boğmaq üçün şərə və böhtana üstünlük verirdilər. Hətta məqsədlərinə çatmaq üçün Moskvanın üzünə ağ olurdular. Qarabağ komitəsinin iclaslarında Moskvaya, Mərkəzi Komitəyə, rus xalqına inamsızlıq ifadə edən bəyanatlar yayırdılar... Hələ o vaxtlar Qarabağ komitəsinə rəhbərlik edən isə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan idi. Deməli, hələ sovet vaxtından xaricdə yaşayan erməni lobbisinin vəsaiti və köməyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün çirkin və məkrli oyunlar gedirdi...

Sumqayıtda törədilmiş qanlı cinayətlər də əvvəlcədən hazırlanmış həmin ssenarilərin davamı idi. Bu dəfə baş rolu üç dəfə mühakimə olunmuş Eduard Qriqoryan oynayırdı. "Paşa" ləqəbi ilə tanınan bu adam yüksək dairələrdə əyləşən erməni millətçilərinin əlində bir alətə, oyuncağa çevrilmişdi. Onun barəsində ən dəqiq proqnozu SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, o vaxtlar istintaq qrupunun rəhbəri Qalkin verib: "Eduard Qriqoryan tüfeyli həyat sürən bir canidir. Dəfələrlə həbs olunsa da, nəticə çıxarmayıb. O, Sumqayıtın azyaşlı uşaqlarını başına toplayıb, beyinlərini dumanlandırmış, iğtişaşlara rəhbərlik etmişdir. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır"...

Sumqayıt hadisələrindən dərhal sonra Serqo Xanzadyan, Zori Balayan və Silva Kaputikyan Qorbaçovla görüşmüş və həmin görüşün nəticəsi olaraq Sumqayıta ordu yeridilmişdir. Elə həmin gündən başlayaraq şəhərdə komendant saatı tətbiq olundu. Əlbəttə, o vaxtlar Qorbaçov siyasi çeviklik və prinsipiallıq göstərsəydi, baş verən hadisələrin qarşısını ala bilərdi. Amma onun təhriki və köməyi ilə hadisələr daha da şiddətləndi. İş o yerə gəlib çatdı ki, baş verən hadisələrdə 400-dən çox azərbaycanlı həbsxanalara dolduruldu. Onlar hər cür hədələrə, təqiblərə, işgəncələrə məruz qaldılar. Hələ o vaxtlar cəmi 15 yaşı olan Azər Babayev aldığı ağır zədədən bu gün də əziyyət çəkir, çarpayı dustağıdır. O günləri xatırlayan Azər Babayev çətinliklə də olsa, bunları deyə bildi: "1988-ci il mart ayının 1-i idi. Əmimgildən gəlirdim. Komendant saatına nəzarət edən əsgərlər yolumu kəsdilər. Məndən sənəd tələb etdilər. Onda cəmi 15 yaşım vardı. Dedim ki, hələ pasport almağa yaşım çatmır. Mənim bu cavabım onları daha da hiddətləndirdi. Əli dubinkalı 5 əsgər məni qəddarlıqla döyməyə başladı. Həmin vaxtdan 23 il ötür. Məni ölümcül yaraladılar, əlil etdilər..."

Sumqayıtda o hadisələr zamanı "xilaskar" sovet ordusunun vəhşilikləri ilə üzləşən adamlar çox idi. İmperiya nökərləri heç nədən xəbəri olmayan, günahsız Əhməd Əhmədova da eyni hiyləgərliklə ölüm hökmü çıxardılar. Özü də Moskvada!

1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də şayiələrin, uydurmaların miqyası, çərçivəsi genişlənirdi. Komendant saatından sonra 2 minə yaxın adam həbs olunmuşdu. Qəribə burasıdır ki, cəmi 2-3 gündə dünyanın ən ucqarlarından ermənilərin tərəfdaşları və təbliğatçıları peyda olmuşdular. Jurnalist Eyruz Məmmədov deyir ki, hadisələrin sabahısı İsveçrədən Artaşes Qabrelyan adlı birisi videokamerası ilə Sumqayıtın küçələrini gəzirdi. Milliyyətcə erməni olan Artaşes Qabrelyan Sumqayıtda lentə aldığı hadisələrə belə ad qoymuşdu: "Bizi başkəsənlərdən xilas edin". Bu hadisələrdən sonra Azərbaycana qarşı böyük təbliğat kampaniyası başladı. "Azadlıq" radiosunun erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan hadisələri öz xeyirlərinə şərh etmək üçün hər cür böhtana, şərə əl atırdı. Ölənlərin sayını artırır, yalan və qərəzli məlumatları mətbuat səhifələrində yayırdılar. Sumqayıt hadisələrindən sonra erməni tarixçiləri fəallaşmış, iftira və təhrifə üstünlük verməklə çoxlu sayda kitablar nəşr etdirmişdilər.

Sumqayıt hadisələrinin şahidlərindən biri - həkim Şəhla Abışova deyir ki, o günlərdə ermənilər dünya ictimaiyyətini çaşdırmaq üçün hər cür böhtana, şərə əl atırdılar. Sumqayıtda təşkil etdikləri qanlı terror aktını lentə çəkib Yerevanda, Fransada, Almaniyada nümayiş etdirir, dünyanın hiddətini Azərbaycana qarşı yönəldirdilər. Bizim güvəndiyimiz, arxalandığımız isə yalnız həqiqətlər idi. Nə bilərəkdən və qəsdən rəngləri tündləşdirirdik, nə də faktları, rəqəmləri şişirdirdik. Onda SSRİ-nin kütləvi informasiya vasitələrinə göndərilən saysız-hesabsız məqalələr, publisistik materiallar cavabsız qalırdı və ya cəsarətli yazılar senzura nəzarətindən keçmirdi. Belə bir vaxtda çətinliklərə və qadağalara baxmayaraq, Sumqayıt hadisələri barədə dəqiq və qərəzsiz məlumatlar toplanır, kitablar çap olunurdu. Rus və ingilis dillərində hazırlanan beynəlxalq nəşrlər də həqiqətin yayılmasına kömək edirdi.

Biz hər il eyni vaxt-vədə çatanda - fevral ayında Sumqayıt hadisələrinin, bu şəhərdə törədilən qanlı terrorun əsas səbəblərini araşdırır, günahkarları, cinayətin təşkilatçılarını ittiham edirik. Elə bil bununla da bir qədər təsəlli tapır, ovunuruq. Amma çox çətinliklərlə ərsəyə gətirdiyimiz kitabları dünya dillərinə tərcümə etdirib daha geniş meridianlarda yaymaq üçün ardıcıllıqla, təəssübkeşliklə iş aparmırıq. Və ya gördüyümüz işləri, haqq səsimizi dünyaya qədərincə çatdıra bilmirik. Ona görə də fitnəkar düşmən fürsətdən dərhal çevikliklə faydalanır, yalan və uydurmaları, ucuz şayiələri həqiqət kimi yayır. Çaşqınlıq yaradırlar. Belə taleyüklü məsələlərdə milli birliyimizi hər cür zədələrdən, zərbələrdən qorumaqla düşməni dəqiq və kəsərli arqumentlərlə susdura bilərik. Nə qədər ki, milli təfəkkürümüzdə ciddi oyanış, dirçəliş olmayıb dünyada özümüzü layiq olduğumuz səviyyədə tanıtmaq gücümüzü bərpa edə bilməmişik, deməli, düşmənlə mübarizəyə hələ hamımız eyni dərəcədə səfərbər olmamışıq. Bunun üçün təkcə hökumət, dövlət strukturları yox, hər bir vətəndaş eyni təəssübkeşliklə milli dirçəlişin əsl daşıyıcısına, təbliğatçısına çevrilməlidir. Onda ermənilərin yalan hay-küyü, uydurma şayiələri ayaq açıb dünyanı dolaşmaz!!!

Biz unutmamalıyıq ki, müharibənin bu qədər uzanması da təkcə Azərbaycan-Ermənistan maraqları üzərində qurulmayıb. Sumqayıt hadisələri də, sonrakı proseslər də iri dövlətlərin böyük oyunlarının məqsədli davamıdır. Hələ bir vaxtlar SSRİ DTK-nın rəhbəri olmuş V.Kryuçkov yazırdı: "Ermənistana Azərbaycanın 20 faiz torpağı ona görə lazımdır ki, Dağlıq Qarabağ məsələsinin həllində alver kimi istifadə eləsin"... Sumqayıt hadisələrindən üzü bəri bütün prosesləri təhlil edəndə bu sözlərin həqiqət olduğuna qeyd-şərtsiz inanmalı olursan.

 

(Ardı var)

 

 

Akif CABBARLI,

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2011.-13 fevral.- S.5.