Gülüstan və Türkmənçay müqavilələri

 

O vaxtdan bəri tariximizin hər səhifəsində erməni qanının izi var

 

Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi- hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmiş, Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses güclənmişdir.

Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Çar Rusiyasının Azərbaycana qarşı ekspansionist siyasəti rəsmən 1804-1813-cü illər rus-İran müharibəsi ilə başlayır. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. 1805-ci ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları da işğal edilir. Talış xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında məşhur Gülüstan müqaviləsi imzalanır. Bu müqavilə Çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiyaya ilhaq edilir. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verilir. Bu o vaxt idi ki, rus çarı I Aleksandr Napoleon Bonaparta qarşı Leypsiqdə müharibə cəbhəsində idi. Ancaq İranla sulh müqaviləsi ona Fransadan daha vacib idi. Bu hadisə tariximizdə çox faciəvi rol oynamışdır.

1722-cü ildə Qarabağdakı erməni məliklər I Pyotru Qafqaza çağırırlar. Bu çağırışdan sonra Pyotr Xəzərsahili torpaqlara işğalçı yürüş edir və həmin əraziləri rus imperiyasına birləşdirir. 1724-cü il noyabrın 10-da I Pyotrun verdiyi fərmana əsasən, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında yerləşməyə başlayırlar. Rusiya Asiyada maraqları kəsişən Böyük Britaniya və Fransa ilə birləşərək Osmanlı imperiyasının və türk dünyasının şöləsini söndürmək üçün erməniləri alətə çevirdi.

1826-cı ildə Qacarın qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur. 1826-cı ilin axırlarında Şəki və Lənkəran xanlıqları da ləğv olunur, 1827-ci ildə Rusiya Azərbaycanın ərazilərini işğal edə-edə Təbrizə girir və şəhər rusların əlinə keçir. 1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiya və Ərdəbilə girirlər.

Rusiya Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verdi. Nəticədə Azərbaycan torpaqları hesabına sonralar Ermənistan dövləti yaradıldı.

1828-ci il fevralın 10-da İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Müqavilənin bağlanması münastibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün "xoş xəbər"i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi. Bu, o Qriboyedovdur ki, 1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. 1821-ci ildə İrana qayıtdıqdan sonra general A.Yermolovun komandanlıq etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir. 1826-cı ildə çar hakimiyyəti tərəfindən dekabristlərin işi üzrə həbs edilir. O, bütün məxfi sənədləri öncədən məhv etdiyindən günahı sübuta yetirilmir. Bu səbəbdən də azadlığa buraxılır və yenidən Qafqaza qayıdaraq burada diplomatik işdə çalışır. 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir. Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bundan sonra isə o, Rusiyanın İranda səfiri təyin edilir.

Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı param-parça etdi. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi.

Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub olmuşdu.

Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünrki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".

O vaxtdan bəri Azərbaycan tarixinin hər səhifəsində erməni qanının izi var. Erməni terrorçuları havadarlarına arxalanaraq bütün dövrlərdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qan tökmüş, torpaqlarımızı zəbt etmişlər. Adı "sülh müqaviləsi" olsa da, Türkmənçayın kəsdiyi yerdən hələ də Azərbaycanın qanı axır.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 5.