Havanı da muğamlardan alırdı
Prezident İlham Əliyev ötən ilin dekabrında tarzən Bəhram Mansurovun 100 illik yubileyinin keçirilməsi barədə sərəncam imzaladı. Görkəmli tarzənin 100 yaşı bu ilin fevralında tamam olur. Böyük bir nəslin davamçısı olan Bəhram Mansurov Azərbaycan muğamlarının keşiyində mətanətlə dayanan, onu yad təsirlərdən məhəbbətlə qoruyan və öz sənətində yaşadan istedadlı tarzən idi. Muğam tədqiqatçıları və musiqişünaslar yazırlar ki, Bəhram müəllimin özü də musiqi dünyasının bir tarixi idi. Gözəl hafizəsi, yaddaşı olduğundan tanıdığı bütün bəstəkarların, müşayiət etdiyi ifaçıların tale yolunu, sənətə gəlişini, mədəniyyətimizin inkişafındakı yerini gözəl bilirdi. Bəzən jurnalistlər hansısa bir sənət adamından yazmaq istəyəndə arxivlərdə çox baş sındırmayaraq Bəhram müəllimə müraciət edirdilər. Unudulmaz tarzənin həm də zəngin arxivi vardı. Nələr yox idi bu xəzinədə?! XIX əsrdən üzübəri Azərbaycan musiqisinin inkişafında rolu olan, repressiyalara düçar qalan sənətkarların patefon valları, afişaları, bir sıra qiymətli sənədləri. Tarixdə izi qalmayan elə ifaçılar olub ki, onların adlarını da ilk dəfə məhz Bəhram Mansurovdan eşitmişik. Bütün xatirələrdə Bəhram Mansurovun arxivi həmişə minnətdarlıqla xatırlanır.
Onun musiqi dünyası ancaq muğamlardan ibarət idi. Elə bil ki, havanı da bu qədim melodiyaların içindən çəkirdi. Ustad tarzənlərimiz kifayət qədər var. Amma Qurban Pirimovdan sonra məhz Bəhram Mansurov yeganə tarzəndir ki, o, muğamlarımıza yeni həyat, yeni nəfəs verməklə yanaşı, həm də xanəndələrə düzgün ifa etmək qaydalarını öyrətdi.
Bəhram Mansurov elə bir şərəfli nəslin övladı idi ki, bu şəcərənin, demək olar ki, əksəriyyəti mədəniyyətə, musiqiyə bağlı insanlar kimi tarixin yaddaşında qalıb. Bəhram Mansurov Məşədi Süleymanın oğlu idi. Bu şəxsiyyət isə zəmanəsinin çox nüfuzlu və ziyalı nümayəndələrindən biri kimi tanınıb. Məşədi Süleyman musiqi, söz, sənət bilicisi olmaqla yanaşı, həm də böyük iş adamı, dövrünün savadlı şəxsiyyətlərindən biri idi. Məşədi Süleymanın yaşadığı mənalı ömür vaxtilə qələmə aldığı xatirələrində də həkk olunub. Bəstəkar Eldar Mansurovun tərtib etdiyi "Xatirələr"dən məhz babası Məşədi Süleymanın öz nəsli haqqında verdiyi maraqlı məlumatlar boylanır: "Şəhərin bütün şair və musiqiçiləri, ziyalı və mülkədarları bizim evin qonağı olardı. Gələn qonaqlar atamı sadəcə Məşədi Məlik deyə çağırardı. Mən bu insanlardan çox şey öyrənmişəm. Sənətə, sözə marağım elə uşaqlıqdan başlayıb. Atam Məşədi Məlik hərtərəfli musiqi bilicisi idi. Tarda, kamançada, cürə sazında, qavalda yeddidilli qarmonda çalmağı bacarırdı".
Muğam sənətinin inkişafında böyük rolu olmuş möhtəşəm bir nəslin nümayəndələri - Məşədi Məlik, Məşədi Süleyman, Məşədi Mansur Mansurovlar milli mədəniyyətimizin inkişafında həqiqətən də böyük rol oynayıblar. Hətta Bakıya gələn sənətkarlar da əvvəlcə öz yollarını bu ocaqdan salardılar. Çünki Məşədi Məlik çörək verən, səxavətli, qonaqpərvər bir insan olub.
Bakıya ilk kamançanı Mirzə Səttar gətirib. 1844-cü ildə Ərdəbildə doğulan Mirzə Səttar öz kamanında ifa etdiyi musiqiyə görə nadan qonşuları tərəfindən incidildiyindən Bakıya üz tutub. Uzun müddət, demək olar ki, 11 il bu ailənin doğma üzvünə çevrilib. O da bu hörmətin və qayğının əvəzində Bakıda öz ardıcıllarını yetişdirib. Məşədi Süleyman "Xatirələr"ində yazır ki: "Məşədi Səttar kimi ədib, musiqar, kamança çalanı nə İran görüb, nə də Qafqaz... Onun kamançası bütün kamançalardan seçilərdi". Mirzə Səttardan sonra bu yolu "Salik" təxəllüsü ilə şeirlər yazan Hacı Zeynalın oğlu Qiyas Sabunçuoğlu, bir də Fərəc Rzayev davam etdirdilər. Bu şəxslər Azərbaycan kamançaçalanlarının ilk üçlükləridir.
Deyilənə görə, Məşədi Məlik şəhərin vağzalında, körpülərdə, bütün girişlərdə adam qoyar və tapşırardı: "Elə ki gördünüz bir adamın əlində musiqi aləti gəlir, onu gətirin evə". Hər axşam muğam məclisləri təşkil edərdilər. Məşədi Məlik kamançada, həyat yoldaşı qavalda, Mansur sazda (Bəhram Mansurovun əmisi) ifa edərdilər. Azərbaycanın hər yerindən bu evə muğam biliciləri qonaq gələrdi - Mirzə Sadıq, Seyid Mirbabayev, Hacı Hüsü, Mirzə Fərəc, Məşədi İsi, Əbdülbağı Zülalov (Bülbülcan), Seyid Şuşinski, İslam Abdullayev.
Bakının çox varlı və tanınmış ailələrindən olan Mansurovlar İçərişəhərdə yaşayırdılar. Onların şəhərin müxtəlif yerlərində və ətrafında böyük mülkləri, bağ evləri olub. Sovet hakimiyyəti Azərbaycanı işğal etdikdən sonra maddi və mənəvi cəhətdən varlı olan insanların bir qismi vətəndən didərgin düşdü. Bir qismi də repressiyaların qurbanına çevrildi. Xatirələrdən bəlli olur ki, şura hökuməti Mansurovlar nəslinin bütün mülklərinə, torpaqlarına, var-dövlətinə sahib çıxdı. Məşədi Süleyman gündəliyində yazırdı: "Şura hökuməti var-dövlətimizi əlimizdən aldı, amma bizə toxunmadı. Çünki bizim nəsli Azərbaycanda hamı "kefkom Mansurovlar" kimi tanıyırdı. Bəd işlərdən uzaq idik. Şura hökumətindən sonra biz çox şeyi itirdik. Bizə qalan muğam oldu". Onlar sanki üzləşdikləri bu ədalətsizliklərə meydan oxumaq üçün öz "kefkomluq"larından qalmadılar. Yenə də onların evlərindən muğam sədası gəlirdi.
Xatirələrdən bəlli olur ki, Bakının yarısı Mansurovların qohumları olub: Xanlarovlar, Ələkbərovlar, Abdinovlar, Səfərəliyevlər, Əsədullayevlər, Kərimovlar, Səlimxanovlar, Mövsümovlar, Ramazanovlar, Dadaşovlar, Aşurbəyovlar, Ağahüseynovlar... Bu nəslin də hər birinin kökü, şəcərəsi çox mötəbər idi. Əksəriyyəti Bakı milyonçusu və yaxud da mülkədar ailəsi olub.
Belə bir nəslin layiqli davamçısı olan Bəhram Mansurov da gözünü dünyaya açandan muğamla nəfəs alan bir mühitdə tərbiyə alıb böyüdü. Bu zənginliklə dolu ailə şəraiti təbiidir ki, onun sənət yolunu müəyyən etdi.
Bəhram Mansurovun ilk müəllimi
Mirzə Fərəc olub. O, balaca oğlana həm tar
çalmağı öyrədib, həm də
muğamların adlarını, mənasını, şöbə
və guşələrini başa salıb. Bəhram Mansurov
tarı sinəsinə sıxaraq simlərinə mizrabla elə
toxunardı ki, barmaqların yaratdığı qeyri-adi
melodiyalardan ən qabil musiqiçilər də heyrətə
gələrdilər. 1920-ci ildə Bəhramın atası, əmisi
onu tez-tez konservatoriyaya aparardılar. O vaxt burada müxtəlif
konsertlər təşkil olunurdu. Onlar münsif heyətinin
üzvləri idilər. Konservatoriyanın direktoru Üzeyir
Hacıbəyli Bəhram Mansurovun atasını konservatoriyada
muğamdan dərs deməyə dəvət edib. Amma Məşədi
Süleyman xəstə olduğundan qardaşı Mirzə
Mansuru məsləhət görüb. Beləliklə, Bəhramın
əmisi uzun müddət Üzeyir Hacıbəyli ilə
birlikdə işləməyə başlayıb. Bu barədə
unudulmaz tarzən xatirələrində yazıb: "Əmimin
tarını hər gün konservatoriyaya mən aparıb gətirirdim.
Görürdüm ki, Mirzə Fərəc, Şirin Axundov,
Qurban Pirimov, xanəndələrdən Əbdülbağı
Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəçi Məmməd
və başqalarını Üzeyir bəy oraya toplayaraq
muğamların tədris proqramını tərtib etməkdən
ötrü fikirlərini öyrənir".
Ailədə Bəhramın
özündən savayı qardaşı Məlik və
bacısı Sara da var idi. Hamı, Məlik də, Sara da, Bəhram
da tar çala bilirdi. Təəssüf ki, Məlik çox az
yaşayıb. Bəhram Mansurov tarda "Rast",
"Çahargah", "Bayatı-Şiraz", "
1929-cu ildən Azərbaycan
Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan
radiosu Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət
göstərən Bəhram Mansurov bir müddət Azərbaycan
filarmoniyasının solisti olub. O, burada Cabbar
Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Seyid Şuşinski
kimi xanəndələri müşayiət edib. Bəhram
Mansurovun böyük məhəbbətlə ifa etdiyi
muğamlar nota salınaraq qrammafon vallarına yazılıb.
Ötən əsrin 30-cu illərində
Bakıda musiqi aləmi çox zəngin idi. Tez-tez Şərq
konsertləri təşkil edilirdi. Bir qayda olaraq həmin mərasimlərdə
xanəndələri Qurban Pirimov, Əhməd Bakıxanov və
Bəhram Mansurov müşayiət edərmiş. Onun ilk dəfə
professional tarzən kimi müşayiət etdiyi müğənni
Cahan Talışinskaya olub. Sonralar bu siyahının
sırası genişlənib.
Müslüm Maqomayev Bəhram
Mansurovu ilk notlu Xalq Çalğı Orkestrinə, sonra isə
Opera və Balet Teatrına dəvət edib. O zaman
Müslüm Maqomayev bu teatrın bədii rəhbəri və
baş dirijoru idi. Bəhram Mansurov 1932-ci ildən
ömrünün sonunadək (1985) Azərbaycan Opera və Balet
Teatrının solisti vəzifəsini ləyaqətlə yerinə
yetirərək burada muğam operalarında müğənniləri
yüksək peşəkarlıqla müşayiət edib. O,
sadəcə tarzən deyildi. İstedadlıların
axtarıb tapılmasında, operaya dəvət edilməsində
xidmət göstərirdi. Əslində hər bir operanın
hazırlanmasında yaradıcı şəxsiyyət kimi
iştirak edirdi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət
Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais
Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət
Məmmədova, Baba Mahmudoğlu və başqa sənətkarları
məhz Bəhram Mansurov teatra cəlb edərək onların
tamaşalarda iştirakına nail oldu. O, ilk tarzəndir ki,
ifasında vallara və CD-lərə yazılan muğamlar
YUNESKO-nun xətti ilə bütün dünyaya yayılıb.
Musiqi tariximizdə belə fədakar xidməti olan insanlar nə
yaxşı ki var olub.
Onu yaxından tanıyanlar
söyləyirlər ki, Bəhram Mansurov çox təvazökar
bir insan idi. Bəhramın adını çəkmək kifayətdir
ki, bir vaxt onunla bir yerdə işləmiş insanlar bu unudulmaz
sənətkarın istedadından, ifaçılıq qabiliyyətindən
böyük heyranlıqla, məhəbbətlə
danışaraq ona valeh olduğunu ehtiramla bildirsinlər.
Özü həmişə bu sözləri deyərdi: "Mənim
kamil bir tarzən olmağımda Qurban Pirimovun əməyi
çoxdur. Çünki mən opera repertuarını ondan
öyrənmişəm. 35 il onunla çiyin-çiyinə
"Leyli və Məcnun", "Şah İsmayıl",
"Əsli və Kərəm", "Aşıq Qərib",
"Şahsənəm", "Nərgiz"
operalarını müşayiət etmişəm. Qurban Pirimov
həmişə mənə "qardaşoğlu" deyərdi.
Klassik irsə dərindən bələdliyi mənə
çox şey verdi".
Bu gün iftixar edirik ki,
Sadıqcandan sonra klassik Azərbaycan muğamlarını
qoruyub saxlayan və yorulmadan təbliğ edən yeganə tarzən
Bəhram Mansurov olub. Onun ifasında bütün muğamlar, dəraməd,
diringə, təsnif və rənglər oğlu bəstəkar
Eldar Mansurov tərəfindən nota salınmışdır.
İkinci Dünya müharibəsi
illərində Bəhram Mansurovun tarı süngüyə
çevrilib. Onun səsi döyüş xəttindən, səngərlərdən,
hospitallardan, arxa cəbhədən gəlib. İnsanların qəlbində
ümid yaratmaq, qələbəyə inandırmaq
üçün sənət dostları - Sara Qədimova,
Hüseyn Rəfi, Şirzad Hüseynov və başqaları ilə
birlikdə döyüşçülər
qarşısında dəfələrlə
çıxış edib. Bəhram Mansurovun tarının səsi
"416-cı Azərbaycan diviziyası"ndan da gəlib. Hətta
80 yaşını tamamlamış Cabbar
Qaryağdıoğlu ilə birlikdə müharibənin
ağır illərində hərbi hissələrdə,
hospitallarda konsertlər verərdilər.
Xarici ölkələrdə
təşkil olunan mədəniyyət ongünlüklərində,
mərasimlərdə, xüsusilə də 1978-1980-ci illərdə
Səmərqənddə keçirilən Beynəlxalq
Muğam Simpoziumunda Azərbaycan musiqiçilərini ləyaqətlə
təmsil edən Bəhram Mansurovun şöhrəti sərhədlərimizdən
kənarda da yayılmışdı. Təəssüf ki, bu
böyük sənətkarın istedadı bədii filmlərdə
yetərincə açılmayıb. Yalnız bir bədii
filmdə biz onun işıqlı sifətini
görürük. "O olmasın, bu olsun" filmində Bəhram
Mansurovun müşayiəti ilə Xan Şuşinski oxuyub.
Azərbaycan musiqisinin
inkişafında göstərdiyi xidmətlərə görə
müxtəlif fəxri adlara, medallara layiq görülüb.
Xalq artisti fəxri adını ləyaqətlə
daşıyan Bəhram Mansurovun sinəsini müxtəlif
ordenlər bəzəyirdi. Onun ən böyük
mükafatı isə doğma xalqı tərəfindən əldə
etdiyi əbədi məhəbbət və sevgi idi.
Bəhram Mansurovu həmkarlarından
fərqləndirən bir xüsusiyyəti də budur ki, o,
ifaçılarımızın əksəriyyətinə
muğamın düzgün oxunmasını öyrədib. Hər
bir muğama onun öz münasibəti vardı. Doğrudur, Bəhramın
tarından qanadlanan muğamlarda nəsə bir fərq duymaq,
hansını daha uğurlu, hansını daha gözəl ifa
etdiyini demək o qədər də asan deyil. Çünki Bəhram
Mansurovun tarından həyat alan bütün muğamlar
adlarına layiq möhtəşəm və heyrətamiz idi.
Amma özünün bir sözü vardı:
"Bayatı-Şiraz" muğamlarımızın gəlinidir".
Bu səbəbdən də həmin muğamı elə
qeyri-adi ifa edirdi ki, bəzən adamın gözlərinə
tar yox, əllə sinəsinə sıxılmış ürək
görünürdü. Bu idi Bəhram Mansurovun tardakı
möcüzəsi! O, ürəyini
danışdırırdı!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-13 fevral.- S. 6.