Opera səhnəsinin yeni ulduzu

 

Bakıda doğulub boya-başa çatmış Milli Opera Balet Teatrında fəaliyyət göstərmiş lirik-dramatik soprano Dinara Əliyeva öz ifaçılıq məharəti ilə Azərbaycandan uzaqlarda da yaxşı tanınır. O, vokalçıların 2007-ci ildə Afinada keçirilən Mariya Kallass adına Beynəlxalq müsabiqədə ikinci mükafata, 2007-ci ildə Moskvada Qalina Vişnevskayanın şərəfinə keçirilən müsabiqədə diploma, İrina Arxipova adına Beynəlxalq Fondun fəxri medalına layiq görülmüş, 2007-ci ildə "Şimali Palmira Milad görüşləri" Beynəlxalq festivalında "Triumfal debütə görə" xüsusi diplom ilə təltif edilmişdir.

Dinarə Əliyeva Monserrat Kabalyedən, Yelena Obraztsovadan ustad dərsləri alıb professional ifaçı səviyyəsinə yüksələ bilmişdir. Ona dünya opera səhnələrinin parlayan gənc ulduzu deyirlər. Dinara Əliyeva 2009-cu ildə solisti olduğu Azərbaycanın Milli Opera Balet Teatrından Rusiyanın dünyada məşhur Bolşoy Teatrına dəvət olunmuşdur.

2007-ci ildən Sankt-Peterburqun konsert xadimləri ittifaqının üzvüdür. Bakının Opera Balet Teatrı ilə əlaqələrini davam etdirən müğənni Rusiyanın, habelə dünyanın aparıcı teatrlarının konsert salonlarının səhnələrində opera solisti kimi çıxış edir. Dinləyiciləri bütün registrlərdə məftun edən ürəyə yatımlı, geniş diapazonlu gözəl, güclü çevik səsi, parlaq artistizmi ilə az vaxtda çox məşhur olmuşdur. Dinara Əliyeva 1980-ci ilin dekabr ayında Bakıda anadan olmuş, Bülbül adına xüsusi orta musiqi məktəbinin fortepiano sinfini, 2004-cü ildə isə Bakı Musiqi Akademiyasının vokal sinfini bitirmişdir. Anası uşaq xoru dirijoru, atası qrim ustası olmuş, nənə babası Rusiya Federasiyasının "Leginka" ansamblında çıxış etmişlər.

Dinara deyir ki, atam mənim pianoçu olmağımı istəyirdi. Lakin məndən yaxşı pianoçu alınmadı. Fortepiano imtahanlarından çox qorxurdum, əllərim titrəyirdi. Vokal ifaçılığı yolunu seçdikdən sonra səhnəyə çıxarkən özümü çox rahat hiss edir, tamaşaçılardan çəkinmirəm.

Dinaranın çox sevdiyi partiyalardan biri Cüzeppe Verdinin "Traviata" operasında Violettanın partiyasıdır. Fransız bəstəkarı Massnenin "Manon" operasından Manonun, Bellininin "Puritanlar" operasından Elviranın partiyalarını oxumaq arzusundadır.

Barselonada keçirilən müsabiqə zamanı münsiflər heyətinin üzvlərindən biri - dünyanın məşhur vokal sənətçilərindən sayılan Plasido Dominqodan birlikdə oxumağa dəvət aldıqdan sonra Dinara da Dominqonu qala-konsertdən sonra Bakıya dəvət etdi. Dominqo Bakı Filarmoniyasında Tofiq Quliyevin "Sənə qalmaz" mahnısını Dinara ilə birlikdə oxudu. Onların bu çıxışı tamaşaçılarda xoş ovqat yaratdı.

Daha bir maraqlı fakt: Yunanıstanda məşhur soprano Mariya Kallassın şərəfinə keçirilən müsabiqə zamanı Dinara üçüncü turun finalında çıxışını başa çatdıranda tamaşaçı-dinləyicilər iyirmi dəqiqə ayaq üstə dayanaraq onu alqışlamışdılar. Lakin ona ikinci yeri vermişdilər. Bundan qəzəblənən tamaşaçı-dinləyicilər münsiflər heyətini fitə basmışdılar.

İndi Dinaranın arzusu dünyanın Metropoliten opera, La Skala kimi məşhur opera səhnələrində oxumaqdır.

Dinara Azərbaycanda da sevilir, uğurları yüksək qiymətləndirilir. Ötən il onun Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülməsi buna ən parlaq misaldır.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 6.