Berlində İranın Azərbaycanın daxili işlərinə qarışmasına etiraz aksiyası keçirilmişdir

 

Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 12-də İranın Berlindəki səfirliyi qarşısında daha bir etiraz aksiyası keçirilmişdir. Aksiya iştirakçıları İranın Azərbaycanın daxili işlərinə qarışmasını, İran KİV-lərinin Azərbaycana və onun dövlətçiliyinə qarşı yönəlmiş əsassız bəyanatlarını pisləmişlər.

İndiyə qədər İranın İsveçdəki və Belçikadakı səfirlikləri qarşısında da buna oxşar etiraz aksiyaları keçirilmişdir. Fevralın 19-da Niderlandın Haaqa şəhərində, İranın bu ölkədəki diplomatik nümayəndəliyi qarşısında daha bir etiraz aksiyası keçirmək nəzərdə tutulur.

Azərbaycan dövləti, onun xalqı və hökuməti dost İran dövlətinin tarixinə, ənənələrinə və siyasi xəttinə həmişə hörmətlə yanaşmışdır. Lakin son vaxtlar İranın bəzi kütləvi informasiya vasitələri və siyasətçiləri Azərbaycanın və xalqımızın ünvanına anlaşılmaz və heç bir dəlilə söykənməyən əsassız iddialar səsləndirməyə başlamışlar. İş o yerə çatmışdır ki, İranın bəzi siyasətçiləri və başabəla "tarixçiləri" Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıları yalnız "təsadüf nəticəsində" eyni dildə danışan və bu "əhəmiyyətsiz məsələ"dən başqa heç bir ümumi cəhəti olmayan iki müxtəlif xalq adlandırmağa başlamışlar. Həmin "tarixçilərin" "nəzəriyyəsinə" görə, guya İrandakı azərbaycanlılar genetik baxımdan arilərdir və vaxtilə irandilli olmuş "azəri" xalqı bu və ya digər tarixi amillər ucbatından "gəlmə" türk dilini qəbul etmişlər. Araz çayından şimalda yaşayan azərbaycanlılar isə Orta Asiyadan gəlmə xalqdır, onlar yerli xalqları assimilyasiya etməmiş və onları "bütünlüklə" sıxışdıraraq Dağıstana köçürmüş, beləliklə də yerli xalqlarla xas olan cəhətlərdən heç birini əxz etmədən, özünün "genetik gəlmə xalq" xüsusiyyətlərini saxlamışdır. Belə çıxır ki, İrandakı azərbaycanlıları türklərdən türk dilindən başqa heç nəyi qəbul etməmiş genetik baxımdan təmiz iranlılar, Araz çayından şimal tərəfdə yaşayan azərbaycanlılar isə xalis "köçərilərdir".

Bütün dünyada sərsəm tarixşünaslığın paytaxtı olan Ermənistanda bu cür "kəşfləri", təbii ki, dərhal məmnuniyyətlə qəbul edərək xəstəlik səviyyəsinə çatdırırlar. Bu ölkədə peyda olmuş Asatryan deyilən bir "tarixçi" həmin "nəzəriyyə"ni öz yaradıcılığının məhsulu kimi təqdim edir. Şübhə etmirik, əgər Dağlıq Qarabağ Azərbaycan Respublikasının mərkəzində deyil, məsələn, İranın Şimali Azərbaycan əyalətinin mərkəzində, Ermənistan isə bir qədər cənubda (məsələn, İraq, İran və Türkiyə sərhədlərinin qovuşduğu yerə yaxın ərazidə) yerləşsəydi, onda həmin "nəzəriyyə"nin necə dəyişəcəyini qabaqcadan tam dəqiqliklə söyləmək olardı: bu halda İrandakı azərbaycanlılar Orta Asiyadan "gəlmə" və yerli xüsusiyyətlərdən heç birini qəbul etməyən əhali hesab edilər, ərazisi artıq ermənilərin iddiaları üçün əlçatmaz olan uzaq Azərbaycan Respublikasının sakinlərinə isə erməni tarixçilərinin heç bir marağı qalmazdı.

Elm faktlara deyil, siyasətə tabe olanda, belə-belə işlər baş verir.

Son vaxtlar İranda buna oxşar məsuliyyətsiz bəyanatlar tez-tez səslənir. "Aran" məsələlərinə həsr edilmiş yalançı elmi konfranslar keçirilir, oraya Yerevandan Zori Balayan, İqor Muradyan, Levon Məlik-Şahnazaryan kimi "ekspertlər" və digər müzür ünsürlər dəvət edilir. Təbii ki, belə hərəkətlər ikitərəfli münasibətlərin möhkəmlənməsinə nəinki töhfə vermir, əksinə, ümumi düşmənlərimizin - bu gün Ermənistanda hakimiyyətdə olan və Azərbaycanın Xocalı, Qaradağlı, Malıbəyli, Quşçular, Bağanis-Ayrım və erməni təcavüzünə məruz qalmış bir sıra başqa şəhər və kəndlərində dinc sakinlərə (yeri gəlmişkən, MÜSƏLMANLARA!) qarşı cinayətlər törədilməsində təqsirkar olan faşistlərin dəyirmanına su tökürlər. Azərbaycan erməni işğalına məruz qaldığı müddətdə İran tərəfdən həmrəylik hiss etməsə də, Azərbaycan xalqı bütün bu illər ərzində İranı tənqid etməmişdir, çünki İranın bizə düşmən dövlətlə əməkdaşlığını onların ikitərəfli münasibətlərinə aid məsələ hesab edir. Buna görə də Azərbaycan cəmiyyətində ümid edirlər ki, Azərbaycan cəmiyyəti İranın siyasi ənənələrinə hörmətlə yanaşdığı kimi, İranın siyasi dairələri də Azərbaycanın siyasi xəttinə və siyasi ənənələrinə eyni dərəcədə hörmətlə yanaşacaq və Azərbaycanın öz xarici siyasətində tərəfdaşlar və dostlar seçməsi məsələsində onun daxili işlərinə qarışmaqdan çəkinəcəkdir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 7.