Azərbaycanı hər yerdə olduğu kimi tanıtmalıyıq

 

Bu vəzifə yurdunu yaxşı tanıyan və ürəkdən sevən insanların üzərinə düşür

 

İndi turizm dünya iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmişdir. Bu tendensiya Azərbaycanda da özünü göstərir. Hazırda dünya ölkələrinin milli gəlirinin əsas hissəsi turizm sənayesinin hesabına formalaşır. Məsələn, Türkiyədə ötən il turizmdən 23 milyard dollaradək gəlir götürülüb. Rəqəmin böyüklüyü göz qarşısındadır. Azərbaycanın özünün də turizm sahəsində çox böyük potensialı var ki, iqtisadiyyatın digər sahələrini önləyə bilsin. Bunun üçün Azərbaycanın tarixi, coğrafi və mədəni sahələrdəki üstünlüyü əlverişli imkan yaradır. Məhz bütün bu amilləri nəzərə alaraq ölkə başçısı 2011-ci ili Turizm ili elan etmişdir.

2011-ci ilin Azərbaycanda Turizm ili elan olunması ölkədə bu sahənin inkişafına çox böyük təkan verəcək. Hələ SSRİ dönəmində Azərbaycanda turizm özünün bir sıra xarakterik cəhətləri ilə öncül mövqelərdə idi. Müstəqillik qazanandan sonra respublika hökuməti turizmin inkişafına xüsusi önəm verir. Son illər biz bu tempi daha açıq-aydın hiss edirik. Ölkədə yeni infrastruktur layihələrinin həyata keçirilməsi, tarixi-memarlıq abidələrinin bərpası və mühafizəsinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi turizmin inkişafına əlverişli zəmin yaradır.

Turizmin inkişafına göstərilən dövlət dəstəyi indi daha aydın hiss olunmaqdadır. Son vaxtlar ölkəmizdə keçirilən beynəlxalq sərgilər, konfranslar ölkədə turizmin inkişafının əyani göstəricisidir. Belə tədbirlərdə Azərbaycanın bütün bölgələri turizm sahəsində qazanılan uğurları nümayiş etdirmək imkanı qazanır. Eyni zamanda, xarici ölkələrdə keçirilən sərgilərdə Azərbaycan turizminin nailiyyətləri geniş şəkildə nümayiş etdirilir. Bu cür tədbirlərə xüsusi önəm verilməsi Azərbaycan dövlətinin turizm sənayesinin inkişafına göstərdiyi qayğının təzahürü kimi dəyərləndirilməlidir. Bütün bunlar Azərbaycana olan marağın, ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinin ifadəsidir.

Son illər Azərbaycana xarici ölkələrdən gələn turistlərin sayı xeyli artıb. Onlar Bakıda və bölgələrdə olarkən ölkəmizin necə sürətlə inkişaf etdiyini gözləri ilə görürlər. İngiltərənin Mançester şəhərindən olan qonağım tam ciddiyyəti ilə bildirmişdi ki, böyük məmnuniyyətlə Bakıda yaşamaq istərdi. Təbii ki, bu fikrə düşənlərin sayı bəlkə də yüzlərlə, minlərlədir. Biz özümüz xarici ölkələrdə olarkən indi daha ürəklə, böyük qürur hissi ilə gözəlliklər diyarı Azərbaycandan olduğumuzu dilə gətiririk.

Turizm ili ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində xüsusi tədbirlər planının hazırlanmasında turizm şirkətləri də yaxından iştirak edir. Bu sahənin inkişafı ilə bağlı yeni dövlət proqramı da qəbul ediləcək. Bütün bunlar ölkədə turizmin inkişafına mühüm töhfələr verəcək. Son məlumata görə, hazırda Azərbaycanda 470 istirahət zonası və hotel fəaliyyət göstərir. Bu, çox böyük rəqəmdir. Müqayisə etsək, SSRİ dövründə Azərbaycanın hər rayonunda uzaqbaşı bir primitiv mehmanxana fəaliyyət göstərirdi, paytaxtda da mehmanxanaların sayı o qədər də çox deyildi, mənzərə aydınlaşar. İndi yüksək səviyyəli, komfort şəraitli hotellərin və istirahət mərkəzlərinin sayının bu qədər artması və bu obyektlərin rentabelli işləməsi, yenilərinin də tikilməsi turizmin sürətli inkişafından xəbər verir. Bu il beşulduzlu beş hotelin istifadəyə verilməsi gözlənilir. Sentyabr ayından isə Qusar rayonunda tikilən qış istirahət-idman kompleksi fəaliyyətə başlayacaq. Bu, turizm sahəsində, adətən, qış mövsümündə nəzərə çarpan boşluğu doldurmağa imkan verəcək. Azərbaycanda 220-dək turizm şirkəti var və bu qurumlar qış aylarında fəaliyyət göstərmirlər. Qusardakı qış istirahət idman kompleksinin yaradılması onların bu cür fəaliyyətsizliyinə son qoyacaq. Avstriya turizminin illik gəlirinin, demək olar, tən yarısı qış turizminin hesabına formalaşır. Son vaxtlar azərbaycanlılar qış idman növləri ilə məşğul olmaq üçün əsasən Gürcüstanın Bakuriani şəhərinə üz tuturlar. Qusardakı qış idman kompleksi işə düşdükdən sonra həmyerlilərimizin xarici ölkələrə getməsinə ehtiyac qalmayacaq. Bu, həm də iqtisadi cəhətdən sərfəlidir.

2011-ci ilin Turizm ili elan olunması ölkəmizin dünya turizm sferasına daha sıx inteqrasiyasına təkan verəcək. Bunu təmsil etdiyim qurumun timsalında da görmək mümkündür. "Bakı Tur" turizm şirkəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir sıra layihələrdə uğurla iştirak edir. Ötən ilin dekabrında Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Ölkələrinin İnvestisiya Sammitində Azərbaycanı məhz "Bakı Tur" təmsil etmişdir. Biz güclü investorlarla, həmin ölkənin turizm şirkətlərinin nümayəndələri ilə görüşlərdə qarşılıqlı əməkdaşlıq perspektivlərini müəyyən etdik. Bu il də bir sıra maraqlı görüşlər gözlənilir. Mart ayında Londonda, Moskvada və Berlində, noyabrda İngiltərə paytaxtında, sentyabrda isə Tokioda keçiriləcək beynəlxalq turizm sərgilərinə dəvət almışıq. Hazırda bununla bağlı ölkəmizin turizm imkanları barədə reklam çarxları, bukletlər hazırlayırıq. Bu ilin mart ayında Bakıda Çin Xalq Respublikasının dəstəyi ilə avtosərgi keçiriləcək. "Bakı Tur" şirkəti bu tədbirdə iştirak edəcək nümayəndələri qarşılayıb yola salmağadək bütün tədbirləri həyata keçirəcək. Xatırladım ki, keçən il Bakıda qılıncoynatma üzrə beynəlxalq yarışlara qoşulan 1650 idmançının bütün məişət və nəqliyyat məsələlərini də biz həyata keçirmişdik. Bu sınaqdan yaxşı çıxdıq və Qılıncoynatma üzrə Beynəlxalq Federasiyanın sədri bizə öz minnətdarlığını bildirdi. Bu tədbirləri sadalamaqla bildirmək istərdim ki, biz turizm sahəsində Azərbaycan brendini daim şöhrətləndirmək, bütün dünyada nüfuz qazandırmaq üçün əlimizdən gələni edirik.

"Bakı Tur" şirkəti azərbaycanlıları xarici ölkələrə turist səfərlərinə göndərməklə kifayətlənmir, onların müalicə olunmaları üçün də şərait yaradır. Biz Rusiyanın, Ukraynanın, Baltikyanı respublikaların, Çexiyanın, Almaniyanın, İsveçrənin, İtaliyanın, İsrailin, Bolqarıstanın sanatoriya və digər müalicə ocaqlarına pasiyent göndərilməsini təşkil edirik. Xarici ölkə vətəndaşlarının isə Naftalan, Bilgəh və digər sağlamlıq ocaqlarında istirahətinin və müalicəsinin təşkili də bizim üzərimizə düşür.

Nabrandakı "Xəzər" Turizm Mərkəzi 21 hektara yaxın ərazidə yerləşir. Burada turistlərin qəbulu, yerləşməsi və rahat dincəlməsi üçün normal şəraitin yaradılması indi gündəlikdə duran əsas məsələdir. Son üç ildə burada əsaslı yenidənqurma və təmir işləri aparılmış, ərazi abadlaşdırılmışdır. Gələn il dördmərtəbəli korpusun dördulduzlu hotel səviyyəsinə çatdırılması nəzərdə tutulur. Buradakı lüks kotteclər 1996-cı ildən 15-18 günlük proqramla turist qəbul edir. AHİK-in yollayışları ilə gələn qonaqların çoxu bu vaxtla kifayətlənmir, istirahət müddətini yenidən artırmaq istəyirlər. Hazırda "Xəzər" eyni vaxtda 500 turisti qəbul etmək imkanındadır. Burada çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması da diqqətimizdədir. "Bakı Tur" şirkətinin və "Xəzər" Turizm Kompleksinin kollektivləri turizm ilinin uğurlarına öz layiqli töhfələrini vermək niyyətindədirlər. Bunun üçün bütün imkanlardan səmərəli istifadə edəcəyik.

 

 

Fayis MƏMMƏDOV,

"Bakı Tur" MMC-nin direktoru

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 7.