Zəfəran
Abşeronun nadir nemətləri
Abşeron torpağının
altı "qara qızıl"la zəngin olduğu kimi,
üstü də qızıla bərabər nadir nemətlərin
yetişdirilməsi üçün əlverişli məkan
hesab olunur.
Abşeronda becərilən
nadir nemətlərdən biri - ən qiymətlisi zəfərandır.
Dünyanın bir
sıra ölkələrində, o cümlədən
İspaniyada, İtaliyada, İranda, Əfqanıstanda,
Çində becərilsə də, Abşeron zəfəranının
tayıbərabəri yoxdur! Yarımadanın iqlimi və
torpağı bu nadir bitkinin ən yüksək keyfiyyət
göstəricilərinə malik olmasına imkan yaradır.
Zəfəranın
Abşeron yarımadasında yayılmasının tarixi
çox qədim olmasa da, bu qiymətli bitkinin əkin sahələri
sürətlə genişlənmiş, şəxsi həyətlərdə,
dənizkənarı bağ sahələrində zəfəran
üçün ayrıca guşələr
ayrılmış, xalq seleksiyaçıları bu qiymətli
bitkiyə aqrotexniki qulluğun incəliklərini dərindən
öyrənmiş, xeyirxah niyyətlə az-çox
torpağı olan hər kəsin bu təcrübədən
faydalanmasına yardımçı olmuşlar.
Zəfəranın
Abşeronda becərilməsinin ən mühüm
üstünlüklərindən biri də bu nadir bitkinin
süni suvarmaya tələbatının olmamasıdır. Zəfəranın
vegetasiya dövrü sentyabr-aprel aylarına düşür
ki, həmin dövrdə torpağın təbii
yağıntıdan topladığı nəmlik
soğanaqların normal inkişafına və vaxtında
çiçəklənməsinə kifayət edir. Nadir
hallarda payız quraqlıq keçdikdə zəfəran əkilmiş
sahələr sentyabrın sonu, oktyabr ayının əvvəllərində
suvarılır. Zəfəranın bitib yaşaması
üçün ölkəmizdə məhz Abşerona xas isti
və quru keçən yay, yağışlar, gec başlayan
payız, nisbətən isti keçən qış vacibdir.
Zəfəran əkiləcək
sahə əvvəlcədən dərin şumlanıb
gübrələnməli, arata qoyulmalı, yazın
ortalarında alaq otları toxumlamazdan əvvəl nisbətən
dayaz şumlanmalı, yay aylarında suvarmadan bir neçə
dəfə yumşaldılmalıdır.
Zəfəran yumru
soğanaqlar vasitəsilə artırılır. İstismar
müddəti (4-5 il) başa çatmış əkin sahəsindən
çıxarılan soğanaqların standarta uyğun
olanları (diametri 2-3 santimetr) seçilir, cərgə
araları 50 santimetr, soğanaqların arası 8-10 santimetr
olmaqla dərin şumlanmış, kifayət qədər
üzvi və mineral gübrələrlə zənginləşdirilmiş,
əkin ərəfəsində təkrar
yumşaldılmış torpağa 18-20 santimetr dərinlikdə
basdırılır, eyni sahədə beşinci ilədək
saxlanılır. Həmin istismar müddəti başa
çatdıqdan sonra mayın axırı, iyun ayının əvvəllərində
soğanaqlar çıxarılır, bir neçə gün
kölgədə qurudulduqdan sonra hava keçirən qutulara
yığılıb nəm çəkməyən köfgə
yerdə saxlanılır. Növbəti əkin avqustun
üçüncü ongünlüyünə
yuxarıdakı qaydada aparılır. Standarta uyğun olmayan
xırda soğanaqlar ayrı sahədə sıx cərgələrlə
basdırılır, bir ildən sonra əsas sahəyə köçürülür.
Kəndlilərin
"könüllü" kollektiv təsərrüfatlarda -
kolxozlarda birləşdirilməsinədək, başqa sözlə,
ötən əsrin 30-cu illərinədək tarıxi
statistika Abşeronda bütövlükdə il ərzində
quru zəfəran istehsalının 1,6 tona
çatdırıldığından xəbər verir.
Hələ Abşeron
rayonunda gənclərin o zamankı ən nüfuzlu kütləvi-siyasi
təşkilatı olan komsomola rəhbərlik etdiyim gənc
yaşlarımda abşeronlu ahılların zəfəran barədə
söhbət düşəndə dedikləri "vaxtilə
bir cibdə yerləşdirilmiş bir kisə zəfəranın
hesabına Həcc ziyarətinə gedib-gələn adamlar
olub" xatırlamaları yaddaşımda indi də
qalmaqdadır.
Təəssüf ki,
ictimai təsərrüfatlarda birləşmək zorunda qalan
Abşeron kəndlisi öz istəyinə görə deyil,
kolxoza yuxarıdan göndərilən planın doldurulması
naminə işləməyə məcbur edilirdi.
Kollektivləşmə
prosesində kəndlilər torpaqları, mal-qarası, toxum
materialları, qoşqu və yük heyvanları və s. ilə
kolxozlara "daxil olurdular". Beləcə, zəfəran
soğanaqları da kolxozlara verilməli oldu.
Abşeron rayonunun təsis
edildiyi 1963-cü ilədək yarımadadakı kollektiv təsərrüfatların
əksəriyyətində zəfəran becərilirdi. Yeni
rayonun yaradılması ilə bütün Bakıətrafı
kolxozlar sovxozlara çevrildi və o zaman SSRİ məkanında
kənd təsərrüfatında dərin
ixtisaslaşdırma şüarı altında islahatlar bu
rayonda daha sürətlə aparılırdı.
Elmlər Akademiyası
Botanika İnstitutunun rəyi əsasında
ixtisaslaşmış zəfərançılıq sovxozu
üçün Bilgəh kəndi seçildi. Digər təsərrüfatlardan
zəfəranın əkin materialı toplanıb həmin
sovxoza verildi. Başqa sovxozlarda zəfəran becərilməsi
qadağan olundu.
Ədalət naminə
qeyd olunmalıdır ki, Bilgəh sovxozunun zəfəran
istehsalı üzrə ixtisaslaşmasından sonra dövlət
səviyyəsində bu qiymətli bitkiyə diqqət
artırılmışdı. Alimlər sübut etmişdilər
ki, məhz Bilgəhdə yetişdirilən zəfəranın
çiçəyinin ləçəklərindən də
yağ almaq mümkündür və bu yağın dəyəri
zəfəranın qurudulmuş tellərinin qiymətinə bərabərdir.
Sovxozda institutun xüsusi laboratoriyası fəaliyyət
göstərirdi.
Sovxozda zəfəranın
əkin sahəsi müxtəlif illərdə 130-150 hektar, quru
zəfəran telinin illik istehsalı 125-140 kiloqram həddində
olurdu.
Ötən əsrin
90-cı illərinin əvvəllərinədək SSRİ məkanında
yalnız Abşeronda istehsal olunan zəfərana keçid
dövründə biganə münasibət ümumiyyətlə
bu sahənin unudulması ilə sonuclandı.
Nə yaxşı ki,
bilgəhlilər torpaqlarının bu qiymətli, nadir nemətinin
birdəfəlik sıradan çıxmasına yol vermədilər.
İlk öncə ayrı-ayrı həmkəndlilərindən
xeyli əkinəyararlı zəfəran soğanağı
toplayıb əkin sahəsini tədricən genişləndirməklə
2010-cu ildə 23 hektara çatdırmışlar.
Abşeronun nadir nemətlərindən
olan zəfəranı hər kəs öz həyətyanı
sahəsində becərməklə ən azı öz ailəsinin
və yaxınlarının bu qiymətli nemətə olan
ehtiyacını ödəyə bilər.
Bütün nadir bitkilər
kimi, zəfəranın daha bir cazibədarlığı
ondadır ki, kiçik-böyüklüyündən asılı
olmayaraq zəfəran plantasiyasının çiçəkləndiyi
günlərdə yaranan gözəlliyə tamaşadan doymaq
olmur. Hər çiçəyindən boylanan 6 ləçək
yaratmaqla, Allah bu qiymətli neməti insanlara bəxş edəndə
ortada üç telə ayrılan qızılı "meyvəyə"
toxunulmasın deyə, ləçəklərə bərabər
iki hissəyə bölünmək xüsusiyyəti də
verib.
İmkanı olan hər
kəs az-çoxluğundan asılı olmayaraq zəfəran
becərsə, torpağımızın şöhrətinin
artmasına xidmət göstərmiş olar.
Elmxan Mehrəliyev,
Abşeron rayonu
Azərbaycan.- 2011.-13 fevral.- S. 7.