Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş rəsm müsabiqəsinin birinci turu yekunlaşmışdır

 

Fevralın 12-də Kitab klubunda ANS Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçirilən Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş rəsm və əl işləri müsabiqəsinin birinci turuna yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, müsabiqəyə təqdim olunmuş 50-dən çox əsərdən 20-yə yaxın müəllifin işi seçilmiş və bunlardan 3 ən yaxşısı müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülmüşdür.

Hərbi jurnalist Şəmistan Əlizamanlı və uşaq yazıçısı Gülzar İbrahimova müsabiqənin əhəmiyyətindən danışmış, belə tədbirlərin məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını bildirmişlər.

Tədbirdə İncəsənət Gimnaziyasının, paytaxt məktəbləri şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənmişdir.

Sonda müsabiqənin ilk mərhələsində müvafiq olaraq, birinci, ikinci və üçüncü yerləri tutmuş Ramil Əhmədov, Təranə Təhməzli, Nuray Məmmədovaya diplom və hədiyyələr təqdim edilmişdir.

219 nömrəli məktəbin şagirdi Fərid Rzayev Milli Qəhrəmanın heykəlini yaratdığına görə xüsusi mükafata, digər iştirakçılar isə xatirə hədiyyələrinə layiq görülmüşlər.

Müsabiqə ilin sonunadək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-  13 fevral.- S.  7.