Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının
sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin
tənzimlənməsi sahəsində bəzi tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata
keçirən əməkdaşlarının sosial müdafiəsini
gücləndirmək və onlar tərəfindən qulluq vəzifələrinin
icrasına nəzarəti artırmaq məqsədi ilə qərara
alıram:
1. "Yol hərəkəti
haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının
pozulmasına görə fiziki və hüquqi şəxslər
tərəfindən ödənilən cərimələrdən
daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin yol patrul xidmətini həyata
keçirən və yol hərəkətinin tənzimlənməsinə
cəlb olunan əməkdaşlarının aylıq vəzifə
maaşlarına əlavənin verilməsi üçün
istifadə olunsun.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
2.1. yol hərəkəti
qaydalarının pozulması ilə əlaqədar törədilmiş
inzibati xətalara görə cərimələrin yalnız
bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin
etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin
edilməsi barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. inzibati xəta törətmiş
şəxsin sürücülük vəsiqəsinin
götürülməsi ilə əlaqədar "Yol hərəkəti
haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
müvafiq müddəalarına
uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60
nömrəli qərarı ilə təsdiq edilmiş "Yol
hərəkəti haqqında" Azərbaycan Respublikası
Qanununun müddəalarının pozulmasına görə
fiziki və hüquqi şəxslər tərəfindən
ödənilən cərimələrdən daxil olan vəsaitin
təyinatı üzrə istifadə olunması
Qaydası"nı bu fərmana uyğunlaşdırsın;
2.4. bu fərmandan irəli gələn
digər məsələləri həll etsin.
3. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə
tapşırılsın ki:
3.1. yol hərəkəti
qaydalarının pozulması ilə əlaqədar inzibati xəta
törətmiş şəxslərdən
sürücülük vəsiqələrinin yalnız Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş hallarda götürülməsini
təmin etsin;
3.2. yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi sahəsində xidmət edən əməkdaşlar
tərəfindən qulluq vəzifələrinin icrası və
inzibati xətalara baxılması zamanı qanunvericiliyin tələblərinə
ciddi riayət olunmasına nəzarəti gücləndirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 fevral
2011-ci il
Azərbaycan.- 2011.-15 fevral.- S. 1.