Azərbaycanda "Mədəniyyət"
telekanalı fəaliyyətə başladı
Fevralın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda yeni "Mədəniyyət" kanalının fəaliyyətə başlaması münasibətilə mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, tanınmış alimlərin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimin əvvəlində Azərbaycanın dövlət himni səslənmişdir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Mədəniyyət" kanalının yaranmasında göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, bu hadisəni dövlətimizin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğı kimi səciyyələndirmişlər. Belə bir əminlik ifadə edilmişdir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında fəaliyyət göstərəcək yeni kanalın verilişləri rəngarəng və zəngin olacaq, milli mədəniyyətimizin inkişafı və təbliğində mühüm rol oynayacaqdır.
Çıxış edənlər xüsusi vurğulamışlar ki, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü əvəzsiz işlər uğurla davam etdirilir. Son illər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin təbliği sahəsində çoxsaylı layihələr həyata keçirilmişdir.
Ə.Həsənov vurğulamışdır ki, Azərbaycanda mədəniyyətimizin, incəsənətimizin ən yaxşı nümunələrinin yaşadılması, bunun əsasında yeni nəslin tərbiyəsi, dünyada yayılması və beləliklə, millətimizin tanıdılması siyasəti həyata keçirilir. Bu siyasətin əsasını qoyan ümummilli liderimiz Heydər Əliyev həmişə deyirdi ki, millətin mədəniyyətini qorumaq təkcə mədəniyyət xadimlərinin, təkcə bu sahədə işləyən insanların, ziyalıların işi deyil, eyni zamanda, dövlət rəsmilərinin, bütün dövlət strukturlarının, qurumlarının vəzifəsidir. Mədəniyyət millətin vizit kartıdır. Əgər bir millətin mədəniyyəti yoxdursa, onun mədəniyyəti bu və ya digər proseslərin təsiri altında məhvə məruz qalırsa, o millətin gələcəyindən söhbət gedə bilməz.
Bu kanalın iki əsas vəzifəsi olacaqdır. Birincisi, ən gözəl mədəniyyət nümunələrini vətəndaşlarımıza və dünyada yaşayan soydaşlarımıza çatdırmaq, ikincisi isə ölkəmizin mədəniyyət nümunələrinin salnaməsini yaradaraq, gələcək nəsillərə ötürməkdən ibarətdir.
Natiqlər qarşıda çox ciddi və məsuliyyətli bir iş gözləyən "Mədəniyyət" kanalının kollektivinə uğurlar arzulamışlar. Xatırladaq ki, Azərbaycanın yeni televiziya kanalına əməkdar incəsənət xadimi Cəmil Quliyev rəhbərlik edəcəkdir.
Sonra 3-cü televiziya muğam müsabiqəsi başlanmışdır. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə 20 nəfər gənc ifaçı iştirak edir. Müsabiqənin gedişi "Mədəniyyət" kanalı ilə canlı yayımlanacaq, ifaçıların çıxışları ustad sənətkarların və mütəxəssislərin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Azərbaycan.- 2011.-15 fevral.- S. 2.