Azərbaycan və Fransa
arasında mənəvi əlaqələrin perspektivləri
müzakirə edilmişdir
Fransanın Azərbaycandakı səfiri Qabriel Keller fevralın 14-də Qafqaz Müsəlmanları (QMİ) İdarəsində olmuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə Azərbaycan və Fransa arasında mənəvi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir Qabriel Keller Fransanın gələcəkdə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin diqqətinə çatdırmışdır.
Şeyxülislam A.Paşazadə Fransada iştirak etdiyi konfranslar, burada tanış olduğu nüfuzlu din xadimləri, habelə dinlərarası dialoq sahəsində QMİ-nin YUNESKO ilə əməkdaşlıq əlaqələri barədə səfiri məlumatlandırmışdır. A.Paşazadə gələcəkdə Fransanın xristian və müsəlman din xadimlərinin Azərbaycana səfərlərinin əhəmiyyətli olacağını xüsusi vurğulamışdır.
Görüşdə tərəflər həmçinin Şeyxülislamın bu yaxınlarda Şimali Qafqaza səfəri, son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr ətrafında fikir mübadiləsi aparmışlar.
Sonda
Şeyxülislam A.Paşazadə Fransanın ölkəmizdəki
səfirinə xatirə hədiyyəsi təqdim etmişdir.
Azərbaycan.- 2011.-15 fevral.- S. 2.