Auditorlar Palatasının nümayəndə heyəti Avropa Komissiyasının konfransında iştirak etmişdir

 

Avropa Komissiyası tərəfindən Brüssel şəhərində auditin müasir problemlərinə dair "Maliyyə hesabatı və audit: dəyişmə zamanı?" mövzusunda konfrans keçirilmişdir.

Konfransda 42 ölkəni və 53 beynəlxalq maliyyə, mühasibat və audit qurumlarını təmsil edən 547 nümayəndə iştirak etmişdir.

Palatanın mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, konfransda yeni iqtisadi maliyyə mühitində auditin rolu və əhəmiyyəti, audit peşəsi üzrə ictimai nəzarətin formalaşması, auditin müasir problemləri və onun həlli yolları, auditorların müstəqilliyi, auditorlara nəzarət, audit bazarının strukturu, audit xidmətlərinin göstərilməsi üçün vahid bazarın yaradılması, kiçik və orta müəssisələrin dəstəklənməsi və qlobal audit şəbəkələrinə nəzarət edilməsində beynəlxalq əməkdaşlıq məsələləri, Avropa Komissiyası tərəfindən müzakirəyə çıxarılmış "Yaşıl sənəd"ə ("Audit siyasəti: Böhranın dərsləri") dair fikir mübadiləsi, mühasibat və audit sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi aktual problemlər müzakirə edilmişdir.

Avropa İttifaqına daxil olmayan on ölkədən biri kimi Azərbaycan Respublikası Auditorlar Palatasının rəyi Avropa Komissiyası tərəfindən müzakirə olunan sənədə dair hazırlanmış icmalda əksini tapmış və Avropa Komissiyasının internet səhifəsində yerləşdirilmişdir.

Konfrans günlərində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Auditorlar Palatasının sədri Vahid Novruzovun ölkəmizdə iqtisadiyyatın sürətlə inkişafı, həyata keçirilən iqtisadi islahatlar və Avropa iqtisadiyyatına inteqrasiyası, habelə müasir şəraitdə beynəlxalq auditin mövcud problemlərinə peşəkar münasibətini özündə əks etdirən çıxışının mətni Avropa Komissiyası konfransının təşkilatçıları tərəfindən müsbət qiymətləndirilmiş və qurumun (httr://circa. europa.eu/Public/irc/markt/markt_consultations/library?l=/abschlussprfung/lessons_crisis_2010/audit_profession/azerbaijan_republic/_EN_1.0_&a=d) saytında yerləşdirilmişdir. Konfransın materiallarından respublikamızda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində istifadə olunacaqdır.

 

 

Azərbaycan.- 2011.-15 fevral.- S. 2.