Abşeron daha sürətli
inkişaf mərhələsinə qədəm qoyur
Sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus cəhətləri ilə seçilən, dayanıqlı və davamlı yüksəliş xarakterinə malik inkişafın Azərbaycan modelinə bu gün beynəlxalq miqyasda da kifayət qədər böyük maraq göstərilir. Bu modelin qısa zaman kəsiyində böyük uğurlara, möhtəşəm nailiyyətlərə, sürətli inkişafa yol açması artıq konkret nəticələrdə öz əksini tapıb və bunun ən bariz nümunəsi mövcud Azərbaycan reallıqlarıdır. Bu mənada təsadüfi deyil ki, Azərbaycanın inkişafının xarakterik xüsusiyyətləri dünyanın ən nüfuzlu araşdırma mərkəzləri və institutlarının tədqiqat predmetləri sırasında yer alır.
Hazırda iqtisadi sahədə dinamik inkişafını davam etdirən Azərbaycan üçün ən önəmli cəhətlərdən biri yaşanan tərəqqinin paytaxt və regionlar arasında proporsional qaydada paylanmasıdır. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatının inkişaf tempinin daha sürətli hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı tərəqqisini, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib. Azad bazar münasibətləri şəraitində sabit, sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması istiqamətində də mühüm nailiyyətlərin əldə olunması ilə müşayiət edilir. Bütün bunlar ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin nə qədər dəqiqliklə və uzaqgörənliklə düşünüldüyünü, dinamik tərəqqiyə yol açdığını bariz formada nümayiş etdirir. Cari ilin yanvar ayında Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş geniş iclasında ölkədə əldə edilmiş uğurlardan və qarşıda duran vəzifələrdən danışarkən Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bütün uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Bizim iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır".
Yaşanan inkişaf ölkə iqtisadiyyatında özünəməxsus çəkiyə malik olan Abşeron rayonunda da aydın müşahidə olunur. Bu rayon Azərbaycanın günü-gündən yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov bunun ən önəmli səbəbləri sırasında Prezident İlham Əliyevin bütün regionlara olduğu kimi, Abşerona da xüsusi diqqət və qayğısını qeyd edir: "Dövlət başçısının diqqət və qayğısı ilə Abşeronun siması dəyişir. Tarixi ənənələrə söykənən, ümummilli lider Heydər Əliyevin ideyalarından yararlanan və respublika Prezidenti İlham Əliyevin məqsədyönlü və ardıcıl inkişaf strategiyasından qaynaqlanan Azərbaycanın bir parçası olan Abşeron regionda liderliyini qoruyub saxlayır".
Həqiqətən də, respublikamızda həmişə seçilənlər sırasında yer almağı bacaran, iqtisadi artım göstəricilərinə görə öndə gedən rayonlarından olan Abşeron bu gün inkişafının kifayət qədər sürətli sayılan bir mərhələsini yaşayır. Ötən illərin sosial-iqtisadi yekunlarına nəzər yetirməklə də bunun real mənzərəsini aydın görmək mümkündür. Bu kontekstdə artıq tarixə çevrilmiş 2010-cu il də abşeronlular üçün uğurlu olmuşdur. İki geniş və iri sənaye şəhərinin əhatəsində yerləşən Abşeronun iqtisadiyyatı daha da inkişaf etmiş, öz yüksəliş tempini qoruyub saxlamışdır.
Dünya iqtisadiyyatına fəal inteqrasiya kursu seçmiş Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər dövlətin iqtisadi əsaslarının daha da möhkəmləndirilməsini şərtləndirərək işgüzar fəallığın yüksəldilməsinə, əhalinin məşğulluq səviyyəsinin artmasına yeni imkanlar yaradır. Konkret olaraq Abşeronun timsalında bu məqama toxunan Zakir Fərəcov bildirir: "Ölkə başçısının qəbul etdiyi, əhali tərəfindən inkişaf proqramı kimi qəbul olunan dövlət proqramları regionlara yeni həyat gətirir. Yeni fəaliyyətə başlayan müəssisələr sənaye istehsalı ilə yanaşı, orada çalışanların ailə büdcəsinin artması deməkdir. Ötən il yaradılan 1500 iş yeri bu baxımdan çox önəmlidir. İqtisadi inkişaf regionların simasını dəyişməklə yanaşı, əhalinin sosial vəziyyətinin yaxşılaşması ilə də nəticələndi. Məqsədyönlü, davamlı və tarazlı inkişaf proqramı bu gün də uğurla irəliləməkdədir".
Artıq rayon iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada yüksəliş əldə edilməsin. Kənd təsərrüfatının rayon üçün ənənəvi sahələri olan heyvandarlığın, bağçılıq və tərəvəzçiliyin intensiv yollarla inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Dövlət tərəfindən edilən güzəştlərdən bəhrələnən rayon istehsalçıları region üçün qiymətli ərzaq olan zeytun sahələrinin genişləndirilməsi, yeni üzümlüklər salınması, örtülü yerlərdə tərəvəz yetişdirilməsi və digər yöndə öz fəaliyyətlərini genişləndirmişlər. Rayonda əkilib-becərilən zəfəranın əkin sahəsi artırılaraq 23 hektara çatmışdır. Dünyanın onlarla ölkəsinə ixrac edilən bu nadir bitkinin istehsalı növbəti ildə də artırılacaqdır. Eyni zamanda, Zirə sovxozuna məxsus 200 hektarlıq yararsız torpaq sahəsi bərpa olunmuş və burada zeytun bağı salınmağa başlanmışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi Abşeronda aqrar sahənin köklü şəkildə inkişafına təkan vermişdir. Sahibkarlığa verilən dəstək, onlara yaradılan şərait təsərrüfat subyektlərinin azad və sağlam rəqabətini yaradır ki, bu da öz növbəsində son nəticənin ürəkaçan olmasına gətirib çıxarır. Rayon üzrə aqrar sahədə özəl sektorun payının artması buna canlı sübutdur. Eyni zamanda, sənaye məhsullarının ümumi həcmi artaraq 91,1 milyon manata çatdırılmışdır. Ötən il iyulun 21-də isə burada böyük bir istehsal müəssisəsi - Masazır Duz Zavodu istifadəyə verilmişdir. Zavodun açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmiş və yeni müəssisənin fəaliyyətini yüksək qiymətləndirmişdir: "Azərbaycanın iqtisadi həyatında, doğrudan da, çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur...EBu zavodun yaradılması bir neçə məqsəd güdür. İlk növbədə, Azərbaycanda yeni, müasir istehsalat sahəsi yaradılıbdır ki, bu da bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıbdır, texnoloji proses də dünya standartlarının üstündədir".
Ölkəmizin hər yerində olduğu kimi, Abşeronda da tikinti-quruculuq işlərinə diqqət artırılmışdır. Ötən il rayonun yaşayış məntəqələrinin abadlaşdırılması, yol infrastrukturunun inkişafı və bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmişdir. Bakı-Sumqayıt magistral avtomobil yolu boyunca Xırdalan şəhər qəbiristanlığının hərəkətə yaxın ərazisində üç metr hündürlüyü olmaqla 650 metr uzunluğunda daş hasarın tikintisi başa çatdırılmış və hazırda divarın fasadı cilalanmış əhəng daşları ilə üzlənir.
Mənzil fondunun saxlanması, yeni yaşayış evlərinin təmiri və tikintisi ötən il də davam etdirilmişdir. Xırdalan şəhərindəki bütün çoxmərtəbəli yaşayış binalarının əsaslı təmiri tamamlanmış, Aşağı Güzdək qəsəbəsində 52 mənzili olan dörd ikimərtəbəli bina əsaslı təmir olunmuş, son illər qəza vəziyyətinə düşmüş 175 fərdi evdən 112-də bərpa işləri aparılmışdır. Xırdalan şəhərində Heydər Əliyev prospektinin genişləndirilməsi, yenidən qurulması davam etdirilmişdir. 5 kilometr uzunluğunda prospekt boyu 758 metr səki daşı və 1311 kvadratmetr tamet döşənmiş, milli ornamentlərə uyğun rəngli qaya və çay daşları nəfis şəkildə yerə döşənmişdir. Həmin ərazidə 3000 ədəd xan çinar, 36430 dekorativ kol və qızılgül tingləri əkilmişdir.
Şəhərin küçələrinin abadlaşdırılması, xüsusilə yeni yaradılan yaşayış məhəllələrindəki yolların salınması məqsədilə ötən il Abşeronda küçə və yollara - ümumilikdə 85,395 kvadratmetr əraziyə çınqıl döşənib bərkidilmiş, 215,6 min kvadratmetr sahəyə yüksək keyfiyyətli asfalt çəkilmişdir. Bu kontekstdə Zakir Fərəcov xatırladır ki, ümummilli lider Heydər Əliyev yolu mədəniyyət, iqtisadiyyat adlandırmışdır: "Hara gediriksə, bizə öncə görünən yoldur. Əbəs yerə demirlər ki, yaxşı el yolundan bilinər. Bu baxımdan Abşeron rayonunda ötən il xeyli iş görülmüş, növbəti dövrdə ardıcıl olaraq davam etdiriləcəkdir".
Ötən il Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yeni musiqili fəvvarə quraşdırılmış, oturacaqlar yeniləri ilə əvəzlənmişdir. Rayonun Mehdiabad qəsəbəsində musiqi məktəbi və "Dostluq" kinoteatrı əsaslı təmir olunmuş, Qobu və Ceyranbatan mədəniyyət evlərinin tikintisi davam etdirilmişdir. Novxanıda, Sarayda, Masazırda, Fatmayıda yaşayış evlərinin fasadları suvanaraq alkapon təbəqələrlə üzlənmişdir. Hazırda digər yaşayış məntəqələrində bərpa və quraşdırma işləri davam etdirilməkdədir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq rayonun yaşayış ərazilərindəki sosial və ictimai obyektlərin təbii qazla, içməli su ilə təminatında xeyli iş görülmüşdür. Ümumilikdə il ərzində əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatında irəliləyişlər əldə edilmiş, problemlər aşkarlanaraq onları yaradan səbəblər müəyyənləşmiş və neqativ hallar aradan qaldırılmışdır. Belə ki, yaşayış məntəqələrində müxtəlif gücə malik 5 yeni transformator quraşdırılaraq istifadəyə verilmiş, 11-i isə əsaslı təmir edilmişdir. Yüksək gərginlikli elektrik xətlərində 115 dayaq və 30 kilometr uzunluğunda naqil təzələnmişdir. "Azəriqaz" İstehsalat Birliyinin sifarişi əsasında tikinti təşkilatları tərəfindən Xırdalan şəhərində və digər yaşayış məntəqələrində polietilen və metal borularla yeni qaz xətləri çəkilmiş, il ərzində 4496 fərdi mənzil qazlaşdırılmışdır. Mehdiabad, Xırdalan, Saray, Novxanı və Masazır yaşayış məntəqələrində korroziyaya uğramış qaz yeniləri ilə əvəzlənmişdir.
Rayonda 26 minə (600 ailə) yaxın məcburi köçkün məskunlaşmışdır. Respublikanın hər yerində olduğu kimi, Abşeronda da öz torpaqlarından qaçqın düşmüş bu adamlara həmişə diqqət və qayğı ilə yanaşılır. Onların kompakt yaşadıqları ərazilərdə elektrik enerjisinin davamlı verilməsini təmin etmək məqsədilə 3 ədəd yeni transformator quraşdırılmış, 6-sı isə əsaslı şəkildə təmir edilmişdir. İçməli su və qaz təminatında ortaya çıxan problemlər araşdırılaraq həllini tapmışdır. Ceyranbatan, Masazır, Mehdiabad qəsəbələrində ictimai binalarda yaşayan məcburi köçkünlərin rayon rəhbərliyi qarşısında qaldırdıqları bütün məsələlərə diqqət və qayğı ilə yanaşılmışdır.
Bütün bunlar ötən ilin Abşeron üçün uğurlu olduğunu bir daha təsdiq edir. Lakin həllini gözləyən məsələlər də var. Bu problemlərə toxunan rayon icra hakimiyyətinin başçısı qeyd edir: "Ötən il uğurlarımız çox olub. Lakin onu da etiraf etməliyik ki, rayonda içməli su təminatında, eləcə də kanalizasiya şəbəkələrinin yaradılmasında illərdən bəri yığılıb qalmış problemlər hələ də mövcuddur. Amma ildən-ilə azalan bu problemlər yaxın gələcəkdə aradan qaldırılacaqdır".
Müasir dövrdə ən vacib məsələlərdən biri təhsil və səhiyyənin inkişafıdır. Cəmiyyətin tərəqqisi aparıcı qüvvə olan insanların təhsilindən və sağlamlığından keçir. Gələcəyin aparıcı qüvvəsi olan gəncliyin təhsili dövlətin diqqət mərkəzindədir. Abşeron rayonunda da bu sahədə xeyli iş görülmüş, təhsilin inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda bir neçə uşaq müəssisəsinin tikintisi və əsaslı şəkildə təmir edilərək yenidən qurulması başa çatmışdır. İnşa edildikdən sonra 40 illik bir zaman kəsiyində təmirdən kənarda qalmış 7 saylı Saray internat evi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş, məktəbin ərazisi başdan-başa abadlaşdırılmış, sinif otaqları müasir texniki avadanlıqla təchiz edilmişdir. Onu da qeyd edək ki, ötən il dekabrın 24-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva internatın açılışında iştirak etmişdir. Mehriban xanım Əliyeva Masazır kəndinin "Qurtuluş-93" yeni yaşayış massivində Heydər Əliyev Fondunun təşəbbüsü ilə istifadəyə verilmiş 500 şagird yerlik orta məktəblə və tikilməkdə olan ministadionla tanış olmuşdur.
Səhiyyə sahəsində də rayonun göstəriciləri yüksəkdir. Təkcə ötən il onlarla gənc həkim Türkiyə, Almaniya və Rusiyanın müxtəlif tibb müəssisələrində ixtisasartırma kurslarına qatılmış, hazırda rayonun tibb ocaqlarında çalışırlar. Ekoloji sferada da görülən işlərin miqyası genişdir. Zakir Fərəcov deyir ki, 2010-cu ilin ölkədə "Ekologiya ili" elan edilməsi əhali tərəfindən yüksək qarşılandı: "Abşeron neftlə zəngin rayondur. Burada torpağın uzun illər ekoloji baxımdan çirklənməsi böyük əraziləri yararsız hala salmışdı. Ötən il rayonun neftlə çirklənmiş ərazilərində ekologiyanın sağlamlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Ekologiya ili çərçivəsində rayon ərazisində 193 mindən çox ağac, o cümlədən xan çinar, akasiya, iydə və digər tinglər əkilmişdir. Təbiətin ağ ciyəri olan yaşıl örtüyün qorunması hər bir kəsin əməli işi olmalıdır".
Azərbaycanın mövcud iqtisadi potensialı qarşıdakı dövr ərzində də ölkəmizin bu sahədə dinamik inkişaf tempini qoruyub saxlayacağını və daha sürətli hala gətirəcəyini qətiyyətlə deməyə əsas verir. Bu fonda respublikanın əsas iqtisadi rayonlarından olan Abşeronun da inkişaf göstəricilərinin daim yüksələn xətlə inkişaf edəcəyi şübhəsizdir.
Akif ƏLİYEV
Azərbaycan.- 2011.-15 fevral.- S. 6.