Dəyərli alim, nəcib
ziyalı, layiqli vətəndaş
Hər bir millətin bəşəri miqyasda tanınmasında, məşhurlaşmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışmış, cəmiyyətin inkişafına töhfə vermiş, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzində olmuşlar. Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin - həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilmişdir.
Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalıların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalmışlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır. Bir sözlə, əsl ziyalı ilk növbədə bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır.
Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı "sürət əsrində" həyat idealı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür. Xalqımız belə ləyaqətli ziyalıları, elm xadimləri ilə qürur duyur.
Şərəfli ömür yolu, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biri də akademik Arif Paşayevdir. Ömrünün müdriklik çağında olan görkəmli alimin istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə dayışaraq, elm kəhkəşanında sahib olduğu zirvəyə uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində yetişən, ömrünün 50 ildən çoxunu elmi fəaliyyətə həsr edən Arif Paşayev təbiət elmləri sahəsində özünəməxsus məktəb yaratmışdır. Görkəmli alim xüsusən də yarımkeçiricilər fizikası və texnikası sahəsində mühüm elmi nəticələrin müəllifi kimi tanınır.
Elmdə yüksək pillələri qət etmək hər bir alimin arzusudur. Lakin bu nəcib istəyi, niyyəti xalqın, dövlətin mənafeyi naminə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad, qabiliyyət və zəhmət tələb edir. Mənalı ömrünün 77-ci pilləsində olan akademik Arif Paşayev bu və digər keyfiyyətləri ilə yanaşı, həm də yüksək mənəviyyatı, xeyirxahlığı ilə fərqlənən insanlardandır. Akademikin həyat yoluna nəzər salarkən, onun həm nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu məhəbbətlə sevən vətəndaş olduğunu aydın görmək olur.
Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və kamilləşməsində mühüm rol oynayır. Odur ki, müdriklərimiz də əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. Arif Paşayev 1934-cü il fevralın 15-də milli ədəbiyyatımızın görkəmli simalarından olan yazıçı və ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açmışdır. Bu böyük ədibin ictimai fikir tariximizə bəxş etdiyi ədəbi nümunələr təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmamış, ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanaraq dərin oxucu rəğbəti qazanmışdır. 100 illik yubileyi YUNESKO səviyyəsində qeyd olunan görkəmli pedaqoq və nasir Mir Cəlal Paşayevin yüksək sənətkarlıqla yaratdığı əsərləri oxuculara sevdirən ən başlıca xüsusiyyətlərdən biri də mövzu çevrəsinin xalqın arzu və istəklərinə, saf ideallarına yaxınlığıdır.
Arif Paşayevin də cəmiyyət üçün layiqli insan kimi yetişməsinə, erkən yaşlarından ülvi məqsədlər uğrunda mübarizə aparmasına böyüyüb boya-başa çatdığı ailə mühitinin təsiri böyük olmuşdur.
Yeniyetməlik illərindən onu əhatə edən maddi aləmin bir sıra möcüzələrinin, müəmmalı suallarının cavabını düzgün olaraq təbiət elmlərində axtaran Arif Paşayev xüsusən də fizika elminin incəliklərinə dərindən vaqif olmaq üçün səylə çalışırdı. Hələ orta məktəbdə fizika dərslərində aparılan maraqlı təcrübələr, cəlbedici elmi söhbətlər Arif Paşayevdə bu sahəyə böyük maraq doğurmuşdu. O, gənc yaşlarından ətraf aləmdə rastlaşdığı bütün qeyri-adi dəyişiklikləri müşahidə etməyə, onların anlaşılmaz görünən səbəblərini açmağa səy göstərirdi.
Məhz bu maraq onun gələcək tale yolunu müəyyən etmişdir. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Elmi yaradıcılığını davam etdirərək 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ildə isə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Azərbaycanda fizika elminin inkişaf təmayülləri, bu sahədə həllini gözləyən aktual problemlər onun əsas tədqiqat obyekti olmuşdur. Akademikin tətbiqi tədqiqatlarının əsas hissəsi eyni zamanda yeni cihazların təkmilləşdirilməsinə, müxtəlif fiziki kəmiyyətlərin yeni metodlarının işlənməsinə yönəlmişdir. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmış, zədəsiz nəzarət yarımkeçiricilər fizikasının, ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı və tətbiqi ilə məşğul olmuşdur.
Akademik Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxılmasına nail olmuşdur. Belə qurğular hazırda dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Onun əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallara və diplomlara layiq görülmüşdür. Arif Paşayev fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Yusif Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. Yarımkeçiricilər elektronikası və mikroelektronika sahəsində nəzəri və təcrübi tədqiqatlarının nəticələri ötən əsrin 70-ci illərindən başlayaraq respublikada mikroelektronika sənayesinin inkişafına böyük təkan vermişdir. Avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki xidmətlərinə görə akademik Arif Paşayev 1991-ci ildə Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür.
300 elmi əsərin, 30 kitab və monoqrafiyanın müəllifi olan görkəmli alimin 30-dan çox ixtirası müəlliflik şəhadətnaməsi almışdır. O, "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilmişdir. 100-dək elmi əsərinin xarici ölkələrdə çapdan çıxması deməyə əsas verir ki, akademik Arif Paşayevin tədqiqatları milli məkanın sərhədlərini çoxdan aşmışdır.
Onun AMEA-dakı fəaliyyəti də çoxşaxəlidir. 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik etmiş, bu müddətdə böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmişdir. Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində də xidmətləri böyükdür. Akademik Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki seçilmiş Arif Paşayevin elmi axtarışları beynəlxalq səviyyədə də böyük maraqla izlənir.
Akademik Arif Paşayevin elmi tədqiqatlarının ən böyük əhəmiyyəti onların praktik tətbiq imkanları ilə ölçülür. Belə ki, alimin rəhbərliyi ilə neft mədənlərinin qaz-lift boru kəmərlərində hidrata qarşı, neft qaldırılan borularda isə parafinin qarşısını almaq üçün mütərəqqi, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul və vasitələr yaradılmışdır. Arif Paşayevin kimyəvi üsulla borularda parafinin əmələ gəlməsinin qarşısını almaq məqsədilə hazırladığı reagent 1995-ci ildən "Ələt" yatağının mədənlərində istifadə edilir. "BAİL-1" adlandırılan həmin qurğuya Azərbaycan Respublikasının və Rusiya Federasiyasının 15-ə qədər patenti alınmışdır. Qurğu Beynəlxalq Neft-Qaz sərgisində də nümayiş etdirilmişdir. Hazırda Dövlət Neft Şirkətinin "Neft Daşları", "Bulla-dəniz", Nəriman Nərimanov adına neft-qaz çıxarma idarələrinin mədənlərində idarəolunan güclü yarımkeçiricilər üzərində yığılmış belə elektrik qızdırıcıları istismar olunur.
Görkəmli
alimin Azərbaycanda elmi kadr hazırlığında da
müstəsna xidmətləri vardır. Onun rəhbərliyi
altında onlarca aspirant və dissertant namizədlik
dissertasiyası müdafiə etmişdir. O eyni zamanda çoxlu sayda
doktorluq dissertasiyasının məsləhətçisi
olmaqla yanaşı, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda
müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə
rəsmi opponent kimi çıxış etmişdir.
1996-cı ildən
Milli Aviasiya Akademiyasının rektoru vəzifəsində
çalışan akademik Arif Paşayev bu sahədə milli
kadr hazırlığı prosesinə töhfələrini
vermiş, qısa zamanda bu elm-təhsil ocağı nəinki
respublikamızda, bütövlükdə Avropa məkanında
məşhurlaşmışdır. Onun rəhbərliyi ilə akademiyada
tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə
təşkil edilmiş, "İqtisadiyyat və
hüquq", "Avianəqliyyat istehsalatı",
"İxtisasartırma" kimi kafedra və ixtisaslar
açılmışdır. Məhz Arif
Paşayevin səyləri ilə akademiyada ilk dəfə Azərbaycan
dilində təhsilin aparılmasına
başlanmışdır.
Akademik Arif
Paşayev dəyərli ziyalı, yüksək tədqiqatçılıq
qabiliyyətinə malik elm adamı olmaqla yanaşı, həm
də qurucu rəhbərdir. Milli Aviasiya Akademiyasında Azərbaycanda
analoqu olmayan, dünya standartları səviyyəsində
şəhərciyin salınması - yeni tədris korpusunun,
müasir tələblərə cavab verən idman kompleksinin,
mehmanxana və digər binaların yüksək səviyyədə
inşa edilərək istifadəyə verilməsi, habelə
bu təhsil ocağında sağlam elmi-pedaqoji mühitin
yaradılması, yüksək ixtisaslı mütəxəssislərin
ali məktəbə dəvət edilməsi alimin yüksək
elmi potensiala və təşkilatçılıq qabiliyyətinə
malik olmasına əyani sübutdur.
Hər bir elmi
yeniliyin son məqsədi cəmiyyətin inkişafına
töhfə verməkdir. Bu baxımdan akademik Arif Paşayevin çoxillik iş təcrübəsi
aviasiyada yeni tətbiq imkanları qazanmışdır. Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin,
pilotsuz uçan aparatların, minaların axtarılması və
zərərsizləşdirilməsi üzrə radio ilə
idarə olunan robotların, radiotexniki təminat obyektlərinin
texniki vəziyyətinə avtomatlaşdırılmış
nəzarət sistemlərinin yaradılmasına və s.
yönəldilmişdir. Onun rəhbərliyi altında
Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin
qərarı ilə "Mülki aviasiya ali
təhsil müəssisəsi" sertifikatına layiq
görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının
ali təhsil müəssisələrinin siyahısına daxil
edilmişdir.
"Böyük
alim olmaq üçün həm də ləyaqətli insan
olmaq lazımdır" deyənlər əsla
yanılmamışlar. Akademik Arif Paşayev bu iki
ucalığı öz şəxsində bir araya gətirməklə
özü də zirvəyə çevrilmişdir. O,
yüksək elmi-praktiki potensiala malik alim olmaqla yanaşı,
yüksək vətəndaşlıq, vətənpərvərlik
hissi ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli
işlərdə, xüsusən ölkəmizdə aviasiya təhsilinin
müasir səviyyədə inkişafına yorulmadan gərgin
əmək sərf edən, gənc nəslin təlim-tərbiyə
işlərində, onların yüksək vətənpərvərlik
ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə
saxlayan qayğıkeş rəhbərdir. İnsanlarla
ünsiyyət bacarığı, təmkini, tələbkarlığı,
uzaqgörənliyi çoxları üçün örnək
sayıla bilər. Bu keyfiyyətlər Arif
müəllimin yüksək təvazökarlığında
tamamlanır. Bu gün çoxları onu
fitri istedadı, hərtərəfli elmi biliyi və məlumatı,
dərin düşünmə qabiliyyəti və güclü
yaddaşı olan maraqlı insan kimi tanıyır.
Böyük
ziyalılar insanların elm, təhsil alması naminə
misilsiz xidmətlər göstərən zaman hansısa təmənna
güdməmiş, nəcibliklərini,
xeyirxahlıqlarını, insanpərvərliklərini
qorumuşlar.
Fəqət həyat amalı ilə seçilən
belə ziyalı şəxsiyyətlərin cəmiyyət
qarşısındakı misilsiz xidmətlərinin obyektiv dəyərləndirilməsi
cəmiyyətin özündə yetişən sosial
ehtiyacdır ki, bu da müxtəlif adlar, titullar formasında
sahiblərinə ünvanlanır. İnsanın
gördüyü işin bəşəri əhəmiyyət
kəsb etməsi, ali mükafatlara layiq
görülməsi həm də onun Vətən
qarşısında şərəfli xidmətidir.
Ölkədə elmin, təhsilin
inkişafında böyük xidmətləri olan akademik Arif
Paşayev Azərbaycan Respublikası Prezidenti tərəfindən
2004-cü ildə "Şöhrət" ordeninə, 2005-ci
ildə "Əməkdar elm xadimi" fəxri adına, 2009-cu ildə "Şərəf"
ordeninə layiq görülmüşdür. Ən
müxtəlif beynəlxalq təşkilatlarda fizikanın
inkişafındakı xidmətlərini nəzərə
alıb akademik Arif Paşayevi yüksək elmi adlara,
mükafatlara layiq görmüş, medallarla təltif
etmişlər. Belə yüksək
mükafatlardan biri Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının
"Qızıl medal"ıdır. Bundan
başqa, akademik Arif Paşayev 29 fevral 2008-ci ildə Dövlətlərarası
Aviasiya Komitəsinin "Aviasiya mütəxəssislərinin
hazırlanması işindəki xüsusi xidmətlərinə
görə" qızıl medalına layiq
görülmüşdür. Görkəmli alim 2010-cu il 9 iyul tarixdə Azərbaycanın Kosmik Məsələlər
üzrə Şurasının sədri seçilmişdir.
Mübaliğəsiz demək
olar ki, bu gün Azərbaycanda yeni qurulan ailələrin
örnək kimi istinad edəcəyi bir ailə ocağı
var. Nüfuzlu nəsil-şəcərənin layiqli
davamçıları olan Paşayevlər bu gün həm də
millətini, xalqını sevən, onun maariflənməsi
yolunda əlindən gələni əsirgəməyən
parlaq ziyalılar kimi tanınırlar. Arif müəllimin
ömür-gün yoldaşı olmuş mərhum Aida
xanım İmanquliyevanın nurlu çöhrəsi bu gün
də göz özündə istedadlı alim, mənəviyyatlı
insan, unudulmaz müəllim, qayğıkeş ana, ləyaqətli
Azərbaycan qadını kimi canlanır. Uzun illər
şərqşünaslıq sahəsində dəyərli tədqiqatlar
aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq
məharəti, bir də qələminin qüdrəti ilə
elmin ən uca mərtəbələrini fəth edən Aida
xanım görkəmli alim, müəllim, tərcüməçi,
ictimai proseslərdə fəal qadın kimi milli elm tarixinə
sanballı möhürünü vurmuşdur. Onu yaxından
tanıyanlar xatirələrində qeyd edirlər ki, görkəmli
ədəbiyyatşünas-alim Mir Cəlalın ocağına
gəlin köçən, görkəmli akademik Arif
Paşayevlə ailə quran Aida xanım məişətdə,
ailədə son dərəcə sadə, mehriban,
qayğıkeş insan idi. İşinin gərginliyinə,
çətinliyinə baxmayaraq, evdə qadın və ana
olduğunu heç zaman unutmurdu. Yaxşı
bilirdi ki, həyat anadan və onun övladlarına verdiyi sevgi
payından başlayır. Yəqin elə
buna görədir ki, layiqli vətəndaş, nəcib
ziyalı kimi yetişdirdikləri övladları akademik Arif
Paşayevin və Aida xanım İmanquliyevanın
adlarını öz xeyirxah, nəcib, savab əməlləri
ilə ucaldaraq cəmiyyətin sonsuz rəğbətini
qazanmışlar.
Akademik Arif
Paşayev və professor Aida xanım İmanquliyeva
övladlarını yüksək mənəvi ideallar ruhunda tərbiyə
etmişlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
kökdən gələn mənəvi zənginliyi ilə
dünyanın xilasına yönələn mütərəqqi
ümumbəşəri və milli idealların cəmiyyətdə
daha da möhkəmlənməsinə, ictimai şüura hakim
kəsilməsinə, fərqli sivilizasiyaların dialoquna,
keçmişlə gələcək arasında körpü
salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və
nəciblik kimi ali dəyərlərin aşılanmasına
çalışır. Görünür,
Mehriban xanım Əliyevanın üzərinə
götürdüyü bu xeyirxah missiya tarixi bir
qanunauyğunluq, həyatın diktə etdiyi ilahi
harmoniyadır.
Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, filologiya elmləri
doktoru, professor Nərgiz Paşayeva da Azərbaycan elminin, mədəniyyətinin,
incəsənətinin inkişafı sahəsində
mühüm xidmətləri olan kübar ziyalıdır. Təqdirəlayiq
haldır ki, Nərgiz xanım Azərbaycan teatrının
tarixi və müasir ənənələrinin uğurlu sintezi
əsasında "Üns Teatrı"nı
yaratmış, milli mədəniyyətin inkişafına əvəzsiz
töhfə vermişdir.
Bəli,
ömrünün müdriklik çağını yaşayan
akademik Arif Paşayev bütün varlığı və ruhu
ilə yaradıcı insandır. O bu gün də daxildən gələn
tükənməz enerji ilə çalışır,
qarşıya qoyduğu saf və ali məqsədlərə
çatmaq üçün hər cür zəhmətə qatlaşır.
Yüksək alimlik və tədqiqatçılıq
keyfiyyəti onun fitrətindən, məqsədə doğru
inamla irəliləmək, hədəfə yetişmək əzmindən
qaynaqlanır. Bütün bu keyfiyyətlər
isə onun daha böyük həyat və elmi
yaradıcılıq uğurlarına möhkəm zəmin
yaradır.
Məhəmməd İMANLI,
hüquq elmləri doktoru,
professor
Azərbaycan.- 2011.-15 fevral.- S. 7.