Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı
ilə təsdiqSahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid məlumat reyestrinin forması və
aparılması qaydası haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq
edilmişdir
I. Ümumi müddəalar
1.1. Bu əsasnamə "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.
1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - reyestr) xüsusi dövlət informasiya ehtiyatıdır.
1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir.
1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
1.5. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
1.6. Aşağıdakılar reyestrdə qeydiyyata alınmır:
1.6.1. sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar;
1.6.2. dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar;
1.6.3. dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar.
1.7. Reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
1.8. Ədliyyə Nazirliyi reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, tamlığını və mühafizəsini təmin edir.
II. Reyestrin aparılması prinsipləri
2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.
2.2. Reyestr vahiddir, vahid forma,
metod və prinsiplər əsasında aparılır.
2.3. Reyestrin
formalaşdırılması, aparılması, istifadəsi və
orada saxlanılan məlumatların mühafizəsi elektron
texnologiyalar əsasında, qarşılıqlı məlumat
mübadiləsini təmin edən qeydiyyat informasiya sistemi vasitəsilə
həyata keçirilir.
2.4. Qeydiyyat informasiya sistemi
aşağıdakıları təmin etməlidir:
2.4.1. informasiyanın
məlumat bazasına operativ daxil edilməsini, orada dəyişilməz,
aydın şəkildə oxunaqlı vəziyyətdə
saxlanılmasını və emalını;
2.4.2. yoxlamanın
reyestrdə qeydiyyata alınmasını və bu barədə
yoxlayıcı orqanların və sahibkarlıq subyektlərinin
məlumatlandırılmasını;
2.4.3. Reyestrdəki məlumatların
daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin
qeydiyyatının aparılmasını;
2.4.4. digər
aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına
inteqrasiya olunmasını.
2.5. Reyestrə daxil edilən
məlumatların itirilməsinin, təhrif edilməsinin və
qanunsuz əldə olunmasının qarşısının
alınması üçün onun müdafiə sistemi
yaradılır.
2.6. Reyestrin qeydiyyat informasiya
sisteminin yaradılması, idarə olunması, təkmilləşdirilməsi
və ondan səmərəli istifadənin təmin edilməsi
məqsədi ilə texniki-proqram kompleksinin
formalaşdırılması və ona texniki xidmət Ədliyyə
Nazirliyi tərəfindən həyata keçirilir.
2.7. Reyestrin qeydiyyat informasiya
sistemində yalnız lisenziyalı proqram-texniki və
sertifikatlaşdırılmış mühafizə vasitələrindən
istifadə edilir.
III. Reyestrin forması
3.1. Reyestrə
yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti
kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi
və fiziki şəxslər, habelə yoxlamalar barədə
məlumatlar daxil edilir.
3.2. Yoxlayıcı orqanlar
barədə məlumatlar qüvvədə olan qanunvericiliyə
əsasən formalaşdırılır və həmin
orqanların siyahısından və onların yoxlama səlahiyyətinə
aid olan məsələlərdən ibarətdir.
3.3. Reyestrin sahibkarlıq fəaliyyəti
subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün
hüquqi və fiziki şəxslər barədə məlumatları
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən
təqdim edilən uçot məlumatları əsasında
formalaşdırılır və aşağıdakılardan
ibarətdir:
3.3.1. vergi
ödəyicisinin eyniləşdirmə nömrəsi (o
cümlədən dəyişdirilmiş vergi ödəyicisinin
eyniləşdirmə nömrələri);
3.3.2. hüquqi
şəxsin (filial və nümayəndəliyin), xarici
dövlətlərin hüquqi şəxslərinin filial və
nümayəndəliklərinin adı, hüquqi ünvanı
(təsərrüfat obyektləri olduqda onların
ünvanı), əlaqə telefonları, elektron ünvanı
(olduqda);
3.3.3. fərdi
sahibkarın soyadı, adı, atasının adı, qeydiyyatda
olduğu və faktiki yaşadığı ünvan (təsərrüfat
obyektləri olduqda onların ünvanı), əlaqə
telefonları, elektron ünvanı (olduqda);
3.3.4. sahibkarlıq
fəaliyyəti subyektinin qeydiyyata alınma tarixi, vergi ödəyicisi
kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması
və qeydiyyatdan çıxarılması tarixləri;
3.3.5. sahibkarlıq
fəaliyyəti subyektinin fəaliyyət göstərməsi,
fəaliyyətinin dayandırılması, fəaliyyətinə
xitam verilməsi barədə məlumat.
3.4. Reyestrə yoxlama ilə
bağlı aşağıdakı məlumatlar daxil edilir:
3.4.1. yoxlamanın
kodu;
3.4.2. yoxlayıcı
orqanın adı (birgə yoxlama həyata keçirilən
zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir);
3.4.3. yoxlanılması
nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi;
3.4.4. yoxlanılması
nəzərdə tutulan sahibkarlıq fəaliyyəti
subyektinin hüquqi ünvanı;
3.4.5. yoxlanılması
nəzərdə tutulan sahibkarlıq subyektinin adı;
3.4.6. yoxlanılması
nəzərdə tutulan sahibkarlıq subyekti barədə
aparılan sonuncu yoxlama;
3.4.7. yoxlamanın
hüquqi əsası və predmeti;
3.4.8. yoxlamanın
aparılacağı faktiki ünvan;
3.4.9. yoxlamanın
növü (yoxlama, araşdırma, müayinə, monitorinq,
müşahidə, təftiş, nəzarət, xronometraj,
reyd, baxış və s.);
3.4.10. yoxlanılan
dövr (dövrün başlanğıc və son tarixləri
göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən
asılı olaraq cari fəaliyyəti;
3.4.11. yoxlamanın
müddəti (başlama və sona çatma tarixləri
göstərilməklə);
3.4.12. yoxlamanın
keçirilib-keçirilməməsi (yoxlama keçirilmədikdə
bunun səbəbləri göstərilməklə);
3.4.13. yoxlamanın
nəticələri, o cümlədən yoxlama ilə qanun
pozuntularının aşkar edilib-edilməməsi, yol
verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar
(məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər,
görülmüş məsuliyyət tədbirləri,
materialların aidiyyəti üzrə göndərildiyi
dövlət orqanları, materialların göndərilməsinə
dair məktubların tarix və nömrələri).
3.5. Yoxlanılan
sahibkarlıq subyektinin xüsusi qeydləri - onun yoxlama barədə
qeydi, müraciəti, şikayəti və digər aidiyyəti
məsələlər də reyestrə daxil edilir.
IV. Reyestrin aparılması
4.1. Reyestr elektron formada
aparılır.
4.2. Hər növbəti il üzrə yoxlamaların keçirilməsi
barədə bu əsasnamənin 3.4.2-ci, 3.4.5-3.4.11-ci bəndlərində
nəzərdə tutulmuş məlumatları özündə
əks etdirən, kağız üzərində və elektron
formatda tərtib olunmuş illik yoxlama planı yoxlayıcı
orqanın rəhbəri və ya onun vəzifəsini icra edən
şəxs tərəfindən imzalanmış məktubla hər
ilin 1 noyabr tarixindən gec olmayaraq Ədliyyə Nazirliyinə
təqdim edilir və ya onlayn rejimində göndərilir.
4.3. Bu əsasnamənin 4.2-ci
bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama
planında nəzərdə tutulub-tutulmadığından
asılı olmayaraq, yoxlamaların qeydiyyata alınması
üçün hər bir yoxlama barədə bu əsasnamənin
3.4.2-ci, 3.4.5-3.4.11-ci bəndlərində nəzərdə
tutulmuş məlumatlar, yoxlamadan ən azı 1 iş
günü əvvəl yoxlayıcı orqanın rəhbəri
və ya onu əvəz edən şəxs tərəfindən
imzalanaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir və
ya onlayn rejimində göndərilməlidir.
4.4. Yoxlama müraciət edilən
gündən 1 iş günü müddətində qeydiyyata
alınır.
4.5. Bir sahibkarlıq fəaliyyəti
subyektində yoxlamanın keçirilməsi barədə bir
neçə yoxlayıcı orqanın müraciəti əsasında
reyestrdə həmin yoxlayıcı orqanların
iştirakı ilə birgə yoxlama qeydiyyata alına bilər.
4.6. Reyestrdə qeydiyyata
alınmış yoxlama hər hansı səbəbdən
aparılmadıqda yoxlayıcı orqan bu barədə səbəbləri
göstərilməklə yoxlamanın aparılması nəzərdə
tutulan tarixdən 5 iş günü keçənədək Ədliyyə
Nazirliyini məlumatlandırmalıdır. Reyestrdə qeydiyyata
alınmış yoxlama sahibkarlıq fəaliyyəti subyektindən
asılı olmayan səbəblərdən
aparılmadıqda, həmin yoxlama növbəti 1 il müddətində təkrar qeydiyyata
alınmır.
4.7. Yoxlayıcı orqan
aparılmış hər bir yoxlamanın başa
çatmasından sonra 5 iş günü ərzində bu əsasnamənin
3.4.13-cü bəndində nəzərdə tutulmuş məlumatları
Ədliyyə Nazirliyinə təqdim etməlidir və ya onlayn
rejimində göndərməlidir.
4.8. Reyestrdə qeydiyyata
alınan hər bir yoxlamaya xüsusi alqoritm əsasında
vahid və təkrarlanmayan yoxlama kodu verilir.
4.9. Ədliyyə Nazirliyi
sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə
hər 3 aydan bir Azərbaycan Respublikasının Prezidentinə
və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat verir (keçirilmiş yoxlamaların predmeti və əsasları,
yoxlayıcı orqanlar və yoxlanılan sahibkarlıq subyektləri,
yoxlamaların nəticələri, qəbul olunmuş qərarlar,
yol verilən pozuntular, görülmüş tədbirlər,
təhlillər, statistik və digər göstəricilər
qeyd olunmaqla).
4.10. Reyestrdə
sahibkarlıq fəaliyyəti subyektləri və onlarda
keçirilmiş yoxlamalar barədə məlumat 10 il saxlanıldıqdan və ya sahibkarlıq fəaliyyəti
subyektinin fəaliyyətinə xitam verildikdən sonra arxivləşdirilir,
o şərtlə ki, zərurət yarandıqda, bu məlumat
bərpa edilə bilsin.
V. Reyestrdən məlumatların verilməsi qaydası
5.1. Yoxlamanın qeydiyyata
alınması barədə yoxlayıcı orqanlara qeydiyyat
aparıldığı gün, habelə yoxlanılan
sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında
sorğunun daxil olduğu gündən 2 iş günü
müddətində onlayn rejimində reyestrdən çıxarış
göndərilir. Reyestrdən çıxarışda
aşağıdakı məlumatlar göstərilir:
5.1.1. yoxlamanın
kodu;
5.1.2. yoxlayıcı
orqanın adı;
5.1.3. yoxlanılan
sahibkarlıq fəaliyyəti subyektinin adı və vergi
ödəyicisinin eyniləşdirmə nömrəsi;
5.1.4. yoxlamanın
aparılması müddəti (başlanılması və
sona çatması tarixləri);
5.1.5. yoxlamanın
predmeti və hüquqi əsası.
5.2. Yoxlamanın keçirilməsi
üçün yoxlayıcı orqanın vəzifəli
şəxsi yoxlamanın qeydiyyata alınması barədə
reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti
subyektinə təqdim etməlidir.
5.3. Yoxlayıcı orqanlar və
sahibkarlıq fəaliyyəti subyektləri reyestrin istifadəçiləridirlər.
5.4. Reyestrdə qeydiyyata
alınmış yoxlamalar barədə məlumat qeydiyyat
aparıldığı gün Ədliyyə Nazirliyi tərəfindən
bu əsasnamənin 5.5-5.7-ci bəndlərinin tələbləri
nəzərə alınmaqla internet şəbəkəsində
yerləşdirilir.
5.5. Yoxlayıcı orqanlar
yalnız özləri tərəfindən keçirilən
yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə
bilər.
5.6. Sahibkarlıq fəaliyyəti
subyektləri yalnız özləri ilə əlaqədar
aparılmış yoxlamalarla bağlı məlumat
bazasına daxil ola və həmin məlumatlardan
istifadə edə bilər.
VI. Reyestrin maliyyələşdirilməsi
Reyestrin
formalaşdırılması və aparılması dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
VII. Məsuliyyət
7.1. Yoxlayıcı
orqanların vəzifəli şəxsləri reyestrdə
qeydiyyatdan keçməyən və ya bu əsasnamənin tələbləri
pozulmaqla yoxlamaların aparılmasına görə
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
7.2. Ədliyyə Nazirliyinin reyestrin
aparılmasını həyata keçirən vəzifəli
şəxsləri reyestrin və yoxlamaların
qeydiyyatının aparılmasının, reyestr məlumatlarının
mühafizə və istifadə olunmasının bu əsasnamənin
tələbləri pozulmaqla həyata keçirilməsinə
görə qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan.- 2011.- 16 fevral.- S. 3.