Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

AzərTAc xəbər verir ki, fevralın 15-də Sənaye və Energetika Nazirliyində 2006-cı il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" üzrə Avropa İttifaqının nümayəndə heyəti ilə görüş olmuşdur.

Görüşdə sənaye və energetika nazirinin müavini Natiq Abbasov qonaqlara ötən illərdə Azərbaycanda enerji sahəsində həyata keçirilmiş layihələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ötən müddətdə memorandumun icrasının nəticəsi olaraq yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"ni imzalamışlar. Azərbaycanda zəngin enerji və qaz ehtiyatlarının olduğunu qeyd edən N.Abbasov bu istiqamətdə ölkə qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasını, Xəzər hövzəsində Avropa təchizatının etibarlılığını və təhlükəsizliyin təminatını, enerji tələbatı siyasətinin hazırlanması və texniki əməkdaşlıq məsələlərinin vacibliyini diqqətə çatdırmışdır. Azərbaycan sərvətinin xarici bazarlara çıxarılmasında maraqlıdır. Bunun üçün ölkəmizə qanunla tənzimlənən bazarlar, tam təhlükəsizliyi təmin olunmuş nəql infrastrukturu lazımdır. Hazırda "Cənub dəhlizi"nə daxil olan bir neçə layihə - TAP, "Nabukko", ATGI layihələri üzrə işlər aparılır. Bu layihələr həyata keçərsə, Azərbaycan həm ixracatçı ölkə, həm də tranzit rolunu oynayacaqdır.

Azərbaycanın Avropanın ən vacib tərəfdaşlarından biri olduğunu söyləyən Avropa Komissiyasının direktoru xanım Georgette Lalis enerji sahəsində uzunmüddətli əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 2.