Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstan AGRI layihəsinin texniki iqtisadi əsaslandırılmasını
2012-ci il aprelin 1-dək hazırlamaq barədə
razılığa gəlmişlər
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI (Azerbaijan-Georgia-Romania Interconnenector) layihəsinin texniki iqtisadi əsaslandırılmasını 2012-ci il aprelin 1-dək hazırlayıb başa çatdırmaq barədə razılığa gəlmişlər. Layihədə Azərbaycan maye qazının Avropaya nəqli nəzərdə tutulmuşdur.
AzərTAc RBK-ya (RosBiznesKonsaltinq) istinadla xəbər verir ki, Rumıniya iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və Macarıstanın milli inkişaf naziri Tamaş Fellegi fevralın 14-də Buxarestdə keçirdikləri görüşdən sonra bu barədə protokol imzalamışlar. Sənədə görə, tərəflər AGRI layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün maliyyə vəsaiti ayrılmasında layihədə iştirak edən şirkətlərə kömək edəcək, Avropa İttifaqı tərəfindən maliyyələşmənin ayrılması üçün zəruri sənədləri vaxtında hazırlayacaqlar. Avropa İttifaqının layihənin texniki iqtisadi əsaslandırılmasının 50 faizini maliyyələşdirəcəyi gözlənilir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan "Cənub dəhlizi" ilə qaz nəqlinin mühüm hissəsi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə kimi AGRI layihəsini inkişaf etdirmək barədə razılığa gəlmişlər.
İlkin
hesablamalara görə, layihənin dəyəri
terminalların gücündən asılı olaraq 1,2 milyard
avrodan 4,5 milyard avroyadək dəyişə, terminalların
gücü isə ildə 2-8 milyard kubmetr qaz təşkil edə
bilər. İnşaat işlərinin 2 il müddətinə
başa çatdırılması
planlaşdırılır.
Azərbaycan.- 2011.-16 fevral.- S. 2.