Azərbaycan nefti Ukraynanın, region ölkələrinin və bütövlükdə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir

 

"Ukrtransnafta" Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata görə, fevralın 13-də yerli vaxtla saat 16.35-də (Bakı vaxtı ilə 18.35-də - AzərTAc) "Mozır" PZU istiqamətində (Belarus Respublikası) Xəzər neftinin müntəzəm şəkildə nəql edilməsinə start verilmişdir.

Neftin nəql edilməsi "Ukrtransnafta" ASC və "Belorusskaya neftyanaya kompaniya" Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında neftin nəqli ilə əlaqədar xidmətlər göstərilməsi barədə bu il yanvarın 17-də imzalanmış müqavilənin icrası çərçivəsində başlanmışdır.

Fevralın 11-də içərisində 85 min ton "Azəri Layt" növlü yüngül neft olan ikinci tanker Ukraynanın "Yujnıy" dəniz neft terminalına (DNT) qəbul edilmişdir. Gözlənildiyinə görə, yaxın günlərdə həmin marşrut üzrə nəql edilmək üçün içərisində "Azəri Layt" növlü neft olan növbəti tanker partiyası "Yujnıy" dəniz neft terminalına qəbul ediləcəkdir.

"Ukrtransnafta" ASC-də onu da bildirmişlər ki, "Odessa-Brodı" boru kəməri vasitəsilə Xəzər neftinin avers rejimində başlanmış müntəzəm nəqlinin həcmi Ukraynanın neft nəqletmə sisteminin səviyyəsindən artıqdır. Bu, Ukraynanın, region ölkələrinin və bütövlükdə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir.

Müəssisədə bildirmişlər ki, bu fakt həm də Ukraynanın etibarlı tranzit ölkə rolunu təsdiq edir və Xəzər-Qara dəniz məkanında enerji ehtiyatları ilə təchizatın şaxələndirilməsində mühüm amillərdən biri kimi Ukraynanın statusunu daha da gücləndirir.

Şirkət Qərbi Ukraynanın "Qaliçina" ASC və "Nefteximik Prikarpatya" ASC neftayırma müəssisələrinin yüngül karbohidrogen xammalı ilə təchizatının təşkil edilməsi üçün texniki şərtlərin hazırlanması işlərini tamamlayır.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 2.