Azərbaycan Beynəlxalq Bankı - Moskva Rusiyanın bank sektorunda öz mövqelərini möhkəmlədir

 

Bir sıra ölkələrin bank sahələrini də əhatə etmiş dünya iqtisadi böhranının neqativ nəticələrinə baxmayaraq, Azərbaycan Beynəlxalq Bankı - Moskva 2010-cu ili müsbət nəticələrlə başa vurmuş və hətta Rusiyanın davamlı bankı sertifikatına sahib olmuşdur. 100 faiz Azərbaycan kapitalına əsaslanan ABB-Moskva hazırda Rusiyanın 150 ən iri bankından biridir.

ABB-Moskvanın İdarə Heyətinin sədri Fuad Abdullayev 2010-cu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirmişdir ki, keçən il bu bank üçün əsas maliyyə göstəricilərinin hamısının yaxşılaşması və uğurlu inkişaf dövrü olmuşdur. Onun sözlərinə görə, 2011-ci il yanvarın 1-də bankın aktivləri 2010-cu il yanvarın 1-nə olan vəziyyətlə müqayisədə 23 faiz artaraq 17.766 milyon rubla çatmış, bankın xüsusi kapitalı isə 27,6 faiz artaraq 1.567 milyon rubla bərabər olmuşdur. İl ərzində bankın mənfəəti 146,6 faiz artaraq 95,4 milyon rubl olmuşdur.

Bankın rəhbəri bildirmişdir ki, 2010-cu il noyabrın 1-i üçün olan məlumata görə, ABB-Moskva RBK reytinqində xalis aktivlərin həcminə görə 143-cü, kredit portfelinə görə 128-ci, hüquqi şəxslərə verilmiş kreditlərə görə 111-ci yeri tutmuşdur. 2010-cu ildə müştərilərin hesablarındakı pul vəsaitlərinin qalıqları dinamik şəkildə artaraq 5.090 milyon rubla çatmışdır. Fiziki şəxslərin hesablarındakı vəsaitlər il ərzində 95,7 faiz artaraq 2.168 milyon rubla, hüquqi şəxslərin hesablarındakı vəsaitlər isə 6,5 faiz artaraq 2.921 milyon rubla çatmışdır.

F.Abdullayev xüsusi vurğulamışdır ki, il ərzində bankın kredit portfeli 20,1 faiz artaraq 11.129 milyon rubla, hüquqi şəxslərə verilmiş kreditlərin həcmi 11,1 faiz artaraq 9.445 milyon rubla çatmışdır.

Mətbuat konfransında bildirilmişdir ki, ABB-Moskva banklararası kredit bazarında fəal operatordur. 2010-cu ildə banklararası bazarda cəlb edilmiş vəsaitlərin həcmi 36,1 faiz artaraq 11.445 milyon rubla bərabər olmuşdur. Keçən il 15 milyon dollar məbləğində maliyyələşdirmə cəlb edilməsi üçün klub əqdi bağlanmışdır. Bu əqdin iştirakçıları Raiffeisen Zentral Bank Osterreich AG, Rayffayzenbank QSC, OTP Bank Plc, "OTP Bank" ASC olmuşdur.

Bankın İdarə Heyətinin sədri Fuad Abdullayev daha sonra demişdir ki, keçən il 106 milyon dollar məbləğində 115.000 pul köçürməsi əməliyyatı aparılmışdır. Bu əməliyyatlar əsasən Rusiya ilə Azərbaycan arasında həyata keçirilmişdir. Visa və MasterCard sistemlərinə aid bank kartlarının emissiyası 26.000 vahidə çatmışdır. 2011-ci il yanvarın 1-nə olan məlumata görə ABB-Moskva bank kartlarına xidmət etmək üçün 169 POS-terminal və 39 bankomat quraşdırmışdır.

Bankın rəhbərinin fikrincə, keçən ilin mühüm hadisələrindən biri də bu strukturun Federal Gömrük Xidməti tərəfindən gömrük tədiyələrinin ödənilməsinə bank zəmanəti vermək hüququna malik olan bankların və digər kredit təşkilatlarının reyestrinə daxil edilməsi olmuşdur.

1 yanvar 2011-ci il üçün olan məlumata görə, ABB-Moskva Bankının satış şəbəkəsinə Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki iki filial və əlavə ofislər şəbəkəsi, habelə bankın Moskvadakı 8 bölməsi daxildir. 2010-cu ildə bankın Sankt-Peterburqdakı və Yekaterinburqdakı filialları bazasında əlavə ofislər açılmışdır. Bankın xidmət məntəqələrinin ümumi sayı 14-ə çatmışdır. Gələcəkdə potensial müştərilərin cəmləşdiyi yerlərdə, ilk növbədə, Moskva regionunda bu cür xidmət məntəqələrinin sayını daha da artırmaq nəzərdə tutulur.

Yeri gəlmişkən xatırladaq ki, ABB-Moskva RF ərazisində fəaliyyət göstərən bir sıra nüfuzlu peşəkar və ictimai təşkilatların tamhüquqlu və fəal üzvü, Moskva Hökumətinin müvəkkil bankıdır. ABB-Moskva Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın fəaliyyətində yaxından iştirak edir. O, Rusiyanın bir sıra iri şirkətlərinin və korporasiyalarının tərəfdaşıdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 2.