Azərbaycanda DVB-T rəqəmli
televiziya yayım sisteminin tətbiqi ilə bağlı proqram
təsdiq edilmişdir
AzərTAc xəbər verir ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"nı təsdiq etmişdir.
Proqramın əlaqələndirici orqanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilmişdir.
Yeni proqramın məqsədi analoq yayımdan rəqəmsal yayıma keçid üçün lazımi şəraitin yaradılmasıdır. 2011-2012-ci illəri əhatə edən birinci mərhələdə ən azı bir açıq paket olmaqla Bakı, Gəncə, Naxçıvan və respublikanın sərhəd bölgələrində rəqəmli televiziya yayımının təşkili nəzərdə tutulur. 2013-cü ili əhatə edəcək ikinci mərhələdə digər güclü radio-televiziya stansiyalarında optimal yayımın tələblərini təmin etməklə iki, üç və daha artıq paketdən ibarət rəqəmli televiziya vericilərinin quraşdırılması nəzərdə tutulur. Birinci mərhələnin sonunda bəzi güclü radio-televiziya yayımı stansiyalarında, ikinci mərhələnin sonunda isə respublikada analoq yayımın tam dayandırılması planlaşdırılır.
Hazırda Azərbaycanda
30-dək dövlət, ictimai, özəl və xarici teleradio
şirkəti fəaliyyət göstərir. 2010-cu ilin sonuna
olan məlumata görə, respublika əhalisinin televiziya
yayımı ilə əhatəsi bir proqramla 99,9 faiz, iki
proqramla 99,4 faiz, üç proqramla 96 faiz, dörd proqramla 90
faiz təşkil etmişdir.
Azərbaycan.- 2011.-16 fevral.- S. 2.