"Mədəniyyət haqqında" qanuna əlavə və dəyişikliklər olacaqdır

 

Fevralın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri Nizami Cəfərov ilk olaraq 2010-cu ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, bu dövrdə komitənin 3 iclası keçirilmiş, bir sıra sənədlər, o cümlədən "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Təhsil haqqında" qanunlara dəyişiklik və əlavələrin edilməsi barədə və digər məsələlər müzakirə olunaraq Milli Məclisə tövsiyə olunmuşdur.

Sonra parlamentin komitə Sədri 2011-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planını təqdim etdi. Bildirdi ki, sessiya ərzində komitədə qanunvericilik təşəbbüsü qaydasında daxil olacaq sənədlərin, bir sıra qanunlara, o cümlədən "Mədəniyyət haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi barədə məsələlərin müzakirəsi gözlənilir.

İclasda iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Firudin Qurbanov "Mədəniyyət haqqında" qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı məlumat verdi. Bildirdi ki, əsas məqsəd ölkənin milli-mədəni dəyərlərinin qorunub saxlanılması, eyni zamanda bu sahənin müasir tələblər səviyyəsinə yüksəldilməsidir. Qeyd edildi ki, bu qanunun üzərində təkmilləşdirmə işlərinin aparılması üçün nazirlikdə işçi qrupu yaradılıb. Hazırda mədəniyyət sahəsində baş verən dəyişiklikləri nəzərə alaraq qanuna bir sıra əlavələrin edilməsinə ehtiyac var. Sənədə vahid mədəni məkanın qorunub saxlanılması və inkişafı, mədəniyyət təşkilatlarının səlahiyyətləri, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı şəxslərin hüquq və vəzifələri, beynəlxalq əməkdaşlıq, xaricdə mədəniyyət mərkəzlərinin fəaliyyəti və digər məsələləri əhatə edən yeni maddələrin əlavə olunması təklif olunur.

İclasda çıxış edən komitə üzvləri təklif olunan əlavə və dəyişikliklər barədə, eyni zamanda bu günlərdə efirdə Mədəniyyət kanalının fəaliyyətə başlaması, adlar və soyadları ilə bağlı fikirlərini açıqladılar.

 

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 2.