Xocalı soyqırımına gedən
yol
Möhtəşəm tarixi keçmişə malik Azərbaycan zaman-zaman üzləşdiyi ən ağır sınaqlardan belə şərəflə çıxmağı bacarıb. Bununla mövcudluğunu, milli varlığını daha da möhkəmləndirib, illər, əsrlər keçdikcə geridə hər zaman zəngin bir keçmiş qoyub. Elə bu səbəbdəndir ki, hər bir azərbaycanlı öz tarixi ilə, ata-babalarının keçdiyi yolla fəxr edir. Lakin keçmişimizin güzgüsü olan tarixin səhifələri heç də həmişə ağ vərəqlərə həkk olunmayıb. Bəzən qanla elə qanlı səhifələrdə yazılan tarix xalqımızın həm də hansı böyük faciələrlə üzləşdiyini, hansı dəhşətlər yaşadığını real faktlar əsasında gözlər önünə sərgiləyir.
Ermənilərə qarşı ən
böyük sipər
Müxtəlif vaxtlarda Azərbaycan xalqına qarşı törədilmiş və çox zaman da ən qəddar vəhşiliklərlə müşayiət olunmuş soyqırımları da tariximizin qan və dəhşət saçan səhifələrindəndir. Bəzi soyqırımı tarixlərinin müasirləri olmağımız, yaşananlara canlı şahidlik etməyimiz isə bu müsibətlər olaylarının nə dərəcədə genişmiqyaslı faciələr olduğunu daha aydın təsəvvür etməyə imkan verir. Lakin yaşanan faciələrin Azərbaycan tarixində qoyduğu izlər bununla məhdudlaşmır. Daim sülhün, əmin-amanlığın tərəfdarı olan xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi-siyasi qiymətini almaması da illər boyu ən böyük ədalətsizliklərdən biri olub. Halbuki, Azərbaycan torpaqlarının, eləcə də xalqının bölünməsinin əsasını qoyan Gülüstan, Türkmənçay müqavilələrindən sonra ölkəmiz mərhələli şəkildə təkcə etnik yox, həm də mənəvi soyqırımlara məruz qalıb. Bu soyqırımlara hüquqi-siyasi qiymət verilməməsi isə yaşanmış faciələrin özü qədər dəhşətlidir.
Yalnız ümummilli lider Heydər Əliyevin xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qaydışından sonra yaşanan soyqırımları haqda daha təfsilatlı araşdırmalar aparıldı. Eyni zamanda bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi prosesi başlandı. Dünyaya xalqımızın üzləşdiyi fəlakətlər barədə ətraflı, fakt və sübutlarla zəngin olan məlumatlar çatdırıldı. Bütün bunlar ulu öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi çoxsaylı tarixi xidmətlərdən birinə çevrildi. XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin də həm bir soyqırımı olaraq təsbit edilməsi, həm də bu barədə həqiqətlərin dünyaya çatdırılması məhz Heydər Əliyevin sayəsində mümkün oldu.
Tarixin ironiyası isə ondan ibarətdir ki, ötən əsrin sonlarında Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə Azərbaycan xalqının üzləşdiyi yeni faciələr, yaşadığı soyqırımları elə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş verdi. Həmin vaxta qədər keçmiş SSRİ rəhbərliyinin hərtərəfli dəstəyini alan ermənilərin Azərbaycana qarşı məkrli planlarının reallaşmasının qarşısını məhz ulu öndər Heydər Əliyev alırdı. Ermənilər və onların himayədarları yaxşı başa düşürdülər ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində Azərbaycana qarşı heç bir iddialarını reallışdıra bilməycəklər.
Dağlıq Qarabağ
münaqişəsinin başlanğıcı
Artıq sübut olunmuş tarixi həqiqətdir ki, ölkəmizin ermənilər tərəfindən ərazi bütövlüyünə qəsd planı əvvəlcədən hazırlanmışdı. SSRİ-yə rəhbərlik edən Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə yer alan ermənilər tərəfindən müdafiə olunan planın reallaşması üçün ciddi işlər görülürdü. Lakin planın praktik mərhələyə keçməsi Azərbaycan xalqının böyük oğlunun SSRİ-də mühüm rəhbər postlardan birində yer aldığı müddət ərzində mümkünsüz idi və bu həqiqətlə ermənilər, onların himayədarları da birmənalı şəkildə barışırdı. Bu səbəbdən ermənilərin təhriki və diktəsi ilə hərəkət edən Qorbaçov ilk növbədə Heydər Əliyevin tutduğu vəzifədən uzaqlaşdırılmasına çalışırdı və təəssüf ki, istəyinə də nail oldu. Mərhum şair Bəxtiyar Vahabzadənin təbirincə deyilsə, bu, Moskvada Azərbaycanın yeganə və ən böyük qalasınıın yıxılması demək idi. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəblərindən biri SSRİ siyasi rəhbərliyini ələ almış erməni lobbisinin təsir və təzyiqləri idisə, digər önəmli səbəb Qorbaçovun subyektiv hisslərinin əsiri olması, ondan daha yaxşı idarəçilik qabiliyyətinə, səriştəyə malik bir şəxsin Kremldə olmasını həzm edə bilməməsi idi.
Azərbaycanın böyük oğlunun Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra Qorbaçovun xeyir-duası ilə ermənilər Azərbaycana qarşı qəsd planlarının icrasına başladılar. 1987-ci ilin noyabrında M.Qorbaçovun məsləhətçisi olan qatı şovinist A.Aqanbekyanın Parisdə "Humanite" qəzetindəki bəyanatında bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair artıq Moskvanın razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" - demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasına mən ciddi maneə imişəm".
SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişləndi. Bundan sonra erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat da formalaşdırıldı.
O dövrdə Azərbaycana rəhbərlik edən şəxslər artıq özünü qabarıq formada və aydın şəkildə büruzə verən Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində hansısa praktik addımların atılmasında acizlik nümayiş etdirirdi. Yalnız Kremlin göstərişləri əsasında atılan addımlar Azərbaycan ərazilərinin qəsb olunması prosesini sürətləndirirdi. Qarabağ məsələsinin ortaya çıxması isə elə ilk dövrlərdə Moskvada olan Heydər Əliyevi ciddi narahat edirdi. Bu səbəbdən Qorbaçovla, onunla mümkün olmadıqda Liqaçovla, Çebrikovla, Kryuçkovla görüşüb problemin həllinə çalışırdı. Qarabağın əzəli Azərbaycan torpağı olmasına dair əlindəki sənəd və sübutları da Kreml rəhbərliyinə təqdim etmək istəyən Heydər Əliyevə Moskvanın cavabı belə oldu: "Biz Qarabağda erməni-azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik".
Bakıya, Moskvaya
ünvanlanmış saysız-hesabsız cavabsız teleqramlar
Belə şəraitdə Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi ölkəmizin əzəli və tarixi ərazisi olan Dağlıq Qarabağda Ermənistanın mövqeyinin daha da güclənməsinə gətirib çıxarırdı. Erməni separatçılarının bu yerlərdə mövqelərinin güclənməsi və ona qarşı rəhbərlik səviyyəsində ciddi tədbirlərin görülməməsi isə ölkə ərazilərinin itirilməsinə, yaşanacaq faciələrə, o cümlədən Xocalı soyqırımına gedən yolun başlanğıcını qoyurdu. Amma nə yazıq ki, o dövrkü rəhbərlik bunu dərk etməkdə acizlik göstərirdi.
Bu vəziyyətdə SSRİ rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan ayrılması üçün müvafiq addımlar atmağa başladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd olan qərarı rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "Türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar. Bu isə tarixi Azərbaycan torpaqlarında yaranan indiki Ermənistan ərazisində olan on minlərlə azərbaycanlıya qarşı böyük qəddarlıqlarla müşayiət olunan etnik təmizləməyə rəvac verilməsi demək idi. 1988-ci ilin fevralından Yerevanda başlanan kütləvi mitinqlərdə iştirakçılar "Ermənistanı türklərdən təmizləməli", "Ermənistan yalnız ermənilər üçündür" kimi şüarlar səsləndirirdi. Mitinqlər başlandıqdan sonra Yerevanda salamat qalan yeganə məscid binası, eləcə də azərbaycanlı şagirdlərin təhsil aldığı orta məktəb, teatr binası yandırıldı. Buna qarşı etiraz edən azərbaycanlıların da evlərinə od vuruldu. Lakin əsl faciə hələ qabaqda idi.
Elə həmin dövrdə ermənilərin Dağlıq Qarabağda da separatçı fəaliyyəti genişlənirdi. Ölkə rəhbərliyindən heç bir kömək görməyən azərbaycanlılar isə yaşadıqları ərazilərin müdafiəsi məqsədilə özləri könüllü fəaliyyətə başlamışdı. Ermənilərin qəsbkarlıq niyyəti bir çox yaşayış məntəqələri kimi Xocalını da özünümüdafiəsini gücləndirməyə vadar etdi. 1988-ci il fevralın 12-də Xocalı rəhbərliyi Əsgəranda keçirilən yığıncağa dəvət olundu. Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi V.Konovalovun, şöbə müdiri M.Əsədovun iştirakına baxmayaraq, ermənilər Ermənistana birləşmək istədiklərini açıq şəkildə bəyan etdilər. Xocalının sabiq icra başçısı Elman Məmmədov xatırlayır ki, həmin yığıncaqdan çıxıb Xocalıya gəldikdən sonra ağsaqqallar və ziyalılarla təcili görüş keçirərək vəziyyəti onlarla müzakirə edib. Elə həmin gündən Xocalının və ətraf kəndlərin müdafiəsi üçün Müdafiə Komitəsi yaradıldı. Həmçinin Xocalının müdafiəsi məqsədilə müdafiə postları formalaşdırıldı. Bu postlara çıxan dəstələrin isə silahları yalnız ov tüfənglərindən ibarət idi. Ermənilərin Xocalı və bütövlükdə Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya saysız-hesabsız teleqramlar vurulsa da, nəticə yox idi...
(ardı var)
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-16 fevral.- S. 4.