Dövlət Dəniz
Administrasiyasının kollektivi öz fəaliyyətində
beynəlxalq əməkdaşlığı prioritet hesab edir
Ölkəmizdə dəniz nəqliyyatı sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, korrupsiyaya şərait yaradan halların aşkarlanması və aradan qaldırılması, habelə dəniz nəqliyyatında baş vermiş və gözlənilən fövqəladə halların aradan qaldırılması istiqamətində ötən il bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. İlk növbədə administrasiyada yaradılan "qaynar xətt" rabitə əlaqəsini misal göstərmək olar. Qeyd edək ki, bu əlaqə həftənin yeddi günü bütün sutka ərzində aktivdir.
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirir ki, 2010-cu ildə də əvvəlki dövrlərdə olduğu kimi, müvafiq beynəlxalq qurumlarla əməkdaşlığa üstünlük verilmişdir. Ötən il administrasiyanın əməkdaşları 11 beynəlxalq təlimdə, 20-dən çox müxtəlif xarakterli tədbirdə iştirak etmişlər. Qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətində atılan addımlar qurumun səmərəli fəaliyyətinə mühüm təsir göstərmişdir. Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqının Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarla əlaqələr ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Ötən ilin martında Dövlət Dəniz Administrasiyasının təşəbbüsü ilə ölkəmizin "Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında" Beynəlxalq Konvensiyaya qoşulması ilə bağlı qanun qəbul olunmuşdur.
2010-cu ildə Dövlət Dəniz Administrasiyası bir sıra beynəlxalq layihələrdə uğurla iştirak etmişdir. Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Azərbaycan üzrə Fəaliyyət Proqramı çərçivəsində "Dəniz təhlükəsizliyi sahəsində beynəlxalq normaların Azərbaycan Respublikasının qanunvericiliyinə tətbiqi" layihəsi administrasiya tərəfindən tvininq layihəsi olaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur. Bu layihə avropalı ekspertlərlə birlikdə təhlil edilmiş və Avropa Komissiyası tərəfindən maliyyələşdirilməsi üçün bu quruma müraciət olunmuşdur. Suriya Gəmiçilik Palatası ilə Əməkdaşlığa dair Anlaşma Memorandumunun, İordaniya Haşimilər Krallığı hökuməti ilə ticarət gəmiçiliyi haqqında sazişin, Azərbaycan hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında ticarət gəmiçiliyi sahəsində sazişin, habelə Azərbaycanla Rusiya Federasiyası arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında sazişin layihələri son variant kimi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Azərbaycanla Yunanıstan arasında dəniz nəqliyyatına dair sazişin layihəsi də qarşı tərəfə göndərilmək üçün Xarici İşlər Nazirliyinə verilmişdir.
Ötən
il Dövlət Dəniz Administrasiyası tərəfindən
qanunvericiliklə təmin edilmiş qaydada Azərbaycan
bayrağı altında üzən gəmilərin (kiçik
həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatı
və dövlət reyestrinin aparılması, gəmi sənədlərinin
verilməsi prosesi uğurla başa
çatdırılmışdır. Administrasiya tərəfindən
119 gəmiyə Azərbaycan Respublikasının Dövlət
Bayrağı altında üzmək hüququ haqqında, 93 gəmiyə
mülkiyyət hüququ haqqında, 45 gəmiyə minimum heyət
tərkibi haqqında, 146 gəmiyə neft və çirklənmədən
vurulan zərərə görə mülki məsuliyyətin
maliyyə təminatı haqqında şəhadətnamə,
120 gəmiyə əmniyyətli idarəetmə haqqında
şəhadətnamə, 30 gəmiyə bunker yanacağı
ilə çirklənmə nəticəsində vurulan zərərə
görə mülki məsuliyyətlə bağlı
sığorta və digər maliyyə təminatı
haqqında sertifikat verilmiş, 127 gəmi tarixinin fasiləsiz
qeydlər sənədi dəyişdirilmişdir. Bununla
yanaşı, 6 müxtəlif təyinatlı gəmi, səyyar
üzən qazma qurğuları Azərbaycan
Respublikasının Dövlət Gəmi Reyestrində
qeydiyyata alınmış və onlara müvafiq şəhadətnamələr
verilmişdir. "Caspian
Protector", "Caspian Power" və "Caspian
Supporter" gəmiləri Berbout-çarter reyestrində
qeydiyyata alınmışdır. Dəniz nəqliyyatı sahəsində
fəaliyyət göstərən şirkətlərin ölkəmizin
qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə
uyğunluğunun yoxlanılması məqsədilə
şirkətlərdə müvafiq yoxlamalar
aparılmış, 24 şirkətə administrasiya tərəfindən
"Tanınma haqqında Şəhadətnamə"
verilmişdir.
2010-cu il ərzində Azərbaycan
Dövlət Dəniz Gəmiçiliyinə məxsus
"Ordubad", "Vaqif", "Qəhrəman
Hüseynov", "Mühəndis Mustafa Əli",
"General Mehmandarov", "Qəhrəman Həsənov"
və "Koroğlu" gəmilərinin dok-üzmə
müddətinin və "Qarabağ", "Zəngilan"
gəmilərinin isə klass üzmə müddətinin
artırılmasına icazə verilməsi barədə qərar
qəbul edilmişdir. Ötən il ölkənin ərazi
sularında dörd qəza hadisəsi baş vermişdir.
Bunlar "Tuğcemre" yaxtasının batması,
"Svetlomor-2" gəmisində yanğın hadisəsi,
"İran Moyen" gəmisinin Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının körpüsünə
çırpılması və Rusiya Federasiyasının
bayrağı altında üzən "Orien-5" gəmisində
matrosun ölümü ilə bağlı hadisələrdir.
Bu qəzaların hər biri qanunvericiliklə müəyyən
olunmuş qaydada araşdırılmış, müvafiq tədbirlər
görülmüşdür. Hesabat ili ərzində Azərbaycan
bayrağı altında üzən gəmilərdə bir
sıra istiqamətlər üzrə yoxlamalar
aparılmış, gəmi heyətlərinin qanunvericilik əsasında
fəaliyyəti təmin olunmuşdur.
Azərbaycan Dövlət Dəniz
Administrasiyanın kollektivi 2011-ci ildə də öz fəaliyyətini
ölkə qanunvericiliyinin tələbləri əsasında
quracaq, Beynəlxalq Dəniz Təşkilatı və digər
qurumlarla əməkdaşlığı daha da intensivləşdirəcəkdir.
Akif CABBARLI
Azərbaycan.- 2011.-16 fevral.- S. 5.