İğtişaşların ssenarisi Moskvada, Siyasi Büroda hazırlanmışdı

 

Sumqayıt hadisələrindən 23 il keçir

 

İkinci Dünya müharibəsindən sonra Qərbin SSRİ-yə qarşı elan etdiyi "soyuq müharibə" 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində artıq öz nəticəsini verməkdə idi. Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov bütün siyasi fəaliyyətinin böyük bir hissəsini Avropanın SSRİ-ni iflasa uğratmaq cəhdləri ilə uyğunlaşdırırdı. Bu proseslərin hazırlanması və həyata keçirilməsində bir sıra xarici dövlətlərin kəşfiyyat qrupları xüsusi canfəşanlıq edirdilər.

Qırmızı imperiyanın parçalanması, yer üzündən silinməsi müttəfiq respublikaların xalqlarını qarşı-qarşıya qoymaq, etnik münaqişələr yaratmaq "zəruriyyətini" ortaya qoyurdu. Bu cür münaqişələrdən biri həssas bölgələrdən olan Dağlıq Qarabağda yaradıldı. Keçmiş SSRİ-də milli məsələnin ən əsas amillərdən biri olduğu yaddan çıxmamışdı. Özünün iflası prosesini yaşayan imperiyada hər hansı lokal qarşıdurma genişmiqyaslı münaqişəyə çevrilə bilərdi. Həmin vaxtlarda meydana atılmış Dağlıq Qarabağ məsələsi Azərbaycanda bir sıra problemlərin ortaya çıxmasına səbəb oldu və ermənilər bu faktordan məharətlə istifadə edərək öz bədnam niyyətlərini həyata keçirməyə başladılar.

1988-ci ilin fevralında Sumqayıtda iğtişaşların törədilməsinin bir neçə səbəbi vardı. Ermənilər Azərbaycandakı soydaşlarının zorakılığa məruz qalması görüntüsü ilə nəinki bu şəhərin sakinlərinin, bütövlükdə azərbaycanlıların şəxsində düşmən obrazı yaratmaq, bununla da öz mənfur niyyətlərini ört-basdır etmək fikrində idilər. Həmin illərdə Sumqayıtda gənclər çoxluq təşkil edirdi. Onlar müxtəlif bölgələrdən gəlir, işə düzəlir, yataqxanalarda yaşayırdılar. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı şəhərdə hər cür adam tapmaq mümkün idi. Müşahidəçilər sonralar yazacaq və deyəcəkdilər ki, ermənilər sumqayıtlı gənclərə pulsuz olaraq tərkibinə müxtəlif uyuşdurucu maddələr qatılmış çoxlu miqdarda alkaqollu içkilər paylamışdılar. Ermənistandan qaçqın düşərək respublikamıza pənah gətirənlərin böyük hissəsi də məhz Sumqayıtda məskunlaşmışdı. Öz doğma yurd-yuvalarından zorla qovulan bu adamların təbii narazılıqlarından imkan daxilində istifadə etmək, eləcə də hadisələrin guya onlar tərəfindən törədildiyini bəyan etmək daha inandırıcı görünürdü.

Həmin dövrdə "Krunk" erməni təşkilatının üzvlərinin bir qismi Sumqayıtda yaşayırdı. Onlar Ermənistanla sıx əlaqə saxlayır, müntəzəm olaraq hadisəni necə törətmək, necə hərəkət etmək barədə təlimatlandırılırdılar. Sumqayıtda elə bir erməni ailəsi yox idi ki, onun yaşayış şəraiti digər xalqların nümayəndələrindən aşağı olsun. Tolerant ölkə olan Azərbaycanda onlar üçün hər cür şərait yaradılmışdı. Hətta orta məktəblərdə erməni dili tədris olunurdu. Hadisələrdən sonra Ermənistana köçənlər orada yaşaya bilmədilər, Rusiyanın müxtəlif şəhərlərində məskən saldılar.

Həmin illərdə Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri işləyən Vaqif Qəhrəmanov (hazırda Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimidir) bildirir ki, Sumqayıt hadisələrinin beynəlxalq aləmə obyektiv, dolğun çatdırılması ilə bağlı harada işləməyimizdən asılı olmayaraq hər kəsin vətəndaşlıq borcudur. Hadisələrin mahiyyətinin indiki nəslə olduğu kimi çatdırılması üçün ilk növbədə təbliğat işini gücləndirməliyik. Bəs indi bu məsələ hansı səviyyədədir? Hadisələrlə bağlı hansısa internet saytından məlumat toplamaq istədikdə təəssüf doğuran nəticə ilə üzləşirsən - Sumqayıt iğtişaşları ilə bağlı internet saytlarında Azərbaycan dilində yalnız bir neçə cümlə var. Amma ermənilər öz saytlarında bununla bağlı onlarca uydurma məlumat yerləşdiriblər. Bədnam qonşularımız Sumqayıtda baş verənləri öz mənafelərinə uyğun şərh edir, yalançı şahidlərin dili ilə azərbaycanlıların mənfi obrazlarını yaratmağa səy göstərirlər. Neçə əsrlərdir ki, özlərini dünyaya "məzlum xalq" kimi təqdim edən, beynəlxalq rəyi öz maraqlarına uyğun formalaşdırmağa can atan erməni təbliğatının qarşısını almalı, dəlil və sübutlarla çıxış etməli, haqq səsimizi ucaltmalıyıq.

Sumqayıt hadisələrinin fəal tədqiqatçılarından olan jurnalist Eyruz Məmmədov təəssüf hissi ilə vurğulayır ki, həqiqətən də bu sahədə güclü təbliğatın aparıldığını demək olmaz: "Son vaxtlar virtual aləmdə erməni yazarlarının və ermənipərəst rus publisistlərinin Sumqayıt hadisələri ilə bağlı yeni uydurmalarına, ağlagəlməz versiyalarına rast gəlirik. Bu adamlar 1988-ci ilin fevral iğtişaşlarında həlak olanların sayını artırmağa cəhd göstərirlər. Tez-tez internet səhifələrində öldürülənlərin sayını gah 53, gah 78, hətta 120 göstərənlər də tapılır. Ermənilər son vaxtlar Azərbaycanla İsrail arasında yaranan əməkdaşlıqdan yaman narahatlıq hissi keçirirlər. Bu yaxınlığa kölgə salmaq istəyən erməni siyasətçiləri regionun ən tolerant şəhəri kimi tanınan Sumqayıtın üzərinə çirkab atmaqdan belə çəkinmirlər. Onlar tez-tez internet saytlarında 1988-ci il hadisələri zamanı bu şəhərdə guya yəhudilərin də amansızcasına qətlə yetirilmələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa cəhd edirlər".

Son dövrlərdə internetdə Sumqayıt hadisələri barədə neqativ səhifələrin sayı artmaqdadır. Jurnalist Eyruz Məmmədov araşdırmalar zamanı öyrənib ki, ötən əsrin 80-ci illərində SSRİ baş prokurorunun müavini işləyən, hazırda Rusiya Dövlət Dumasında komitə sədri vəzifəsi tutan Vladimir İlyuxin Özbəkistanda "pambıq işi" adlanan istintaq prosesini aparan Telman Qdlyanın həmin vaxt yığdığı rüşvətin tən yarısını "Krunk"a ötürdüyünü jurnalistlərə etiraf edib. Belə ki, erməni müstəntiq o vaxt "korrupsiyanın qarşısını almaq" üçün Özbəkistan rəhbərliyindən zorla qopartdığı 40 milyon rublun cəmi 20 milyonunu Moskvaya aparıbmış. O, əsl həqiqəti uzun illər gizlətməyə çalışsa da, sonradan boynuna alıb ki, pulun yarısını adıçəkilən təşkilata çatdırıb. Əsl erməni hiyləgərliyinə, şovinistliyinə və separatçılığına əyani misallardan biri də məhz budur.

Eyruz Məmmədovun 2008-ci ildə Sumqayıt hadisələrinə həsr olunan "Dvadsat let spustya" (20 il keçəndən sonra) kitabı geniş oxucu marağına səbəb olmuşdur. Müəllifin elektron poçtuna dünyanın bir sıra ölkələrindən gələn rəy və mülahizələr də bunu təsdiqləyir. "Bəzən mənə ciddi iradlar da ünvanlayırlar. Əsasən də erməni və rus politoloqları, jurnalistləri məni ermənilərin şərəf və ləyaqətini alçaltmaqda suçlayırlar. Yeganə cavabım isə ermənilərin tarix qarşısında zaman-zaman günah işlətdiklərini, milli ayrı-seçkilikdə, genosiddə, separatçılıqda ad çıxartdıqları ilə bağlı olur. Milli şərəf və ləyaqətin itirilməsi də məhz onların bu əməllərindən qaynaqlanır. Qoy günahı özlərində axtarsınlar. Türklərin və azərbaycanlıların qarşısında öz günahlarını yumaq üçün hər bir fürsətdən yararlanmağa çalışsınlar, - onlara məhz bu sözləri çatdırıram. 2008-ci ildə "Space" telekanalında Sumqayıt hadisələri ilə bağlı filmin nümayişindən sonra Ermənistan dövlət televiziyasında bununla bağlı tok-şou göstərildi. Məni o ki var tənqid etdilər, o ki var qınadılar. Bu, məni əslində çox sevindirir. Deməli, ox hədəfə dəymişdi. Bu film sonralar səkkiz dilə tərcümə olunaraq bir sıra ölkələrə göndərildi. Çox keçmədi, ermənilər də Sumqayıt hadisələri barədə televiziya filmi çəkdilər. Təbii ki, böhtan dolu, həqiqətdən uzaq bu kinolent erməni separatizminə, qaniçənliyinə haqq qazandırmağa yönəlmiş uğursuz cəhddən savayı bir şey deyildi.

Sumqayıt hadisələrinin mərkəzində olan digər insanlarla da görüşdük. Şahidlərin həmin faciəyə bugünün prizmasından necə baxdıqları ilə maraqlandıq. Həmin dövrdə "Sosialist Sumqayıtı" qəzetinin məsul katibi işləyən qocaman jurnalist Ramiz Tapdıqlı fevral hadisələrini bədnam qonşularımızın "böyük Ermənistan" xülyasını reallaşdırmaq cəhdlərinin qanla yazılmış səhifəsi kimi dəyərləndirdi: "O illərdə şəhərdə 80-dən çox millətin, etnik azlığın nümayəndələri yaşayırdı. Elə indi də şəhərimiz bir çox millətlərin sərbəst yaşayıb işlədiyi tolerant məkan kimi tanınır. Sözümün canı odur ki, ermənilərə o vaxt gözün üstə qaşın var deyən də yox idi. Ən gəlirli, rahat sahələrdə işləyir, sərbəst gəzib dolanırdılar. Bu hadisələri də özləri yaratdılar, özləri özlərini vurub öldürdülər, atdılar bizim üstümüzə. Bizim camaat, əksinə onları gizlədir, himayə edir, erməni gülləsindən, bıçağından qoruyurdular. Həkimlərimiz bu barədə kifayət qədər məlumatlıdır. Qəzetimizdə o vaxt imkan tapan kimi bütün bunlar barədə müfəssəl yazılar verdik. Baş redaktorumuz, indi haqq dünyasında olan Kamran Hacıyev bütün informasiyaları ilkin mənbədən toplamağı tapşırmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları, partiya funksionerləri, tibb işçiləri, iğtişaşları müşahidə etmiş insanlarla görüşür, hadisələri xronoloji ardıcıllıqla işıqlandırmağa çalışırdıq. Doğrudur, şəhər komendantı, hərbçi zabitlər bu yazıların işıq üzü görməsinə ciddi maneçilik törədirdilər. Amma biz az imkanlardan da maksimum istifadə etməyə çalışırdıq. Çətin işləyirdik, ciddi problemlərlə üzləşirdik, amma redaksiyamızın işıqları gecə-gündüz yanırdı. O günlər əməkdaşlarımız əsl jurnalist fədakarlığı göstərdilər. Sumqayıt həmişə çörəkli şəhər olub, millətindən asılı olmayaraq hər kəsə qucaq açıb. Amma ermənilər hər yerdə olduğu kimi, bu şəhərdə də öz əsl xəyanətkar sifətlərini açıb göstərdilər, azərbaycanlıların adına ləkə gətirmək istədilər. Amma keçməz, tarix özü hər şeyi yoluna qoyacaq".

Sumqayıt hadisələrindən öncə şəhərdə gəzən söz-söhbət fevralın 28-nə keçən gecə baş vermiş hadisələrdə öz təsdiqini tapdı. Şəhərin müxtəlif ərazilərində tonqallar yandırılır, nömrəsiz maşınlardakı xüsusi təlim keçmiş adamlar küçələri dolaşaraq hamını səfərbər olmağa, ermənilərə qarşı hücuma çağırırdı. Bəzi maşınlardan səsgücləndiricilərlə ermənilərin yaşadığı ünvanlar, ad və soyadları səsləndirilirdi. Proseslərin ermənilərin və onların Moskvadakı havadarlarının əvvəlcədən planlaşdırdıqları ssenari üzrə davam etməsi, ölkəmizin hüquq-mühafizə orqanlarının fəaliyyət imkanlarının məhdudlaşdırılması Sumqayıt hadisələrinin baş verməsini labüd etdi. İlk qarşıdurmalar fevralın 27-də baş verdi. Ayın 28-də isə şəhərdə artıq ölüm faktları qeydə alınırdı. Şəhərin inzibati orqanlarının, milis idarəsinin və digər təşkilatların iflic vəziyyətə salınması hadisələrin qarşısının alınmasına ciddi maneçilik törədirdi. İndi fərdi təqaüddə olan Üzeyir Dadaşov o illərdə milis mayoru, Xələf Mənsimov və Nəsib Abışov isə kapitan rütbəsində idilər. Keçmiş milis işçiləri Sumqayıt hadisələrini acı təəssüf hissi ilə, ürək ağrısı ilə xatırlayırlar.

Üzeyir DADAŞOV: - İğtişaşların ssenarisinin əvvəlcədən hazırlandığı göz qabağında idi. Mehmanxanalarda yerləşdirilmiş qara gödəkçəlilərin canfəşanlığı, hadisələrin tez-tələsik videolentə köçürülməsi, tabel silahlarımızın SSRİ Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun nümayəndələrinin əmri ilə yığışdırılması bizə hadisələrin gedişinə nəinki qarışmağa, sadəcə bu hadisələrin niyə törədilməsi ilə maraqlanmağa da imkan vermirdi. Hər şey SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun əməkdaşlarının nəzarətində idi. İpin ucu isə birbaşa Moskvaya, ölkənin siyasi rəhbərliyinə gedib çıxırdı. Spirtli içkilər içirilmiş başıpozuq dəstənin özündə-sözündə olmayan azərbaycanlı iştirakçılarının şəkilləri, videogörüntüləri birbaşa Siyasi Büroya göndərilirdi.

Xələf MƏNSİMOV: - Sənaye şəhərində, əhalisinin əksəriyyətinin cavan olduğu bir məkanda bu cür hadisələri törətmək praktikası əvvəlcədən var idi. Ötən əsrin 60-cı illərində Nikita Xruşşovun vaxtında da Sumqayıtda bu cür iğtişaşlar baş vermişdi. Qorbaçov özündən əvvəlki rəhbərlərin strategiyasından gen-bol istifadə etməyi "bacardı". DTK ölkədə sabitlik yaratmaq əvəzinə millətləri üz-üzə qoymaqla digər millətlərə dağılmaqda olan Sovet İttifaqına hələ çox möhtac olacaqlarını aşılayırdı. Nə oldu, axırda öz başlarında çatladı. Zaman hər şeyi yerinə qoydu. Fitnəkarlıq yolunu tutan imperiya tarixin qara səhifəsinə kömüldü.

Nəsib ABIŞOV: - Şəhər milisi hadisələrin qarşısını almaqda tamamilə gücsüz idi. Siyasi rəhbərlik də bizə heç cür dəstək verə bilmirdi. Sumqayıt, sözün əsl mənasında iflic vəziyyətinə düşmüşdü. Hadisələrə görə məsuliyyət daşıyanların da sanki əl-qolu bağlanmışdı. Hər hansı etiraz dəyənəklə, həbslə qarşılanırdı. Moskvadan gələn "əli təmiz" əsgərlər imkanlı adamları necə soyur, obyektləri necə talan edirdilər, sözlə ifadəsi mümkün deyil. Mağazalardan, bazarlardan qarət etdikləri, ələ keçirdikləri pulları tez-tələsik aparıb Moskvada, Kiyevdə əmanət kassalarına qoyub yenidən Sumqayıta tələsirdilər...

 

(ardı var)

 

 

Akif CABBARLI,

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 4.