Təhsil Nazirliyində kollegiya iclası olmuşdur

 

Fevralın 15-də Təhsil Nazirliyində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında (2007-2011-ci illər) nəzərdə tutulan tədbirlərin icrasına həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət siyasətində korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən biri olduğunu vurğulayan təhsil naziri Misir Mərdanov son illər bu sahədə qəbul olunmuş hüquqi-normativ sənədlərin əhəmiyyətindən bəhs etmiş, müvafiq qurumlarla birgə əməkdaşlıq sayəsində həyata keçirilən tədbirlərdən danışmışdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"ya uyğun olaraq görülmüş işlərə diqqət çəkən M.Mərdanov 2006-cı ildən Təhsil Nazirliyində QHT nümayəndələrinin də təmsil olunduğu Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun, korrupsiya halları ilə əlaqədar vətəndaşların müraciətlərinin operativ qəbulu və baxılmasının təmin edilməsi məqsədilə "Qaynar xətt" xidmətinin fəaliyyət göstərdiyini bildirmişdir.

M.Mərdanov nazirlik tərəfindən təhsil orqanları və müəssisələrində neqativ halların, qanun pozuntularının, korrupsiyaya şərait yaradan faktların aşkar edilməsi, nöqsanlara yol vermiş məsul şəxslər barədə intizam tənbehinin tətbiqi sahəsində müntəzəm iş aparıldığını nəzərə çatdırmışdır. Nazir qeyd etmişdir ki, ötən il dörd rayon təhsil şöbəsinin müdiri, 72 məktəb direktoru, beş direktor müavini, bir məktəbdənkənar müəssisə rəhbəri, altı peşə məktəbi direktoru, bir ali məktəb müəllimi, 10 uşaq bağçası müdiri, doqquz baş mühasib, ümumilikdə, 108 nəfər vəzifəsindən azad olunmuş, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115 nəfərə töhmət verilmişdir.

Qarşıda duran vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimin, məktəbin nüfuzunun qorunması məsələlərindən bəhs edən təhsil naziri iclas iştirakçılarına bir sıra tapşırıq və tövsiyələrini vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 5.