Ölkədə həm yay, həm
də qış turizmi üçün geniş imkanlar var
Əlverişli coğrafi mövqeyi, flora və faunasının zənginliyi, gözəl təbiəti, dənizi, mədəni-tarixi irsi, ləziz mətbəxi və yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə kütləvi turizmin inkişafı üçün böyük perspektivlər açır. "İpək yolu" kimi tarixi yol ölkəmizin ərazisindən keçir, qərbdən şərqə, şimaldan cənuba gedən turizm marşrutlarında Azərbaycan da iştirak edir. Ötən illərdə İstanbuldan başlayıb Pekində bitən "İpək yolu"nda Velosiped Turu" layihəsinin, Rusiyadan başlayıb Hindistanda bitən "XV əsr səyyahı Afanasi Nikitinin izləri ilə" adlı turizm marşrutu layihələrinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin turizm potensialının beynəlxalq əhəmiyyətli olduğunun təsdiqidir.
Bir sözlə, Azərbaycanın cəlbedici turizm mərkəzinə çevrilməsi üçün geniş imkanları var. Son bir neçə ildə Azərbaycan dünyanın bir neçə inkişaf etmiş ölkəsi ilə turizm sahəsində də sazişlər imzalayıb. Azərbaycan Prezidentinin 2011-ci ili "Turizm ili" elan etməsi bu sahədə imkanların reallaşdırılmasında və bu sektorun inkişafında mühüm rol oynayacaqdır. Turizm sektorunu inkişaf etdirməklə ölkəmizə yeni investisiyaların cəlb edilməsinə, on minlərlə yeni iş yerinin açılmasına nail olmaq mümkündür. "Elə etmək lazımdır ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin, böyük və gözəl nəticələr əldə edilsin. Bu il Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, bu, yəqin ki, dünyada analoqu olmayan hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq, - mən Bakını nəzərdə tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə hotelçilik işləri ilə bağlı çox işlər görülür. Artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividend gətirəcək. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaq üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir. "Şahdağ" qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır və bu, sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq. Çünki orada çoxlu mehmanxanalar tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə mərkəzləri olacaqdır. Bir sözlə, "Şahdağ" kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir" deyən dövlət başçısının fikrincə, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilməlidir ki, bu sahədə gözəl nəticələr görək.
Dövlət rəhbərinin bu təşəbbüsü, sözsüz ki, turizm sektorunda çalışanlar və hotelçiliklə məşğul olanları çox sevindirib və işlərini yüksək səviyyədə qurmaq üçün onlara stimul verib. İndi qarşıda duran əsas vəzifə ölkənin mövcud turizm potensialını beynəlxalq aləmdə tanıtmaq, turizmin müxtəlif növlərini, həmçinin bu sahədə kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir.
Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimov bildirib ki, "Turizm ili"ndə uğurlu nəticələrə nail olmaq üçün birinci növbədə mükəmməl turizm infrastrukturu yaradılmalıdır: "Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün hələ xeyli işlər görülməlidir. İlk növbədə xarici turistlərin maraqlarına səbəb olan mənbələr axtarılıb tapılmalı, bölgələrimizdə olan tarixi mədəniyyət abidələri, memarlıq nümunələri üzə çıxarılmalı, kütləvi turizmə üstünlük verilməlidir. Qiymətlərin münasib olması da əsas şərtdir".
Bəzən maddi imkanı olanlar Turkiyəyə, Yunanıstana və başqa ölkələrə üz tuturlar. Səbəb kimi də orada xidmətin səviyyəsinin yüksək olduğunu göstərirlər. Bu fikrin həqiqət olduğunu deyən turizm sahəsinin mütəxəssisləri mövcud problemləri etiraf edir, xidmət səviyyəsinin yaxşılaşdırılması üçün bu sahədə uzun illik təcrübəyə malik ölkələrin köməyindən istifadə etməyi vacib hesab edir. Bundan başqa, regionlardakı turizm obyektlərinin tanıdılmasına xidmət edən plakatlar, xəritələr, bukletlər hazırlanıb yayılmalı, turizm bələdçiləri, təlimatçılar, yerləşmə və qida məsələsində peşəkar heyət yaradılmalıdır.
Turistlər daha çox getdikləri ölkənin qədim yaşayış məskənləri, tarixi abidələri, arxeoloji qazıntıları, əsasən də təbiəti ilə maraqlanırlar, istirahətlərini kondisionerli otaqlarda deyil, daha çox macəra axtarmaq, indiyədək görmədikləri maraqlı məqamlarla qarşılaşmaq istəyirlər, necə deyərlər, yayda xizəklə sürüşməyə çalışırlar. Bakıya gələn xarici turistlər daha çox Suraxanıdakı Atəşgaha, Qobustana və İçərişəhərə gedirlər, bölgələrdən isə Şəkidəki Kiş məbədinə, Qaxdakı hamam pirinə, Lahıca, Xınalığa maraq göstərirlər.
İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyevin bildirdiyinə görə, ötən il İçərişəhərdə ən qədim məscid olan Məhəmməd məscidində qabaqcıl bərpa texnologiyalarına əsaslanan muzey konservasiyası həyata keçirilib və Kiçik Karvansara abidəsinin bərpası başa çatıb. 2011-ci ilin "Turizm ili" elan olunması ilə əlaqədar İçərişəhərin təbliğinə və turizm infrastrukturunun genişləndirilməsinə xüsusi diqqət yetirilməsi əsas vəzifə kimi qarşıya qoyulub.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olunub. Proqramda qeyd olunur ki, ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 370-ə çatıb. Hazırda respublikamızda 123 turizm mərkəzi lisenziya əsasında fəaliyyət göstərir. Sənəddə bildirilir ki, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən birinə çevrilməsi ən mühüm vəzifə olaraq qarşıda durur və dövlət proqramının istiqaməti buna yönəlib. Bu sahənin inkişaf etdirilməsi üçün dövlət orqanlarının qarşısına mühüm vəzifələr qoyulub.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib ki, parlament ölkədə turizm sahəsinin inkişaf etdirilməsi ilə bağlı qanunvericiliyi zənginləşdirmək niyyətindədir. Həmçinin Azərbaycanın ayrı-ayrı regionlarının tarixi abidələrinin qorunması, bərpası ilə bağlı ayrıca qanunlar qəbul oluna bilər. Göygöl, Qobustan qayaları, Abşeronun kəndləri və digər tarixi yerlərlə bağlı silsilə qanunların qəbuluna ehtiyac var. Bizim coğrafiyanın tək təbiət deyil, bir mədəniyyət landşaftı da var ki, onlar bir-birilə əlaqədardır. Yəni mədəniyyət abidələrinin, memorial abidələrin bərpası və onların qorunması ilə bağlı müəyyən prinsiplərin işlənib hazırlanması, Azərbaycan təsviri sənətinin, eləcə də bir sıra yaradıcılıq sahələrinin inkişafı üçün qanunların qəbul olunması çox vacib məsələdir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə 15 il əvvəl qəbul olunmuş "Mədəniyyət haqqında" qanunun üzərində yenidən iş gedir. Yeni qanunda turizm məsələsi daha geniş yer alacaq, turizmin mədəniyyətlə bağlı olan sahəsi - tarixi abidələrin turist marağı üçün tələb olunan səviyyəyə gətirilməsi, onların meydana çıxarılması, bərpası, turist məkanlarında milli musiqinin, rəssamlığın, teatrın inkişaf etdirilməsi öz əksini tapacaq.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.-16 fevral.- S. 7.