Sənətin böyük
Ağası
Qəribə səslənsə də, bu fikir bizim deyil. Görkəmli heykəltaraş Ömər Eldarov bu sözləri dərin ehtiram və məhəbbətlə bir xalq rəssamı haqqında söyləyib: "Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin həqiqətən böyük Ağası".
Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşməsinə nail olan Böyükağa Mirzəzadə XX əsrin yetirdiyi çox istedadlı bir rəssam idi. Onun əsərlərini seyr etdikcə heyrətlənməyə bilmirsən. Bu görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını elə məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırıb ki, hər hansı bir mənzərənin, peyzajın, portretin, natürmortun qarşısında xeyli dayanaraq düşüncələr aləminə dalırsan.
Rəssam bu əsərində nə demək istəyir - sualı ilə hər bir rəngli dünyanın sirli nağılını açmağa çalışırsan. Bəzən bu sualların cavabı çox asan tapılır. Bəzən isə uzun müddət fikirləşməli və araşdırmalı olursan. Böyükağanın bəxti onda gətirmişdi ki, uşaqlıq dostları Mikayıl Abdullayev, Muxtar Cəfərov (sonradan Azərbaycanın böyük sənətkarı olacaq insanlar) ona ağıllı məsləhətlər verir, doğru yol göstərirdilər. Elə bu insanların da məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayıb. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Bu elə bir dövr idi ki, Azərbaycan incəsənətinin gələcək klassikləri olacaq istedadlı gənclər çoxluq təşkil edirdi.
Texnikum təhsili ilə kifayətlənməyən Böyükağa Mirzəzadə Surikov adına Moskva Dövlət İncəsənət İnstitutuna daxil olub. Lakin təhsilini sonadək davam etdirmək müşkülə dönüb. İkinci dünya müharibəsinin başlanması Azərbaycandan kənarda ali məktəblərdə təhsil alan tələbələrin, demək olar ki, əksəriyyətinin geriyə - Vətənə qayıtmasına səbəb olub. Böyük arzularla Moskva mühitində oxumağa, işləməyə can atan Böyükağa Mirzəzadə də təhsilini yarımçıq qoyub. Mütəxəssislər yazırlar ki, qısa müddət ərzində Moskva ali məktəbində öyrəndikləri Böyükağa Mirzəzadənin köməyinə çatıb. O, rəng və fırça ilə işləməkdə çox sərbəst idi. Bu da faktdır ki, Azərbaycanda peşəkar rəssamlıq məktəbinin əsasını qoyanlardan biri də elə Böyükağa Mirzəzadədir. Onun bir yaxşı keyfiyyəti var idi ki, həm özü öyrənirdi, həm də başqalarını öyrətməkdən zövq alırdı. Müharibə illəri ağır idi. O zaman ancaq tematik rəsmlər dəb sayılırdı. Bu səbəbdən də Böyükağa Mirzəzadənin fırçasından çıxan əsərlərdə zəhmətkeş insanın tərənnümü, xüsusilə də neftçilərin həyat tərzi, əməyi onun bu dövr yaradıcılığında əsas yer tuturdu. Ən uğurlu əsərləri "Estakada", "Yeddi gəmi adası", "Neft avadanlığının daşınması", "Göy dəniz" və sairə sayılırdı. Neftçilərlə bağlı neft mövzusunda rəssamın işləməsi təsadüfi deyildi. Bəllidir ki, müharibə illərində qazanılan qələbədə Azərbaycan neftçilərinin xüsusi fədakarlığı və qəhrəmanlığı var.
Ötən əsrin ortalarında Böyükağa Mirzəzadə yaradıcılığında əsas yerlərdən birini də portret janrı tuturdu. Onun bu sahədəki fəaliyyəti xüsusi diqqət çəkirdi. O, elə insanların portretlərini işləyib ki, həmin şəxsiyyətlərin Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri var. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Mirəli Seyidzadənin, Xəyyam Mirzəzadənin yağlı boya ilə çəkdiyi portretləri olduqca məzmunludur. Bu yaradıcı insanların daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Böyükağa Mirzəzadə bu seriyadan müxtəlif əmək adamlarının, həm də həyat yoldaşının, yaxın dostlarının da portretlərini yaradıb. Onun portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Bəlkə də rəssamı öz həmkarlarından fərqləndirən elə bu cəhətdir ki, avtoportret yaratmaqda bənzərsizdir. Hər bir əsərin məqsəd və məramı var. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub. O, kətan üzərində rənglərdən elə bir səmimiyyət əks etdirən, həyəcan bildirən hallar yaradıb ki, sanki rənglərin zərif və həzin danışığını eşidirsən.
Böyükağa Mirzəzadə natürmort çəkməyi çox sevərdi. "Sarı güllər", "Tüstü ilə natürmort", "Dolça ilə natürmort", "Qızılgüllər", "Güllərlə natürmort", "Bankalı natürmort" kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur. Böyükağa Mirzəzadənin güllərlə bağlı xeyli sayda natürmortu var. Bəzən kətan, bəzən də karton üzərində yağlı boya ilə həyat verdiyi bu gül dünyasında bəlkə min bir rəngdə təbiət gözəlinin xoş görüntüləri yaradılıb. Rəssam rənglərin xüsusiyyətlərini, onların bir-biri ilə sintezindən yaranan yeni görüntüləri o qədər gözəl bilirdi ki... Elə buna görə də onun natürmortlarındakı güllərin əlvanlığı çox gözəl olurdu.
Rəssamın mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeronla bağlı əsərlərində dənizin səsi eşidilir, Qız qalasının əzəməti duyulur, Bakı kəndlərinin özünəməxsusluğu əks olunur. Bir sözlə, əsərlərində Abşeronun gözəllikləri dilə gəlir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvanlara yönəltməsin. Xarici ölkələri dolaşdıqca aldığı təəssüratlar da rəssamın yaradıcılığında öz əksini tapıb. Xalq rəssamı Tahir Salahov onun barəsində ehtiram və məhəbbətlə söyləyir: "Müəllimimiz və dostumuz olmuş Böyükağa Mirzəzadəyə Tanrı fövqəladə istedad bəxş etmişdi. O, Azərbaycan rəngkarlığına fransız rəngkarlıq məktəbinin nəfəsini - böyük impressionistlərin ruhunu gətirdi. İstedadına görə ona sonsuz minnətdaram. Şagird müəlliminə minnətdar olduğu kimi". Dünya şöhrətli bir rəssamın öz həmkarı barədə belə ürəklə və səmimi fikir söyləməsi Böyükağa Mirzəzadənin bir rəssam kimi hansı məziyyətlərə malik olduğunu təsdiqləyir.
Xalq rəssamı, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü olmuş, "Şöhrət" ordenli Böyükağa Mirzəzadə həm də pedaqoji fəaliyyətlə məşğul olurdu. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Rəssamlıq Akademiyasında müəllim, dosent, professor və kafedra müdiri kimi çalışıb. Onun yetirdiyi tələbələrin əksəriyyəti Azərbaycanın məşhur rəssamlarıdır. Hələ sağlığında sərgiləri təşkil olunan, əsərləri dünyanın məşhur muzeylərində qorunub saxlanan Böyükağa Mirzəzadənin 90 illik yubileyi onun dostları, həmkarları və pərəstişkarları tərəfindən ehtiramla qeyd edilir. Təqdirəlayiqdir ki, "Xalq Bank"ın həyata keçirdiyi "Xalq əmanəti" layihələrindən biri də rəngkarlıq və qrafika sənətimizin görkəmli nümayəndəsi Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunmuşdu. Əsərlərini nəfis üslubda çap etməklə bərabər, bu məşhur rəssamın həyat və yaradıcılığı ilə bağlı həm Azərbaycan, həm də ingilis dillərində məlumatlar verilmişdir. Deyirlər ki, əsl rəssam rənglər dünyasının elə bir sakinidir ki, məhz ondan başqa heç kəs bu füsunkar aləmin özünəməxsus səsini eşidə bilmir. Rəngləri yaradıcılıq sevdası ilə duyub eşitdiyi üçün Böyükağa Mirzəzadənin ilhamla həyat verdiyi müxtəlif janrlı təsviri sənət nümunələri əbədiyaşarlıq tapıb.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-17 fevral.- S. 7.