Normativ hüquqi aktlar haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Bu Konstitusiya
Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul
olunması, rəsmiləşdirilməsi, dərc edilməsi,
qüvvədə olması, şərh edilməsi və
sistemləşdirilməsi qaydalarını müəyyən
edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Bu Konstitusiya Qanununda istifadə olunan əsas
anlayışlar
1.0. Bu Konstitusiya Qanununda
istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1. normativ
hüquqi akt - tənzimlənməsi Azərbaycan
Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla
dövlət orqanının səlahiyyətlərinə aid
edilən məsələlər üzrə həmin dövlət
orqanı tərəfindən və ya referendum yolu ilə qəbul
edilmiş, hamı üçün məcburi davranış
qaydalarını əks etdirən, qeyri-müəyyən
subyektlər dairəsi üçün və dəfələrlə
tətbiq olunmaq üçün nəzərdə tutulmuş
müəyyən formalı rəsmi sənəd;
1.0.2. qanunvericilik
aktları - Azərbaycan Respublikasının qanunvericilik
sistemini təşkil edən normativ hüquqi aktlar;
1.0.3. normativ
xarakterli akt - bu Konstitusiya Qanununda nəzərdə tutulan
dövlət və ya yerli özünüidarə orqanı tərəfindən
qəbul edilmiş, məhdud subyektlər dairəsi
üçün məcburi davranış qaydalarını əks
etdirən və dəfələrlə tətbiq olunmaq
üçün nəzərdə tutulmuş müəyyən
formalı rəsmi sənəd;
1.0.4. hüquqi
akt - normativ hüquqi akt, normativ xarakterli akt və ya
qeyri-normativ hüquqi akt;
1.0.5. qanunvericiliyin
sistemləşdirilməsi - normativ hüquqi aktların nizama
salınması, onların daxili uzlaşdırılmış
vahid sistemə çevrilməsi üzrə fəaliyyət;
1.0.6. inkorporasiya
- normativ hüquqi aktların məzmunu dəyişdirilmədən
müəyyən qaydada toplularda (külliyyatlarda) birləşdirilməsi;
1.0.7. məcəllələşdirmə
- normativ hüquqi aktların forma və məzmun
baxımından yenidən işlənməsi yolu ilə vahid
normativ hüquqi aktlarda birləşdirilməsi;
1.0.8. qanunlar
külliyyatı - Azərbaycan Respublikasının
qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş
toplu;
1.0.9. qanunvericilikdə
boşluqlar - konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normalarının olmaması;
1.0.10. qanunun
analogiyası - konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmadığına görə həmin
ictimai münasibətlərə oxşar ictimai münasibətləri
tənzimləyən qanunvericilik normalarının tətbiq
edilməsi;
1.0.11. hüququn
analogiyası - yalnız konkret ictimai münasibətləri
deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmadığına görə həmin
ictimai münasibətlərə qanunvericiliyin məğzinin,
hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə
aid prinsiplərin tətbiq edilməsi;
1.0.12. normativ
hüquqi aktların kolliziyası - eyni ictimai münasibətləri
tənzimləyən qüvvədə olan normativ hüquqi
aktların ziddiyyəti (uyğunsuzluğu);
1.0.13. normayaratma
fəaliyyəti - normativ hüquqi aktların hazırlanması,
ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər
edilməsi, onların şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi üzrə
fəaliyyət;
1.0.14. normayaratma
fəaliyyətinin subyekti - normayaratma fəaliyyətində
iştirak edən orqanlar (şəxslər);
1.0.15. qanunvericilik
təşəbbüsü - Azərbaycan Respublikası
Konstitusiyasının 96-cı maddəsinin I hissəsi ilə
müəyyən edilmiş subyekt tərəfindən qanun
layihəsinin Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə rəsmən təqdim edilməsi;
1.0.16. normativ
hüquqi aktın rəsmiləşdirilməsi - normativ
hüquqi aktın səlahiyyətli şəxs tərəfindən
imzalanması və Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi;
1.0.17. normayaratma
orqanı - normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə
malik olan dövlət orqanı;
1.0.18. normayaratma
prosesi - dövlət orqanının normativ hüquqi
aktların hazırlanması, qəbul olunması və
qüvvəyə minməsi üzrə normayaratma fəaliyyəti;
1.0.19. normayaratma
texnikası - normativ hüquqi aktların layihələrinin
hazırlanması qaydalarının sistemi;
1.0.20. normativ
hüquqi aktın açıqlanması - normativ hüquqi
aktın rəsmi dövri mətbu nəşrdə dərc
edilməsi, digər kütləvi informasiya vasitələrinin
və ya başqa mümkün kommunikasiya vasitələrinin
köməyi ilə rəsmi yayılması yolu ilə
ümumi diqqətə çatdırılması;
1.0.21. lokal
normativ hüquqi akt - qüvvəsi bir və ya bir neçə
dövlət orqanının çərçivəsi ilə
məhdudlaşan normativ hüquqi akt;
1.0.22. texniki normativ hüquqi
aktlar - texniki reqlamentlər, bərqərar olmuş təcrübəni
əks etdirən texniki məcəllələr, standartlar, o
cümlədən Azərbaycan Respublikasının dövlət
standartları, sahə standartları, texniki şərtlər,
aviasiya qaydaları, zoogigiyena, baytarlıq, baytarlıq-sanitariya
normaları və qaydaları, sanitariya normaları və
qaydaları, gigiyena normativləri, farmakopeya məqalələri
və normaları, yanğın təhlükəsizliyi
qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin
təmin edilməsi normaları və qaydaları, təhlükəli
yüklərin təhlükəsiz daşınması
normaları və qaydaları, yerin təkinin qorunması və
səmərəli istifadəsi normaları və qaydaları,
ixtisaslaşdırılmış məlumat
kitabçaları, texniki-iqtisadi məlumatların dövlət
təsnifatı, dövlət statistika müşahidələrinin
formaları və onların doldurulmasına dair göstərişlər,
statistik göstəricilərin formalaşdırılması və
hesablanması qaydaları, dövlət statistika müşahidələrinin
təşkil edilməsinə və aparılmasına dair təlimatlar,
idarə hesabat formaları və onların doldurulmasına dair
göstərişlər, daşınmaz maddi tarixi-mədəni
dəyərlərin qorunması zonalarının layihələri,
Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə
texniki normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş)
digər normativ hüquqi aktlar;
1.0.23. normativ
hüquqi aktda dəyişikliklərin edilməsi - normativ
hüquqi akta onun müddəalarının mətnini dəyişən
və ya əlavə normaların daxil edilməsi;
1.0.24. normativ
hüquqi aktdan sui-istifadə imkanı - normativ hüquqi aktda
korrupsiya təzahürləri üçün şəraitin
yaranmasına kömək edən müddəaların
mövcudluğu;
1.0.25. diskresion
səlahiyyətlər - orqanın (şəxsin) öz
mülahizəsinə görə tətbiq edə biləcəyi
səlahiyyətləri;
1.0.26. dispozitiv
imkan - orqanın (şəxsin) öz seçimi ilə
davranış imkanı;
1.0.27. normativ
hüquqi aktın hüquqi qüvvəsi - normativ hüquqi
aktın müvafiq ictimai münasibətlərə tətbiqinin
məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində
üstünlüyünü və ya tabeliyini müəyyən
edən xarakteristika.
Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
2.1. Normativ hüquqi
aktların növləri Azərbaycan Respublikası
Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən
edilir.
2.2. Normativ hüquqi
aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası
Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri
və 151-ci maddəsi ilə müəyyən edilir.
2.3. Referendumla qəbul
edilmiş akt (bundan sonra - referendum aktı), qanun, fərman və
ya digər normativ hüquqi akt Azərbaycan
Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil
etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq
edilir.
2.4. Qanun, fərman və ya
digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət
təşkil etdikdə referendum aktı tətbiq edilir.
2.5. Azərbaycan
Respublikasının Mülki Məcəlləsi mülki
hüquq normalarını əks etdirən digər məcəllə
və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan
Respublikasının Mülki Məcəlləsi tətbiq
edilir.
2.6. Fərman və ya digər
normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə
qanun tətbiq edilir.
2.7. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları
fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq
edilir.
2.8. Mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktları Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət
təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı tətbiq edilir.
2.9. Nizamnamələrin, əsasnamələrin,
təlimatların, reqlamentlərin və qaydaların hüquqi
qüvvəsi onları təsdiq edən normativ hüquqi
aktın hüquqi qüvvəsi ilə müəyyən
edilir.
2.10.
Naxçıvan Muxtar Respublikasının dövlət
orqanlarının normativ hüquqi aktlarının hüquqi
qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar
Respublikası Konstitusiyasının 49-cu maddəsinin II, III, IV
və V hissələri ilə müəyyən edilir.
Maddə 3. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi
qüvvəsi
3.1. Konkret (birdəfəlik)
təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin
həyata keçirilməsi məqsədi ilə qəbul edilən
və ya digər birdəfəlik tətbiq halları
üçün nəzərdə tutulan hüquqi aktlar
qeyri-normativ hüquqi aktlar sayılır.
3.2. Qeyri-normativ hüquqi
aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul
edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
3.3. Qeyri-normativ hüquqi
aktlara aşağıdakılar aiddir:
3.3.1. Azərbaycan
Respublikası Milli Məclisinin qərarları;
3.3.2. Azərbaycan
Respublikası Prezidentinin sərəncamları;
3.3.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamları;
3.3.4. vətəndaşlıq
vəziyyəti aktlarının dövlət
qeydiyyatını həyata keçirən orqanların
aktları;
3.3.5. bu
maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ
hesab edilən digər hüquqi aktlar.
Maddə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi
4.1. Azərbaycan
Respublikasının normativ xarakterli aktları
aşağıdakılardır:
4.1.1. Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-7-ci bəndlərinə və IV hissəsinə əsasən
qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarları;
4.1.2. Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları,
təlimatları və izahları;
4.1.3. Azərbaycan
Respublikası Mərkəzi Bankının qərarları;
4.1.4. Məhkəmə-Hüquq
Şurasının qərarları;
4.1.5. Milli Televiziya və
Radio Şurasının qərarları;
4.1.6. yerli
özünüidarə orqanlarının qərarları;
4.1.7. yerli
icra hakimiyyəti orqanlarının qərarları.
4.2. Normativ xarakterli aktlar
onların icra olunmamasına görə məsuliyyət müəyyən
edə bilməz.
4.3. Normativ xarakterli aktlar
müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir
və onun müvafiq normasına istinad etməlidir.
4.4. Bu
Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə
tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ
xarakterli aktlar Azərbaycan Respublikasının normativ
hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.
Maddə 5. Bu Konstitusiya Qanununun tətbiq dairəsi
5.1. Bu Konstitusiya Qanunu Azərbaycan
Respublikasının, o cümlədən Naxçıvan
Muxtar Respublikasının dövlət orqanlarının
normativ hüquqi aktlarının hazırlanması, qəbul
olunması, rəsmiləşdirilməsi, dərc edilməsi,
qüvvədə olması, şərh edilməsi və
sistemləşdirilməsi qaydalarını müəyyən
edir.
5.2. Bu
Konstitusiya Qanunu referendum aktlarının hazırlanması,
qüvvədə olması, şərh edilməsi və
sistemləşdirilməsi qaydalarına şamil edilir.
5.3. Bu Konstitusiya Qanunu
aşağıdakı aktların rəsmiləşdirilməsi,
dərc edilməsi, qüvvədə olması, şərh
edilməsi və sistemləşdirilməsi qaydalarına
şamil edilir:
5.3.1. beynəlxalq
müqavilələr;
5.3.2. texniki
normativ hüquqi aktlar;
5.3.3. lokal
normativ hüquqi aktlar;
5.3.4. normativ
xarakterli aktlar.
Maddə 6. Normativ hüquqi aktlar sistemi
Normativ
hüquqi aktlar onların iyerarxiyasının müəyyən
edilməsi, qarşılıqlı
uzlaşdırılması, habelə daxili uzlaşdırma ilə
səciyyələnən və ictimai münasibətlərin
hüquqi tənzimlənməsini təmin edən Azərbaycan
Respublikasının müvafiq qanunlar külliyyatının
hazırlanması yolu ilə vahid sistemə salınır.
Maddə 7. Dövlət orqanlarının qəbul etdikləri
normativ hüquqi aktlar barəsində hüquq varisliyi
7.1. Normativ hüquqi aktlar qəbul
etmək hüququna malik olan dövlət orqanı yenidən təşkil
edildikdə onun hüquq varisinə normativ hüquqi aktları
qəbul etmək hüququ ilə yanaşı, səlahiyyətləri
daxilində, əvvəllər qəbul edilmiş normativ
hüquqi aktlarda dəyişikliklər etmək, həmin
aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi
səlahiyyəti verilir.
7.2. Dövlət orqanı ləğv
edildikdə və ya onun hüquq varisi müvafiq normativ
hüquqi aktları qəbul etmək hüququna malik olmamaqla
yenidən təşkil edildikdə, əvvəllər qəbul
edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək,
həmin aktların qüvvəsini dayandırmaq və ləğv
edilməsi səlahiyyəti yuxarı və ya digər dövlət
orqanına verilir.
7.3. Müvafiq normativ
hüquqi aktları qəbul edən dövlət
orqanının statusunun dəyişdirilməsi əvvəllər
qəbul edilmiş normativ hüquqi aktların qüvvəsinin
itirilməsinə səbəb olmur.
7.4. Dövlət
orqanının adı dəyişdirildikdə və ya bu orqan
adının dəyişdirilməsinə səbəb olan birləşmə,
qoşulma, çevrilmə yolu ilə yenidən təşkil
edildikdə, əvvəlki adı əks etdirən normativ
hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər
edilməlidir. Belə dəyişikliklər edilənədək
əvvəlki adı əks etdirən normativ hüquqi aktlar
adı dəyişdirilmiş (yeni yaradılmış) orqana
tam həcmdə şamil olunur.
7.5. Dövlət orqanı
bölündükdə və ya ayrıldıqda onun yenidən
təşkili haqqında qərarda səlahiyyətlərin
aydın bölgüsü nəzərdə tutulmalıdır
və həmin qərar hansı normativ hüquqi aktların
yeni yaradılmış hansı dövlət orqanlarına
hansı həcmdə şamil edilməsini müəyyənləşdirməyə
imkan verməlidir. Bu zaman bölünmə və
ya ayrılma haqqında qərarı qəbul etmiş dövlət
orqanı üç ay müddətində müvafiq normativ
hüquqi aktlarda bütün zəruri dəyişikliklər
edilməsini təmin etməlidir.
Maddə 8. Normayaratma fəaliyyətinin əsas prinsipləri
8.0. Normayaratma fəaliyyəti
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin
I hissəsində göstərilən prinsiplərlə
yanaşı, aşağıdakı prinsiplər əsasında
həyata keçirilir:
8.0.1. Azərbaycan
Respublikasının Konstitusiyasına uyğunluq və
qanunların üstünlüyü;
8.0.2. aşağı
dövlət orqanlarının aktlarının yuxarı
dövlət orqanlarının aktlarına uyğunluğu;
8.0.3. beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş prinsip və
normalarının üstünlüyü;
8.0.4. mütənasiblik;
8.0.5. dövlət
orqanlarının vətəndaşlar qarşısında
cavabdehliyi;
8.0.6. normayaratma
fəaliyyətinin demokratikliyi və şəffaflığı;
8.0.7. normativ
hüquqi aktların ziddiyyətsizliyi;
8.0.8. insanların
hüquq və azadlıqlarının, onların qanuni
maraqlarının müdafiəsi və sosial ədalət;
8.0.9. ictimai
münasibətlərin hüquqi tənzimlənməsinin
sistemliliyi və kompleksliyi.
Maddə 9. Normayaratma orqanlarının fəaliyyətində
aşkarlıq
9.1. Normayaratma
orqanlarının fəaliyyətində aşkarlıq
aşağıdakı vasitələrlə təmin edilir:
9.1.1. normayaratma
orqanlarının fəaliyyəti və onların qəbul
etdikləri normativ hüquqi aktlar haqqında fiziki və
hüquqi şəxslərin məlumatlandırılması;
9.1.2. normativ
hüquqi aktların rəsmi nəşrlərdə, digər
kütləvi informasiya vasitələrində dərc edilməsi
və ya onların digər üsullarla açıqlanması;
9.1.3. normativ
hüquqi aktların layihələrinin normayaratma
orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi.
9.2. Normayaratma
orqanının qərarı ilə normativ hüquqi aktın
layihəsi açıq (ictimai və ya peşəkar)
müzakirəyə çıxarıla bilər.
II fəsil
NORMATİV HÜQUQİ AKTLARIN KOLLİZİYASI
Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli
qaydaları
10.1. Normativ hüquqi
aktların kolliziyası həll edilərkən bu Konstitusiya
Qanununun 2-ci maddəsinin tələbləri nəzərə
alınır.
10.2. Normativ hüquqi aktı
qəbul edən dövlət orqanına ictimai münasibətlərin
müəyyən sahəsinin tənzimlənməsində
xüsusi səlahiyyət verilirsə, həmin dövlət
orqanının qəbul etdiyi normativ hüquqi akt eyni
kateqoriyalı dövlət orqanının həmin sahə
üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə
daha yüksək hüquqi qüvvəyə malikdir.
10.3. Ziddiyyət təşkil
edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə
malikdirsə, konkret münasibətlərə sahə normativ
hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin
münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə
aiddir.
10.4. Eyni normativ hüquqi
aktda ümumi və xüsusi normalar arasında ziddiyyət
mövcud olduqda xüsusi norma tətbiq
edilir.
10.5. Yeni normativ hüquqi akt
eyni məsələ üzrə həmin dövlət
orqanı tərəfindən əvvəllər qəbul
edilmiş normativ hüquqi akta münasibətdə daha
yüksək hüquqi qüvvəyə malikdir.
10.6. Eyni münasibətlər
bir neçə norma ilə tənzimlənirsə
və həmin normaları eyni vaxtda tətbiq etmək
mümkündürsə, bu, normativ hüquqi aktların
kolliziyası hesab edilmir.
10.7. Dövlət
orqanlarının struktur bölmələri normativ hüquqi
aktlar qəbul etmək hüququna malik deyildirlər.
10.8.
Naxçıvan Muxtar Respublikasında normativ hüquqi
aktların kolliziyası həll edilərkən bu Konstitusiya
Qanununun 2-ci maddəsinin tələbləri nəzərə
alınır.
Maddə 11. Normativ hüquqi aktların kolliziyasının aradan
qaldırılması qaydalarının tətbiqinin
ardıcıllığı
11.0. Normativ hüquqi
aktların kolliziyası aşağıdakı
ardıcıllıqla aradan qaldırılır:
11.0.1. birinci
növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun
2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir;
11.0.2. kolliziya
aradan qaldırılmadıqda ikinci növbədə
ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin
normaları tətbiq edilir.
Maddə 12. Normativ hüquqi aktların kolliziyasının aradan
qaldırılmasının üsulları
12.1. Normativ hüquqi
aktların kolliziyası aşağıdakı üsullarla
aradan qaldırılır:
12.1.1. normativ
hüquqi aktın ləğv edilməsi;
12.1.2. normativ
hüquqi aktda dəyişikliklər edilməsi;
12.1.3. normativ
hüquqi aktların məcəllələşdirilməsi.
12.2. Normativ hüquqi
aktların kolliziyasına yol verməmək məqsədi ilə
yeni normativ hüquqi aktın qəbul olunması ilə əlaqədar
ləğv edilməli, dəyişikliklər edilməli olan
normativ hüquqi aktların (onların struktur elementlərinin)
siyahısı həmin normativ hüquqi aktın yekun müddəalarında
və ya əlavəsində əks etdirilməlidir.
12.3. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi normativ
hüquqi aktın şərhi ilə bağlı qəbul
etdiyi qərarında normativ hüquqi aktların
kolliziyasını təsdiqləyərsə, həmin
kolliziyanı aradan qaldırmaq məqsədi ilə bu
Konstitusiya Qanununun 12.1.1-12.1.3-cü maddələrində
göstərilən tədbirlər görülməlidir.
III fəsil
QANUNVERİCİLİKDƏ BOŞLUQLAR
Maddə 13. Hüququn analogiyasından və qanunun analogiyasından
istifadə olunması qaydası
13.1. Konkret ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları olmadıqda
hüququn analogiyasından və ya qanunun analogiyasından
istifadə oluna bilər.
13.2. Əvvəlcə qanunun
analogiyasından istifadə olunur. Konkret ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normaları olmadıqda həmin ictimai münasibətlərə
oxşar ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları tətbiq edilir.
13.3. Mülki hüquq
münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin
razılaşması ilə birbaşa tənzimlənmədikdə
və onlara tətbiq edilə bilən işgüzar adət
olmadıqda həmin münasibətlərə, əgər bu
onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri
tənzimləyən mülki qanunvericilik normaları tətbiq
edilir.
13.4. Konkret ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları
olmadığına görə həmin ictimai münasibətlərə
oxşar ictimai münasibətləri tənzimləyən
qanunvericilik normalarını tapmaq mümkün olmadıqda
hüququn analogiyasından istifadə edilir. Bu
zaman Azərbaycan Respublikasının Konstitusiyasında və
qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə
aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən
istifadə olunur. Hüququn analogiyası tətbiq
edilərkən ədalət, insaf və mənəviyyat tələbləri
nəzərə alınmalıdır.
13.5. Cinayət, inzibati xətalar
və vergi qanunvericiliyində, məsuliyyətə cəlb
olunma, hüquqların məhdudlaşdırılması və
vəzifələrin müəyyən edilməsi hallarında
hüququn analogiyasından və ya qanunun analogiyasından
istifadə oluna bilməz.
Maddə 14. Qanunvericilikdə boşluqların aşkar edilməsi
14.0. Qanunvericilikdə
boşluqlar aşkar edilərkən aşağıdakılar
nəzərə alınmalıdır:
14.0.1. faktiki
hal hüquqi tənzimləmə dairəsinə aid
olmalıdır;
14.0.2. konkret
ictimai münasibətləri tənzimləyən qanunvericilik
normaları olmamalıdır;
14.0.3. faktiki
hal qanunvericilikdə qismən tənzimlənməlidir (tam tənzimlənməməlidir).
Maddə 15. Hüququn analogiyasından və ya qanunun
analogiyasından istifadə olunması haqqında qərar
15.1. Qanunvericilikdə
boşluqları aşkar edən və bu Konstitusiya Qanununun
14-cü maddəsini tətbiq edən subyekt konkret ictimai
münasibətlərin tənzimlənməsinin səlahiyyətlərinə
aid edildiyi normayaratma orqanına bu barədə məlumat verməlidir.
15.2. Hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə
olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarı Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.
Maddə 16. Hüququn analogiyasından və ya qanunun
analogiyasından istifadə olunmasını istisna edən
hallar
16.0. Aşağıdakı
hallarda hüququn analogiyasından və ya qanunun
analogiyasından istifadə oluna bilməz:
16.0.1. qanunvericilikdə
boşluqlar zahiri xarakter daşıdıqda;
16.0.2. normativ
tənzimləmə zərurəti olmadıqda;
16.0.3. normativ
tənzimləmə qanunla qadağan olunduqda;
16.0.4. normativ
tənzimləmə mövcud olduqda.
IV fəsil
NORMATİV HÜQUQİ AKTLARIN NÖVLƏRİ
Maddə 17. Azərbaycan Respublikası Milli Məclisinin normativ
hüquqi aktları
17.1. Azərbaycan
Respublikası Konstitusiyasının 93-cü maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin
normativ hüquqi aktları qanunlar formasında qəbul edilir.
17.2. Tənzimlənməsi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi
və 95-ci maddəsinin II hissəsi ilə Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyətlərinə
aid edilmiş ictimai münasibətlər qanunla tənzimlənir.
17.3. Azərbaycan
Respublikası Milli Məclisinin normativ hüquqi aktı qəbul
olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası
Konstitusiyasının maddəsi göstərilməli və
aktın həmin maddənin icrası məqsədi ilə qəbul
olunduğu qeyd edilməlidir.
Maddə 18. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi
aktları
18.1. Azərbaycan
Respublikası Konstitusiyasının 113-cü maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin normativ
hüquqi aktları fərman formasında qəbul edilir.
18.2. Azərbaycan
Respublikası Prezidentinin fərmanları Azərbaycan
Respublikasının Konstitusiyası ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərinə aid
edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər
üzrə qəbul edilir.
18.3. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən qəbul edilən
əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Azərbaycan
Respublikası Prezidentinin fərmanları ilə təsdiq
edilir.
18.4. Azərbaycan
Respublikası Prezidentinin normativ hüquqi aktı qəbul
olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası
Konstitusiyasının maddəsi göstərilməli və aktın
həmin maddənin icrası məqsədi ilə qəbul
olunduğu qeyd edilməlidir.
Maddə 19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktları
19.1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Konstitusiyasının 120-ci maddəsinin
I hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikasının Konstitusiyası və
Azərbaycan Respublikası Prezidentinin aktları əsasında
və onların icrası məqsədi ilə Azərbaycan
Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikası Prezidentinin aktları ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə
aid edilmiş məsələlər üzrə qərarlar
formasında normativ hüquqi aktlar qəbul edir.
19.2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul
edilən əsasnamələr, nizamnamələr, qaydalar və
norma nəzərdə tutan digər aktlar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
ilə təsdiq edilir.
19.3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti habelə mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən həll edilə
bilməyən məsələlər üzrə normativ
hüquqi aktlar qəbul edir.
19.4. Normativ hüquqi akt Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul
olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan
Respublikası Konstitusiyasının maddəsi və ya Azərbaycan
Respublikası Prezidentinin aktı göstərilməli və həmin
aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd
edilməlidir.
Maddə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktları
20.1. Mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan
Respublikası Prezidentinin aktları ilə nəzərdə
tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan
Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə
aid edilmiş məsələlər üzrə qəbul edilə
bilər.
20.2. Mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar
formasında qəbul edilir.
20.3. Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən qəbul edilən
təlimatlar, əsasnamələr, nizamnamələr və
qaydalar qərarlarla təsdiq edilir.
20.4. Normativ hüquqi akt mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən qəbul
olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan
Respublikası Prezidentinin aktı göstərilməli və həmin
aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd
edilməlidir.
Maddə 21. Naxçıvan Muxtar Respublikasının dövlət
orqanlarının normativ hüquqi aktlarının növləri
Naxçıvan
Muxtar Respublikasının dövlət orqanlarının
normativ hüquqi aktlarının növləri
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə
müəyyən edilir.
V fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ NORMATİV HÜQUQİ
AKTLARINDA BEYNƏLXALQ HÜQUQUN HAMILIQLA QƏBUL
EDİLMİŞ PRİNSİP VƏ NORMALARININ VƏ AZƏRBAYCAN
RESPUBLİKASININ TƏRƏFDAR ÇIXDIĞI BEYNƏLXALQ
MÜQAVİLƏLƏRİN NORMALARININ HƏYATA
KEÇİRİLMƏSİ
Maddə 22. Beynəlxalq hüququn hamılıqla qəbul
edilmiş prinsip və normalarının
üstünlüyü
Azərbaycan
Respublikası beynəlxalq hüququn hamılıqla qəbul
edilmiş prinsip və normalarının
üstünlüyünü tanıyır və Azərbaycan
Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin
edir.
Maddə 23. Beynəlxalq müqavilələrlə normativ hüquqi
aktların qarşılıqlı nisbəti
23.1. Azərbaycan
Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə
uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib
hissəsidir.
23.2. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrin Azərbaycan
Respublikasının normativ hüquqi aktlarına münasibətdə
hüquqi qüvvəsi Azərbaycan Respublikası
Konstitusiyasının 151-ci maddəsi ilə müəyyən
edilir.
23.3. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
hökumətlərarası müqavilələr həmin
müqavilələrin Azərbaycan Respublikası
üçün məcburiliyinə razılığın
ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün
hüquqi qüvvəyə malikdir.
23.4. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, həmin müqavilələrdə
əks etdirilmiş normaların tətbiqi üçün
dövlətdaxili normativ hüquqi aktın qəbul
olunmasını tələb edən hallar istisna olmaqla,
birbaşa tətbiq edilməlidir.
Maddə 24. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin
həyata keçirilməsinə yönəlmiş normativ
hüquqi aktların qəbul edilməsinin əsasları
24.0. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn
öhdəliklərin həyata keçirilməsinə yönəlmiş
normativ hüquqi aktlar aşağıdakı hallarda qəbul
edilir:
24.0.1. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin predmetini Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə tənzimlənməyən
məsələlər təşkil etdikdə;
24.0.2. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn
öhdəliklərin yerinə yetirilməsi müvafiq normativ
hüquqi akt qəbul edilmədən mümkün olmadıqda;
24.0.3. beynəlxalq
müqavilənin tərəfləri müvafiq normativ
hüquqi aktların qəbul edilməsi barədə
razılığa gəldikdə.
VI fəsil
NORMATİV HÜQUQİ AKTA DAİR ÜMUMİ TƏLƏBLƏR
Maddə 25. Normativ hüquqi aktın tərtib edilməsi üslubu
25.1. Normativ hüquqi aktlar
daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və
normayaratma texnikasına uyğun olmalıdır.
25.2. Normativ hüquqi
aktın normaları ifadə edilərkən həm həddindən
artıq ümumiləşdirilmiş, həm də həddindən
artıq təfərrüatlı ifadələrə, eləcə
də eyni məsələ ilə bağlı normativ göstərişlərin
təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir.
25.3. Normativ hüquqi
aktın (onun struktur elementinin) adı yığcam olmalı,
aydın ifadə edilməli və həmin aktın (struktur
elementinin) əsas mahiyyətini əks etdirməlidir.
25.4. Normativ hüquqi
aktın normaları yığcam şəkildə, əsasən
təsdiq formasında və indiki zamanda ifadə edilməlidir.
25.5. Normativ hüquqi
aktın mətnində istifadə edilən termin və
anlayışlar aydın və birmənalı
olmalıdır.
Maddə 26. Normativ hüquqi aktda normaların yerləşdirilməsinin
ardıcıllığı
Normativ
hüquqi aktın mətnində əvvəl ümumi, sonra isə
daha konkret müddəalar yerləşdirilir.
Maddə 27. Normativ hüquqi aktların layihələrinin dövlət
orqanları tərəfindən hazırlanmasının tənzimlənməsi
27.1. Normativ hüquqi
aktların müxtəlif növlərinin layihələrinin
hazırlanması qaydasının xüsusiyyətləri,
onlar üçün texniki-hüquqi tələblər, habelə
bu Konstitusiya Qanunu ilə tənzimlənməmiş digər məsələlər
müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi
və Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq edilən qaydalarla müəyyən edilir.
27.2. Normativ hüquqi
aktların layihələrinin hazırlanması qaydası normayaratma
fəaliyyətinin subyektlərinin və normayaratma
orqanlarının hüquqlarını məhdudlaşdıra
bilməz.
VII fəsil
NORMATİV HÜQUQİ AKTIN STRUKTURU
Maddə 28. Normativ hüquqi aktların rekvizitləri
28.0. Normativ hüquqi
aktların məcburi rekvizitləri aşağıdakılardır:
28.0.1. aktın
növü (Azərbaycan Respublikasının Qanunu, Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı və s.);
28.0.2. hüquqi
tənzimləmə predmetini əks etdirən normativ hüquqi
aktın adı (sərlövhəsi);
28.0.3. aktın
qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;
28.0.4. müvafiq
normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə
malik olan şəxsin adı, soyadı, vəzifəsi və
imzası.
Maddə 29. Normativ hüquqi aktın adı
29.1. Hər bir normativ
hüquqi akt onun hüquqi tənzimləmə predmetini və əsas
mahiyyətini əks etdirən ada malik olmalıdır.
29.2. Bir və ya bir necə
normativ hüquqi aktda dəyişikliklər edildikdə həmin
dəyişiklikləri nəzərdə tutan aktın
adında dəyişikliklər edilən normativ hüquqi
aktın (aktların) adı (adları) göstərilməlidir.
Maddə 30. Normativ hüquqi aktın struktur elementləri
30.1. Normativ hüquqi
aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən,
maddədən, hissədən, bənddən, yarımbənddən
və abzasdan ibarətdir.
30.2. Normativ hüquqi aktın
mətni onun növündən asılı olaraq bölmədə
birləşən fəsillərə, fəsildə birləşən
maddələrə, maddədə birləşən hissələrə,
hissədə birləşən bəndlərə, bənddə
birləşən yarımbəndlərə və yarımbənddə
birləşən abzaslara bölünə bilər. Qanun, o
cümlədən dəyişiklikləri nəzərdə
tutan qanun, qanunla təsdiq edilən əsasnamə, nizamnamə,
qayda və norma nəzərdə tutan digər
akt maddələrə, digər normativ hüquqi aktlar, o
cümlədən referendum aktı hissələrə
bölünür. Məcəllədə və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə digər struktur elementləri
də ola bilər. Məcəllədə
mündəricat verilməlidir. İri həcmli
digər normativ hüquqi aktlarda da mündəricat verilə
bilər.
30.3. Normativ hüquqi
aktın preambulası onun qəbul edilməsinin səbəblərini,
şərtlərini və məqsədlərini əks etdirən
giriş hissəsidir. Preambulaya normativ göstərişlərin
daxil edilməsinə yol verilmir.
30.4. Normativ hüquqi
aktın bölməsi fəsilləri özündə birləşdirən
struktur elementidir. Bölmə rum rəqəmi ilə
nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə
yazılan və sətrin ortasında yerləşdirilən
ada malik olmalıdır.
30.5. Normativ hüquqi
aktın fəsli maddələri özündə birləşdirən
struktur elementidir. Fəsil ərəb rəqəmi
ilə nömrələnir, mahiyyətini əks etdirən,
baş hərflərlə yazılan və sətrin ortasında
yerləşdirilən ada malik olmalıdır.
30.6. Normativ hüquqi
aktın maddəsi hissələri özündə birləşdirən
və tamamlanmış normativ müddəanı əks etdirən
əsas struktur elementidir. Maddə ərəb rəqəmi
ilə nömrələnir və rəqəmdən sonra
nöqtə qoyulur. Maddə, o cümlədən qanunla təsdiq
edilən əsasnamənin, nizamnamənin, qaydanın və norma nəzərdə tutan digər aktın
maddəsi onun mahiyyətini əks etdirən və sətri hərflərlə
yazılan ada malik olmalıdır. Dəyişiklikləri nəzərdə
tutan qanunun və hər hansı əsasnaməni, nizamnaməni,
qaydanı və norma nəzərdə
tutan digər aktı təsdiq edən qanunun maddəsinin
adı olmur.
30.7. Maddə olmayan normativ
hüquqi aktda hissə bəndləri özündə birləşdirə
bilən və tamamlanmış normativ müddəanı əks
etdirən əsas struktur elementidir. Hissə (maddədə
hissənin nömrəsinin birinci rəqəmi maddənin
nömrəsini təkrarlamaqla) ərəb rəqəmi ilə
nömrələnir və rəqəmdən sonra nöqtə
qoyulur. Hissənin mətni sətri hərflərlə
yazılır və nöqtə ilə tamamlanır.
Normativ hüquqi aktla (qanun istisna olmaqla) təsdiq edilən əsasnamədə,
nizamnamədə, qaydada və norma nəzərdə
tutan digər aktda, mərkəzi icra hakimiyyəti
orqanının normativ hüquqi aktında hissənin mahiyyətini
əks etdirən, sətri hərflərlə yazılan və
sətrin ortasında yerləşdirilən adı
olmalıdır.
30.8. Normativ hüquqi aktın
bəndi yarımbəndləri özündə birləşdirə
bilən, hissənin nömrəsini təkrarlamaqla ərəb
rəqəmi ilə nömrələnən və rəqəmdən
sonra nöqtə qoyulan struktur elementidir. Bəndin
mətni sətri hərflərlə yazılır və
nöqtəli vergül və ya nöqtə ilə
tamamlanır.
30.9. Normativ hüquqi
aktın yarımbəndi abzasları özündə birləşdirə
bilən, bəndin nömrəsini təkrarlamaqla ərəb rəqəmi
ilə nömrələnən və rəqəmdən sonra
nöqtə qoyulan struktur elementidir. Yarımbəndin
mətni sətri hərflərlə yazılır və
nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
30.10. Normativ hüquqi
aktın abzası yarımbəndin tərkib hissəsi olan, ərəb
rəqəmi ilə nömrələnən və rəqəmdən
sonra nöqtə qoyulan struktur elementidir. Abzasın
mətni sətri hərflərlə yazılır və
nöqtəli vergül və ya nöqtə ilə
tamamlanır.
30.11. Struktur elementləri
ardıcıl və bütün normativ hüquqi akt
üçün eyni qaydada nömrələnməlidir. Sətrin ortasında yerləşdirilməli olan
struktur elementləri istisna olmaqla, struktur elementləri mətnin
birinci sətrinin əvvəlində (abzas yarımbəndin mətninin
birinci sətrinə münasibətdə) boş yer
buraxılmaqla yerləşdirilir. Normativ
hüquqi aktda maddənin hissəsinə, bəndinə və
ya yarımbəndinə istinad edilərkən, onlar maddə
adlandırılır.
30.12. Normativ hüquqi aktlarda
bu maddədə göstərilən struktur elementlərindən
onlara xas olmayan rəqəm və ya digər işarələrlə
istifadə edilməsinə müstəsna hallarda və normativ
hüquqi aktlarda xüsusi qeyd-şərtlər olduqda yol
verilir.
Maddə 31. Məcəllələşdirilmiş normativ hüquqi
aktların strukturunun xüsusiyyətləri
31.1. Məcəllələşdirilmiş
normativ hüquqi aktın bölmələri ümumi və
xüsusi hissələrdə birləşdirilə bilər.
31.2. Məcəllələşdirilmiş
normativ hüquqi aktın ümumi hissəsi
aşağıdakıları əks etdirməlidir:
31.2.1. əsas
müddəalar (prinsiplər, anlayışların tərifi, əsas
təsisatlar);
31.2.2. ixtisaslaşdırılmış
normativ müddəalar (prezumpsiyalar, preyudisiyalar);
31.2.3. yüksək
dərəcəli ümumiləşdirmə və sabitliklə
səciyyələnən və xüsusi hissənin
normalarının istifadəsi üçün hüquqi əsas
yaradan digər ilkin normativ müddəalar.
31.3. Məcəllələşdirilmiş
normativ hüquqi aktın xüsusi hissəsi
aşağıdakıları ifadə edən normaları əhatə
edə bilər:
31.3.1. mümkün
və lazımi davranışın (hüquq və vəzifələr)
növü və ölçüsü (qaydaları);
31.3.2. hüquq
normalarının mümkün pozuntularının mənfi nəticələrinin
(hüquqi məsuliyyətin) növü və
ölçüsü.
Maddə 32. Normativ hüquqi aktlarda dəyişikliklərin edilməsinin
texniki parametrləri
32.1. Normativ hüquqi
aktın struktur elementi (bölməsi, fəsli, maddəsi, hissəsi
və s.) qüvvədən düşmüş hesab edildikdə
və ya ləğv edildikdə, o qüvvədə olan aktdan
çıxarılır, lakin onun nömrəsi
saxlanılır və normativ hüquqi aktın struktur elementlərinin
(bölmələrin, fəsillərin, maddələrin, hissələrin
və s.) nömrələri dəyişmir.
32.2. Normativ hüquqi akta yeni
struktur element (bölmə, fəsil, maddə, hissə və
s.) əlavə edildikdə, o, aktın struktur elementlərinin
nömrələrini təkrarlamaqla əlavə nömrə
ilə daxil edilir.
32.3. Bir neçə struktur
elementlərindən ibarət struktur elementə edilən dəyişikliyin
onu təşkil edən digər struktur elementlərə (hissənin
bəndlərinə, bəndin yarımbəndlərinə və
yarımbəndin abzaslarına) şamil edilmədiyi mötərizədə
göstərilməklə müəyyənləşdirilir və
bu cür mötərizənin olmaması müvafiq dəyişikliyin
bütövlükdə struktur elementi əhatə etdiyini
bildirir.
Maddə 33. Normativ hüquqi aktlarda başqa aktlara istinad edilməsi
və başqa aktların müddəalarının təkrarlanması
Zəruri
hallarda normativ hüquqi aktda digər bərabər və ya
daha yüksək hüquqi qüvvəyə malik olan normativ
hüquqi aktların struktur elementlərinə istinadlara, habelə
daha yüksək hüquqi qüvvəyə malik olan normativ
hüquqi aktlara istinad etməklə, belə normativ hüquqi
aktların ayrı-ayrı müddəalarının təkrarlanmasına
yol verilir. Bu
cür təkrarlanmada müvafiq normaya istinad olmalı, həmin
norma dürüst ifadə edilməli və
daha yüksək hüquqi qüvvəyə malik olan normativ
hüquqi aktın normasının mənası dəyişdirilməməlidir.
Maddə 34. Normativ hüquqi aktların maddələrində
başqa maddələrə istinad edilməsi
Hüquq
normaları arasında qarşılıqlı əlaqəni
pozmamaq və ya təkrarlara yol verməmək zərurəti
olduğu hallarda normativ hüquqi aktın maddələrində
həmin aktın başqa maddələrinə istinad edilə
bilər.
Maddə 35. Sətiraltı qeydlər və əlavələr
35.1. Normativ hüquqi
aktların (onların struktur elementlərinin) ayrıca struktur
elementləri kimi onlara dair sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən,
izahlardan və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi
aktın (onun struktur elementlərinin) mətninə yerləşdirilə
bilmədikdə istifadə edilir.
35.2. Normativ hüquqi aktda cədvəllər,
qrafiklər, xəritələr, sxemlər, siyahılar,
illüstrasiyalar və s. göstərildikdə onlar əlavə
formasında rəsmiləşdirilməli, normativ hüquqi
aktın müvafiq struktur elementlərində isə həmin əlavələrə
dair istinadlar olmalıdır.
Maddə 36. Normativ hüquqi aktda məsuliyyət tədbirlərinin
nəzərdə tutulması
Dövlət və
yerli özünüidarə orqanlarının, siyasi
partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin,
onların vəzifəli şəxslərinin, habelə fiziki
şəxslərin vəzifələrini nəzərdə
tutan aktlarda həmin vəzifələrin pozulmasına görə
qüvvədə olan qanunvericiliklə məsuliyyət nəzərdə
tutulmamışdırsa, bu cür məsuliyyət tədbirləri
göstərilməlidir.
VIII fəsil
NORMAYARATMA PROSESİ
Maddə 37. Hüquq sisteminin sabitliyi
Qanunlarla və
ya fərmanlarla digər hal nəzərdə tutulmadıqda,
normativ hüquqi aktda onun qəbul edilməsindən sonra 6 aydan
tez müddətdə dəyişikliklər edilməsinə
daha yüksək hüquqi qüvvəyə malik olan normativ
hüquqi aktın tələbləri və ya normativ hüquqi
aktın hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya
maliyyə ekspertizasının rəyi əsasında yol
verilir.
Maddə 38. Qanunvericilik təşəbbüsü hüququnun
subyektləri
Qanunvericilik təşəbbüsü
hüququ Azərbaycan Respublikası Konstitusiyasının
96-cı maddəsi ilə müəyyən edilmiş subyektlərə
mənsubdur.
Maddə 39. Normayaratma təşəbbüsünün subyektləri
39.1. Normayaratma təşəbbüsünün
subyektləri onlara verilmiş səlahiyyətlərə
uyğun olaraq normativ hüquqi aktın layihəsinin və ya
onun hər hansı struktur elementinin qəbul olunması, aktda dəyişikliklər
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi zərurəti
haqqında təklifi bu Konstitusiya Qanununun 48-ci maddəsinə
uyğun olaraq normayaratma orqanına təqdim etmək hüququ
olan subyektlərdir.
39.2. Normayaratma təşəbbüsünün
subyekti olmayan dövlət orqanları və vəzifəli
şəxslər, habelə fiziki və hüquqi şəxslər
normativ hüquqi aktın qəbul edilməsi ilə
bağlı təkliflərini və ya normativ hüquqi
aktın layihəsini Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
müvafiq səlahiyyətlərə malik olan dövlət
orqanlarına təqdim edə bilərlər. Bu
halda bu Konstitusiya Qanununun 48-ci maddəsinə riayət olunmaya
bilər.
Maddə 40. Normayaratma prosesinin mərhələləri
40.0. Normayaratma prosesi
aşağıdakı mərhələlərdə, müəyyən
olunmuş prosedura əməl etməklə həyata keçirilir:
40.0.1. normayaratma
fəaliyyətinin planlaşdırılması;
40.0.2. normayaratma
təşəbbüsü (normativ hüquqi aktın layihəsinin
hazırlanması);
40.0.3. normativ
hüquqi aktın qəbul edilməsi;
40.0.4. normativ
hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi;
40.0.5. normativ
hüquqi aktın dərc edilməsi.
Maddə 41. Normativ hüquqi aktların layihələrinin
hazırlanmasının planlaşdırılması
41.1. Normativ hüquqi
aktların layihələrinin hazırlanması planlı əsasda
həyata keçirilir.
41.2. Normativ hüquqi
aktların layihələrinin hazırlanmasının
planlaşdırılmasına normayaratma orqanları tərəfindən
aşağıdakıların təsdiq edilməsi daxildir:
41.2.1. normativ
hüquqi aktların layihələrinin hazırlanması
haqqında müddəaları əks etdirən dövlət
proqramları;
41.2.2. qanun
layihələrinin hazırlanmasının illik planları və
normativ hüquqi aktların layihələrinin
hazırlanmasının digər planları.
Maddə 42. Normativ hüquqi aktların layihələrinin
hazırlanması planlarının tərtib edilməsi
qaydası
42.1. Müvafiq olaraq Azərbaycan
Respublikasının Milli Məclisi və Azərbaycan
Respublikasının Prezidenti qanun layihələrinin
hazırlanmasının qarşılıqlı
razılaşdırılmış illik planını tərtib
edir. Qanun layihələrinin
hazırlanmasının illik planında əhəmiyyətli və
mürəkkəb qanun layihələrinin
konsepsiyalarının hazırlanması nəzərdə
tutula bilər.
42.2. Normayaratma orqanları
dövlət proqramları və ya qanun layihələrinin
hazırlanmasının illik planı əsasında normativ
hüquqi aktların layihələrinin hazırlanması ilə
bağlı öz planlarını tərtib və təsdiq edə
bilərlər.
42.3. Normativ hüquqi
aktların layihələrinin hazırlanması planları tərtib
edilərkən normayaratma fəaliyyətinin subyektlərinin,
digər maraqlı orqanların, elmi təşkilatların,
habelə digər fiziki və hüquqi şəxslərin təklifləri
nəzərə alına bilər.
Maddə 43. Dövlət proqramlarının və normativ hüquqi
aktların layihələrinin hazırlanması
planlarının həyata keçirilməsinə nəzarət
Dövlət
proqramlarının və normativ hüquqi aktların layihələrinin
hazırlanması planlarının həyata keçirilməsinə
onları təsdiq etmiş normayaratma orqanları nəzarət
edirlər.
Maddə 44. Normativ hüquqi aktların layihələrinin
hazırlanmasının planlaşdırılması üzrə
fəaliyyətdə aşkarlığın təmin edilməsi
44.1. Dövlət
proqramları və normativ hüquqi aktların layihələrinin
hazırlanması planları onları təsdiq etmiş
normayaratma orqanlarının aktları üçün nəzərdə
tutulmuş qaydada təsdiq və dərc edilir.
44.2. Təsdiq edilmiş
dövlət proqramları və normativ hüquqi aktların
layihələrinin hazırlanması planları məlumat
üçün əlaqədar dövlət orqanlarına
göndərilir.
Maddə 45. Normativ hüquqi aktın layihəsinin hazırlanması
qaydası
45.1. Normativ hüquqi
aktın layihəsinin hazırlanmasına
aşağıdakılar daxil edilə bilər:
45.1.1. normayaratma
təşəbbüsünə baxılması və layihənin
hazırlanması üzrə qərarın qəbul edilməsi;
45.1.2. layihənin
hazırlanmasının təşkilati-texniki və maliyyə
təminatı;
45.1.3. zəruri
materialların və məlumatların toplanması;
45.1.4. layihənin
konsepsiyasının hazırlanması;
45.1.5. layihənin
mətninin tərtib edilməsi;
45.1.6. layihənin
razılaşdırılması;
45.1.7. hüquqi,
linqvistik, maliyyə və digər zəruri ekspertizaların
keçirilməsi.
45.2. Normayaratma orqanı
normativ hüquqi aktın layihəsinin hazırlanmasını
müstəqil surətdə həyata keçirə və ya
normayaratma təşəbbüsünün digər subyektinin
səlahiyyətlərinə aid edilən məsələlər
üzrə həmin subyektə tapşıra bilər, habelə
layihənin hazırlanmasına müvafiq mütəxəssisləri
cəlb edə, bunun üçün xüsusi
yaradılmış müvəqqəti komissiyalara və ya
işçi qruplarına tapşırıq verə bilər.
45.3. Normativ hüquqi
aktın layihəsi müvafiq dövlət orqanının
hüquq xidmətinin mütləq iştirakı ilə
hazırlanır.
Maddə 46. Normativ hüquqi aktın layihəsinin
razılaşdırılması
46.1. Normativ hüquqi
aktın layihəsinin razılaşdırılması Azərbaycan
Respublikasının qanunvericiliyi ilə məcburi olduqda, habelə
normativ hüquqi aktda Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada digər
dövlət orqanları ilə bağlı normativ göstərişlər
və (və ya) tapşırıqlar olduqda həmin layihə
normayaratma orqanına təqdim edilməzdən əvvəl
maraqlı dövlət orqanları ilə
razılaşdırılmalıdır.
46.2. Normativ hüquqi
aktın layihəsinin razılaşdırılması
aşağıdakı vasitələrlə həyata
keçirilir:
46.2.1. dövlət
orqanı tərəfindən mövcud irad və təkliflər
əsaslandırılmaqla və ya təklif edilən normativ
göstərişlərlə razılaşmadıqda, normativ
hüquqi aktın layihəsi və ya onun ayrıca struktur
elementi normayaratma texnikasının müəyyən
edilmiş qaydalarına uyğun əlavə olunmaqla müvafiq
layihəyə dair yazılı formada razılığın
verilməsi və verilməməsi;
46.2.2. dövlət
orqanının rəhbəri tərəfindən normativ
hüquqi aktın layihəsinin vizalanması (ona dair irad və
təkliflər olduqda onları əsaslandırmaqla və
normativ hüquqi aktın layihəsi və ya onun ayrıca
struktur elementinin təklif edilən redaksiyası normayaratma
texnikasının müəyyən edilmiş qaydalarına
uyğun əlavə edilməklə).
46.3. Normativ hüquqi
aktın layihəsinin razılaşdırılması
zamanı hüquqi cəhətdən əsaslandırılmamış
irad və təkliflərə baxılmır.
46.4. Azərbaycan
Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə
tutulmadıqda, normativ hüquqi aktın layihəsinin
razılaşdırılması zamanı dövlət
orqanı tərəfindən müvafiq layihəyə dair
razılıq verilməsi və ya verilməməsi layihənin
müəyyən olunmuş qaydada alındığı
gündən ən geci 60 gün keçənədək, onun
vizalanması isə ən geci 5 gün keçənədək
həyata keçirilir.
46.5.
Razılaşdırılma haqqında məlumat bu Konstitusiya
Qanununun 46.4-cü maddəsi ilə müəyyən
edilmiş müddətdə təqdim edilmədikdə və
bu zaman razılaşdırılma müddətinin
uzadılması zərurəti və ya bu müddətin
uzadılmasından imtina edilməsi əsaslandırılmaqla
razılaşdırılma müddətinin uzadılması
haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi
razılaşdırılmış hesab olunur.
46.6. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edilmiş
qanun layihəsi bütün maraqlı dövlət
orqanları ilə razılaşdırılmış hesab
olunur.
46.7. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarının layihəsi
mərkəzi icra hakimiyyəti orqanları ilə
razılaşdırılmalıdır, mərkəzi icra
hakimiyyəti orqanının normativ hüquqi aktının
layihəsi isə əlaqədar mərkəzi icra hakimiyyəti
orqanları ilə razılaşdırılmalıdır.
Maddə 47. Normativ hüquqi aktın layihəsinin ekspertizası
Bu Konstitusiya
Qanunu ilə ekspertizanın məcburi qaydada keçirilməsi
nəzərdə tutulan hallar istisna olmaqla, normayaratma
orqanının və ya Azərbaycan Respublikasının
qanunvericilik aktları ilə səlahiyyətlər verilmiş
digər dövlət orqanının qərarı ilə
normativ hüquqi aktın layihəsi başqa ekspertizadan (maliyyə,
iqtisadi, ekoloji, kriminoloji və s.) keçirilə bilər.
Maddə 48. Normativ hüquqi aktın layihəsinin normayaratma
orqanına təqdim edilməsi
48.1. Normativ hüquqi
aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi
qaydası bu Konstitusiya Qanunu, Azərbaycan Respublikasının
digər qanunvericilik aktları və müvafiq normayaratma
orqanının aktları ilə müəyyən edilir.
48.2. Normayaratma orqanına təqdim
edilən normativ hüquqi aktın layihəsinə, onun
növündən asılı olaraq, aşağıdakılar
əlavə edilir:
48.2.1. müşayiət
məktubu və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin
əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi
əsaslandırılması;
48.2.2. normativ
hüquqi aktın layihəsinin
razılaşdırılması (vizalanması) haqqında məlumatı
əks etdirən sənədlər;
48.2.3. normativ
hüquqi aktın layihəsinə dair ekspert rəyləri;
48.2.4. normativ
hüquqi aktın layihəsini hazırlamış şəxslərin
siyahısı;
48.2.5. normativ
hüquqi aktın layihəsinə aid digər sənədlər
(layihəni təqdim edən subyektin qərarına əsasən).
48.3. Normativ hüquqi
aktın qəbul olunması zərurətinin əsaslandırılmasına
aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
48.3.1. normativ
hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri,
onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər
edən struktur elementlərinin hüquqi tənzimləmə
predmeti;
48.3.2. Azərbaycan
Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin,
xarici dövlətlərin qanunvericiliyinin, kütləvi
informasiya vasitələrində dərc olunmuş
materialların, normativ hüquqi aktın layihəsinin
hüquqi tənzimləmə predmetinə dair fiziki və
hüquqi şəxslərin müraciətlərinin
aparılmış təhlili;
48.3.3. normativ
hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin
proqnozlaşdırılması;
48.3.4. normativ
hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv
edilməli, dəyişikliklər edilməli, habelə
hazırlanmalı olan normativ hüquqi aktların (onların
struktur elementlərinin) siyahısı.
48.4. Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edilən
qanun layihəsinə layihənin redaksiyasına dair ekspert rəyləri
əlavə olunur. Bu zaman layihədə texniki xarakter
daşıyan dəyişikliklər edildikdə layihə təkrar
ekspert rəylərinin alınması üçün göndərilmir.
48.5. Qanunda dəyişikliklər
edilməsi haqqında qanun layihələrinə maddənin və
ya qanunun digər struktur elementinin redaksiyası və layihə
ilə qanuna təklif edilən dəyişikliklər nəzərə
alınmaqla maddənin və ya qanunun digər struktur elementinin
redaksiyası göstərilməklə müqayisəli cədvəl
əlavə olunur.
48.6. Azərbaycan
Respublikasının Milli Məclisinə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təqdim edilən
qanun layihəsinə yalnız müşayiət məktubu əlavə
olunur və bu Konstitusiya Qanununun 48.3-cü və 48.4-cü maddələrində
göstərilən sənədlər Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasında saxlanılır.
48.7. Normativ hüquqi
aktın layihəsi normayaratma orqanına kağız
daşıyıcısında və eyni zamanda elektron
daşıyıcılarında mətn faylları
formasında təqdim edilir.
IX fəsil
NORMATİV HÜQUQİ AKTIN LAYİHƏSİNİN,
QANUNUN MƏCBURİ HÜQUQİ EKSPERTİZASI
Maddə 49. Normativ hüquqi aktın layihəsinin,
qanunun məcburi hüquqi ekspertizasının keçirilməsi
qaydası
49.1. Normativ hüquqi
aktın layihəsi və Azərbaycan Respublikasının
Prezidentinə imzalanmaq üçün təqdim edilən
qanun məcburi hüquqi ekspertizadan keçirilməlidir.
49.2. Məcburi hüquqi
ekspertiza, normativ hüquqi aktın növündən
asılı olaraq aşağıdakı qaydada keçirilir:
49.2.1. qanun layihələri
- Azərbaycan Respublikası Milli Məslisinin işinin təşkilati
təminatını həyata keçirən qurumun səlahiyyətli
struktur bölməsi tərəfindən;
49.2.2. Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilən normativ
hüquqi aktların layihələri və imzalanmaq
üçün təqdim edilən qanunlar - Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının səlahiyyətli
struktur bölməsi tərəfindən;
49.2.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar layihələri -
Azərbaycan Respublikası Nazirlər Kabinetinin işinin təşkilati
təminatını həyata keçirən qurumun səlahiyyətli
struktur bölməsi tərəfindən;
49.2.4. mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının layihələri - həmin orqanların
hüquq xidmətləri tərəfindən.
Maddə 50. Normativ hüquqi aktların layihələrinə
dair ümumi tələblər
50.0. Normativ hüquqi
aktın layihəsinə dair ümumi tələblər
aşağıdakılardır:
50.0.1. bu Konstitusiya Qanununun
8-ci maddəsində müəyyən edilən prinsiplərə
uyğunluğu;
50.0.2. normativ hüquqi
aktın normalarının normativ hüquqi aktın məqsəd
və vəzifələrinə uyğunluğu;
50.0.3. normativ tənzimləmə
predmetinə uyğunluğu;
50.0.4. normativ hüquqi
aktın formasının və mahiyyətinin uyğunluğu;
50.0.5. daxili strukturun məntiqliliyi;
50.0.6. daxil edilməsi nəzərdə
tutulan normaların qarşılıqlı ziddiyyətsizliyi;
50.0.7. bir dövlət
orqanının digər dövlət orqanının səlahiyyətlərinə
müdaxilə etməməsi;
50.0.8. normativ hüquqi aktın
müvafiq səlahiyyətə malik olan normayaratma orqanı tərəfindən
öz səlahiyyəti daxilində qəbul edilməsi;
50.0.9. normativ hüquqi
aktın Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada və formada qəbul edilməsi;
50.0.10. normayaratma
texnikasına uyğunluğu;
50.0.11. bu Konstitusiya
Qanununun 37-ci maddəsinin tələblərinə riayət
olunması.
Maddə 51. Məcburi hüquqi ekspertizanın rəyi
51.1. Məcburi hüquqi
ekspertizanın rəyi bu Konstitusiya Qanununa əlavə
olunmuş 1 nömrəli Əlavəyə uyğun tərtib
edilir.
51.2. Normativ hüquqi
aktın layihəsinə dair məcburi hüquqi
ekspertizanın rəyində aşağıdakı nəticələrdən
biri göstərilməlidir:
51.2.1. normativ hüquqi
aktın layihəsi rədd edilir;
51.2.2. normativ hüquqi
aktın layihəsi yenidən işlənilməsi
üçün normayaratma təşəbbüsünün
subyektinə qaytarılır;
51.2.3. normativ hüquqi
aktın layihəsi dəstəklənir.
51.3. Qanuna dair məcburi
hüquqi ekspertizanın rəyində, onun Azərbaycan
Respublikasının Prezidenti tərəfindən imzalanması
və ya imzalanmadan öz etirazları ilə birlikdə Azərbaycan
Respublikasının Milli Məclisinə qaytarılması təklif
edilir.
Maddə 52. Məcburi hüquqi ekspertizanın
keçirilməsinin ardıcıllığı
Normativ hüquqi
aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası
məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl
keçirilməlidir.
X fəsil
NORMATİV HÜQUQİ AKTIN LAYİHƏSİNİN MƏCBURİ
LİNQVİSTİK EKSPERTİZASI
Maddə 53. Normativ hüquqi aktın mətninə dair
irəli sürülən linqvistik tələblər
Normativ hüquqi
aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini
istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi
dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar
üslubuna əməl etməklə tərtib edilir.
Maddə 54. Normativ hüquqi aktın terminologiyası
54.1. Normativ hüquqi
aktın terminologiyası aydın anlaşılan sözlərdən
və söz birləşmələrindən istifadə etməklə
formalaşdırılmalıdır.
54.2. Normativ hüquqi
aktda eyni terminlər bir mənada işlədilməli və
vahid formaya malik olmalıdır.
54.3. Normativ hüquqi
aktda istifadə edilən terminlərin və onların tərifinin
dəqiqləşdirilməsi zərurəti olduqda həmin
aktda onların mənasını izah edən maddə (hissə,
bənd) yerləşdirilir.
Maddə 55. Xüsusi nişanlanmalardan istifadə
olunması
55.1. Normativ hüquqi
aktda xüsusi nişanlanmalardan yalnız müvafiq xüsusi
sahədə işlədilən mənada istifadə olunur.
55.2. Zərurət
olduqda, xüsusi nişanlanmalar normativ hüquqi aktda izah edilir.
Maddə 56. Normativ hüquqi aktın mətninə dair
üslub tələbləri
56.0. Normativ hüquqi
aktın mətnində aşağıdakıların ifadə
edilməsinə yol verilmir:
56.0.1. loru dili, Azərbaycan
dilinin dialektləri və danışıq nitqinin ekspressiv
formaları;
56.0.2. eyni mənada
müxtəlif anlayışlar (terminlər);
56.0.3. Azərbaycan dilində
eynimənalı sözlər və terminlər olduqda başqa
dillərdən alınma sözlər;
56.0.4. anlaşılmaz söz
birləşmələri, ümumiləşdirilmiş
düşüncələr, çağırışlar, bədii
müqayisələr, epitetlər, metaforalar;
56.0.5. abreviaturalar (məlum
olanlar istisna olmaqla).
Maddə 57. Normativ hüquqi aktlarda ifadə edilən
ixtisarlar və ümumiləşdirilmiş anlayışlar
57.1. Dövlət
orqanlarının normativ hüquqi aktlarda ifadə edilən
adları onların əsasnamələrinə (nizamnamələrinə),
yaradılması, adlandırılması və
adlarının dəyişdirilməsi haqqında aktlara tam
uyğun olaraq göstərilir.
57.2. Dövlət
orqanlarının ixtisar edilmiş adlarının ifadə
olunmasına onların ixtisar edilmiş adları rəsmi
olduqda və yalnız texniki normativ hüquqi aktlarda,
qeyri-normativ hüquqi aktlarda, habelə stenoqramlarda, protokollarda,
xidməti məktublarda, arayış xarakterli sənədlərdə,
hüquqi aktlara dair mətndən kənar əlavələrdə
yol verilir.
57.3. Dövlət
orqanlarını ifadə edən ümumiləşdirilmiş
anlayışlardan (sözlərdən, söz birləşmələrindən)
normativ hüquqi aktlarda istifadə edilməsinə yalnız
müvafiq ümumiləşdirilmiş anlayışın istənilən
dövlət orqanına şamil olunduğu nəzərdə
tutulan hallarda yol verilir. Normativ hüquqi aktın mətnində
dövlət orqanının adının dəfələrlə
göstərilməsi tələb olunduqda və ya sözlər
qrupu ilə ifadə olunan bu və ya digər anlayış dəfələrlə
işlədildikdə bu dövlət orqanının və ya
anlayışın adı ilk dəfə istifadə edilən
müddəada tam verilir və bu zaman mötərizədə
növbəti müddəalarda göstəriləcək
ixtisar (şərti nişanlanma) qeyd olunur.
57.4. Tam adın göstərilməsi
məqsədəuyğun olmadıqda dəfələrlə
istinadlar edilən normativ hüquqi aktın adına da bu qayda tətbiq
edilir.
Maddə 58. Normativ hüquqi aktlarda istinadların tətbiq
edilməsi
Normativ hüquqi aktda həmin
normativ hüquqi akta və ya onun struktur elementinə istinad
yalnız "bu" sözündən istifadə etməklə
edilir.
Maddə 59. Normativ hüquqi aktların layihələrinin
məcburi linqvistik ekspertizasının rəyi
59.0. Normativ hüquqi
aktın layihəsinə dair məcburi linqvistik ekspertizanın
rəyində aşağıdakı nəticələrdən
biri göstərilməlidir:
59.0.1. normativ hüquqi
aktın layihəsi rədd edilir;
59.0.2. normativ hüquqi
aktın layihəsi yenidən işlənilməsi
üçün normayaratma təşəbbüsünün
subyektinə qaytarılır;
59.0.3. normativ hüquqi
aktın layihəsi dəstəklənir.
Maddə 60. Normativ hüquqi aktların layihələrinin
məcburi linqvistik ekspertizasının forması
Məcburi linqvistik ekspertizanın
rəyi normativ hüquqi aktın layihəsinin mətnində
aparılan düzəlişlər formasında tərtib
edilir.
XI fəsil
NORMATİV HÜQUQİ AKTLARIN (ONLARIN LAYİHƏLƏRİNİN)
SUİ-İSTİFADƏYƏ MƏRUZ QALMASINA DAİR
EKSPERTİZASININ KEÇİRİLMƏSİ
Maddə 61. Normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair
ekspertizasının keçirilməsinin məqsədi
Məcburi hüquqi
ekspertizadan keçirilən normativ hüquqi aktların layihələrində
və Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq
üçün təqdim edilən qanunlarda (bu fəslin məqsədləri
üçün bundan sonra - normativ hüquqi aktlar (onların
layihələri)) sui-istifadə təzahürləri
üçün şərait yaranmasına kömək edən
müddəaların əmələ gəlməsinin
qarşısını almaq, onları aşkar etmək və
aradan qaldırmaq məqsədi ilə normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə məruz
qalmasına dair ekspertizası keçirilir.
Maddə 62. Normativ hüquqi aktlarda (onların layihələrində)
sui-istifadə amilləri
62.1. Bu Konstitusiya
Qanununun məqsədləri üçün sui-istifadə amilləri
dedikdə, normativ hüquqi aktın tətbiqi zamanı
sui-istifadənin təzahürünə səbəb olan, o
cümlədən sui-istifadə təcrübəsinin bilavasitə
əsası olan, yaxud sui-istifadə əməllərinə
legitim şərait yaradan, sui-istifadə əməllərinə
yol verən və ya onlara təhrik edən normativ hüquqi
aktların müddəaları (o cümlədən
normanın və hüquqi düsturların qüsurları) nəzərdə
tutulur.
62.2. Özündə
sui-istifadə amillərini ehtiva edən normalar (normativ
hüquqi aktlar, onların layihələri) sui-istifadəyə
məruz qalmış normalar (normativ hüquqi aktlar, onların
layihələri) hesab edilir.
62.3. Tipik sui-istifadə
amillərinə əsasən, tənzimləmə predmetindən
asılı olmayaraq normativ hüquqi aktlarda (onların layihələrində)
daha tez-tez rast gəlinən və şübhəsiz və ya
böyük ehtimalla sui-istifadə təzahürlərinə səbəb
olan sui-istifadə amilləri aid edilir.
62.4. Normativ hüquqi
aktların layihələrinin hazırlanması və təkmilləşdirilməsi
zamanı onlara bu Konstitusiya Qanununda qeyd edilən tipik sui-istifadə
amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin,
habelə sui-istifadəyə şərait yaranmasına səbəb
olacaq digər müddəaların daxil edilməsinə yol
verilmir.
Maddə 63. Sui-istifadə amillərinin növləri
63.0. Normativ hüquqi
aktın (onun layihəsinin) ekspertizası aparılarkən
aşağıdakı tipik sui-istifadə amilləri və
sui-istifadəyə məruz qalma təzahürləri aşkar
edilməli və aradan qaldırılmalıdır:
63.0.1. dövlət
orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin
həyata keçirilməsi ilə əlaqədar olan tipik
sui-istifadə amilləri;
63.0.2. hüquqi
boşluqların mövcudluğu ilə əlaqədar olan
tipik sui-istifadə amilləri;
63.0.3. sistem xarakterli
tipik sui-istifadə amilləri;
63.0.4. sui-istifadəyə
məruz qalmanın tipik təzahürləri.
Maddə 64. Dövlət orqanının (vəzifəli
şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi
ilə əlaqədar olan tipik sui-istifadə amilləri
64.1. Normativ hüquqi
aktda dövlət orqanının (vəzifəli şəxsin)
səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar
olan tipik sui-istifadə amillərinə
aşağıdakılar aiddir:
64.1.1. diskresion səlahiyyətlərin
geniş olması;
64.1.2. səlahiyyətin
dispozitiv imkan kimi müəyyənləşdirilməsi;
64.1.3. şəxsə məxsus
hüquqların həyata keçirilməsi üçün
ona lazım olduğundan daha yüksək tələblərin
irəli sürülməsi;
64.1.4. fiziki və
hüquqi şəxslərin hüquqlarından dövlət orqanı
(vəzifəli şəxs) tərəfindən sui-istifadə
edilməsi imkanı;
64.1.5. hüquqların həcminin
əsassız dəyişdirilməsi;
64.1.6. qanundan irəli gələn
normayaratmanın həddindən artıq sərbəst xarakter
daşıması;
64.1.7. hüquqi-linqvistik
sui-istifadəyə məruz qalma;
64.1.8. icra hakimiyyəti
orqanının səlahiyyətindən kənar normativ
hüquqi aktın qəbul edilməsi;
64.1.9. qanundakı
boşluqların icra hakimiyyəti orqanının normativ
hüquqi aktları ilə doldurulması.
64.2. Vəzifəli
şəxsə qərar qəbul edilməsi zamanı öz
mülahizələrinə görə hərəkət etmək
imkanı verən normativ hüquqi aktdakı diskresion səlahiyyətlər
özbaşına həyata keçirilə bilməz.
64.3. Normativ hüquqi
aktda diskresion səlahiyyətlərin geniş olması nəticəsində
qərar qəbul etmə müddətlərinin müəyyən
edilməməsinə və ya bu müddətin qeyri-müəyyənliyinə,
bu və ya digər qərarın qəbul edilməsi şərtlərinin
və əsaslarının qeyri-müəyyənliyinə,
müxtəlif dövlət orqanlarının səlahiyyətlərinin
bir-birini təkrarlamasına yol verilmir.
64.4. Dövlət
orqanı üçün hüquq və vəzifələr
onun səlahiyyətlərini təşkil edir və bu səbəbdən
normativ hüquqi aktda həmin orqanın hüququ konkret
icraçının mülahizəsindən asılı olan
bu və ya digər hərəkətlərin edilməsi,
dispozitiv imkan kimi müəyyənləşdirilə bilməz.
Normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin
həddindən artıq ümumiləşdirilmiş formada
müəyyən edilməsinə, "orqan edə bilər",
"bir qayda olaraq", "müstəsna hallarda yol
verilir", "orqan öz səlahiyyətləri daxilində",
"zərurət olduqda" və bunlara bənzər
qeyri-müəyyən ifadələrdən istifadə
olunmasına yol verilmir.
64.5. Normativ hüquqi
aktda fiziki və hüquqi şəxslərin öz
hüquqlarını həyata keçirməsi və ya vəzifələrini
yerinə yetirməsi üçün zəruri olan tələblər
(şərtlər) ağır və (və ya) çətin
yerinə yetirilən tələblər (şərtlər) ola
bilməz.
64.6. Normativ hüquqi
aktda lazım olduğundan yüksək və artıq tələblərin
irəli sürülməsinə, fiziki və hüquqi şəxslər
tərəfindən təqdim edilən sənədlərin,
yaxud başlanmış inzibati prosedur çərçivəsində
ona imtina üçün əsasların açıq (natamam)
siyahısının mövcudluğuna, hüququn həyata
keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici
ifadələrdən istifadə olunmasına yol verilmir.
64.7. Normativ hüquqi
aktda fiziki və hüquqi şəxslərin
hüquqlarının dəqiq (dürüst) nizamlanmaması
yolu ilə vəzifəli şəxslər üçün diskresion
səlahiyyətlərin və dispozitiv imkanların
yaradılmasına yol verilmir. Normativ hüquqi aktda fiziki və
hüquqi şəxslərə başlanmış inzibati
prosedur çərçivəsində hərəkətlərin
edilməsi üçün üsul və müddətlərin
sərbəst seçimi əvəzinə yalnız
hüquqların alternativ seçilməsi imkanının nəzərdə
tutulmasına yol verilmir.
64.8. Normativ hüquqi
aktda vəzifəli şəxsin öz mülahizəsindən
asılı olaraq fiziki və hüquqi şəxslər
üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək
imkanı nəzərdə tutula bilməz. Normativ hüquqi
aktda vəzifəli şəxslərə normativ hüquqi
aktla nizamlanmayan güzəştlər, habelə qadağa və
məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə
tutula bilməz.
64.9. Qanunda normaların
həddindən artıq detallaşdırılması Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyən
edilmiş icra və məhkəmə hakimiyyəti
orqanlarının səlahiyyətlərinə müdaxiləyə
gətirib çıxarmamalıdır.
64.10. Vəzifəli
şəxsin diskresion səlahiyyətlərinin genişləndirilməsi
üçün ikimənalı və təcrübədə
az yerini tapan terminlərdən, məfhumlardan (anlayışlardan)
və xülasələrdən, qiymətləndirmə xassəli
kateqoriyalardan istifadə edilə bilməz.
64.11. İcra hakimiyyəti
orqanı normativ hüquqi aktları yalnız öz səlahiyyətləri
daxilində qəbul etməlidir və digər icra hakimiyyəti
orqanının fəaliyyət dairəsinə müdaxilə
edə bilməz.
64.12. Qanunun
olmadığı halda digər normativ hüquqi aktla qanunun
predmetini təşkil edən məsələlərin
hüquqi tənzimlənməsinə və hamı
üçün məcburi olan davranış
qaydalarının müəyyənləşdirilməsinə
yol verilmir.
Maddə 65. Hüquqi boşluqların mövcudluğu
ilə əlaqədar olan tipik sui-istifadə amilləri
65.1. Hüquqi
boşluqlar bu və ya digər məsələnin hüquqi tənzimlənməməsi
nəticəsində, normativ hüquqi aktın tənzimləmə
üçün istifadə edilmədiyi halda, habelə normativ
hüquqi aktın mətninə hüquq pozuntularına görə
vəzifəli şəxslərin məsuliyyətini nəzərdə
tutan və onların fəaliyyətinə nəzarəti tənzimləyən
sui-istifadə əleyhinə preventiv normalar daxil edilmədikdə
yaranır.
65.2. Hüquqi
boşluqların mövcudluğu ilə əlaqədar olan
tipik sui-istifadə amillərinə aşağıdakılar
aiddir:
65.2.1. hüquqi tənzimləmədə
boşluqların mövcudluğu;
65.2.2. inzibati
prosedurların olmaması;
65.2.3. müsabiqə (hərrac)
prosedurlarının olmaması;
65.2.4. konkret fəaliyyət
sahəsində vəzifəli şəxslər
üçün qadağa və məhdudiyyətlərin olmaması;
65.2.5. hüquqpozmaya
görə vəzifəli şəxs üçün məsuliyyətin
müəyyən edilməməsi;
65.2.6. dövlət
orqanlarına, vəzifəli şəxslərə nəzarətin,
o cümlədən ictimai nəzarətin müəyyənləşdirilməməsi;
65.2.7. informasiyanın
şəffaflığı rejiminin pozulması.
65.3. Hüquqi tənzimləmədə
boşluqların mövcudluğu hüququn tətbiqi
zamanı boşluğun dövlət orqanının (vəzifəli
şəxsin) mülahizəsinə görə
doldurulmasına imkan verməməlidir. Bu və ya digər fəaliyyət
növü üzrə dövlət orqanına həvalə
edilmiş funksiyaların həyata keçirilməsi tənzimlənməlidir.
65.4. İnzibati akt həm
vəzifəli şəxs üçün, həm də
fiziki və hüquqi şəxslər üçün
normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən
məlum olan müəyyən prosedur üzrə qəbul edilməlidir
və hərəkətlərin qayda və müddətləri
müəyyən edilməlidir.
65.5. İmtiyaz verən
konkret hüququn verilməsi (hüquqi vəziyyətin
yaradılması) üçün namizədin seçilməsi
ilə bağlı hərəkətlər müsabiqə (hərrac)
prosedurlarına uyğun həyata keçirilməlidir. Konkret
hüququn inzibati qaydada verilməsinə (hüquqi vəziyyətin
inzibati qaydada yaradılmasına), habelə müsabiqələrin
(hərracların) keçirilməsi zamanı diskresion səlahiyyətlərin
geniş olmasına yol verilmir.
65.6. Normativ hüquqi
aktda vəzifəli şəxslərin hüquq pozuntularına
görə hüquqi məsuliyyətə dair aktlara uyğun gələn
məsuliyyəti haqqında, habelə vəzifəli şəxslərin
hərəkətindən (hərəkətsizliyindən)
şikayət verilməsinin mümkünlüyü ilə
bağlı normalar əks olunmalıdır.
65.7. Normativ hüquqi
aktda dövlət orqanının (vəzifəli şəxslərin)
daha çox əhəmiyyətli fəaliyyət istiqamətlərinə
nəzarətin, o cümlədən ictimai nəzarətin
mümkünlüyünü təmin edən normalar əks
olunmalıdır.
65.8. Normativ hüquqi
aktda dövlət orqanlarının informasiya
açıqlığını təmin edən normalar əks
olunmalıdır. Konkret məsələ üzrə qərar
qəbul edilməsində əhəmiyyət kəsb edən
informasiyanın fiziki və hüquqi şəxslər
üçün qapalı informasiya kimi müəyyən edilməsinə,
habelə normativ hüquqi aktda belə informasiyanın əldə
olunmasının mümkünlüyünün və
qaydasının müəyyən edilməməsinə yol
verilmir.
Maddə 66. Sistem xarakterli tipik sui-istifadə amilləri
66.1. Sistem xarakterli tipik
sui-istifadə amilləri normativ hüquqi aktın
ayrı-ayrı normalarını deyil, onun bütün mətninin
sistemli təhlili nəticəsində aşkar edilə bilən
tipik sui-istifadə amillərini özündə ehtiva edir.
66.2. Sistem xarakterli tipik
sui-istifadə amillərinə aşağıdakılar aiddir:
66.2.1. yanlış məqsəd
və prioritetlər;
66.2.2. kolliziyalar;
66.2.3. məcbur
edilmiş sui-istifadəyə məruz qalma.
66.3. Normativ hüquqi
aktın hüquqi tənzimləmənin həqiqi tələblərinə
uyğun gələn aydın məqsədləri və
prioritetləri olmalıdır. Normativ hüquqi aktın qəbul
edilməsi üçün obyektiv məqsədəuyğunluğun
olmamasına, məsələnin zərurətdən artıq
tənzimlənməsinə, normativ hüquqi aktın
normalarının həmin aktın bəyan edilmiş məqsədləri
ilə ziddiyyət təşkil etməsinə yol verilmir.
66.4. Digər normativ
hüquqi aktla tam və ya qismən ziddiyyət təşkil edən
normativ hüquqi aktda vəzifəli şəxslər
üçün konkret halda tətbiq edilməli olan aktı sərbəst
seçmək imkanının yaradılmasına, həmin
kolliziyanın həlli mümkünlüyünün vəzifəli
şəxsin iradəsindən asılı olmasına yol
verilmir.
66.5. Daha üstün
hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın
sui-istifadəyə məruz qalmış normaları digər
normativ hüquqi aktda sui-istifadəyə məruz qalmış
normaların əks etdirilməsinə səbəb ola bilməz.
Maddə 67. Sui-istifadəyə məruz qalmanın
tipik təzahürləri
67.1. Sui-istifadəyə
məruz qalmanın tipik təzahürləri müəyyən
şəraitdə artıq baş vermiş sui-istifadə
faktları (sui-istifadə indikatorları) barədə xəbər
verən və (və ya) sui-istifadə amillərinin
yaranmasına (sui-istifadə qabağı amillər) şərait
yaradan müddəaların birləşməsidir.
67.2. Sui-istifadəyə
məruz qalmanın tipik təzahürlərinə
aşağıdakılar aiddir:
67.2.1. normativ hüquqi
aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə
riayət olunmaması;
67.2.2. normativ hüquqi
aktın qəbul edilməsi müddətinin göstərilməməsi;
67.2.3. mənafelər
balansının pozulması (yalnız bir qrup subyektlər
üçün imtiyazların nəzərdə tutulması).
67.3. Formal-texniki xassəli
tələblərin yerinə yetirilməməsinə, normativ
hüquqi aktların hüquqi ekspertizası zamanı aşkar
edilən pozuntuların aradan qaldırılmamasına, o
cümlədən normativ hüquqi aktın qəbul edilməsi
qaydasının və (və ya) formasının pozulmasına
yol verilmir.
67.4. Normativ hüquqi
aktın qəbul edilməsi müddətlərinin müəyyənləşdirilməməsinə,
qəbul edilməsi nəzərdə tutulan normativ hüquqi
aktın qəbul edilməsi əvəzinə məcburi
davranış qaydalarının sərbəst inzibati
mülahizə əsasında fərdi hüquq tətbiq etmə
aktları ilə əvəzlənməsinə yol verilmir.
67.5. Mənafelər
balansının pozulması nəticəsində bir subyektlər
qrupunun zərərinə olaraq digər subyektlər qrupuna
güzəştlərin və imtiyazların xüsusi norma
müəyyən edilməsi yolu ilə verilməsinə yol
verilmir.
Maddə 68. Normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair ekspertiza
keçirilməsinin əsas qaydaları
68.1. Normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə məruz
qalmasına dair ekspertizasının səmərəliliyi onun
sistemliliyi, etibarlılığı və nəticələrinin
yoxlanılmasının mümkünlüyü ilə müəyyənləşdirilir.
68.2. Normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə məruz
qalmasına dair ekspertizasının sistemliliyinin,
etibarlılığının və nəticələrinin
yoxlanılmasının təmin edilməsi üçün
aşağıdakı qaydalara riayət olunmalıdır:
68.2.1. normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə məruz
qalmasına dair ekspertizası və onun nəticələrinin
ifadə olunması eyniliklə - normativ hüquqi aktda (onun
layihəsində) tipik sui-istifadə amilləri və sui-istifadəyə
məruz qalmanın təzahürləri cədvəlində
(bu Konstitusiya Qanununa 2 nömrəli Əlavə) göstərilən
tərkib və ardıcıllıq üzrə
aparılmalıdır;
68.2.2. hər bir tipik
sui-istifadə amilləri və sui-istifadəyə məruz
qalmanın təzahürləri onların normativ hüquqi aktın
(onun layihəsinin) hər bir normasında mövcud
olub-olmamasına dair yoxlanılmalıdır;
68.2.3. tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri
onların normativ hüquqi akta (onun layihəsinə) qəsdən
və ya bilmədən daxil edilib-edilməməsindən
asılı olmayaraq, bu səbəblərə qiymət vermədən
aşkar edilir və göstərilir;
68.2.4. ekspertiza nəticəsində
aşkar olunmuş istənilən tipik sui-istifadə amili və
sui-istifadəyə məruz qalmanın təzahürü
normativ hüquqi aktdan (onun layihəsindən)
çıxarılmalıdır;
68.2.5. normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə məruz
qalmasına dair ekspertizasının nəticələri
üzrə iş sui-istifadəyə məruz qalmaya dair
ekspertizanın nəticələri üzrə rəylər əsasında
müvafiq normativ hüquqi aktların hazırlanması və
qəbul edilməsi üçün müəyyən
edilmiş qaydada aparılır;
68.2.6. təhlil nəticəsində
aşkar edilmiş sui-istifadəyə şərait yaradan
qeyri-tipik müddəalar normativ hüquqi aktların
(onların layihələrinin) sui-istifadəyə məruz
qalmasına dair ekspertizasının nəticələri
üzrə rəydə göstərilir və tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalma təzahürləri
üçün müəyyən edilmiş qaydada
çıxarılmalıdır.
68.3. Normativ hüquqi
aktlarda (onların layihələrində) sui-istifadə amillərinin
mövcud olmamasına dair bu Konstitusiya Qanununun tələbləri
normativ hüquqi aktı (onun layihəsini) bilavasitə
hazırlayan mütəxəssislər tərəfindən
yerinə yetirilir.
Maddə 69. Normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair
ekspertizasının nəticələrinin rəsmiləşdirilməsi
69.1. Normativ hüquqi
aktlarda (onların layihələrində) sui-istifadə amillərinin
və sui-istifadəyə məruz qalma təzahürlərinin,
sui-istifadənin təzahürləri üçün şərait
yaranmasına kömək edən digər müddəaların
mövcud olub-olmamasına dair nəticə
aşağıdakı qaydada rəsmiləşdirilir:
69.1.1. normativ hüquqi
aktın (onun layihəsinin) məcburi hüquqi
ekspertizasının nəticələri üzrə rəyin tərkibində;
69.1.2. normativ hüquqi
aktın (onun layihəsinin) məcburi hüquqi
ekspertizasının nəticələri üzrə rəyinə
əlavə olunan izahedici arayışda.
69.2. Normativ hüquqi
aktda (onun layihəsində) sui-istifadənin təzahürləri
üçün şərait yaranmasına kömək edən
müddəalar aşkar edildikdə həmin müddəalar bu
Konstitusiya Qanununun 69.1-ci maddəsində nəzərdə
tutulan sənəddə bu Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş
ardıcıllıqla tipik sui-istifadə amilləri və
sui-istifadəyə məruz qalma təzahürləri
onların aşkar edildiyi struktur elementlər (bölmə, fəsil,
maddə, hissə və s.) göstərilməklə izah
edilir.
69.3. Bu Konstitusiya
Qanununun 69.1-ci maddəsində nəzərdə tutulan sənəddə
habelə digər tipik sui-istifadə amillərinin və
sui-istifadəyə məruz qalmanın digər təzahürlərinin,
sui-istifadənin təzahürlərinə kömək edən
digər müddəaların aşkar edilmədiyi göstərilir.
69.4. Normativ hüquqi
aktda (onun layihəsində) aşkar edilmiş tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri
ekspertizanın nəticələri üzrə
hazırlanmış sənəddə bu Konstitusiya Qanununa əlavə
edilmiş 2 nömrəli cədvəl şəklində
göstərilir.
69.5. Normativ hüquqi
aktda (onun layihəsində) sui-istifadənin təzahürlərinə
kömək edən müddəaların aşkar edilmədiyi
hallar istisna olmaqla, təhlil edilən normativ hüquqi aktın
(onun layihəsinin) sui-istifadəyə məruz qalma dərəcəsi
bütövlükdə sui-istifadəyə məruz qalmaya dair
ekspertizanın nəticələrini əks etdirən sənəddə
müəyyənləşdirilir.
69.6. Sui-istifadəyə
məruz qalmaya dair ekspertizanın nəticələrini əks
etdirən sənəddə sui-istifadənin təzahürlərinə
şərait yaranmasına kömək edən müddəaların
aşkar edildiyi normativ hüquqi aktın layihəsinin göstərilən
iradlar nəzərə alınmaqla yenidən işlənməsi
(normativ hüquqi aktda dəyişikliklər edilməsi) ilə
bağlı tövsiyələr nəzərdə
tutulmalıdır.
XII fəsil
NORMATİV HÜQUQİ AKTIN LAYİHƏSİNƏ BAXILMASI
VƏ ONUN QƏBUL EDİLMƏSİ
Maddə 70. Normativ hüquqi aktın layihəsinə
baxılması
70.1. Müəyyən
edilmiş qaydada təqdim edilmiş normativ hüquqi aktın
layihəsinə normayaratma orqanı tərəfindən
baxılmalıdır.
70.2. Normayaratma orqanı
normativ hüquqi aktın layihəsinə baxdıqdan sonra
aşağıdakılardan birini edə bilər:
70.2.1. normativ hüquqi
aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;
70.2.2. əsaslar və səbəblər
göstərilməklə layihənin rədd edilməsi;
70.2.3. normativ hüquqi
aktın layihəsinin qəbul edilməsinin müəyyən
müddətə təxirə salınması;
70.2.4. irad və təkliflər
göstərilməklə layihənin yenidən işlənilmək
üçün qaytarılması.
70.3. Qanun layihələrinə
Azərbaycan Respublikasının Milli Məclisində
üç oxunuşda baxılır.
Maddə 71. Normativ hüquqi aktın layihəsinin geri
çağırılması
71.1. Normayaratma təşəbbüsünün
subyekti təqdim etdiyi normativ hüquqi aktın layihəsini, zərurət
olduqda, həmin layihə qəbul edilənədək geri
çağırmaq hüququna malikdir.
71.2. Qanunvericilik təşəbbüsü
hüququnun subyekti Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun
üçüncü oxunuşda baxılmasına qədər
geri çağırmaq hüququna malikdir.
Maddə 72. Normativ hüquqi aktın qəbul edilməsi
qaydası
72.1. Normativ hüquqi akt
ona baxılmasından sonra normayaratma orqanı tərəfindən
müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş
prosedura əməl edilməklə qəbul edilir.
72.2. Normativ hüquqi akt
normayaratma orqanı tərəfindən dövlət dilində
qəbul edilir.
Maddə 73. Qanunvericilik təşəbbüsü
hüququnun həyata keçirilməsinin təminatları
73.1. Qanunvericilik təşəbbüsü
hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi
Azərbaycan Respublikasının Milli Məclisində layihə
üzərində aparılan işdə iştirak etmək
hüququna malikdir.
73.2. Qanun layihəsi Azərbaycan
Respublikasının Milli Məclisində layihədə edilmiş
dəyişikliklərlə birlikdə
aşağıdakılarla
razılaşdırılmalıdır (rəy
alınmalıdır):
73.2.1. qanun layihəsini
təqdim etmiş qanunvericilik təşəbbüsü
hüququnun subyekti ilə;
73.2.2. dəyişikliklər
edilməsi dövlət vəsaitlərinin ixtisar edilməsinə,
xərclərin yaranmasına və ya artırılmasına səbəb
ola bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə
və ya onun tapşırığı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti ilə.
73.3. Bu Konstitusiya
Qanununun 46.2-ci maddəsi ilə nəzərdə tutulan
razılaşdırılma (rəy) nəticəsində Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edilmiş dəyişikliklər
qanun layihəsinin alındığı gündən on
dörd gün keçənədək bu şərtlə həyata
keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi
hüquqi ekspertizanın keçirilməsi və qanun layihəsinə
baxılmasının təcili elan edilməsi ayrı müddət
tələb etməsin. Əlavə məlumatın
alınması zərurəti olduqda, habelə xüsusilə
mürəkkəb qanun layihələri üzrə rəyin
hazırlanması və razılaşdırılmanın
keçirilməsi (rəyin hazırlanması)
üçün daha uzun müddət müəyyən edilə
bilər.
73.4. Rəyə göndərilmədən
və razılaşdırılmadan müvafiq qanun layihəsində
dəyişikliklər (texniki xarakter daşıyan dəyişikliklər
istisna olmaqla) edilməsinə yol verilmir.
73.5. Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim olunmuş
qanun layihəsində dəyişikliklər edilmədikdə
qanun layihəsi qanunvericilik təşəbbüsü
hüququnun subyekti ilə təkrar
razılaşdırılmır.
73.6. Azərbaycan
Respublikasının Milli Məclisində birinci, ikinci və
üçüncü oxunuşlarda baxılması
üçün tam hazırlanmış qanun layihəsi qanunvericilik
təşəbbüsü hüququnun subyektinə təqdim
edilir.
Ardı 4-cü səh.
Maddə 74. Normativ hüquqi aktın imzalanması
74.1. Normativ hüquqi
aktın rəsmi imzalanması aşağıdakılar tərəfindən
həyata keçirilir:
74.1.1. qanunlar və fərmanlar
- Azərbaycan Respublikasının Prezidenti;
74.1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları - Azərbaycan
Respublikasının Baş naziri;
74.1.3. digər normativ
hüquqi aktlar - aktı qəbul etmiş orqanın rəhbəri;
74.1.4. Azərbaycan
Respublikasının qanunvericilik aktları ilə digər hal nəzərdə
tutulmadıqda, aktı qəbul etmiş orqanın rəhbəri
olmadıqda, onun vəzifələrini icra edən şəxs.
74.2. Qanun Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim
edildikdə qanunun ikinci nüsxəsinin son səhifəsində
Azərbaycan Respublikası Milli Məclisinin sədrinin və
ya onu əvəz edən şəxsin vizası qoyulur.
XIII fəsil
NORMATİV HÜQUQİ AKTLARDA DƏYİŞİKLİKLƏR
EDİLMƏSİ, ONLARIN LƏĞV EDİLMƏSİ
Maddə 75. Normativ hüquqi aktlarda dəyişikliklər
edilməsi
75.1. Ad və ya rəqəm
dəyişiklikləri edildiyi hallar istisna olmaqla, bir normativ
hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər
edə bilər.
75.2. Yeni normativ
hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
olaraq zəruri hallarda qüvvədə olan normativ hüquqi
aktlarda onları qəbul etmiş orqan tərəfindən
müvafiq dəyişikliklər edilir.
Maddə 76. Normativ hüquqi aktların ləğv
edilməsi qaydası
76.1. Normativ hüquqi
aktın qəbul edilməsi ilə əlaqədar həmin akta
daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə
olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin
və ya daha aşağı hüquqi qüvvəyə malik
olan bütün aktlar və ya onların struktur elementləri
(bölmələr, fəsillər, maddələr, hissələr
və s.) ləğv edilməlidir.
76.2. Normativ hüquqi
aktın ləğv edilməsi barədə həmin aktı qəbul
etmiş orqan tərəfindən və ya Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi
və 119-cu maddəsinin yeddinci abzası ilə müəyyən
edilmiş qaydada ayrıca norma qəbul edilir.
Maddə 77. Yeni normativ hüquqi aktın qəbul edilməsi
ilə əlaqədar ləğv edilməli, dəyişikliklər
edilməli, habelə hazırlanmalı olan normativ hüquqi
aktların (onların struktur elementlərinin) siyahıları
77.1. Yeni normativ
hüquqi aktın qəbul edilməsi zamanı bu Konstitusiya
Qanununun 12.2-ci maddəsinin tələblərinə riayət
olunmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi
ilə əlaqədar ləğv edilməli, dəyişikliklər
edilməli, habelə hazırlanmalı olan normativ hüquqi
aktların (onların struktur elementlərinin) sayı çox
olduqda onların siyahıları həmin normativ hüquqi aktın
əlavəsində əks edilə bilər.
77.2. Normativ hüquqi
aktın qəbul edilməsi ilə əlaqədar
hazırlanmalı olan normativ hüquqi aktların (onların
struktur elementlərinin) siyahısı olmadan layihələrinin
hazırlanmasına yalnız bunun üçün bir ildən
artıq müddət tələb edildikdə yol verilir. Bu
halda müvafiq siyahının hazırlanması barədə
tapşırıq hazırlanır və layihələrin
normayaratma orqanına təqdim edilməsi müddəti müəyyən
edilir.
XIV fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN
DÖVLƏT REYESTRİ
Maddə 78. Hüquqi aktların Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi qaydası
78.1. Hüquqi aktlar
aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təmin edilən Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə (bundan sonra - Hüquqi
Aktların Dövlət Reyestri) daxil edilməlidir.
78.2. Hüquqi aktlar
onları qəbul etmiş dövlət orqanı tərəfindən
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi
ilə həmin aktların qəbul edildiyi gündən
üç gün keçənədək göndərilir.
78.3. Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi
ilə hüquqi aktlar kağız
daşıyıcısında onların əslinin həqiqi
surəti formasında və eyni zamanda elektron
daşıyıcılarında mətn faylları
formasında təqdim edilir.
78.4. Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi
aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
78.5. Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi
ilə təqdim edilən mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarına və normativ
xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə
olunur.
78.6. Naxçıvan
Muxtar Respublikasının dövlət və yerli
özünüidarə orqanlarının hüquqi aktları
Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməlidir. Naxçıvan
Muxtar Respublikasının Hüquqi Aktların Dövlət
Reyestri Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinin tərkib hissəsi hesab olunur.
Maddə 79. Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilən hüquqi aktların rekvizitləri
79.1. Hüquqi
Aktların Dövlət Reyestrinə hüquqi aktların
aşağıdakı rekvizitləri daxil edilir:
79.1.1. aktın
növü;
79.1.2. qəbul edildiyi
tarix;
79.1.3. qeydiyyat nömrəsi;
79.1.4. adı;
79.1.5. rəsmi dərc
edildiyi mənbə (bu Konstitusiya Qanununun 85.1-ci maddəsində
göstərilən aktlara münasibətdə);
79.1.6. qüvvəyə
minmə tarixi;
79.1.7. Azərbaycan
Respublikasının Vahid hüquqi təsnifatı üzrə
indeks kodu (kodları);
79.1.8. Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi;
79.1.9. hüquqi aktın
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi
tarix.
79.2. Dəyişikliklər
edilmiş, ləğv edilmiş və ya qüvvədən
düşmüş hüquqi aktlar üzrə Hüquqi
Aktların Dövlət Reyestrinə həmin aktlarda dəyişikliklər
etmiş, onları ləğv etmiş və ya qüvvədən
düşmüş hesab etmiş hüquqi aktın rekvizitləri,
habelə Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat
nömrəsi və hüquqi aktın Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilmə tarixi göstərilməklə
müvafiq qeyd daxil edilir.
79.3. Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi
aktların mətnləri rəsmi dərc edilmiş hüquqi
aktların mətnləri ilə birgə istinad
üçün rəsmi mənbə hesab olunur.
79.4. Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilmiş və rəsmi
dərc edilmiş hüquqi aktların mətnləri
arasında ziddiyyət olarsa, Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilmiş hüquqi aktın mətninə
üstünlük verilir.
Maddə 80. Hüquqi Aktların Dövlət Reyestrinin
strukturu
80.0. Hüquqi
Aktların Dövlət Reyestri aşağıdakı bölmələrdən
və fəsillərdən ibarətdir:
80.0.1. I bölmə -
"Normativ hüquqi aktlar":
80.0.1.1. 1-ci fəsil -
"Azərbaycan Respublikasının Konstitusiyası, referendum
aktları və konstitusiya qanunları;
80.0.1.2. 2-ci fəsil -
"Azərbaycan Respublikasının qanunları";
80.0.1.3. 3-cü fəsil
- "Azərbaycan Respublikası Prezidentinin fərmanları";
80.0.1.4. 4-cü fəsil
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları";
80.0.1.5. 5-ci fəsil -
"Mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktları".
80.0.2. II bölmə -
"Normativ xarakterli aktlar":
80.0.2.1. "Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-7-ci bəndlərinə və IV hissəsinə əsasən
qəbul edilmiş və hüququn analogiyasından və ya
qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarları";
80.0.2.2. "Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları,
təlimatları və izahları";
80.0.2.3. "Azərbaycan
Respublikası Mərkəzi Bankının qərarları";
80.0.2.4. "Məhkəmə-Hüquq
Şurasının qərarları";
80.0.2.5. "Milli
Televiziya və Radio Şurasının qərarları";
80.0.2.6. "Yerli
özünüidarə orqanlarının qərarları";
80.0.2.7. "Yerli icra
hakimiyyəti orqanlarının qərarları".
80.0.3. III bölmə -
"Qeyri-normativ hüquqi aktlar":
80.0.3.1. "Azərbaycan
Respublikası Milli Məclisinin qərarları";
80.0.3.2. "Azərbaycan
Respublikası Prezidentinin sərəncamları";
80.0.3.3. "Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamları".
Maddə 81. Hüquqi Aktların Dövlət Reyestrinin
nəşri
Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilən məlumatlar 3 ayda bir dəfə
toplu şəklində dərc edilməlidir.
XV fəsil
NORMATİV HÜQUQİ AKTLARIN RƏSMİ DƏRC
EDİLMƏSİ VƏ QÜVVƏYƏ MİNMƏSİ
Maddə 82. Normativ hüquqi aktların rəsmi dərc
edilməsi qaydası
82.1. Azərbaycan
Respublikasının normativ hüquqi aktları rəsmi dərc
edilməlidir.
82.2. Normativ hüquqi
aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin
rəsmi dövri mətbu nəşrdə dərc edilməsi
yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi
yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə
tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya
kanallarında səsləndirilməsi onların rəsmi
dövri mətbu nəşrdə dərc edilməsini əvəz
etmir.
82.3. Normativ hüquqi
aktların rəsmi dərc edilməsi dövlət dilində
həyata keçirilir.
82.4. Normativ hüquqi
aktın digər dillərdə rəsmi dərc olunmasına
yalnız həmin aktın müvafiq dövlət orqanı tərəfindən
bu aktın qəbul edilməsi üçün müəyyən
edilmiş qaydada təsdiq edilmiş müvafiq dilə tərcüməsi
mövcud olduqda yol verilir.
82.5. Normativ hüquqi
aktın rəsmi dərc edilməsi tarixi bu aktın yerləşdirildiyi
rəsmi dövri mətbu nəşrin
çıxdığı (ictimai radio və televiziya kanallarında
səsləndirildiyi) gün hesab olunur.
82.6. Bu Konstitusiya
Qanununun 85.1-ci maddəsində göstərilən normativ
hüquqi aktlardan biri ayrı-ayrı vaxtlarda bir neçə
üsulla rəsmi dərc edildikdə normativ hüquqi aktın
rəsmi dərc edilməsi və qüvvəyə minməsi
tarixi onun ilk dərc edilməsi tarixi ilə müəyyən
edilir.
82.7. Normativ hüquqi
aktların dövlət sirrini əks etdirən
ayrı-ayrı müddəaları dərc edilmir.
82.8. Ayrı-ayrı
müddəaları dövlət sirrini əks etdirən
normativ hüquqi aktlar istisna olmaqla natamam normativ hüquqi
aktların dərc edilməsinə yol verilmir.
82.9. Normativ hüquqi
aktlar onların məcburi rekvizitləri göstərilməklə
dərc edilir.
82.10. Naxçıvan
Muxtar Respublikasının normativ hüquqi aktlarının rəsmi
dərc edilməsi qaydası Naxçıvan Muxtar Respublikasının
qanunu ilə müəyyən edilir.
Maddə 83. Normativ hüquqi aktın rəsmi dərc
edilmə müddətləri və şərtləri
83.1. Qanunlar və fərmanlar
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc
edilməlidir.
83.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları qəbul
edildikdən sonra 72 saat müddətində rəsmi dərc
edilməlidir.
83.3. Digər normativ
hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsindən sonra hökmən rəsmi dərc edilməlidir.
83.4. Səlahiyyətli
dövlət orqanlarından rəsmi nəşr orqanlarına
(Hüquqi Aktların Dövlət Reyestrinin nəşri istisna
olmaqla) daxil olmuş normativ hüquqi aktlar, bu Konstitusiya
Qanununun 83.1-ci və 83.2-ci maddələrində nəzərdə
tutulmuş normativ hüquqi aktlar istisna olmaqla, onların daxil
olduğu gündən 5 gün gec olmayaraq dərc edilməlidir.
Maddə 84. Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə
və digər kütləvi informasiya vasitələrində
açıqlanması
84.1. Normativ hüquqi
aktlar qeyri-rəsmi nəşrlərdə dərc edilə,
habelə televiziya və radio ilə ümumi diqqətə
çatdırıla, məlumat yayılmasının digər
üsulları ilə ötürülə bilər.
84.2. Natamam normativ
hüquqi aktlar "Çıxarış" qeydi ilə dərc
edilə bilər.
84.3. Normativ hüquqi
aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi
qeyri-rəsmi hesab edilir.
84.4. Normativ hüquqi
aktın qeyri-rəsmi dərc edilməsi yalnız onun
hüquqi məlumatın yayılması üzrə fəaliyyətə
irəli sürülən tələblərə əməl
olunmaqla rəsmi dərc edilməsindən sonra həyata
keçirilir. Bu zaman hər bir normativ hüquqi akt
üçün rəsmi dərc edilmə mənbəyi, habelə
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq hüquqi məlumatın yayılması
üçün xüsusi razılığa (lisenziyaya) zərurət
olduqda, hüquqi məlumatın yayılması
üçün belə xüsusi razılığın
(lisenziyanın) verilmə nömrəsi və tarixi hökmən
göstərilir.
Maddə 85. Normativ hüquqi aktların qüvvəyə
minməsi
85.1. Qanunlar, fərmanlar
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti
nəzərdə tutulmadıqda onların rəsmi dərc
edildiyi gündən qüvvəyə minir.
85.2. Bu Konstitusiya
Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna
olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə
minmənin daha gec müddəti nəzərdə
tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin
elektron variantında dərc edildiyi gündən qüvvəyə
minir.
85.3. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdə daha
artıq müddət müəyyən edilməyibsə,
xarici ticarət fəaliyyətini tənzimləyən normativ
hüquqi aktda onun dərc edildiyi gündən 30 gün sonra
qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna
hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması
şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən
normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə
qüvvəyə minə bilər.
XVI fəsil
NORMATİV HÜQUQİ AKTLARIN ZAMANA, MƏKANA VƏ
ŞƏXSLƏRƏ GÖRƏ QÜVVƏSİ VƏ
İCRASI
Maddə 86. Normativ hüquqi aktın zamana görə
qüvvəsi
86.1. Normativ hüquqi akt
onun mətnində digər hal nəzərdə tutulmadıqda
müddətsiz qüvvədədir.
86.2. Normativ hüquqi akt
və ya onun struktur elementləri üçün qüvvədə
olmanın müddəti müəyyən edilə bilər. Bu
halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə
olma müddəti və ya normativ hüquqi aktın (onun
struktur elementinin) ləğv edilməsinə səbəb olan
hadisə göstərilməlidir. Göstərilən müddət
başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən
hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur
elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən
edilmiş müddət başa çatana qədər normativ
hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi
aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə
uzadılması və ya ona müddətsiz statusunun verilməsi
haqqında qərar qəbul edə bilər.
Maddə 87. Normativ hüquqi aktın geriyə qüvvəsi
87.1. Normativ hüquqi
aktın geriyə qüvvəsi Azərbaycan Respublikası
Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
87.2. Fiziki və
hüquqi şəxslərin hüquqi vəziyyətini
yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan
qaldıran və ya yüngülləşdirən normativ
hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda
və ya onun qüvvəyə minməsi haqqında aktda
birbaşa göstərilib-göstərilməməsindən
asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl
əmələ gələn münasibətlərə
şamil edilir.
87.3. Törədilməsi
anında məsuliyyətə səbəb olmayan və ya daha
yüngül məsuliyyətə səbəb olan əməllərə
görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin
yaranmasını və ya
ağırlaşdırılmasını nəzərdə
tutan normativ hüquqi aktın qüvvəsinin geriyə
şamil edilməsinə yol verilmir.
Maddə 88. Normativ hüquqi aktların məkana və
şəxslərə görə qüvvəsi
88.1. Normativ hüquqi
aktlar Azərbaycan Respublikasının bütün ərazisində
məcburi qüvvəyə malikdir.
88.2. Normativ hüquqi
aktların qüvvəsi, qanunla və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə nəzərdə
tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının
vətəndaşlarına və hüquqi şəxslərə,
habelə Azərbaycan Respublikasının ərazisində olan
əcnəbi vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə şamil edilir.
Maddə 89. Normativ hüquqi aktın qüvvəsinin
itirilməsi
89.0. Normativ hüquqi akt
(onun struktur elementi) aşağıdakı hallarda öz
qüvvəsini itirir:
89.0.1. normativ hüquqi
aktın (onun struktur elementinin) tətbiqi müddəti başa
çatdıqda;
89.0.2. normativ hüquqi
akt (onun struktur elementi) Azərbaycan Respublikasının
Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə
tutulan hallarda ləğv edildikdə;
89.0.3. normativ hüquqi
akt (onun struktur elementi) Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-3-cü və 6-cı, 7-ci bəndlərində nəzərdə
tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən
düşmüş hesab edildikdə.
Maddə 90. Normativ hüquqi aktların rəsmi şərh
edilməsi qaydası
90.1. Normativ hüquqi
aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər,
habelə tətbiqi təcrübəsində ziddiyyətlər
aşkar edildikdə həmin aktı qəbul etmiş
normayaratma orqanı və ya Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə
uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
müvafiq normaları rəsmi şərh edir.
90.2. Normativ hüquqi akt
şərh edildikdə onun normalarının məzmunu izah
edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə
yeri, habelə ictimai münasibətlərin eyni
növünün müxtəlif aspektlərini tənzimləyən
digər normalar ilə funksional və başqa əlaqələri
müəyyən edilir.
90.3. Normativ hüquqi akt
şərh edildikdən sonra aktda həmin şərh nəticəsində
dəyişikliklər edilməsinə yol verilmir.
90.4. Genişləndirici
və ya məhdudlaşdırıcı şərhə
yalnız normativ hüquqi aktın mətni və mənası
arasında açıq-aşkar fərq olanda yol verilir.
90.5. Normativ hüquqi
aktın məzmununun izahı onun şərhi hesab edilmir.
Maddə 91. Normativ hüquqi aktların icrası şərtləri
Normativ hüquqi
aktların qəbul edilməsində və qüvvəyə
minməsindən sonra onların icrasının lazımi təşkili
- qəbul edilmiş aktların məzmununun
icraçıların diqqətinə vaxtında
çatdırılması, aktların səlahiyyətli
dövlət orqanları tərəfindən rəsmi şərhi,
aktın məzmununun izahı, şərhlərin, praktiki vəsaitlərin
nəşri, aktların icrasının maliyyə, maddi-texniki,
hüquqi və təşkilati-texniki təminatı,
aktların icra müddətlərinə əməl
olunması təminatı həyata keçirilməlidir.
Maddə 92. Normativ hüquqi aktların icrasına nəzarət
Normativ hüquqi
aktların icrasına nəzarət və yoxlanılması
normayaratma orqanları (vəzifəli şəxslər) və
müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş
xüsusi orqanlar (şəxslər) tərəfindən həyata
keçirilir.
Maddə 93. Normativ hüquqi aktların icrasının
yoxlanılması
93.1. Normayaratma
orqanları (vəzifəli şəxslər) və digər səlahiyyətli
xüsusi orqanlar (şəxslər) normativ hüquqi
aktların icrasına nəzarət və onun
yoxlanılması, habelə müraciətlərin təhlili əsasında
normativ hüquqi aktların qüvvədə olmasının
keyfiyyətini, qanuniliyini və səmərəliliyini müəyyən
edirlər.
93.2. Normativ hüquqi
aktlarda boşluqlar, daha yüksək hüquqi qüvvəyə
malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər
və ya digər nöqsanlar aşkar edildikdə normayaratma
orqanı (vəzifəli şəxslər) onları aradan
qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar
(şəxslər) isə səlahiyyətli orqanlara müvafiq
normativ hüquqi aktlarda dəyişikliklər edilməsi və
ya onların ləğv edilməsi barədə təkliflər
verməlidirlər.
Maddə 94. Normativ hüquqi aktların icra
olunmamasına görə məsuliyyət
Normativ hüquqi
aktların icra olunmamasında təqsirli bilinən şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət
daşıyırlar.
XVII fəsil
NORMATİV HÜQUQİ AKTLARIN İNKORPORASİYASI
Maddə 95. Azərbaycan Respublikasının qanunlar
külliyyatı
95.1. Azərbaycan
Respublikasının qanunlar külliyyatı Azərbaycan Respublikasının
qanunvericilik aktlarının müntəzəm təzələnən
və elektron formada nəşr edilən sistemləşdirilmiş
toplusudur.
95.2. Azərbaycan
Respublikasının qanunlar külliyyatının
aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təmin edilir.
Maddə 96. Normativ hüquqi aktların rəsmi
topluları və məcmuələri
96.1. Normativ hüquqi
aktların icrasına kömək göstərmək məqsədi
ilə normativ hüquqi aktların rəsmi topluları və məcmuələri
hazırlanır və nəşr edilir.
96.2. Normativ hüquqi
aktların rəsmi topluları və məcmuələri
bilavasitə normayaratma orqanları və ya onların
tapşırığı ilə digər dövlət
orqanları tərəfindən nəşr edilir.
Maddə 97. Normativ hüquqi aktların qeyri-rəsmi
topluları və məcmuələri
97.1. Normativ hüquqi
aktların qeyri-rəsmi topluları və məcmuələri
fiziki və hüquqi şəxslər tərəfindən nəşr
edilə bilər.
97.2. Normativ hüquqi
aktların qeyri-rəsmi topluları və məcmuələri
nəşr edildikdə normativ hüquqi aktın mətninin
hansı rəsmi mənbədən
götürüldüyü göstərilməlidir.
XVIII fəsil
YEKUN MÜDDƏALAR
Maddə 98. Bu Konstitusiya Qanununun qüvvəyə minməsi
qaydası
98.1. Bu Konstitusiya Qanunu dərc
edildiyi gündən qüvvəyə minir.
98.2. Bu Konstitusiya Qanunu
qüvvəyə mindiyi gündən 1999-cu il noyabrın 26-da
qəbul olunmuş "Normativ hüquqi aktlar haqqında"
Azərbaycan Respublikasının Qanunu qüvvədən
düşmüş hesab edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2010-cu il
Azərbaycan.- 2011.-17 fevral.- S. 1, 2, 3, 4.