"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Konstitusiya Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

1.1. 2012-ci il iyulun 1-dək:

1.1.1. qüvvədə olan qanunvericilik aktlarının "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə hər ayın sonunda hissə-hissə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, normativ xarakterli aktların həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. beş ay müddətində mülki hüquq normalarını əks etdirən qanunvericilik aktlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ziddiyyət təşkil etdikləri hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. üç ay müddətində:

1.3.1. həmin Konstitusiya Qanununun 92-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktların icrasına nəzarəti və yoxlanılmasını həyata keçirən orqanlar (şəxslər) barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin həmin Konstitusiya Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.3. yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.4. Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.3.5. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

1.3.6. həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki:

2.1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrini yaratsın;

2.2. bir ay müddətində hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına, Milli Televiziya və Radio Şurasına və Məhkəmə-Hüquq Şurasına öz normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla aidiyyəti üzrə müəyyən edilməsi tövsiyə edilsin.

4. Müəyyən edilsin ki:

4.1. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 95.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

4.2. həmin Konstitusiya Qanununun 78.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 fevral 2011-ci il

 

Azərbaycan.- 2011.-17 fevral.- S. 5.