Ədliyyə Nazirliyinin Penitensiar xidmətində korrupsiyaya qarşı mübarizə ilə bağlı geniş müşavirə keçirilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair tapşırığından irəli gələn məsələlər Ədliyyə Nazirliyinin geniş kollegiya iclasında ətraflı müzakirə edilərək qəti tədbirlər müəyyən edən əhatəli əmr verilmişdir.

AzərTAc xəbər verir ki, görülən tədbirlər çərçivəsində nazirliyin Penitensiar xidmətində geniş müşavirə keçirilmişdir.

Penitensiar xidmətin və cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbər şəxslərinin, bütün cəzaçəkmə müəssisələri rəislərinin iştirak etdiyi tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov son illər Azərbaycan Prezidentinin göstərişləri ilə penitensiar sistemdə aparılan islahatları qeyd etmiş, bununla belə, fəaliyyətdə nöqsan və çatışmazlıqları nəzərə çatdırmış, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının qətiyyətlə alınması, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, rejimə əməl olunması, xidməti yoxlamalarda prinsipiallığın artırılması, ictimai nəzarətin və şəffaflığın gücləndirilməsi üzrə ciddi tapşırıqlar vermişdir. Tədbirdə məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin və təminatının yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

İclasda Penitensiar xidmətin yeni təyin olunmuş rəisi - ədliyyə nazirinin müavini Mədət Quliyev kollektivə təqdim olunmuşdur. M.Quliyev çıxış edərək göstərilmiş yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

 

 

Azərbaycan.- 2011.-17 fevral.- S. 5.