Buxarestdə AGRİ layihəsinin
həyata keçirilməsi məsələləri müzakirə
olunmuşdur
Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan (AGRİ) mayeləşdirilmiş təbii qaz əlaqələndirici layihəsi üzrə nazirlərin iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ-in vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, respublikamızın Rumıniyadakı səfiri Eldar Həsənov təmsil etmişlər. Rumıniyanın ROMGAZ, Gürcüstanın neft-qaz (GOGC) və Macarıstanın MVM şirkətlərinin rəhbərlərinin də iştirak etdikləri tədbirdə AGRİ layihəsinin həyata keçirilməsi istiqamətində qarşıda duran əsas məsələlər, o cümlədən Avropa İttifaqı fondları, maliyyə qurumları və özəl şirkətlər tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının maliyyələşdirilməsi perspektivləri və AGRİ ölkələri tərəfindən görüləcək işlər müzakirə olunmuşdur.
Sənaye və energetika naziri N.Əliyev AGRİ-nin "Cənub Qaz Dəhlizi"ndə əhəmiyyətinə toxunaraq layihənin qısa vaxt ərzində uğurla həyata keçirilməsində Azərbaycan tərəfinin marağını və 2010-cu il sentyabrın 14-də Bakıda Azərbaycan, Rumıniya və Gürcüstanın dövlət başçıları və Macarıstanın hökumət başçısı arasında imzalanmış AGRİ Bakı Bəyannaməsinin prosesin inkişaf etdirilməsi üçün baza sənəd və təkanverici amil olduğunu diqqətə çatdırmış, layihə üzrə gələcəkdə görülməsi vacib olan tədbirlərlə bağlı müvafiq təkliflər səsləndirmişdir. Nazir həmçinin Macarıstanın da AGRİ layihəsində fəal iştirakına, eləcə də yaxın vaxtlarda bu ölkənin AGRİ şirkətinin səhmdarları sırasına qoşulacağına əminlik ifadə etmişdir.
Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton layihənin həyata keçirilməsi istiqamətində
AGRİ ölkələri arasında işçi səviyyədə texniki məsləhətləşmələrin sürətləndirilməsi və AGRİ şirkətinin fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini vurğulamışdır. O, layihənin texniki-iqtisadi əsaslandırılmasının maliyyələşdirilməsi məsələsinə gəldikdə hazırda Rumıniya tərəfindən Avropa İttifaqı fondları başda olmaqla bir neçə mənbənin nəzərdən keçirildiyini qeyd etmişdir.
Gürcüstanın enerji naziri Aleksandr Xetaquri layihə üzrə irəli sürülən təşəbbüslərdə ölkəsinin fəal iştirak edəcəyini və tranzit dövlət kimi Gürcüstanın üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu bildirmişdir.
Macarıstanın milli inkişaf naziri Tamaş Felleqi ölkəsinin AGRİ layihəsində tam iştirakına şərait yaradacaq müvafiq tədbirləri yerinə yetirəcəyini və fevral-mart aylarında MVM şirkətinin AGRİ şirkətinə qoşulacağını nəzərə çatdırmışdır. Avropa İttifaqının hazırkı sədri kimi layihənin texniki-iqtisadi əsaslandırılmasının maliyyələşdirilməsi üçün ölkəsinin Aİ fondları ilə sıx təmaslar quracağını bəyan etmişdir. Macarıstanlı nazir MVM şirkətinin AGRİ şirkətinə qoşulması ilə bağlı Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirmişdir.
Sonda nazirlər iclasda müzakirə olunan məsələlər və qəbul olunan qərarları özündə əks edən protokolu imzalamışlar.
Azərbaycan.- 2011.-17 fevral.- S. 5.