Xocalı soyqırımına gedən yol

 

Tarix boyu özgə torpaqlarına göz dikən ermənilərin nə qədər mənfur, xəyanətkar bir xislətə malik olduqlarını zaman daim qabarıq şəkildə büruzə verib. XVIII əsrdən etibarən Azərbaycan ərazilərinə köçürülməyə başlanan ermənilərin iç üzü, hər fürsətdə xəyanətə, vəhşət törətməyə hazır olmaları xalqımıza daha yaxşı bəllidir. Hər zaman yad ağalarının əllərində bir alət, vasitə olan ermənilər elə xarici havadarlarının köməyi ilə hissə-hissə torpaqlarımızı mənimsəyiblər. Hətta əzəli Azərbaycan torpaqlarında ağalarının xeyir-duası ilə Ermənistan adlanan, lakin heç vaxt əsl müstəqilliyin nə olduğunu bilməyən, forpost çərçivəsindən kənara çıxmayan dövlətlərini də yaradıblar.

 

Azərbaycanlılara qarşı Ermənistandan başlanan soyqırımı

 

Torpağında ermənilərə sığınacaq vermiş Azərbaycan xalqına qarşı bu gəlmə millət gördüyü qonaqpərvərliyin, yaxşılığın əvəzində hansı dəhşətlər, qəddarlıqlar, qırğınlar törətməyib! Hansı xəyanətkarlığa, zülmə yol verməyib! Uşaq-böyük, qoca-cavan, qadın-kişi demədən yalnız azərbaycanlı olduğuna görə nə qədər soydaşlarımızı qətlə yetirib!

Ağalarının himayəsi sayəsində təpədən-dırnağa qədər silahlanan ermənilər Ermənistanın hər yerində, hətta Azərbaycanın dilbər guşəsi olan Qarabağda dəfələrlə dinc, silahsız azərbaycanlılara qarşı amansız basqınlar törədiblər. Onları qətlə yetirərək əmlaklarını mənimsəyiblər, sağ qalanlarını isə doğma yurdlarından didərgin salıblar. XX əsrin əvvəllərindən etibarən bu cür qırğınlar daha kütləvi xarakter alıb. 1905-1906-cı, 1918-1920-ci illərdə baş verən hadisələri yada salmaqla bunun bariz nümunələrini görmək mümkündür. Əməllərindən ermənilər hətta keçmiş SSRİ-nin tərkibində olarkən belə qalmayıblar. 1948-53-cü illərdə 150 mindən çox azərbaycanlının Ermənistanda repressiyaya məruz qalması da bunun ən real sübutlarından biridir.

Artıq tarixin arxivinə qovuşmuş sovet imperiyasının rəhbərliyinin köməyinə arxalanan ermənilərin xüsusi silahlı dəstələri 1986-cı ildə Qafan və Mehri rayonlarında yaşayan azərbaycanlıları zorla doğma torpaqlarından çıxardı. Azərbaycana pənah gətirən soydaşlarımız Sumqayıtda və onun ətrafında məskunlaşdılar. Qorbaçov başda olmaqla Kremldə oturan ermənipərəst qüvvələr isə yaranmış münaqişənin qarşısını almaq üçün heç bir tədbir görmür, əksinə olayları daha da qızışdırırdılar. Moskvadan göndərilən nümayəndələrin fəaliyyəti birmənalı xarakter daşıyır və yalnız ermənilərin xeyrinə olurdu. Bütün bunlar ona gətirib çıxardı ki, 1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistanda soydaşlarımıza qarşı açıq formada özünü göstərən etnik təmizləmə siyasəti başlandı. Nəticədə 250 mindən çox azərbaycanlı ata-baba yurdlarından didərgin salındı, onların əmlakları talan olundu. Bu zaman yüzlərlə soydaşımız yandırılaraq, başları kəsilərək, bədənlərinə elektrik cərəyanı verilərək, qəddarlıqla döyülərək, suda boğularaq və digər formada işgəncələr verilərək qətlə yetirildi. Həmin dövrdə Ermənistanda yaşayan azərbaycanlıların qovulması ilə yanaşı, onların yüzillər boyu məskunlaşdıqları yaşayış məskənlərinin adlarının dəyişdirilməsi də paralel surətdə həyata keçirilirdi. Ermənistandan zorla çıxarılan azərbaycanlıların bir hissəsi də Xocalıda yerləşdirildi. Onlara Xocalı rəhbərliyi tərəfindən torpaq sahəsinin ayrılmasını isə nə Əsgəran, nə də Xankəndi qəbul etmir və bu qərarı özbaşnalıq kimi qiymətləndirirdilər.

Bütün bunların fonunda Dağlıq Qarabağda da vəziyyət özünün daha gərgin məcrasına daxil olurdu. 1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər bundan cəmi 10 il sonra öz bədnam niyyətlərini büruzə verməyə başladılar. Burada ermənilər ölkə rəhbərliyinin fəaliyyətsizliyindən, acizliyindən istifadə edərək artıq dinc azərbaycanlılara qarşı qətllər törətməkdən belə çəkinmirdilər. Fevralın 24-də Əsgəran rayonunda 2 nəfər gənc azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi, 19 nəfərə müxtəlif dərəcədə bədən xəsarəti vuruldu. Həm Dağlıq Qarabağda, həm də Yerevanda Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbilə silsilə mitinqlər başladı. Eyni zamanda Ermənistanda olduğu kimi, Dağlıq Qarabağdan da azərbaycanlıların sıxışdırılıb çıxarılması prosesinə start verildi. Təkcə Xankəndidən 18 min azərbaycanlı qovuldu. Xankəndini tərk etməyə məcbur qalan azərbaycanlıların bir qismi yenə də pənah yeri kimi Xocalıya üz tutdu.

 

1918-ci ilin mart qırğınları yenidən təkrarlanır

 

Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə Kremldən gələn əmrlər əsasında hərəkət edir, xalqın taleyinə biganə yanaşmağa üstünlük verirdilər. Kreml isə həm Azərbaycana göndərdiyi emissarlar, həm də ölkənin qətiyyətsiz rəhbərliyi vasitəsilə Azərbaycana qarşı daha məkrli ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da yaxından iştirak etdiyi bu ssenarinin əsas hədəflərindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz münasibətin formalaşmasına dair görüntülər yaratmaq idi. Elə bu məqsədlə də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisələri törədildi. Çox keçmədən erməni xüsusi xidmət orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin iştirakı ilə əvvəldən hazırlanmış bu hadisələrin hansı məqsədlərlə törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal sonra Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması üçün istifadə olundu. Elə bundan sonra Dağlıq Qarabağda olan erməni separatçıları, həmçinin Ermənistan silahlı qüvvələri Azərbaycanın bu bölgəsinin ələ keçirilməsi üçün hərbi əməliyyatlardan istifadə etməkdən də çəkinmədilər. SSRİ silahlı qüvvələrinin Ermənistan və Dağlıq Qarabağda olan hissələri də ermənilərə açıq dəstək verir, gedən əməliyyatlarda onların tərəfindən iştirak edirdi. Moskvanın müvafiq razılığı olmadan isə ordunun bu addımları atması imkansız idi. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri vahid cəbhədə birləşərək azərbaycanlılara qarşı əməliyyatların miqyasını genişləndirirdi. Bu, sanki 1918-ci ilin mart qırğınlarının tarixdə yenidən təkrarlanması idi.

Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə SSRİ rəhbərliyi vəziyyətin real qiymətləndirilməsində maraqlı olmadığını açıq şəkildə büruzə verirdi. Eyni zamanda Kremldə ermənilərin separatçılıq fəaliyyətinin ört-basdır edilməsi məqsədilə müəyyən addımlar da atılırdı. "1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il martın 24-də Qorbaçov tərəfindən qəbul olunan qərar da məhz bu məqsədə xidmət edirdi. Ermənilər Moskvadan gördükləri bu dəstəkdən ruhlanaraq separatçı-terrorçu fəaliyyətlərini genişləndirdilər.

Beləliklə, Dağlıq Qarabağda vəziyyət getdikcə gərginləşirdi və bu işdə yenə əsas rol oynayan tərəflərdən biri Azərbaycan rəhbərliyinin acizliyindən istifadə edərək hadisələri istədiyi kimi istiqamətləndirən SSRİ rəhbərliyi idi. Bütün bunlara qarşı Azərbaycan rəhbərliyi tərəfindən heç bir qətiyyətli addım atılmadı. 1988-ci ilin iyunun 15-də Ermənitsan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. İyul ayında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı Azərbaycandan gedən deputatlarla yanaşı, qanuna zidd olaraq Ermənistandan olan deputatlar da eyni hüquqda iştirak etdilər. Bu isə Qorbaçov və onun ətrafının Ermənistan üçün yaratdığı yeni imkan demək idi.

 

Xocalıya ilk böyük hücum

 

Belə bir vaxtda Dağlıq Qarabağda yaşanan qarşıdurmanın xarakterik xüsusiyyətlərindən biri də yollarda "daş müharibəsi"nin getməsi idi. Bu müharibə əsas etibarı ilə Xankəndi-Xocalı-Əsgəran arasında özünü göstərirdi. Həmin istiqamətdə keçən yoldan azərbaycanlılara məxsus avtomobilləri ermənilər daşa tutur, onları əzir, sahiblərinə müxtəlif xəsarətlər yetirirdi. Bunun əvəzi isə daha çox Əsgərandan Xankəndinə və ya əks istiqamətdə hərəkət edən və beləliklə Xocalıdan keçmək məcburiyyətində qalan ermənilərə məxsus avtomobillərdən çıxılırdı. Elə bu səbəbdən ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalını məhv edəcəklərinə inanırdılar. Elə bu fikirlə 1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən nümayiş meydanından 12 minə qədər erməni 10 kilometrlik bir məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermənilərdən irəlidə isə 4 "Kraz" və "KaMAZ" markalı yük avtomobilləri gəlirdi. O da məlum olmuşdu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər var. Bundan başqa ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə Xocalıya iki kilometr qalmış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar erməniləri "əzişdirib" geri yola sala bildilər. Sonradan isə məlum olmuşdu ki, həmin vaxt ermənilər arasında yaşanan qarmaqarışıqlıq nəticəsində onlardan 27-i ölmüş, 100-dən çoxu isə yaralanmışdı. Hadisənin səhərisi günü Zori Balayan "YAK-140" təyyarəsilə 12 nəfər həkimlə birlikdə Ermənistandan Stepanakertə gəldi. Yalnız sentyabrın 21-də Bakıdan Mərkəzi Komitə Xocalıya nümayəndə heyəti göndərdi. Lakin bu nümayəndələr daha çox ermənilərin əzişdirilməsinə görə öz iradlarını bildirirdi. Hadisədən az sonra mərkəzdən gələn istintaq qrupu baş verənlərə görə bir neçə Xocalı sakininin həbsinə dair qərar çıxardı. Elə bundan sonra yollarda və digər məntəqələrdə keşik çəkən sovet ordu qüvvələri erməniləri Xocalı sakinlərindən müdafiə etməyə daha çox diqqət yetirirdi.

Bu dövrdə artıq "daş müharibəsi" intensivləşir və odlu silahlardan daha geniş istifadə olunurdu. Həmin dövrdə Yerevandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı 30-a çatırdı. Bu təyyarələr vasitəsilə ermənilər Xankəndiyə hərbi sursat daşıyırdılar. Ancaq sonradan Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə qədər azaldı. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermirdi.

İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı ən böyük xəyanəti özünü növbəti dəfə 1989-cu ilin yanvarında göstərdi. Belə ki, yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" SSRİ Ali Soveti qərar qəbul etdi və bu, ermənilərin istəyinə tam uyğun idi. Çünki DQMV-də xüsusi idarəçilik forması tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya tabe olan ermənipərəst A.Volski burada yaşayan bütün azərbaycanlı soydaşlarımızın çıxarılmasına nail oldu. Qısa müddətdə 50 min nəfər azərbaycanlı DQMV-dən qovuldu. Halbuki Azərbaycanın o dövrkü siyasi rəhbərliyi sözügedən idarənin yaranmasını böyük hadisə kimi qiymətləndirir və bu idarəyə çox böyük ümidlər bəsləyirdi. Yalnız xalq hərəkatının təsiri altında 1989-cu il noyabrın 28-də vilayətin idarəsi mərkəzin nəzarəti altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Təşkilat komitəsinin sədri təyin edilən V.Polyaniçko, əslində, öz sələfinin siyasətini davam etdirir və azərbaycanlılar sıxışdırılırdı. Vəziyyətdən istifadə edən Ermənistan rəhbərliyi 1989-cu ilin dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu, Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva isə, gözlənildiyi kimi, bu kobud müdaxilə aktına göz yummağa üstünlük verdi.

Ümumiyyətlə, məlum 20 Yanvar faciəsinə qədər SSRİ və respublika rəhbərliyinin çıxardığı qərar və fərmanların heç birində Azərbaycanın xeyrinə bircə maddə belə olmadı. Bir tərəfdən Azərbaycan xalqını sakitləşdirməyə yönələn addımlar atılır, digər tərəfdən isə respublikanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirən qərarlar qəbul olunurdu. Bu, Ermənistanın SSRİ rəhbərliyi tərəfindən ən yüksək səviyyədə müdafiə olunduğunu göstərirdi. Elə Xocalı faciəsinə yol açan əsas səbəblərdən biri məhz buradan qaynaqlanırdı...

 

(Ardı var)

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-17 fevral.- S.6.