Qaradağlı faciəsi
1985-ci ildə Mixail Qorbaçovun Sov.İKP MK-ya Baş katib gəlməsilə mərkəzin Azərbaycana münasibəti kökündən dəyişdi. Bundan yararlanan ermənilər millətimizə qarşı ekspansiyanın növbəti mərhələsinə keçdilər. 1987-ci ilin sonlarından etibarən Yerevanda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbi ilə kütləvi aksiyalar keçirildi. Eyni zamanda istər sovet erməniləri, istərsə də xaricdəki erməni diasporları tərəfindən bunun üçün fəal ideoloji iş aparmağa başlanıldı.
Çox keçmədən kütləvi aksiyalar Dağlıq Qarabağda və ətraf bölgələrdə azərbaycanlılara qarşı qanlı qırğınlarla, silahlı münaqişələrlə əvəzləndi. Erməni kəndlərinin əhatəsində olan azərbaycanlı kəndləri yandırılır, silahsız, günahsız insanlar, xüsusən də körpə uşaqlar qətlə yetirilir, yaşayış məntəqələri işğal edilirdi.
1992-ci il fevralın 17-18-də törədilmiş Qaradağlı faciəsi Xocalı soyqırımınadək törədilən ən qanlı faciə kimi tarixə yazıldı.
Qaradağlı Qarabağın ən qədim yaşayış məskənlərindən biri idi. İnzibati ərazi bölgüsünə görə Xocavənd (Martuni) rayonunun kəndidir. Xatırladaq ki, 1991-ci il noyabrın 19-da 1460 nəfər əhalisi olan Xocavənd rayonu erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilmiş, azərbaycanlılar amansızlıqla qətlə yetirilmiş, sağ qalanlar ətraf kəndlərə qaçmışdılar. Səhəri gün - noyabrın 20-də baş vermiş hadisə ilə bağlı Dağlıq Qarabağa gedən Azərbaycan Respublikasının bir qrup yüksək vəzifəli şəxslərinin olduğu "Mİ-8" N 72 hərbi vertolyotu Xocavəndin Qarakənd kəndi üzərindən uçarkən ermənilər tərəfindən vuruldu. Bu terror aktı nəticəsində vertolyotdakı adamların hamısı, o cümlədən Azərbaycanın dövlət xadimləri həlak oldular.
Qaradağlı füsunkar təbiəti, yamyaşıl yamacları, uzunömürlü ağacları, şəfalı bulaqları ilə göz oxşayırdı. Kəndin əhalisi daha çox heyvandarlıqla, əkin-biçinlə, üzümçülüklə məşğul olurdu. El arasında Qaradağlıya cənnətməkan kəndi də deyirmişlər. Lakin Qarabağda vəziyyət pisləşəndə bu kəndin də qara günləri başlayır. Bir neçə dəfə erməni hərbi birləşmələrinin hücumlarının qarşısı alınsa da, onlar hər gün yeni silahlarla hücuma keçir, çobanları öldürür, mal-qara sürülərini aparırdılar.
1992-ci il Dağlıq Qarabağ münaqişəsində ən qanlı savaşlarla tariximizə yazıldı. Fevralın 10-11-i Xankəndi şəhərinin 2-3 kilometrliyində Malıbəyli-Quşçular kəndləri işğal olunmuşdu. Köməksiz qalan kənd camaatı pərən-pərən düşür. Sağ qalan əhali isə şaxtalı fevral günündə keçilməz dağ-meşə yolu ilə 18 kilometrlik yolu qət edərək Ağdamın Abdal və Gülablı kəndlərinə yetişirlər. Malıbəyli-Quşçular kəndlərinin işğalından sonra ermənilər daha da azğınlaşmışdılar. Buna görə həmin bölgədə yaşayan azərbaycanlılar daha çox təşviş içində idilər. Çünki Dağlıq Qarabağda baş verənlərə ölkə rəhbərliyi ciddi yanaşmır, əhalinin təhlükəsizliyi üçün tədbirlər görmür, əksinə hücum planlarına belə mane olurdu. Hər gün qanlı hadisələr baş verir, onlarla soydaşımız qətlə yetirilirdi. 1991-ci il sentyabrın 8-də quduzlaşmış erməni terrorçuları Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. Həmin terror aktı nəticəsində 8 nəfər həlak olmuş, ondan çox insan yaralanmışdı. Qaradağlıda vəziyyət getdikcə ağırlaşırdı. Erməni hərbi birləşmələri həmin dövrdə Xankəndidə yerləşən keçmiş SSRİ silahı qüvvələrinin 7-ci ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının və hərbi qüvvəsinin köməyi ilə 1992-ci il fevralın 14-də Qaradağlıya hücuma keçdilər. İki gün davam edən ağır və qanlı döyüşlərdə onlarla insan öldürüldü. Üç günün içərisində 70 nəfərdən çox şəhid verən Qaradağlı camaatından 104 nəfər də əsir düşdü.
Kəndin Bəylik dağı adlanan yüksəkliyində girov götürülənlərdən içərisində 8-i uşaq olmaqla 23 nəfəri ermənilər tərəfindən güllələndi. Öldürülən və ağır yaralılar silos quyularına atılaraq üstü torpaqlandı. İki nəfər Zəki bulağında, iki nəfər isə Cəmiyyət kəndində qətlə yetirildi. Xankəndi və Əsgəranda saxlanılan 54 nəfərdən bir neçəsi sonralar Beynəlxalq Qırmızı Xaç və Qızıl Ayparanın xətti ilə əsirlikdən azad edildi. İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik məktəb binası və digər obyektlər dağıdıldı. Kəndin sağ qalan tək-tük adamları isə Ağdamda və respublikanın başqa yaşayış məntəqələrində məskunlaşdı.
Fevralın 19-da 7-ci ordunun baş komandanı general Reutun Moskvadan aldığı 17 fevral tarixli, general A.N.Kovalyovun imzaladığı "201,4 Ak" nömrəli əmrə əsasən 16 erməni üçün 9 müxtəlif markalı (əsasən Mİ-24P) hərbi vertolyotlar ayrılır, 22 fevralda vertolyot eskadrilyası 366-cı alayın tərkibinə keçirilir. Bununla da Xocalı planını həyata keçirmək üçün bütün imkanlar yaradılır. Xocalıda soyqırımı törətmək üçün düşmənə heç bir maneə qalmamışdı.
Qəribədir ki, törədilən faciələrin miqyasına və ağırlığına baxmayaraq həmin dövrdə respublikada hakmiyyətdə olanlar bu qanlı cinayətləri nə dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırır, nə də xalqı məlumatlandırırdılar. Əksinə xalqın qəzəbindən və hakimiyyətlərini itirəcəklərindən qorxaraq hər vəchlə Qarabağda baş verənləri insanlardan gizlədirdilər. Nəticədə millətimizin başına bu faciələr gəldi, 20 mindən çox vətəndaşımız həlak oldu, torpaqlarımızın 20 faizdən çoxu düşmən tərəfindən tapdalandı və bu gün də müqəddəs torpaqlarımız yağıların tapdağı altındadır.
Tarixi araşdırarkən maraqlı bir faktla qarşılaşdıq. 1929-cu il məhz fevralın 17-18-də SSRİ rəhbərliyinin qərarı ilə Naxçıvana məxsus 657 kv.km ərazi Ermənistana verilmişdi.
Xalqımız bugün həm Qaradağlının, Xocalının həm də Qarabağda törədilmiş başqa qırğınların qisasını almağa tam hazırdır və o günə çox qalmayıb.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.-17 fevral.- S.6.