Azərbaycan Prezidenti İlham Əliyevin
"Mir" Dövlətlərarası Teleradio Şirkətinə
müsahibəsi
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibə vermişdir.
AzərTAc həmin müsahibənin mətnini təqdim edir.
- Hörmətli cənab Prezident,
keçən ilin axırlarında, noyabrın 29-da Milli Məclisin
- yeni, dördüncü çağırış parlamentin
birinci iclası olmuşdur. Dövlət
başçısı kimi Siz yeni deputatların
qarşısında hansı əsas vəzifələri
qoymusunuz?
- Ölkəmizin qarşısında duran başlıca vəzifə iqtisadiyyatın bundan sonra da sürətlə inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi, ölkənin modernləşdirilməsidir. Son illərdə bu istiqamətdə çox iş görülmüşdür, o cümlədən parlamentin fəaliyyəti də kömək etmişdir ki, biz məsələləri çox operativ şəkildə həll etməyə, zəruri qanunvericilik bazası yaratmağa nail olmuşuq. Beləliklə, Azərbaycanda parlamentin rolu güclənmişdir. Ən başlıcası isə, qəbul edilmiş qərarlar və qanunlar bizim nəzərdə tutduğumuz strategiya məcrasında olmuşdur: iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorundan asılılığın azaldılması, təhsil, güclü sosial siyasət. Ona görə də parlamentin yeni tərkibinin qarşısında prinsip etibarilə ənənəvi məsələlər durur, sadəcə olaraq, inkişafın yeni mərhələsi, təbii ki, əlavə tədbirlərin də görülməsini tələb edir. Yəni mən əminəm ki, yaxın beş ildə parlament yenə uğurla işləyəcək və bu fəaliyyətin nəticəsində ölkəmiz daha da möhkəmlənəcəkdir.
- Siz parlamentin yeni tərkibi
qarşısında çıxış edərkən
demisiniz ki, Dağlıq Qarabağ münaqişəsi
dondurulmuş münaqişə deyil, real təhlükədir.
Sizin fikrinizcə, hər halda, münaqişənin dinc yolla həlli
şansı nə dərəcədə böyükdür?
- Azərbaycan sülh prosesinin tərəfdarıdır və mənim sözlərimə başlıca sübut odur ki, təqribən 20 il müddətində biz danışıqlar prosesindəyik. 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmış, 1994-cü ildə atəşkəs haqqında qərar qəbul olunmuşdur və o vaxtdan danışıqlar aparılır, ancaq təəssüf ki, heç bir nəticəsi yoxdur. Buna görə də biz ilk növbədə sülh danışıqlarının tənzimləməyə gətirib çıxaracağına ümid bəsləyir və danışıqlar prosesində fəal iştirak edirik. Təbii ki, tənzimləmə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır, çünki bunun başqa əsası, sadəcə, ola bilməz. Qarşıdurma vəziyyətində olan tərəflərin gözləntiləri, ümidləri, arzuları müxtəlif ola bilər, lakin hər şey hüquqi formata uyğun olmalıdır. İndiki halda Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü bütün dünya, bütün ölkələr tərəfindən tanınmışdır. Biz BMT-yə üzv qəbul ediləndə sərhədlərimiz məhz mövcud çərçivədə tanınmışdır. Dağlıq Qarabağ praktik olaraq bizim ölkənin ortasında yerləşir və təbii ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bu tezisi təsdiq edir. Eləcə də digər beynəlxalq təşkilatların qətnamə və qərarları. Ona görə də erməni tərəfi məsələyə konstruktiv yanaşarsa və Dağlıq Qarabağın müstəqilliyinin mümkünsüzlüyü barədə tezisi tamamilə başa düşər və qəbul edərsə, biz irəliləyişə nail olacağıq. Lakin əgər bizim qarşımıza məqbul olmayan şərtlər qoyularsa, sesessiya haqqında, separatizm haqqında, Dağlıq Qarabağın müstəqilliyinin hüquqi cəhətdən rəsmiləşdirilməsinə Azərbaycanın razılaşması haqqında məsələlər qoyularsa, onda, təbii ki, danışıqların perspektivləri olmayacaqdır.
Danışıqlar prosesinin indiki raundu və ya indiki mərhələsi Madrid prinsipləri deyilən prinsiplər, onların yeniləşmiş variantı əsasında aparılır. Bu varianta görə, hazırda Dağlıq Qarabağda yaşayan və oraya qayıdacaq insanların özünüidarə hüquqları təmin edilir, Azərbaycanın işğal altındakı bütün ərazilərinin azad olunması, azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin qaydaya salınması, eləcə də təhlükəsizliyə zəmanət təmin edilir. İndi danışıqlar masası üzərindəki format bundan ibarətdir. Əlbəttə, burada müəyyən məqamlar vardır, lakin qlobal mənada söhbət bu prinsiplərdən gedir. Əgər bunlar təmin edilərsə, əlbəttə, lap yaxın vaxtlarda biz irəliləyiş barədə danışa bilərik. Əks halda, regionda vəziyyətin sonrakı inkişafı müxtəlif ssenarilər üzrə gedə bilər.
- Siz münaqişənin sülh
yolu ilə həllində vasitəçilərin rolunu necə
qiymətləndirirsiniz?
- Bilirsinizmi, bizim bu məsələyə münasibətimiz birmənalı deyildir. Bir tərəfdən, son yeddi ildə bu prosesdə iştirak edən bir insan kimi mən vasitəçi ölkələrin yaranmış gərgin vəziyyətdən çıxış yolu tapmaq arzusunda olduqlarını görürəm və biz bunu alqışlayırıq. Digər tərəfdən, son 19 ildə vasitəçilərin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqların müxtəlif formatları olmuşdur, müəyyən mərhələlərdə müəyyən irəliləyiş olmuşdur, lakin hər dəfə ya Ermənistanda baş verən müəyyən faciəli hadisələrlə, yaxud da əvvəllər artıq razılaşdırılmış məsələlər barədə Ermənistanın mövqeyinin dəyişməsi ilə əlaqədar bu danışıqlar ya düyünə düşmüş, ya da pozulmuşdur. Ona görə də nəticə olmadığı halda, vasitəçilərin rolunu müsbət qiymətləndirmək, təbii ki, düzgün olmazdı. Digər tərəfdən, mən onların mümkün olan hər şeyi etmədiklərini də deyə bilmərəm. Buna görə də biz ümid edirik ki, həmsədr ölkələr - onlar isə dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvüdür - hər halda, işğalçı ölkəni zəbt olunmuş əraziləri azad etməyin zəruriliyinə inandırmaq üçün özlərinin nüfuzundan və siyasi resurslardan daha çox istifadə edəcəklər.
- Cənab Prezident, Azərbaycan
artıq neçə illərdir ki, inamlı iqtisadi artım
nümayiş etdirir. O, MDB ölkələri arasında şəksiz
liderdir. Hətta dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycan
artım nümayiş etdirməkdə davam etmişdir. Ola
bilsin ki, bu artım əvvəlki illərdə olduğu qədər
sanballı deyildir, lakin hər halda, 9,3 faizlik artım yəqin
ki, asanlıqla başa gəlməmişdir, hətta neftin
ucuzlaşmasına baxmayaraq. Mən bilirəm ki, Azərbaycanda
orta əməkhaqqı təqribən 400 dollardır. Bunun
özü də ən bariz nümunədir. Sizcə, bu
uğurların sirri nədədir?
- Bilirsinizmi, bu barədə çox danışmaq olar. Əgər qısaca desək, zənnimcə, bu, ilk növbədə, əsrlərin qovuşuğunda Azərbaycanda yaranmış vəziyyətin düzgün qiymətləndirilməsinin nəticəsidir - sabitləşdirmə və iqtisadi inkişaf sahəsindəki ciddi nailiyyətlərlə yanaşı, çox sahələr vardı ki, səylərimizi ikiqat, üçqat artırmaq, strategiyanı düzgün seçməyimiz və konkret proqramlar lazım idi və bunlar bizə iqtisadiyyatı əhəmiyyətli dərəcədə şaxələndirməyə imkan vermişdir. Sizin dediyiniz 2009-cu ildəki 9,3 faizlik iqtisadi artım mənim üçün əvvəlki illərdəki 25-30 faizdən qat-qat əhəmiyyətlidir, çünki bu artım böhranın ən şiddətli ilində, neftin qiymətinin 4 dəfə aşağı düşdüyü vaxt olmuşdur, bizim iqtisadiyyatımız isə, hər halda, daha çox məhz enerji sektoruna istiqamətlənmişdir. Bu nəticə onu göstərirdi ki, bizim apardığımız islahatlar sayəsində iqtisadiyyatın digər sektorlarında inkişaf başlanmışdır. Son 7 ildə biz 900 mindən çox yeni iş yeri yaratmışıq, yoxsulluğun səviyyəsi, demək olar, 50 faizdən 9 faizə endirilmişdir. Bütün sosial proqramlar yerinə yetirilmişdir. Azərbaycanın yarım milyondan çox vətəndaşı hər ay dövlətdən sosial yardım alır, orta əməkhaqqı 400 dollardan çoxdur və bu, əlbəttə, son hədd deyildir.
Biz regionlarda çox iş görə bilmişik. Biz
2004-cü ildən regional inkişaf proqramlarını həyata
keçiririk - infrastruktur, sosial infrastruktur yaradır, yollar,
elektrik stansiyaları tikirik ki, insanlar regionlarda qalıb
yaşasınlar və nə Bakıya, nə də başqa
ölkələrə miqrasiya etməsinlər. Deməliyəm ki, daxili miqrasiya prosesi praktik olaraq
aradan qalxmaqdadır. Ölkənin modernləşdirilməsi,
iqtisadiyyatın gələcəkdə bizə böyük
artım verəcək sektorlarına, ilk növbədə,
informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayələr
qoyulması baxımından da çox iş
görülmüşdür. Biz kosmik sənaye
yaradırıq. Gələn il Azərbaycanın
ilk süni peyki orbitə çıxarılacaqdır. Yəni
biz daim irəliyə baxırıq, ola
bilsin ki, bir neçə addım irəliyə baxırıq.
Bizim külli miqdarda neft və qaz
ehtiyatlarımızın olmasına, çoxlu gəlirimizin
olmasına baxmayaraq, istəyirik ki, Azərbaycanın
davamlı inkişafı neftin qiymətindən və yaxud
hasilatımızın həcmindən asılı olmasın.
"Qara qızıl"ın insan kapitalına
çevrilməsi bizim təcrübəmizdə, sadəcə,
şüar deyil, real vəziyyətdir. Ona
görə də mən vəziyyəti qısaca bu cür
xarakterizə edərdim.
Onu da deməliyəm
ki, əlbəttə, peşəkar komanda da böyük rol
oynamışdır. İcraçılardan çox şey
asılıdır və bizim yaratdığımız
hökumətdə dövlət strukturlarının, dövlət
şirkətlərinin rəhbərləri həm müasir
iqtisadiyyata bələd olan, həm də regiondakı vəziyyəti
dərindən başa düşən yüksək səviyyəli
peşəkarlar, müasir menecerlərdir. Ona
görə də hesab edirəm ki, bu amillərin hamısı
birlikdə müsbət rol oynamışdır və ən
başlıcası, biz yolun yarısında
dayanmamışıq. Yəni neftdən əldə
edilən böyük gəlirlər bizi
arxayınlaşdırmamışdır. Mən
dəfələrlə demişəm, biz elə işləməliyik
ki, sanki bizim neftimiz və qazımız yoxdur, çünki məhz
bu cür resursların olmadığı ölkələr
daha böyük uğurlar qazanmışlar. Onlar başqa sahələr axtarmağa, insan
resurslarını, texnoloji tərəqqinin nailiyyətlərini
səfərbər etməyə məcbur olmuşlar. Yəni bu ölkələrin inkişafını
xalqın istedadı təmin edir. İnkişaf
etmiş sayılan ölkələr arasında praktik olaraq
öz enerji daşıyıcıları ilə təmin
edilmiş ölkələr yoxdur. Ona görə də
bizim bu yolu fikirləşib tapmağımıza ehtiyac yox idi,
işləri uğurla gedən ölkələrin təcrübəsindən
ən müsbət cəhətləri götürərək
onu bizim şəraitə, təbii ki, bizim spesifikamıza,
reallıqlarımıza uyğun, geosiyasət nəzərə
alınmaqla tətbiq etməli və ölkənin modernləşdirilməsi
strategiyasını və illik fəaliyyət planını
müəyyən etməli idik. Keçmiş
sovet dövründəki beşilliklər baxımından indi
nə qədər qəribə görünsə də, bizim
beşillik planımız vardır və ümumiyyətlə,
belə bir müddət əsaslıdır. Bundan əlavə,
bizim hər il üçün fəaliyyət
planımız da vardır, orada kimin nə iş görəcəyi,
kimin nəyə cavabdeh olması, maliyyə resursları və
digər məqamlar göstərilir. Yəni
hesab edirəm ki, bu, bizim bu gün malik olduğumuz əsas nəticədir.
- Siz xatırlatdınız ki, iqtisadiyyatın müxtəlif
sahələrinə çoxlu sayda adam cəlb
etmək mümkün olmuşdur. Bilmək istərdik ki,
hansı sahələrə daha çox adam
gəlmişdir, harada daha çox iş yeri
açılmışdır?
- Daha çox iş
yeri bölgələrdə açılmışdır. Bizdə
açılmış 900 min iş yerinin 700 mindən
çoxu daimi iş yeridir. Regionların
inkişaf proqramı nəzərə alınmaqla, ilk növbədə,
bu, regional coğrafiyadır. Biz həm də
ölkəmizin iqlim şəraitinə uyğun olaraq, kənd
təsərrüfatını fəal inkişaf etdiririk.
Biz kənd təsərrüfatının əsas
məhsulları ilə özümüzü, demək olar ki,
təmin etməyə başlayırıq, halbuki sovet
dövründə heç vaxt belə olmamışdır.
Biz idxaldan asılı idik, meyvə, tərəvəz,
üzüm, şərab satır, qalan bütün məhsulları
isə alırdıq. İndi biz
özümüzü, demək olar ki, tamamilə təmin
edirik və artıq ixracı da nizama salmışıq.
Biz diqqətimizi, ilk növbədə, öz təbii
ehtiyatlarımız, ya da xammal bazamız olan sahələrdə
cəmləşdirmişik.
Biz gənclərimizin
xaricdə təhsil alması proqramını həyata
keçiririk.
Artıq bir neçə ildir ki, dövlət bu
proqramı tam maliyyələşdirir, minlərlə gəncimiz
təhsil almışdır və artıq Azərbaycana
qayıdır, burada işləyir, öz təcrübəsini
tətbiq edir. Ölkəmizdə elə
şərait yaratmalıyıq ki, insanlar buraya işləməyə
gəlmək istəsinlər, çünki buna məcbur etmək
mümkün deyildir. Hazırda Bakıda və
digər yerlərdə inkişaf etmiş Avropa ölkələrində
olan hər şey, üstəgəl yaxşı iqlim və
isti hava vardır. Buna görə də mən
hesab edirəm ki, Azərbaycandan xaricə oxumağa gedənlərin
hamısı qayıdacaq və öz ölkəsinin rifahı
naminə işləyəcəkdir.
- MDB-nin hansı ölkələri ilə prioritet iqtisadi
münasibətlər qurmaq istərdiniz və ya artıq
qurmusunuz və nə üçün?
- Görünür, burada həm
tarixi, həm də coğrafi amil özünü göstərir.
MDB ölkələri arasında
qonşularımızla daha sıx iqtisadi münasibətlərimiz
vardır. Bu, ilk növbədə,
Rusiyadır, əmtəə dövriyyəmiz artır və
onun strukturu yaxşılaşır. Biz məhsullarımızın
çox hissəsini Rusiyaya göndəririk, həmçinin
oradan idxal edirik. Başqa sözlə, bu,
bizim ixrac üzrə ən böyük tərəfdaşımızdır.
İxracımızın böyük hissəsini
enerji ehtiyatları təşkil etdiyindən, ixrac üzrə əsas
tərəfdaşımız Avropa ölkələridir.
MDB-də ənənəvi olaraq Ukrayna ilə də
çox ciddi, çox geniş iqtisadi əlaqələrimiz
vardır. Qonşu Gürcüstanda Azərbaycan
şirkətləri, Azərbaycan sərmayələri fəal
işləyir və bu ölkə ilə də əmtəə
dövriyyəsi artır. Digər ölkələrlə
- Mərkəzi Asiya ölkələri ilə, MDB-yə daxil
olmasalar da, Baltikyanı ölkələrlə çox
yaxşı əlaqələrimiz var, ora da keçmiş
SSRİ-dir. Keçmiş Sovet İttifaqı
respublikalarının hamısında artıq çoxdan səfirliklərimiz
var və əlbəttə, bu ölkələr bizim
üçün xüsusi əhəmiyyət kəsb edir. Biz MDB-nin bütün proqramlarında - ilk növbədə,
humanitar əməkdaşlıq sahəsində, - fəal
iştirak edirik. Ötən il birinci
Rusiya-Azərbaycan humanitar əməkdaşlıq forumunu
keçirdik və o artıq beynəlxalq tədbirə
çevrilmişdir. Təbii ki, bu, onilliklər
boyu bir yerdə yaşamış ölkələrimizi daha
çox birləşdirəcəkdir. Əlbəttə,
burada tarixi amil, praqmatizm və təbii ki, siyasi münasibətlərin
səviyyəsi - bütün bunlar birlikdə rol oynayır.
- Siz MDB-nin rolunu prinsipcə necə
qiymətləndirirsiniz? Sizin fikrinizcə,
keçən əsrin 90-cı illəri ilə müqayisədə
2000-ci illərdə Birlikdə hansı irəliləyişə
nail olunmuşdur?
- Hesab edirəm ki, indi MDB
keyfiyyətcə yeni səviyyəyə çıxır. Əlbəttə, 90-cı illər barədə
mühakimə yürütmək mənə çətindir,
çünki mən həmin proseslərdə bugünkü səviyyədə
iştirak etməmişəm. Son 7-8 ilə
gəldikdə isə, mənim fikrim belədir ki, MDB daha
dinamik olmuşdur. Hesab edirəm ki, MDB-nin
üzvü olan bütün ölkələrdə insanlar
bizim bu təşkilatdan nə istədiyimizi daha artıq
başa düşməyə başlamışlar,
illüziyalar və iddialar azalmışdır. Zənnimcə, biz MDB-ni ciddi problemlərin həlli
üçün çox mühüm mexanizm kimi başa
düşməyə başlamışıq. Təkcə
inteqrasiya məsələlərinin deyil, - inteqrasiya məsələlərinə
hər bir ölkə öz prioritetləri əsasında
yanaşır, kimsə ondan çox şey, kimsə az şey gözləyir, kiməsə bu
çox, kiməsə az lazımdır, - çox vacib,
ümdə məsələlərin, təhlükəsizliyin
təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərinin
həlli baxımından. Öz
qonşularından və ya müttəfiqlərindən, tərəfdaşlarından
təcrid olunmuş halda terrorizmlə mübarizə aparmaq
mümkün deyildir. Yəni hamı tamamilə
başa düşür ki, bu bəlaya yalnız birgə səylər
hesabına qalib gəlmək olar və terrorçular
arasında heç bir fərq qoyulmamalıdır,
bütün terrorçulara vahid mövqelərdən
yanaşmaq lazımdır.
MDB çərçivəsində
miqrasiya məsələlərinin də öz kəskinliyi
vardır. İqtisadi əlaqələr, nəqliyyatda təhlükəsizlik
məsələləri, hesab edirəm ki, təşkilatımızın
əsasını təşkil edən humanitar əlaqələr
çox fəal şəkildə müzakirə olunur. Ona görə ki, başqa beynəlxalq təşkilatlardan
fərqli olaraq, MDB birləşmək barədə hər
hansı təşəbbüs sayəsində deyil, Sovet
İttifaqının dağılması nəticəsində
yaranmışdır. 1990-cı illərdə
bu ölkələrdə gərgin, o cümlədən siyasi
böhrana davam gətirməyin, dinc yolla ayrılmağın
mümkün olması bu işdə iştirak edənlərin
hamısının çox böyük xidmətidir. Bəlkə də bunu bir növ unudurlar və ya
lazımınca qiymətləndirmirlər, lakin bu, həqiqətən,
çox böyük xidmətdir. Belə
bir böyük ölkənin dağılması bizim qeyd
etdiyimiz silahlı münaqişələr istisna olmaqla, əslində
ciddi sarsıntılarsız baş vermişdir. Ona görə
də, hesab edirəm ki, indi - hər halda, Azərbaycanda - vəziyyəti
daha ağılla qiymətləndirirlər, daha çox
şeyə ümid bəsləmək əvvəlkindən
azdır, adamlar daha çox başa düşürlər ki,
hər bir ölkə özünə cavabdehdir. Hesab edirəm,
biz hamımız bu məsələyə məhz bu
baxımdan yanaşmağı öyrənməliyik: heç
kimin heç kəsə borcu yoxdur - bu, bizim başlıca
tezisimizdir. Biz münasibətlərimizi dostluq,
mehriban qonşuluq, bazar iqtisadiyyatı, bütün mallara və
xidmətlərə bazar qiymətlərinin qoyulması əsasında
qurmalıyıq. Onda bir-birimizi daha çox başa
düşər, vəziyyət daha çox
proqnozlaşdırıla bilər, illüziyalar və iddialar
daha az olar. Biz bu məsələyə
belə yanaşırıq. Hesab edirəm
ki, bu, konstruktiv yanaşmadır, Azərbaycana gəldikdə
isə, biz MDB-nin bütün təşəbbüslərində
bundan sonra da fəal iştirak edəcəyik.
- Birlik ölkələrindən kənarda Azərbaycanın
prioritetləri nədən ibarətdir?
- Bilirsinizmi, bu məsələləri
bir-birindən ayırmaq çətindir. Ümumiyyətlə,
xarici siyasətdə bizim prioritetlərimiz kifayət qədər
dəqiq ifadə edilmişdir. Biz istəyirik,
çalışırıq ki, bütün ölkələrlə
çox səmimi, rəvan, proqnozlaşdırıla bilən
münasibətlərimiz olsun və hesab edirəm ki, buna nail
olmuşuq. Biz etibarlı tərəfdaşlarıq.
Biz özümüzü təmin edən ölkəyik
və buna görə də hansısa beynəlxalq maliyyə mərkəzlərindən,
yaxud siyasi mərkəzlərdən asılı deyilik.
Bizim üçün əsas vəzifələrdən biri məhz
iqtisadi müstəqilliyə nail olmaq idi. Biz buna enerji müstəqilliyi
vasitəsilə nail olmuşuq. Sonra nəqliyyat
müstəqilliyi gəlir. Bu gün
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri
artıq reallıqdır, coğrafi baxımdan Azərbaycandan,
sadəcə, yan keçmək mümkün deyildir.
Haqqında söhbət açdığım ərzaq
müstəqilliyi də bizə imkan verir ki, qiymətlərin
dəyişməsindən və ya məhsulun az
yığılmasından asılı olmayaq. Ona
görə də özümüzü təmin edən və
sözün yaxşı mənasında özümüzə
güvənən ölkə olmağımız bizim xarici
siyasi fəaliyyətimizi irəlicədən müəyyənləşdirir.
İstər yaxın ətrafımızdakı
ölkələrlə, istərsə də uzaq xarici ölkələrlə
praqmatizmə, realizmə, mənafelərin üst-üstə düşməsinə,
qarşılıqlı hörmətə, bir-birinin daxili
işlərinə qarışmamağa əsaslanan münasibətlər
qurmuşuq. Bu münasibətlər Azərbaycana
öyüd-nəsihət vermək tonundan uzaqdır, biz bunu qəbul
etmirik, bunlar da artıq reallıqdır və
yaxşıdır ki, tərəfdaşlarımızın hamısı
bunu başa düşür.
Biz, həqiqətən,
etibarlı tərəfdaşıq. Bizim sözlərimiz
heç vaxt əməllərimizə zidd olmur və
sözümüzün dəyəri də imzamızın dəyəri
qədərdir. Ona görə də Azərbaycan
indi artıq regionda siyasi sabitlik amili kimi qəbul edilir. Ölkəmiz möhkəmləndikcə, o cümlədən
siyasi nüfuzu yüksəldikcə bu rol da artacaqdır.
Zənnimcə, bu, hamımızın xeyrinə
olacaqdır.
- İlham Heydər oğlu, bilirəm
ki, Siz Moskvada oxumusunuz, sonra bir müddət orada işləmisiniz
və indi də bəzən orada olursunuz. Əlbəttə, başa düşürəm ki, Siz
maşınla gedəndə az şey
görə bilirsiniz, amma hər halda, Sizin fikrinizcə,
Rusiyanın paytaxtı çoxmu dəyişmişdir?
- Əlbəttə,
çox böyük dəyişikliklər olmuşdur. Mən Moskvaya
gələndə, onun küçələrindən
maşınla keçəndə hamısını
tanıyıram, hamısı mənə tanışdır.
Mən Moskvanı çox yaxşı
tanıyıram, adətən, hökumət nümayəndə
heyətlərinin getdiyi marşrutlardan qat-qat artıq
marşrutları tanıyıram. Mən uzun müddət,
15 il orada yaşamışam - həm
oxumuşam, həm də işləmişəm. O illər barədə
mənim ən xoş təəssüratlarım vardır,
özü də təkcə ona görə yox ki, o illər həyatımızın
ən yaxşı dövrü olan gənclik illəri idi, həm
də ona görə ki, həqiqətən, yaxşı illər
idi. Mən orada özümü çox rahat,
öz evimdə olduğu kimi hiss edirdim. Əslində,
mən elə öz evimdə idim, çünki bu, vahid
ölkə idi. Əlbəttə, Moskva
çox dəyişmişdir. İndi
Moskvada baş verən dəyişiklikləri, aparılan
islahatları biz çox alqışlayırıq. Deməliyəm ki, bir dövr vardı, bizim Bakıda
da əsaslı dəyişikliklər, islahatlar, bəzən
ağrılı islahatlar aparılması zəruri idi, lakin
bunsuz olmur. Moskva mənə çox əziz
şəhərdir. Mən Moskvada olmağa
həmişə sevinirəm və tez-tez orada oluram.
- Mən də deyə bilərəm ki, çoxdandır
Bakıda olmamışdım, burada hər şey - meydanlar,
küçələr, təzə yollar, təzə evlər,
saraylar adamı heyran edir. Hər şey çox
gözəldir. Sizin xanımınız
Milli Məclisin deputatı seçilmişdir. Siz indi ailədə daha çox siyasət barədə
danışırsınız?
- Bilirsinizmi, onun deputat
olması birinci dəfə deyil. Bu, artıq
ikinci dəfədir. Birinci dəfə
2005-ci ildə olmuşdur. Buna görə də
o, bu statusa artıq alışmışdır. Siyasət
barədə çox, yaxud az
danışmaq məsələsinə gəldikdə isə,
yəqin ki, elə əvvəlki qədər, konkret desək,
çox az danışırıq. Ona görə ki, ev şəraitində, evdə biz siyasət barədə
praktik olaraq danışmırıq, çünki buna ehtiyac
yoxdur. Azərbaycan cəmiyyətində, o
cümlədən siyasi müstəvidə mövcud olan
bütün mövzular kifayət qədər bəllidir.
Bizim hökumətin mövqeyi birmənalıdır.
Deməliyəm ki, bütövlükdə cəmiyyətdə
ölkəmizin necə irəliləməli olması barədə
diskussiya yoxdur. Yəni mən deyərdim
ki, konsensus vardır. Gələcəkdə
Azərbaycanı necə görmək istədiyimizi mən
kifayət qədər dəqiq ifadə etmişəm və cəmiyyətimiz
bunu dəstəkləmişdir. Ona görə
də biz evdə daha çox başqa mövzularda - öz həyatımız,
münasibətlərimiz, öz uşaqlarımız, indi isə
artıq nəvələrimiz barədə
danışırıq. Hər bir ailədə
olduğu kimi, bizdə də adi mövzular haqqında söhbət
gedir.
- Bir halda ki, nəvələrinizi xatırladınız,
onda bir şeyi soruşmaya bilmərəm: nəvələrinizlə
tez-tez görüşə bilirsinizmi?
- Çalışıram
ki, tez-tez görüşüm, hərçənd balaca
olduqlarına baxmayaraq, onlar da tez-tez valideynləri ilə səfərlərdə
olurlar. Lakin onların Bakıya hər gəlişi,
əlbəttə, bizim üçün böyük sevinc,
böyük xoşbəxtlikdir. Biz nəvələrimizin
timsalında öz uşaqlarımızı tanıyırıq
və bu, bizi onlara daha çox bağlayır.
- Bilirəm ki, Siz idmanı çox sevirsiniz, respublikada
idmanın inkişafını hər vasitə ilə dəstəkləyirsiniz.
Azərbaycan idmançıları son illərdə, həqiqətən,
sanballı uğurlar qazanmışlar. Sonuncu
Birlik Kuboku yarışında "İnter"
komandasının qələbəsini xatırlamaya bilmərəm.
Bu münasibətlə bizim təbriklərimizi
qəbul edin. Bu, həqiqətən, əla,
gözəl oyun idi. Bizim kanal onu
yayımlayırdı. Əslində, biz həmin
yarışın əsas yayımçısı idik.
Bundan sonra hansı istiqamətdə, hansı uğurlara
doğru irəliləyəcəksiniz, şəxsən Siz
idmanın hansı növünü daha çox sevirsiniz?
- Ümumiyyətlə, mən
futbola baxmağı daha çox xoşlayıram. İdmanla məşğul olmağa gəldikdə
isə, idmanın fərdi növlərini - gimnastikanı,
atletikanı, üzgüçülüyü daha çox xoşlayıram.
O ki qaldı gələcək planlara, biz qələbələrin
sayını yalnız artırmağı
planlaşdırırıq.
Son illərdə
biz artıq beynəlxalq miqyasda öz sözü olan ölkəyə
çevrilmişik. Çox şadam ki, biz çox
istedadlı gənc idmançılar yetişdiririk. Gənclərin Sinqapurda keçirilmiş I Olimpiya
oyunlarında yığma komandamız 11-ci yeri tutmuşdur.
Yəni biz dünyanın aparıcı idman
ölkələrinin çoxunu geridə qoymuşuq. Bu o deməkdir ki, məhz bizim siyasətimiz -
uşaqlar, gənclər arasında idman siyasəti, idmanın
inkişafı üçün şərait yaratmaq, baza
yaratmaq siyasətimiz, habelə veteran idmançılara
münasibət öz rolunu oynamışdır. Uşaqlar, yeniyetmələr ona görə
idmançı olmaq istəyirlər ki, bizim
idmançılar, məşhur çempionlar rəmzə
çevrilirlər. Yəni cəmiyyətdə
onlara çox böyük hörmət göstərilir, əhali
tərəfindən, həm də dövlət tərəfindən
onlara böyük dəstək var. Biz
idmançılarımızın qələbələrini hər
vasitə ilə təbliğ edirik. Onların
hamısı şəxsi həyatda da təqlid
üçün nümunə hesab edilir. Çox
təvazökar, çox vətənpərvərdirlər.
Bizdə olimpiya çempionları, dünya və
Avropa çempionları çoxdur. Növbəti
Olimpiadada da medallar qazanmaq barədə geniş
planlarımız vardır. Bunun sayəsində
elə şərait yaranmışdır ki, Azərbaycanda
idmançı yenidən hörmətli insana
çevrilmişdir. 1990-cı illərin əvvəlində
bəlkə də belə deyildi, çünki o vaxt
idmançıların hərəsi bir tərəfə
dağılmışdı, idmana diqqət verilmirdi. Ölkədə o qədər problem var idi ki, idman,
sadəcə, yada düşmürdü. Ona
görə də mənə belə gəlir ki, bu fakt öz
rolunu oynamışdır. Bundan əlavə, son on ildə
biz, Bakı nəzərə alınmamaqla, Azərbaycanın
bütün regionlarında 29 olimpiya mərkəzi tikmişik,
onların, demək olar ki, hər birində hovuz, hər
cür şərait, örtülü idman meydançaları
vardır. Yəni orada istənilən beynəlxalq
yarışları keçirmək olar.
Mən idmana
daim diqqət yetirirəm, 1997-ci ildən həm də Azərbaycan
Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu cür gərgin iş
qrafikinə baxmayaraq, mən bu vəzifəni özümdə
saxlayıram, ona görə ki, hesab edirəm ki, bu,
lazımdır, bəlkə də mənə yox, amma idmana
lazımdır. İdman xalqın iradəsinin
ifadəsidir. Yarışlar, olimpiadalar,
çempionatlar elə məkandır ki, orada ölkələr
bir-biri ilə bəhsləşir. Ölkələr
kimin birinci, kimin ikinci yerdə olmasını daha harada göstərə
bilər?! Heç yerdə. Bu, cəmiyyətin həyatında da çox
mühüm amildir, gənclər arasında vətənpərvərlik
ruhunu, vətənə sevgi ruhunu gücləndirir - xüsusən
də idmançı qalib gələndə, ölkənin
bayrağı qaldırılanda, onun himni səslənəndə.
Bunlar çox təsirləndirici anlardır.
- İnsanın ruhunu yüksəldir.
- Bəli.
- Sonuncu sualım çox
qısadır. Soçi-2014 Olimpiadasında medal
qazanmaq barədə planlarınız varmı?
- Soçi
Olimpiadasında biz kiçik heyətlə iştirak edəcəyik. Əvvəla,
biz cənub ölkəsiyik. Hərçənd
qış dağ xizəkçilik kompleksi yaradılması
istiqamətində artıq xeyli iş görmüşük,
bu ilin sonuna onun açılışını
planlaşdırırıq. Lakin əsas
planlarımız, əlbəttə, Londonda keçiriləcək
yay Olimpiadası ilə bağlıdır. İrəlicədən nəsə demək istəmirəm,
lakin Azərbaycanın idman proseslərinə təsirini
gücləndirməyi və əvvəlkindən daha çox
medal qazanmağı planlaşdırırıq.
- İlham Heydər oğlu,
müsahibəyə görə sağ olun. Sizi dinləmək, Sizinlə ünsiyyətdə olmaq
çox xoş idi. Çox sağ olun.
- Siz sağ olun. Mən sizin kanalın verilişlərinə maraqla
baxıram, onu nadir, əvəzedilməz, maraqlı və
bununla bərabər, öyrədici kanal hesab edirəm. MDB ölkələrinə aid olmayan verilişlər
də çox maraqlıdır. Siz, həqiqətən,
çox cəlbedici kanal və bizim üçün qonşu
ölkələrdə nələr baş verdiyini bilmək
imkanı yaratmısınız. Bu, Birlik
ölkələrini daha çox yaxınlaşdıracaq,
onların arasında anlaşma daha çox olacaqdır. Hesab edirəm ki, sizin kanalın siyasəti də
çox düzgün, çox müsbətdir.
- Sağ olun, çalışırıq.
- Sizə uğurlar diləyirəm.
- Sağ olun.
Azərbaycan.- 2011.-18 fevral.- S.1, 2.