Azərbaycan Prezidenti İlham Əliyev
Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da dinamik şəkildə inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğuladı. Azərbaycan-Kuba hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının önəmini vurğulayan dövlət başçısı iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu dedi. Azərbaycanda Kubanın səfirliyinin açılmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq arenada daha fəal əməkdaşlıq etmələrinin zəruriliyini vurğuladı. Dövlət başçısı ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, bunun münasibətlərimizin inkişafına mane olmayacağına ümidvar olduğunu dedi. Prezident İlham Əliyev Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.
Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya Azərbaycana səfərindən məmnunluğunu bildirdi. O, ölkəmizə ilk dəfə səfər etdiyini və Azərbaycan ilə tanışlığın onda çox böyük təəssürat yaratdığını dedi. Xarici işlər naziri ölkələrimizin xalqları və hökumətləri arasında tarixi və mədəni əlaqələrin mövcud olduğunu vurğulayaraq Kubada Azərbaycana xüsusi münasibət bəslənildiyini qeyd etdi.
AzərTAc
Azərbaycan.- 2011.-18 fevral.- S. 2.