Azərbaycan Kuba ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır

 

Fevralın 17-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edən Baş nazir siyasi sahədə qarşılıqlı əməkdaşlığın yaxşı səviyyədə olduğunu demiş, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır. Bütün sahələrdə əlaqələrin inkişafında Azərbaycan hökumətinin maraqlı olduğunu deyən A.Rasizadə bunun üçün qüvvələrimizin səfərbər edilməsinin əhəmiyyətini dilə gətirmişdir. Baş nazir Azərbaycan-Kuba Hökumətlərarası Komissiyanın fəaliyyətini müsbət qiymətləndirmişdir.

Nazir B.Rodriqes Parrilya Kubanın dövlət başçısının xoş arzularını A.Rasizadəyə çatdırmışdır. Kubalı nazir Azərbaycana səfərindən ölkəmizlə yaxından tanış olmaq imkanından məmnunluğunu bildirmişdir. Qonaq vurğulamışdır ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrimizin inkişafı üçün Kuba hökuməti əlindən gələni edəcəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 3.