Kubanın xarici işlər naziri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda rəsmi səfərdə olan Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya fevralın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülmüşdür.

Kubalı nazir Şəhidlər xiyabanında, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 3.